Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4291/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə (açar sözlər: əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(004)-1385/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı Cavabdeh MMC-yə 10 noyabr 2021-ci il tarixdə mexanik vəzifəsinə aylıq əmək haqqı 330 manat olmaqla işə qəbul edilmiş, əmək müqaviləsinə 09 fevral 2022-ci il tarixdə xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən son haqq-hesab edilərək ödənilməmiş 2300 manat əmək haqqı məbləğinin və 100 manat maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2021-ci ilin sentyabr ayında əmək münasibətləri yaranmışdır. Şirkət onu 09 sentyabr 2021-ci il tarixdə mexanik mühəndis vəzifəsinə aylıq əmək haqqı 1500 manat razılaşmaqla işə götürmüşdür. İşlədiyi sentyabr və oktyabr ayları üçün əmək haqqı tam həcmdə ona ödənilsə də, noyabr ayında isə cəmi 700 manat ödəniş olunmuş, 800 manat qalıq əmək haqqı ödənilməmişdir. Dekabr ayı üzrə əmək haqqı ödənilməmişdir. Yanvar ayı üzrə ondan asılı olmayan səbəbdən işlər olmamış, faktiki olaraq həmin ay üzrə işləməmişdir. Əmək haqları cavabdeh şirkət tərəfindən gecikdirilməsi səbəbindən 09 fevral 2022-ci il tarixində öz ərizəsi əsasında işdən ayrılmışdır və əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxtdan bu günə kimi şirkətin direktoru Nümayəndələ dəfələrlə aralarında danışıqlar olmuş, o, hər dəfə söz vermişdir ki, onun son haqq-hesabı, gecikdirilmiş əmək haqları tam həcmdə ödəniləcəkdir. Belə ki, onun həmçinin digər işçi yoldaşlarının əməyinin dəyəri tam formada ödənilməmişdir. Onlar da iddiaçının məhkəmə işində şahidlik edə bilərlər. 2022-ci ilin fevral ayında işdən azad edilsə də, ona son haqq-hesab vaxtında və düzgün hesablanmayaraq ödənilməmişdir. Göründüyü kimi işəgötürən "xxxx" MMC rəhbərliyi tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və onun əmək hüquqları ciddi surətdə pozulmuşdur. Hətta sonradan ona məlum olmuşdur ki, işəgötürən onunla olan razılaşmadan kənara çıxaraq öz istədiyi formada əmək müqaviləsi şərtlərini ehtiva edən əmək müqaviləsi bildirişini sistemə daxil etməmişdir. Beləliklə cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilərkən son haqq hesab verilməmiş, cavabdeh tərəfindən ona cəmi 2300 manat əmək haqqı ödənilməmişdir. Əlavə olaraq ona 100 manat maddi ziyan (mediasiya və hüquqi yardım xərci) vurulmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(004)- 1385/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
5. Qətnamə onunla əsaslandırılmışdır ki,iddiaçı iddia tələblərini əsaslandırdığı halları təsdiq edən sübutları, yəni tərəflərin razılığı ilə iddiaçının mexanik-mühəndis vəzifəsinə qəbul edilməsini, aylıq əmək haqqısının 1500 manat təşkil etməsini, ona sonhaqq hesab olaraq 2300 manat əmək haqqının ödənilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 43, 44, 83-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv olunub, iddianın təmin olunmasını xahiş etmişdir.
8. Şikayətin dəlillərinə görə, onunla cavabdeh MMC arasında 2021-ci ilin sentyabr ayında əmək münasibətləri yaranmışdır. 09 sentyabr 2021-ci il tarixdə MMC-yə mexanikmühəndis vəzifəsinə aylıq əmək haqqı 1500 manat olmaqla işə qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş əmək müqaviləsi bildirişində müqavilənin tarixi 10 noyabr 2021-ci il kimi qeyd edilmişdir və əmək haqqı 330 manat müəyyən edilmişdir (əmək müqaviləsi bildirişi məhkəməyə təqdim edilmişdir). Əmək Məcəlləsinin 7.2. maddəsinin tələbləri pozulmuşdur. Cavabdehlə aralarında 2021-ci ilin sentyabr ayında əmək münasibətləri yaranmasına baxmayaraq 10 noyabr 2021-ci ildə əmək müqavilə bildirişi qeydiyyata alınmışdır. Cavabdeh 2021-ci ilin noyabr ayında əmək haqı cəmi 700 manat (800 manat ödənilməmiş əmək haqqı qalmış) və dekabr ayı üzrə isə əmək haqqı tam həcimdə ödənilməmişdir. Cavabdeh tərəfindən əmək haqqı gecikdirilməsi səbəbindən 09 fevral 2022-ci il tarixdə ərizəsi əsasında əmək münasibətlərinə xitam verilmişdir. Həmçinin 2022-ci ilin fevral ayının əmək haqqı və son haqq hesab-vaxtında düzgün hesablanmamış, ödənilməsi təmin edilməmişdir. Həmin vaxtdan şirkətin direktoru Nümayəndələ dəfələrlə aralarında telefon və “whatsapp” danışıqlar olmuş, Nümayəndə söz vermişdir ki, onun son haqq-hesabı, gecikdirilmiş əmək haqları tam həcmdə ödəniləcəkdir. Həmçinin şahidlərin olması və məhkəmədə şahidlik edə biləcəkləri iddia ərizəsində qeyd olunmuşdur. Lakin işə baxan məhkəmə şahidlərin dindirilməsinə və ifadələrinin alınmasına münasibət bildirməmişdir. Məhkəmə təqdim edilmiş bütün sübut növlərini araşdırmamış, onlara qiymət verilməmiş, “whatsapp” yazıları sübüt kimi qəbul edilməmiş və şahidlər dindirilməmişdir. 330 manat müəyyən edilmiş əmək haqqının noyabr ayında 700 manat məbləğində ödənilməsi özlüyündə sübut edir ki, onun əmək haqqı 330 manatdan yuxarıdır. Əmək haqqının 1500 manat olmasını sübut edir. Əmək müqaviləsinə əsasən cavabdeh tərəfindən onun əmək haqqını tam həcmdə ödənilib-ödənilməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir və münasibət bildirilməmişdir. Həmçinin cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuş nəzərdə tutulmuş 1500 manat əmək haqqı azaldılaraq az məbləğdə əmək müqaviləsi bağlanmışdır. Cavabdeh vergi və digər ödənişlərdən yayınmışdır. Ciddi qanun pozuntusu olsa da araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 42. Əmək müqaviləsinin tərəfləri
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz;
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir; Maddə 43. Əmək müqaviləsinin məzmunu
1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir;
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: c) işçinin iş yeri, vəzifəsi (peşəsi); e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti; Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir;
2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
16. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Cavabdeh MMC-yə 10 noyabr 2021-ci il tarixdə mexanik vəzifəsinə aylıq əmək haqqı 330 manat olmaqla işə qəbul edilmiş, əmək müqaviləsinə 09 fevral 2022-ci il tarixdə xitam verilmişdir.
17. İşin mübahisəli halları eyni zamanda iddiaçının apellyasiya şikayətinin dəlillərini təşkil edir.
18. İddiaçı həm iddia ərizəsində, həm apellyasiya şikayətində aylıq əmək haqqı 1500 manat olmaqla işə götürülməsi barədə razılıq əldə etdiklərini bildirmişlər. Lakin, iş materiallarında olan əmək müqaviləsi bildirişindən əmək haqqı məbləğinin 330 manat məbləğdə olduğu görünür.
19. Bunun əksini təsdiq edən hər hansı mötəbər dəlil və ya sübut isə iddiaçı tərəfindən təqdim olunmamışdır. Halbuki, mülki prosesin əsas prinsipləri olan dispozitivlik və çəkişmə prinsipləri onu tələb edir ki, tərəflər öz istinad etdikləri hallara dair sübutları özləri təqdim etsinlər, öz tələblərini bu sübutlara istinadən əsaslandırsınlar. Bu pinsiplərə əsasən, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulur, məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır. Tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
20. İddiaçı şikayətində tələbinin əsası kimi telefon və “whatsapp” danışıqlarının sübut kimi qəbul edilməli olmasını bildirsə də, bu yazışmalarla əmək müqaviləsinin hansı şərtlərlə, hansı müddətə bağlanması, əmək haqqının hansı məbləğdə olmasını müəyyənləşdirmək mümkün deyildir. MPM-nin 81-ci maddəsinin tələbləri (Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.) baxımından da bu yazışmaların əmək müqaviləsinin hansı şərtlərlə, hansı müddətə bağlanması, əmək haqqının hansı məbləğdə olmasını müəyyənləşdirən sübut kimi qəbul olunması mümkün deyildir. Belə ki, qeyd olunan xüsusatlar yalnız müqavilə ilə müəyyənləşdirilə bilən hallardır.
21. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı rədd etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(004)- 1385/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(004)- 1385/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev