Məhkəmə qərarları › İş №2(103)-4306/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4306/2025

21.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4306/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və X8 qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Çarçalova Nuranə Həsrət qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və X8 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qanun üzrə vərəsəlik hüququnun tanınması, vərəsəlik şəhadətnaməsinin ləğvi, dövlət reyestrində çıxarışın ləğvi, vərəsəlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2025 saylı 16 may 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Baxılan işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən müəyyən olunur ki, mərhum X5 hazırki iş üzrə İddiaçı oğlu və Cavabdeh1 əri olmuşdur. O, xx.xx.1998-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 25 saylı mənzili əldə etmişdir. X5 xx.xx.2022-ci il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 942 nömrə ilə qeyd edilmişdir. Arvadı Cavabdeh1 Mustafa qızı mərhumdan miras qalmış əmlakı mirasın açıldığı gündən altı ay ərzində mirası qəbul etdiyi barədə ərizə ilə müvafiq notariat kontoruna müraciət etməklə qanun üzrə vərəsə kimi qəbul etmiş, həmin miras əmlak üzərində hüquqları təsdiq edildikdən və mülkiyyət hüququ ilə adına qeydiyyata alındıqdan sonra mənzili xx.xx.2024-cü il tarixində alqı-satqı müqaviləsinə əsasən digər cavabdehə özgəninkiləşdirmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və X8 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2022-ci il tarixdə ölmüş X1 miras qalmış ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 43,1 kv.m, yaşayış sahəsi 29.6 kv.m olan 2 otaqlı mənzilə dair qanun üzrə vərəsəlik hüququnun tanınması; Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 2V-144 və 2V-145 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi və həmin şəhadətnamə əsasında mülkiyyət hüquqlarına dair dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi; ünvan 2 ünvanında yerləşən mənzilə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2004cü il tarixdə mərhum X2 adına qeydiyyata alınmışdır. Həmin mənzil Rauf Mustafayevin atasının adına olan evin satılması nəticəsində əldə edilmişdir. Qeyd edir ki, övladı X5 xx.xx.2022-ci il tarixdə «kəskin ağciyər ürəyi olması göstərilməklə ağciyər emboliyası» səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 942 nömrə ilə qeydiyyat aparılmışdır. O, Rauf Mustafayevin ölümü ilə əlaqədar dərindən sarsılmış, onun ölümündən sonra dəfni ilə bağlı bütün tədbirləri, həmçinin yas mərasimlərini (xərclər daxil olmaqla) özü etmişdir. Oğlunun xəstəliyi ərəfəsində onun yanında - ünvan 2 ünvanında yerləşən mənzildə olmuş, oğlunun xəstəliyi kəskinləşdikdə isə onunla birlikdə xəstəxanaya getmişdir. Daha sonra oğlu xəstəxanada vəfat etdiyi üçün onu dəfn etmək və yas mərasimləri ilə əlaqədar birbaşa Sabirabad rayonuna getməli olmuş, onun şəxsi əşyalarının bir qismi də oğlunun evində qalmışdır. Oğlunun dəfn və yas mərasimlərini verdikdən sonra ünvan 2 ünvanında yerləşən evinə gedib-gəlmiş, oğlundan qalmış əmlaka faktiki sahiblik etmişdir. Lakin sonuncu dəfə, o, oğlunun Bakı şəhərindəki evinə gəldikdə qapını açan olmamış, gətirdiyi azuqələrlə birlikdə bir müddət evin qarşısında gözləmiş, daha sonra ona məlum olmuşdur ki, gəlini, yəni Cavabdeh1 bir müddət əvvəl həmin evdən getmişdir. O, bu məsələnin aydınlaşdırılması üçün vəkilə müraciət etmiş, daha sonra verilmiş sorğulara əsasən müəyyən olunmuşdur ki, X2 adına Bakı şəhəri 14 saylı notariat ofisində vərəsəlik işi açılmış, X1 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzilə və pul vəsaitinə dair xx.xx.2023-cü il tarixdə 2V-144 və 2V- 145 nömrəsilə qeydiyyat aparılaraq Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2V-144, 2V-145 nömrəli vərəsəlik işində olan xx.xx.2023-cü il tarixli ərizədən də görünür ki, Cavabdeh1 notariusa düzgün olmayan bəyan verməklə, X2 Cavabdeh1 başqa vərəsəsinin olmadığını bildirmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X9 Mülki Məcəllənin və “Notariat haqqında” Qanunun imperativ göstərişlərinə riayət etməmiş, mərhum X2 vərəsələrinin dairəsini müəyyən edərkən anası - onu birinci növbə vərəsəsi olaraq nəzərə almamış, qanunla müəyyən edilmiş qaydada vərəsəliyə çağırmamış, nəticədə miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak tam hissədə mərhumun arvadı Cavabdeh1 verilmişdir. Göründüyü kimi, Cavabdeh1 onun yaşlı və xəstə olmasından sui-istifadə edərək, mərhum X1 miras qalmış əmlakı təkbaşına qəbul etmiş, notariusa düzgün olmayan məlumat verməklə onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Eyni zamanda xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 14 saylı Notariat ofisinə müraciət edilərək, X1 miras qalmış ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 43,1 kv.m, yaşayış sahəsi 29,6 kv.m olan 2 otaqlı mənzilə dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş olunmuşdur. Lakin hazırkı vaxtadək Bakı şəhəri 14 saylı notariat ofisi müraciətə heç bir cavab verməmişdir. Eyni zamanda, ünvan 2 ünvanında yerləşən yaşayış evinin kimlərin adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu ünvanlanmış, lakin hazırda sorğuya cavab verilməmişdir. Bütün bunlar onun konstitusion qaydada təminat verilən vərəsəlik hüquqlarının pozulması ilə nəticələnmişdir.

4. Sonradan İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə ölmüş X1 miras qalmış ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 43.1 kv/m, yaşayış sahəsi 29.6 kv/m, 2 otaqlı mənzilə dair qanun üzrə vərəsəlik hüququnun tanınması, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2023-cü il tarixli, 2V-144 və 2V-145 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən ünvan 5 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2023-cü il tarixli, **********78-05101- 093128 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, ünvan 5 ünvanında yerləşən mənzilə dair Cavabdeh1 ilə X10 arasında bağlanmış və Bakı şəhəri 43 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-1885 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 25, mənzil 25 (Yeni qaydalarla: AZ 1111, ünvan 6 ünvanında yerləşən mənzilə dair X6 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2024-cü il tarixli, **********85-05101-093045 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və ünvan 5 ünvanında yerləşən mənzilə dair onun payının müəyyən edilməsi və adına qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 14 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2025 nömrəli, 16 may 2025ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2022-ci il tarixdə ölmüş X3 münasibətdə qanun üzrə vərəsəlik hüququ nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında mənzilin satışından əldə edilmiş 114.000 (yüz on dörd min) manat pul vəsaiti üzərində 1/4 hissədə hüququnun tanınması; 28.500 (iyirmi səkkiz min beş yüz) manat pul vəsaitinin Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müvafiq rəsmiləşdirməni həyata keçirən orqana düzgün məlumat verməməklə digər vərəsənin vərəsəlik hüquqlarının reallaşmasının qarşısın almışdır. Bu baxımdan iddiaçının haqlı mövqeyi nəzərə alınmalıdır. Bununla belə məhkəmə iddia tələbinin digər şəxslərin hüquq və mənafelərinə də toxunmasını nəzərə alaraq qeyd etmişdir ki, hazırki halda üçüncü şəxslərin hüquqları iddiaçının iddia tələbinə münasibətdə qanun tərəfindən daha üstün qorunma altına alınmışdır. İddiaçının haqlı tələbinin qeyd edilən formada deyil, qanunun yol verdiyi həddə daha ədalətli qaydada həlli mümkün hesab edilməlidir. Belə ki, cavabdeh Fruden Eminov mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olduğundan, bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı baxımından vərəsəliklə bağlı daha əvvəl rəsmiləşdirilmiş sənədlər ləğv edilə bilməz. Bu baxımdan iddiaçının hüquqlarının bərpası miras qoyanın miras əmlak üzərində hüquqlarının nisbətinə uyğun və həmçinin Cavabdeh1 iddiaçının hüquqlarını pozmaqla əldə etdiyi gəlir hesabına əsasən mümkündür.

7. Miras əmlak mərhum Rauf Mustafayevlə Cavabdeh1 birgə nikahları dövründə əvəzli qaydada əldə edilmiş əmlak kimi qanunvericiliyə əsasən həmin əmlak üzərində onların payları bərabərdir. Odur ki, miras əmlak üzərində Cavabdeh1 qanunla ½ hissədə payı artıq müəyyən edildiyindən mübahisəli mənzilin mərhum Rauf Mustafayevə məxsus olmuş ½ hissəsi miras əmlak olaraq qəbul edilməlidir. Belə olan təqdirdə isə həmin əmlak üzərində Cavabdeh1 payı ¾ hissə təşkil edəcəkdir.

8. İddiaçının mənzilin satışından əldə edilən pul vəsaitinin ona çatası hissəsi üzərində pay hüququ tanınmalı, mənzilin alqı-satqısından əldə olunmuş 114.000 manat pul vəsaitinin onun payına mütənasib hissəsi olan 28.500 manat Cavabdeh1 xeyrinə tutulmalıdır. Məhkəmə bu hissədə iddia tələbindən kənara çıxmanı Mülki Məcəllənin 225.6-cı maddəsində müəyyən edilmiş daşınmaz əşyanı əldə edənin vicdanlı olmasının yalnız ər-arvadın ümumi birgə mülkiyyəti üzərində sərəncamvermə halına tətbiq edilməsi ilə əsaslandırmışdır. Digər hallarda əldə edən şəxs vicdanlı hesab edilməklə hazırki iddia tələbi hazırki iş üzrə cavabdeh X8 münasibətdə əsaslı hesab edilə bilməz, lakin iddiaçının haqlı tələbi ədalətli şəkildə kompensasiya olunmalıdır.

9. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 149.2, 140, 148.2, 182.1, 225.6, 567, 1133, 1159.1, 1159.1.1, 1243.2, 1321.1, 1321.2 və 1321.3-cü maddələrinə; Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarına; «S.N.Məmmədovanın şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər uzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2025 nömrəli, 16 may 2025ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının izahatını qətnamədə əks etdirsə də, onun yazılı mövqeyini (iddiaya qarşı etirazını) nəzərə almamış, iddia müddəti ilə bağlı verdiyi vəsatətə münasibət bildirməmişdir. Üzrlü səbəblərə görə məhkəməyə gələ bilməsə də, yazılı etiraz təqdim edərək iddia tələbinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq iddia müddətinin tətbiq olunmasına dair ərizə verərək iddia tələbinin qoyuluşunun düzgün olmadığını, ərizənin maddi və prosessual qanun pozuntuları ilə verildiyini bildirmişdir. Hesab edir ki, iddiaçı hazırkı ərizə ilə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətlərini keçirmişdir (Mülki Məcəllənin 1272-ci və digər maddələri). İş materiallarından görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə, çıxarış və digər sənədlər xeyli vaxt bundan qabaq rəsmiləşdirilmişdir, həmin tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu günədək isə qanunla müəyyən edilmiş iddia müddətləri iddiaçı tərəfindən ötürülmüşdür. Bundan başqa, tərəf iddia müddətinin bərpası edilməsinə dair hər hansı ərizə təqdim etməmişdir. Məhkəmə tərəfindən predmetdən kənara çıxılaraq pul vəsaitinin tutulması qərara alınmış, bununla da ciddi qanun pozuntusuna yol verilmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş AR MM-in 1246-cı maddəyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş AR MM-in 1273-cü maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmamasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, 1991-ci ildə ailə həyatı qurmuşdur. Nikah münasibətləri 1998-ci ildə rəsmiləşdi. Mübahisəli mənzil 2003-cü ilin dekabr ayında alınmışdır. Həmin ərəfədə onlar evli idilər. Onlar orada yaşamışlar. Onun yoldaşı uzun müddət xəstə oldu. Yoldaşı 2010-cu ildən ağır xəstələndi, ağır vərəm xəstəsi idi. Həkimlər dedi ki, o iki il yaşayacaqdır, lakin Allahın köməkliyi ilə daha uzun müddət yaşadı. Yoldaşı hər il uzun müalicə alırdı. Noyabr ayında yoldaşı rəhmətə getdi. Həmin vaxtlar o da xəstə idi. Yoldaşı ilə vəfat edənə qədər həmin evdə birgə yaşamışlar, yoldaşı vəfat edəndən sonra da orada yaşamağa davam etmişdir. Onlardan başqa həmin evdə heç kim yaşamamışdır. Yoldaşı vəfat edəndən sonra yoldaşını rayonda dəfn etdilər. Yoldaşının yeddisindən sonra o, özü xəstə olduğu üçün Bakıya gəlməli oldu. 2022-ci ilin noyabr ayından sonra iddiaçı heç vaxt onların evinə gəlməmişdir. Yoldaşı rəhmətə gedəndən sonra 6 ayın tamamında o, notariusa yaxınlaşdı. Notariusda ondan nə sənəd tələb etdilərsə təqdim etdi, orada ondan iddiaçının anası barədə məlumat soruşulmadı. Yoldaşı rəhmətə gedənə qədər o, 20 ildir ki, orada yaşamışdır. İddiaçı ilk dəfə 2024-cü ilin aprel ayının ikisində gəlmişdir. Aralarında evin satışı ilə bağlı razılaşma olmamışdır. İddiaçı ilə oğlu arasında münasibətlər gərgin idi. 1993-cü ildə yoldaşının yanacaq doldurma məntəqəsi var idi. Həmin yanacaq doldurma məntəqəsi yoldaşının xəbəri olmadan satıldı, ondan sonra yoldaşı onları dindirmədi.

14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız hesab edərək təmin edilməməsini xahiş edərək bildirmişdir ki, 1987-ci ildə yoldaşı ilə ev aldılar. Bütün heyvanlarını, mal-qaralarını, qızıllarını sataraq ev aldılar. 1991-ci ildə cavabdehi gəlin gətirdilər. Gəlini yanına gətirdilər. Evin bütün əşyalarını alıb yerləşdirdilər. Onun yoldaşı polis işçisi idi. Oğlu rəhmətə gedəndən sonra cavabdehə dedi ki, iki otaqlı evdir, satsınlar biri onun olsun, digəri ilə isə borcları bağlasınlar. Cavabdeh heç həmin evdə də qeydiyyatda deyildir. Oğlunu xəstəxanaya özü aparmış, özü rayonda dəfn etmişdir. Oğlunun yeddisindən sonra cavabdeh rayondan Bakıya gəlmişdir. Onunla danışdılar ki, o getsin evi elan versin, satılandan sonra pulun yarısı ona qalsın, yarısı isə o, borcları ödəmək üçün dedi. Oğlunun vəfatından sonra evə gəldi, lakin cavabdeh onu evə qoymadı. Əlində iki sumka qapıda qaldı, onu içəri qoymadı, ağlıya-ağlıya getdi. O, başa düşdü ki, onun məqsədi başqadır. Daha sonra o, rayona qayıtdı, 3-4 gün orada qaldı. Qohuməqrabaya dedi ki, onu evə qoymur. Ona dedilər ki, bu məsələni araşdırsın. İkinci dəfə Bakıya oğlunun 40-dan sonra gəldi. Oğlu vəfat edənə qədər həm rayonda, həm də burada yaşamış. Bu evi o almışdı. Əsas yaşayış yeri bura idi. Arada digər oğlunun evinə də gedirdi. Qapı bağlanandan sonra o, rayona getdi. Qohum-əqraba ilə məsləhətləşdi. O, notariusa getdi, notarius ona dedi ki, cavabdeh bura gəlmişdir və onun haqqında məlumat verməmişdir. O, cavabdehə dedi ki, bəs borcları nə etsin? Ona dedilər ki, sən yası yola ver. O, evin satışını elan verərək satacaq daha sonra məlumat verəcək gələrsən. Evdə uşaq yox bir şey yoxdur.

15. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili X7 bildirmişdir ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etmişdir. İddiaçı yaşlı adamdır, onun qaydalar üzrə 6 ay müddətində notariusa müraciət etmək kimi hüququndan məlumatı yox idi. Cavabdeh iddiaçıya bildirmişdir ki, narahat olma evi o, satacaq və onun da payını verəcək. Cavabdeh notariusa yanlış məlumat vermişdir. Əgər o notariusa düzgün məlumat vermiş olsa idi, iddiaçının payı açıq qalardı. İddiaçının oğlunun ölümü ilə əlaqədar hadisələri qarışdıra bilər. İddiaçı birinci instansiya məhkəməsində məhkəməyə düzgün şəkildə izahat vermişdir. Orada bildirmişdir ki, oğlunun ölümündən sonra evə də gəlmişdir. Son hadisə əlində çanta ilə qapıda qalması 2024-ci ilin payız ayında olmuşdur. Daha sonra ona müraciət etmişdir və o, sistem üzərindən baxaraq görmüşdür ki, vərəsəlik işi açılmışdır. Bundan sonra məhkəməyə müraciət etmişlər. Birinci 6 ay müddətində iddiaçı mübahisəli evə gedibgəlmişdir. Qarşı tərəf iddiaçını razı salmışdır ki, evi sataraq yarı qiymətini ora verəcəkdir. Cavabdeh hüquqdan sui-istifadə etmişdir. İddiaçının yaşlı, xəstə olmasından cavabdeh suiistifadə edərək təkbaşına şəkildə vərəsəlik haqqında şəhadətnamə almışdır. İddiaçı yaxşı eşitmir, eyni zamanda hərəkətində də çətinliklər vardır. İddiaçı oğlu vəfat edəndən sonra da həmin evə gedib-gəlmişdir. İddiaçı cavabdehin evi sataraq onun da payını verəcəyinə inanmışdır. Daha sonra məlum olmuşdur ki, cavabdeh evi başqa şəxsə satmışdır. Qeyd edilənlənlərə əsasən iddiaçının hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

16. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

20. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilir. Nəzərə alınmalıdır ki, hazırkı mülki işin halları iddiaçının, oğlu X2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və bundan doğan digər tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasının yoxlanılması baxımından araşdırılmalıdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

21. 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

22. 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

23. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olubolmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

24. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

25. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

26. 1151-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. 1159.1-ci maddəsinə, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

28. 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

29. 1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada).

30. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada).

31. 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

32. 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

33. 1321.3-cü maddəsinə əsasən, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

34. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2023-cü il tarizli Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

37. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

40. 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, mübahisəyə maddi və prosessual hüquq norması düzgün tətbiq edilməmişdir.

43. Baxılan işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən müəyyən olunur ki, mərhum X5 hazırki iş üzrə İddiaçı oğlu və Cavabdeh1 əri olmuşdur. O, xx.xx.1998-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında ünvan 1 ünvanında yerləşən 25 saylı mənzili əldə etmişdir. X5 xx.xx.2022-ci il tarixində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 942 nömrə ilə qeyd edilmişdir. Arvadı Cavabdeh1 Mustafa qızı mərhumdan miras qalmış əmlakı mirasın açıldığı gündən altı ay ərzində mirası qəbul etdiyi barədə ərizə ilə müvafiq notariat kontoruna müraciət etməklə qanun üzrə vərəsə kimi qəbul etmiş, həmin miras əmlak üzərində hüquqları təsdiq edildikdən və mülkiyyət hüququ ilə adına qeydiyyata alındıqdan sonra mənzili xx.xx.2024-cü il tarixində alqı-satqı müqaviləsinə əsasən digər cavabdehə özgəninkiləşdirmişdir.

44. Məhkəmə ünvan 1 ünvanında yerləşən 25 saylı mənzili mərhum Rauf Mustafayevlə Cavabdeh1 birgə nikahları dövründə əvəzli qaydada əldə edilmiş əmlak olaraq qəbul etmiş, ər-arvadın həmin əmlak üzərində paylarının bərabər olduğunu nəzərə almış, bununla da mənzil üzərində Cavabdeh1 payının ¾ hissədə təşkil etdiyini qeyd edərək mübahisəli miras əmlakın qalan hissədən ibarət olduğunu müəyyən etmişdir.

45. Hazırda iddiaçı, cavabdehin X2 özündən başqa vərəsələrin olması barədə məlumat verməməklə miras əmlaka qeyri-qanuni yolla sahibləndiyini, bununla da onun birinci dərəcə qanun üzrə vərəsəsi olmasına baxmayaraq oğlundan miras qalmış əmlak üzərində hüquqlarının tanınmasını əngəllədiyini qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

46. İddianın əsaslı olduğu qənaətinə gələn birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh müvafiq rəsmiləşdirməni həyata keçirən orqana düzgün məlumat verməməklə digər vərəsənin vərəsəlik hüquqlarının reallaşmasının qarşısını almışdır. Bu baxımdan iddiaçının haqlı olduğunu qəbul etmişdir. Bununla belə məhkəmə cavabdeh Fruden Eminovun mübahisəli mənzilə münasibətdə vicdanlı əldə edən olması, bağladığı alqı-satqı müqaviləsinin etibarlılığı baxımından vərəsəliklə bağlı daha əvvəl rəsmiləşdirilmiş sənədlərin ləğv edilməsinin qanunazidd olduğunu qeyd edərək, iddiaçının hüquqlarının bərpasının miras əmlak üzərində hüquqlarının nisbətinə uyğun Cavabdeh1 əldə etdiyi gəlir hesabına mümkün olduğu qənaətinə gəlmişdir.

47. Məhkəmə kollegiyası cavabdehin verdiyi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı mülki işin halları iddiaçının, oğlu X2 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və bundan doğan digər tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasının yoxlanılması baxımından araşdırılmalıdır.

48. Bu məsələnin düzgün hüquqi həlli üçün isə ilk növbədə iddiaçının mirası qanunla müəyyən edilmiş qaydada qəbul edib-etmədiyi müəyyən edilməlidir. Başqa sözlə, vərəsələrdən birinin digər vərəsənin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə tələb irəli sürə bilməsi üçün əvvəlcə onun özünün mirası qəbul etməsi təsdiq olunmalıdır. Əks hal, onun həmin iddianı qaldırmağa subyektiv hüququnun olmadığı nəticəsini əmələ gətirəcəkdir.

49. Araşdırmaya keçməmişdən əvvəl məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı hazırkı mübahisəyə şamil edilmir.

50. Beləliklə mirasın açıldığı tarixdə qüvvədə olmuş Mülki Məcəllənin hazırkı işə tətbiq edilməli olan 1246-cı və 1273-1-ci maddələrinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.

51. Göründüyü kimi mirasın qəbulu institutu ilə bağlı mirasın açıldığı vaxt qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakının faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir

52. Qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2014-cü il tarixli qərarı).

53. Formalaşmış hüquqi mövqeyə əsasən mirasın formal və qeyri-formal qəbulu üsulları müəyyən olunur. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

54. İş materiallarından da müəyyə olunur ki, iddiaçı mübahisəli mənzildə yaşadığını, miras əmlakı faktiki sahiblik yolu ilə qəbul etdiyini və ya mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə ilə müraciət etdiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu da iddiaçının mirasın faktiki və rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş 6 aylıq müddəti ötürdüyünə dəlalət edir.

55. Beləliklə baxılan iş üzrə müəyyən edilir ki, iddiaçı oğlundan qalan mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etməmişdir. Bu da onun mübahisəli miras əmlakdan pay almaq hüququnun itirilməsinə səbəb olur və iddia tələbinin rədd olunması üçün müstəqil əsasdır. İddiaçının mirası qəbul etməsi müəyyən olunmadığına görə, onun iddia ərizəsində irəli sürdüyü digər tələblər üzrə araşdırma aparılmasına zərurət qalmır. Çünki həmin tələblər, iddiaçının mirası qəbul etməsindən irəli gələn hüquqlara bağlıdır.

56. Belə ki, pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır.

57. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir.

58. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

59. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1461/2025 saylı 16 may 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 14 saylı Notariat Ofisinə və X8 qarşı (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «qanun üzrə vərəsəlik hüququnun tanınması və s.» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar