Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4307/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 11 aprel 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayət üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh MMC-yə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Nəsimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.10.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Rayon Məhkəməsi apellyasiya şikayətini qəbul edərək baxılması üçün şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası apellyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü yoxlayaraq iş üzrə qəbul etdiyi 12.01.2022-ci il tarixli qərardadla apellyasiya şikayəti üzrə apellyasiyanın, şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsində və “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilməməsi əsası ilə qeyri-mümkün hesab edilməsini və apellyasiya şikayətinin mülki işlə birlikdə Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Bundan sonra Rayon Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12.01.2022-ci il tarixli qərardadına əsaslanaraq iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən əsasla iddiaçıya qaytarılmasını qərara almışdır. Daha sonra, iddiaçı, yuxarıda qeyd edilən qərardadlarda göstərilən nöqsanları aradan qaldıraraq Rayon Məhkəməsinə yeni apellyasiya şikayəti vermişdir. O, eyni zamanda “qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş və onun tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 11.04.2022-ci il tarixli qərardadla ərizəni təmin etməmişdir. İddiaçı həmin qərardadla razılaşmayaraq həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək 11.04.2022-ci il tarixli qərardadın ləğv edilməsini, “ötürülmüş prosessual müddətin bərpası barədə” ərizəsinin təmin edilərək, qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.05.2022-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, MPM-nin 268.1. və 396.1-cı maddələrinə görə, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər. MPM-nin 269-ci maddəsinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır (maddə 269.1.). Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2.). Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3.). Məhkəmə bildirir ki, qərardaddan şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddətin axımı qərardad tərəfə rəsmi təqdim edildiyi tarixdən sonrakı gündən başlanır və 10 günün tamamında qurtarır (MPM; maddələr 128 və 129). İş materiallarından və “Elektron məhkəmə” informasiya sistemindən görünür ki, hazırki mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11.04.2022-ci il tarixli qərardad iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə Gülməddin oğlunun elektron kabinetə 11.04.2022-ci il tarixdə yüklənilmişdir. İddiaçı tərəfindən vəkilə (nümayəndəyə) 10 il müddətinə verilmiş 18.05.2021-ci il tarixli etibarnamədən görünür ki, o, digər səlahiyyətlər ilə yanaşı vəkilə məhkəmə aktından şikayət vermək səlahiyyətini də vermişdir. Həmin etibarnamənin ləğv edilməsini təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, qərardad iddiaçıya rəsmi qaydada 11.04.2022-ci il tarixdə verilmiş və qərardaddan şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü 21.04.2022-ci il tarix olmuşdur. Lakin “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə qərardaddan şikayəti elektron kabinet vasitəsi ilə 27.04.2022ci il tarixdə vermişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 11.04.2022-ci il tarixli qərardaddan şikayətinin verilməsi üçün müddət iddiaçı tərəfindən ötürülmüşdür. Şikayəti verilməsi müddətini ötürmüş iddiaçı, Rayon Məhkəməsinə “qərardaddan şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə, şikayət müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayətə baxmış və daha sonra şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Buna görə də Məhkəmə hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 11 aprel 2022-ci il tarixli qərardaddan iddiaçının verdiyi şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət, mülki işlə birlikdə Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4307/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4307/2022
18.05.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver