Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4310/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-92/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00151-01 saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehdən iddiaçının xeyrinə 13.591,77 ABŞ dolları əsas borc, 655 ABŞ dolları faiz borcu, 2.420 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 16.666,77 ABŞ dolları borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən 2/52 saylı evin, 8/9 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun İddiaçı BOKT ASC-yə ödənilməsi, əmlakın hərracda satıldıqdan sonra bir ay ərzində həmin əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2015/00151-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 28% hesablanmaqla 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən 2/52 saylı evin, 8/9 saylı mənzilə dair xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Qeyd edilən ipoteka müqaviləsi xx.xx.2015-ci il tarixdə qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə banka xx.xx.2018-ci il tarixinə ümumilikdə 16.666,77 ABŞ dolları borcu qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 92/2020 saylı qətnaməsi ilə (hakim Günel Abbasova) iddia qismən təmin olunmuş, Cavabdeh xx.xx.2015-ci il tarixli 2015/00151-01 saylı kredit müqaviləsinə əsasən 13.591,77 ABŞ dolları əsas, 630,90 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə borcu olmaqla cəmi 14.722,67 ABŞ dolları (manatın ödəniş gününə olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı BOKT ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 8/9 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 35.000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun iddiaçıya ödənilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdeh çıxarılmaqla mənzilin boşaldılmış vəziyyətdə iddiaçıya təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat ekspertiza xərcinin cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 400 manat məbləğində pul vəsaitinin müştərək qaydada tərəflərdən alınaraq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMCnin hesabına köçürülməsi qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit borcunun düzgün hesablanmaması, xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kredit ödənişlərini vaxtında və tam olaraq, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək isə qismən (ödəməli olduğu məbləğin yarısını) həyata keçirməsi, 19003 ABŞ dolları məbləğində ödəniş etməsi, sonradan ölkədə devalivasiyanın baş verməsi, ABŞ dollarının məzənnəsinin artması, ödənişləri tam həyata keçirə bilməməsi, ipoteka predmetinin ilkin satış dəyərinin düzgün müəyyən olunmaması, ipotekanın dəyərinin daha artıq olması, qiymətləndirmənin düzgün həyata keçirilməməsi və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş,lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçınnı nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz cavabdehin apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki,tərəflər arasında müvafiq kredit və ipoteka müqavilələrinin bağlanması, cavabdehə 60 ay müddətinə illik 28 faiz dərəcəsi olmaqla 20000 ABŞ dolları məbləğində kredit verilməsi, öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunun qalıq məbləğini mübahisələndirmiş,lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış,borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 20019saylı rəyi) cavabdehin xx.xx.2018-ci il tarixə banka olan əsas borcu 13612,05ABŞ dolları,faiz borcu isə 630,90ABŞ dolları məbləğində təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi kredit borcunun məbləğini ekspertiza təyin etməklə dəqiqləşdirmiş, cavabdeh isə apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası iş üzrə əlavə və ya təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını zəruri hesab etmir. Birinci instansiya məhkəməsi ekspertiza rəyinə əsaslanaraq iddianı faizlərin tutulması hissəsində qismən təmin etmiş, əsas borc isə ekspertiza rəyində göstəriləndən nisbəbən az tələb olunduğundan məhkəmə tələbdən kənara çıxmamış, əsas borcu tələb həddində təmin etmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda cavabdeh vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin pozulması iddiaçının müvafiq tələblərlə vaxtından əvvəl məhkəməyə müraciət etməkdə tələb (subynktiv) hüququnu yaratmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cavabdehin maddi vəziyyətini nəzərə alaraq dəbbə pulunu azaldaraq 500 ABŞ dolları həddində təimn etmişdir ki, həmin məbləğ də əsas borca münasibətdə tənasübsüz deyildir (bu səbəbdən də məhkəmə kollegiyası dəbbə pulunun daha da azaldılmasına zərurət görmür). Bununla yanaşı,cavabdeh apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını göstərmişdir. İşdə olan ipoteka müqaviləsindən görünür ki,tərəflər ipoteka qoyulmuş daşınmaz əmlakın dəyərini qarşılıqlı razılıq əsasında 40000 manat müəyyən etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə də razılaşmayaraq,qeyd edir ki,«İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdən görünür ki,mübahisə olduğundan birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinin dəyərinin müəyyən olunması üçün müstəqil qiymətləndirici təyin olunmuşdur. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx»MMC-nin 19mart 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki,ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən 8/9 saylı mənzilindəyəri 35000 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasında qanunvericiliyin tələblərinə riayət etmiş, qiymətləndiricinin rəyini almış, nəticədə ipoteka predmetinin ilkin satış qiymətini haqlı olaraq 35000 manat həddində müəyyən etmişdir (həmin məbləğ tərəflərin ipoteka müqaviləsini bağlayankən razılaşdırdıqları qiymətdən kəskin fərqlənməyərək, ona uyğundur). Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, ipoteka predimetinin dəyərinin daha artıq olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili ilə də razılaşmayaraq,qeyd edir ki,ölkədə devalivasiyanın baş verməsi cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməmişdir. Bu hal, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi də qəbul edilə bilməz. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Həmçinin, kreditin xarici valyuta ilə verilməsi faktı da qanunvericiliyin tələblərinə zidd deyildir. Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» X1 xx xxx 2015-ci il tarixli qərarı). Eyni zamanda qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə qalıq əsas borcun məbləği 13591,77 ABŞ dolları təşkil etdiyindən, o Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə də düşmür. Beləliklə,cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. MM-nin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Qanunun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. «İpoteka haqqında» Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə,məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq,hesab edir ki,birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə əsaslı və qanunidir.Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-92/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-92/2020 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4310/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4310/2020
28.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver