Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-432/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı hüquqi varisi X3 cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: etibarnamənin, alqı-satqı müqaviləsinin və dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının hüquqi varisi X3, onun nümayəndəsi (vəkili) X1, Cavabdeh1, onun nümayəndəsi (vəkili) Vəkil3 və digər Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının hüquqi varisi (vəsiyyətnamə üzrə) X6 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 15 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. AR-İ№515675 saylı xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən İddiaçı Cavabdeh2 “Bakı şəhəri, İH Tİ və MHQİ tərəfindən verilmiş 30 N 188261 qeydə alma nömrəli, seriya nömrəsi ÖM 110086 olan, xx.xx.2003-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 5 saylı mənzili satmağı buna dair müqavilə imzalamağı, pulunu almağı, adından ərizə verməyi, imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi” etibar etmişdir. Həmin etibarnamə əsasında Cavabdeh2 ilə alıcı Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, Bakı şəhəri, Səbail rayonu, S.Quliyev küçəsi, 9 saylı evin 5 saylı mənzilindən bir hissəsini (tam hissədən - 1-ci mərtəbə və 2-ci mərtəbədən 9,5 kv.metr olan 1 otaq, 5.0 kv.metr olan dəhliz) Cavabdeh1 40000 manat pul müqabilində satılmışdır. İddiaçı ilə X6 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin surətinə əsasən İddiaçı mübahisəli mənzilin bir hissəsini (3-cü mərtəbə və 2-ci mərtəbədən 10,2 kv.metr) alıcının mülkiyyətinə verməyi, alıcı isə əvəzində 14600 manat pul vəsaitini satıcıya verməyi öhdəsinə götürmüşdür. Mənzil üzərində Cavabdeh1 xüsusi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə, X3 xüsusi paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2017-ci il tarixdə bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə xx.xx.2019-cu il tarixdə vəsiyyət edənin ərizəsinə əsasən ləğv edilmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı ölən günədək ona məxsus olan, harada yerləşməsindən, nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını X4 vəsiyyət etmişdir.
2. İddiaçı xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyasında vəfat etmişdir.
3. Hazırkı işdə iddia İddiaçı tərəfindən qaldırılmış, lakin onun məhkəmə baxışının gedişində vəfatı ilə əlaqədar olaraq o, prosessual hüquq varisi ilə, yəni vəsiyyətnamə üzrə vərəsə X6 ilə əvəz olunmuşdur.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 2 saylı Bakı Cavabdeh3 notariat ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən Cavabdeh2 verilmiş xx.xx.2021ci il tarixli AR-İ №515675 nömrəli etibarnamə, həmin etibarnamə əsasında bağlanılmış xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli 2 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda bağlanılmış alğı-satqı müqaviləsinin aldatma nəticəsində bağlanılması səbəbindən etibarsız hesab olunması və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına aparılmış xx.xx.2017-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət qeydiyyatının ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 ünvanında yaşayır və həmin mənzilin mülkiyyətçisidir. Qeyd olunan mənzildə Cavabdeh1 kirayəçi olaraq bir müddət yaşamışdır. Kirayədə yaşadığı dövrdə Cavabdeh1 ilə mülkiyyətçi İddiaçı arasında mübahisələr yaranmış, cavabdeh iddiaçının yaşlı və tək yaşayan qadın olduğundan istifadə edərək, onun mənzilini ələ keçirmək niyyətində olmuşdur. Bununla bağlı Cavabdeh1 İddiaçı təzyiqlər göstərməyə başlamış və yaşlı qadını qorxutmaq məqsədilə 45000 ABŞ dolları məbləğində borc pulun geri ödənilməsi barədə uydurma tələblə xx.xx.2016-cı ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 xx.xx.2016-cı ildə iddia ərizəsini geri götürmüş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Daha sonra Cavabdeh1 İddiaçı mənzilin idarə edilməsi ilə bağlı etibanamə verilməsi üçün 2 saylı Bakı Cavabdeh3nə aparmışdır. İddiaçı Asan Xidmət Mərkəzində Cavabdeh1 etibarnamə vermiş, lakin onun Azərbaycan dilini bilməməsi və notarius tərəfindən müvafiq tərcüməçi ilə təmin edilməməsi səbəbindən etibarnamənin məzmunu ilə tanış ola bilməmişdir. Etibarnamə verilməsindən sonra mənzilin mülkiyyət və digər sənədləri Cavabdeh1 saxlanılmışdır. xx.xx.2021-ci il tarixində qeyd olunan mənzilin başqa şəxsə satılması zamanı İddiaçı məlum olmuşdur ki, ona məxsus mənzilin bir hissəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestində qeydə alınmışdır. Məlum olmuşdur ki, 2 saylı Bakı Cavabdeh3ndə notariat kontorunda bağlanılmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 mənzil üzərindəki hüquqları dövlət qeydiyyatında alınmışdır. Notariat ofisinin təqdim etdiyi sənədlərdən aydın olmuşdur ki, xx.xx.2017-ci ildə İddiaçı Cavabdeh2 adlı şəxsə Bakı şəhəri, S.Quliyev küçəsi, ev 9 ünvanında yerləşən 5 nömrəli mənzilin satılması ilə bağlı etibarnamə vermişdir. Bununla bağlı iddiaçı bildirir ki, İddiaçı Cavabdeh2 adlı şəxsi tanımır və heç vaxt heç bir münasibəti olmamışdır. Daha əvvəl qeyd olunduğu kimi, İddiaçı Cavabdeh1 ilə birlikdə Asan Xidmət mərkəzinə getmiş və ona mənzilin idarə edilməsi ilə bağlı etibarnamə vermək niyyətində olmuşdur. Yuxarıda göstərilənlərdən aydın şəkildə görünür ki, mənzilin qanunsuz olaraq ələ keçirilməsi Cavabdeh1 tərəfindən təşkil olunmuş və İddiaçı aldadılmışdır. Belə ki, ilk növbədə əssasız iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq yaşlı və Azərbaycan dili bilməyən xanım olan İddiaçı təzyiq göstərilmiş, daha sonra isə iddia ərizəsi geri götürələrək etibarnamə vasitəsilə İddiaçı məlumatı olmadan mənzil ələ keçirilmişdir. Etibarnamədən cəmi 3 gün sonra – xx.xx.2017-ci il tarixində Cavabdeh2 mənzili Cavabdeh1 40000 manat əvəzində satmışdır. Mənzilin qanuni mülkiyyətçisi olan İddiaçı mənzilin “guya” satışı ilə bağlı pul vəsaiti də təqdim olunmamış, həmin pul vəsaiti Cavabdeh1 tərəfindən notariat deposit hesabına köçürülmüş və onunla əlbir olan Cavabdeh2 ilə birgə həmin hesabdan götürülmüşdür. İddiaçının mülkiyyətində olan mənzili satmaq niyyətinin olmaması onun mübahisəli alğısatqımüqaviləsini şəxsən bağlamamasından da aydın olur. Belə ki, iddiaçının belə bir niyyəti olduğu halda bu məqsədlə etibarnamə verməz, 3 gün sonra şəxsən notariat kontorunda yaxınlaşıb əqdin bağlanmasında iştirak edə bilərdi. Notariat kontoru tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələr tam icra olunmamış, açıq-aydın şəkildə azərbaycan dilini bilməyən yaşlı qadın tərcüməçi ilə təmin olunmamış, ona etibarnamənin məzmunu izah edilməmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-134/2022 saylı, 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli) iddia rədd edilmişdir.
7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisələndirilən etibarnamənin İddiaçı iradə ifadəsinə zidd olması, onun şərtlərinin pozulması məhkəmə araşdırılması zamanı sübut olunmadığından, iddia qeyd edilən hissədə təmin edilməməlidir. Alqı-satqının müqaviləsinin qanunvericiliklə müəyyən edilmiş şərtlərinə tam əməl olunaraq mərhum İddiaçı mənzilə görə razılaşdırılmış pul vəsaitini almış, əvəzində ona məxsus olan daşınmaz əmlakı Cavabdeh1 təhvil vermişdir. Həmin müqavilənin bağlanmasında iddiaçının adından etibarnamə əsasında Cavabdeh2 mənzilə görə pulun götürülməsi həmin alqı-satqı müqaviləsinin formal olaraq bağlanması anlamına gəlmir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.3, 337.1, 362.1-ci və s. maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçının hüquqi varisi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir
10. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin, onunla əsaslandırılmışdır ki, Məhkəmə hər hansı sübut olmadan iş üzrə əlyazma olaraq məhkəməyə təqdim edilən və iddiaçı tərəfindən yazıldığı iddia edilən xx.xx.2016-cı il tarixli sənədin iddiaçı tərəfindən yazıldığını və iddiaçının 45000 ABŞ dolları cavabdeh Qançarova Yanaya borcun etirafı haqqında sənəd olduğunu müəyyən edir. İddiaçının cavabdehə hər hansı borcu olmamışdır və Məhkəmə bu kimi faktı hansı əsaslarla müəyyən etməsini Qətnamədə əsaslandırmamışdır. İş materiallarından cavabdeh Qançarova Yananın izahatlarından aydın olur ki, tərəflər, yəni iddiaçı ilə Qançarova Yana dəfələrlə vəsiyyətnamə və s. sənədləşmə məsələləri ilə bağlı notariusa müraciət etmişlər. Belə olduğu təqdirdə və iddiaçının cavabdeh Qançarovaya 45000 ABŞ dolları borcu olduğu təqdirdə niyə bu borc münasibətini rəsmiləşdirməmələrini məhkəmə araşdırmamışdır. Bundan əlavə Qançarova Yananın anası, iş üzrə hər hansı tərəf olmayan Qançarova Lyudmilanın cari iş üzrə iddiaçıya qarşı ‘Pulun qaytarılması’ tələbinə dair xx.xx.2017-ci il tarixində Bakı şəhər Səbail rayon Məhkəməsinə müraciət etdiyi, daha sonra Qançarova Lyudmilanın Bakı şəhər Səbail məhkəməsinə ərizə yazaraq guya ki, cavabdeh İddiaçı ilə razılaşdıqlarından ərizəni baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh Qançarova Yana isə məhkəmədə izahatında bildirir ki, həmin razılıq evin həmin pulun əvəzində verilməsi ilə bağlı olmuşdur. Belə olduğu halda qarşı tərəfə məhkəmə zalında ünvanladığımız “o zaman niyə Məhkəmədə sözügedən razılaşmanı Barışıq sazişi ilə təsdiq etmirdiz?” sualına isə cavabdeh tərəf hər hansı cavab vermədi. Ümumiyyətlə, cavabdeh tərəf iddiaçı ilə aralarında borc münasibətini olduğunu hər hansı mötəbər sübutlarla məhkəmədə təsdiq etmədi. Borcun nə vaxt, hansı şəraitdə, hansı miqdarda, hansı üsulla verilməsinə dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının hüquqi varisi və onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
13. Hüquqi varis (vəsiyyətnamə üzrə vərəsə) E.Məmmədov izahatında göstərdi ki, o, İddiaçı təxminən 2014-2015-ci illərdən tanıyır. Belə ki, o, mübahisəli mənzilin yaxınlığında yerləşən kafedə işləmiş və İddiaçı maddi köməkliklər etmişdir. Elə buna görə də, İddiaçı bütün əmlakını ona vəsiyyət etmişdir. İddiaçı mənzilin bir hissəsinin alqı-satqı qaydasında cavabdehin adına keçirilməsindən xx.xx.2021-ci il tarixdə, yəni mənzilin qalan hissəsi ona satılarkən xəbər tutmuşdur.
14. Cavabdeh1 və nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədilər və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
15. Digər Cavabdeh2 da apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
18. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.
19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı:
21. Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçının hüquqi varisi tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.
26. Mülki Məcəllə nəzərdə tutur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.1, 337.3). Əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (359.1).
27. Göründüyü kimi, mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Əksinə, qanunun imperativ tələbindən göründüyü kimi təmsilçinin etibarnaməyə əsaslanan səlahiyyətə görə təmsil edilən adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunla müəyyən edilmiş qaydada təmsilçiyə etibarnamə vermiş şəxs bağlanmış müqavilənin onun iradə ifadəsini əks etdirmədiyini o halda mübahisələndirə bilər ki, etibarnamə qanunsuz olsun və ya təmsilçi etibarnamə ilə ona həvalə edilmiş səlahiyyətlərdən kənara çıxsın.
28. Sadalanan əsasların mövcudluğunu, eləcə də təmsilçinin digər tərəflə pis niyyətlə razılığa gəldiyini iddia etdiyi halda etibar edən bununla bağlı zəruri sübutları məhkəməyə təqdim etməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (maddə 9.3). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Prosessual qanunvericiliyin bu normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur.
29. İşdən müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh2 verilmiş etibarnamədə konkret olaraq mübahisəli mənzili satmaq niyyəti, həmin mənzilə görə ödənilmiş pulun alınması və s. qeyd edilmişdir. İddiaçı ilə Qonçarovalar arasında borc münasibətləri olmuş, həmin borc münasibətlərindən irəli gələrək, iddiaçı Cavabdeh1 mənzili satmışdır. Alqısatqının hər hansı təzyiq, aldatma və s. nəticəsində bağlanması məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır.
30. Qanunvericilikdə əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.
31. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
32. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və həqiqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
33. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
34. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir.
35. Kollegiya qanunun mənasından çıxış edərək və yuxarıda ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının Cavabdeh2 mübahisəli mənzili satmaq üçün etibarnamə vermək niyyətinin olmaması iş materialları ilə öz təsdiqini tapmamışdır.
36. Belə ki, iddiaçı mənzilin bir hissəsinin xx.xx.2017-ci il tarixdə Cavabdeh1 satılmasından, yəni alqı-satqı müqaviləsinin bağlanmasından məlumatsız olduğunu bildirsə də, işin faktiki halları belə qənaətə gəlməyə əsas vermir. Belə ki, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin xx.xx.2017-ci il tarixdə İddiaçı ünvanlandırdığı cavab məktubundan görünür ki, iddiaçının belə niyyəti olmuş, mübahisəli mənzili satmaq niyyəti ilə o, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə müraciət etmiş və Qoruq mənzili özü almaqdan imtina edərək kənar şəxsə satılmasına icazə vermişdir (i.v.196).
37. Bundan əlavə, iddiaçı mübahisəli mənzilin bir hissəsini (3-cü mərtəbə və 2-ci mərtəbədən 10,2 kv.metr) hissəsini Elgiz Məmmədova satmazdan əvvəl xx.xx.2020-ci il tarixdə mənzili almaqda üstünlük hüququ olan şəxs kimi Cavabdeh1 rəsmi məktubla təklif etmişdir (i.v.124).
38. Apellyasiya şikayətinin dəlillərindən biri də, hazırkı mübahisəyə Mülki Məcəllənin 340.2-ci maddənin tətbiq edilməli olması və alqı-satqı müqaviləsinin yalan əqd olmaqla başqa bir əqdi pərdələmək məqsədilə bağlanması barədədir.
39. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, yalan əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan əqd (hüquqi hərəkət) durur. Yalan əqd bu əqdi (hüquqi hərəkəti) pərdələyir, maskalayır. Bir sözlə, yalan əqd başqa əqdi pərdələmək üçün bağlanılır. Burada iki əqddən söhbət gedir: pərdələnən əqddən və pərdələyən əqddən. Pərdələnən əqd tərəflərin hüquqi nəticə əldə etmək məqsədilə həqiqətən bağladıqları əqddir (hüquqi əqd). Pərdələyən əqd isə həqiqi əqdin mahiyyətini və əsl xarakterini üçüncü şəxslərdən gizlətmək üçün, onu pərdələmək (maskalamaq) məqsədilə bağlanan əqddir.
40. Məhkəmə kollegiyasının qənaətinə görə hazırkı işdə mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən tərəflər hansısa əqdi pərdələmək niyyətində olmamışlar. Tərəflərin məqsədi alqı-satqı müqaviləsi bağlamaq olmuş və müqavilə onların iradəsinə uyğun olaraq rəsmiləşdirilmişdir. Başqa sözlə, iddiaçının niyyəti mülkiyyətində olan mənzilin bir hissəsini borclu olduğu 40 000 manatın əvəzində cavabdehin adına keçirmək olmuşdur.
41. Apellyasiya baxışı zamanı məlum oldu ki, Qonçarovlar ailəsi ilə İddiaçı arasında bundan əvvəl də məhkəmə mübahisəsi olmuşdur. Həmin iş Səbail Rayon Məhkəməsindən tələb edilib məhkəmə kollegiyasının iclasında nəzərdən keçirilərkən müəyyən olundu ki, iddiaçı X5 03 oktyabr 2016-cı il tarixdə cavabdeh İddiaçı qarşı iddia qaldıraraq sonuncudan əsassız varlanma nəticəsində əldə etdiyi 45 000 ABŞ dolları məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
42. Həmin işdən görünür ki, sonradan tərəflər arasında razılıq əldə olunduğuna görə iddiaçı L.Qonçarova iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə vermiş və Səbail Rayon Məhkəməsinin 15 mart 2017-ci il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmaqla sənədlər iddiaçıya qaytarılmışdır.
43. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırkı işdə mübahisələndirilən alqı-satqı müqaviləsi də məhz həmin ərəfədə, yəni xx.xx.2017-ci il tarixdə bağlanmışdır.
44. Məhkəmə kollegiyası iddiaçı tərəfin iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin olunması barədəki dəlilini də əsassız sayır və qeyd edir ki, hazırkı iş üzrə tələb alqı-satqı müqaviləsinin, etibarnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması barədədir. Hazırkı işdə borc tələbinə dair iddia yoxdur, vaxtilə qaldırılmış iddia isə tərəflər arasında razılıq əldə edilməsi ilə əlaqədar olaraq geri götürülmüşdür. Ona görə də iş üzrə ekspertiza təyin olunmasına hər hansı lüzum yoxdur.
45. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı hüquqi varisi X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 29 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.