Məhkəmə qərarları › İş №2(103)-4321/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4321/2022

20.05.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4321/2022 20.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı X2 cavabdehlər Cavabdeh və X4 qarşı “müqavilənin ləğvi və mənzilin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 2(011)-260/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 10, 3 otaqlı 9 saylı mənzilə dair bağlanmış 04.07.2017-ci il tarixli, AN-1 ******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra X5 əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək, İddiaçı onunla əvəz olunmasını xahiş etmiş, Məhkəmə tərəfindən əsl olmayan iddiçı əsl iddiaçı X5 ilə əvəz olunmuşdur. Daha sonra iddiaçı X5 iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 cavabdeh qismində cəlb olunmasını, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 10, 3 otaqlı 9 saylı mənzilə dair AN-1 ******* saylı 04.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin mənzilə dair cavabdehlər arasında bağlanmış 27.09.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilin ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 2(011)-260/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 126 manatın iddiaçı X1 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi qismində Vəkil tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilməlidir. MPM-in 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. MPM-in 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. MPM-in 73.5-ci maddəsinə görə vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. MPM-in 74.2.-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi, şikayət vermək üçün vəkilin səlahiyyətləri həm etibarnamə, həm də orderlə təsdiq olunmalıdır. Baxılan işdən isə görünür ki, apelyasiya şikayəti Vəkil tərəfindən imzalansa da, iş materiallarında ona belə bir səlahiyyət verilməsini göstərən etibarnamə və order mövcud deyil. Belə olan halda, Vəkil iddiaçının nümayəndəsi kimi apelyasiya şikayətini imzalamaq səlahiyyəti olmamışdır. MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. MPM-in 363.1 və 363.1.1-ci maddələrinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya onu da qeyd edir ki, gələcəkdə yenidən apelyasiya şikayəti verilərkən şikayətin məzmuna dair tələblərə əməl edilməsi də zəruridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 fevral 2022-ci il tarixli 2(011)-260/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi kimi Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar