Məhkəmə qərarları › İş №2(103)-4338/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4338/2022

19.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4338/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı2 Yasin qızının, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X1 cəlb olunmaqla cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1574/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması, mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evdən çıxarılmaları, mənzilin boşaldılması, İddiaçı2 Yasin qızı və İddiaçı1 həmin evə köçürülmələri, mənzildə yaşamağa və istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2001-ci ildən faktiki nikah münasibətlərində olduğu X9 ilə birlikdə, onun maddi vəsaiti hesabına Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 15Q nömrəli evi tikərək, orada onunla yaşamışdır. xx.xx.2002-ci il tarixdə İddiaçı1 və xx.xx.2005-ci ildə X8 adında uşaqları doğulmuşdur. O, Laçın rayonundan məcburi köçkün olduğu üçün məcburi köçkün kimi qeyd edilən ünvanda qeydiyyatdadır. 2019-cu ildə Akif Zərbəliyev onu evə buraxmadığı üçün “evə köçürülmə tələbi” ilə Yasamal rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə iddia təmin edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə İddiaçı1 və X2 Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 15Q nömrəli evdən istifadə hüququ tanınmışdır. Bundan başqa, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qətnaməsi ilə onun yetkinlik yaşına çatmayan uşaqları İddiaçı1 və X8 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 15Q nömrəli evə köçürülməsi qət edilmişdir. Hər iki qətnamə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3194/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsinin icrası ilə bağlı Yasamal rayon İcra və Probasiya şöbəsinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2019-cu il tarixli aktla o, yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, 15Q nömrəli evə köçürülmüşdür. Uşaqların atası Akif Zərbəliyev rəhmətə getdikdən sonra onun əvvəlki arvadı Yeganə Zərbəliyeva ondan ev tələb etməyə başlamış, halbuki məhkəmə qətnamələrinə əsasən ondan və uşaqlarından başqa heç kimin həmin evə hüququ yoxdur. Yeganə onun azyaşlı uşağı Bəhruzu oğurlayıb psixi və mənəvi təzyiqlərlə öz yanında saxlayır və onunla uşağını üz-üzə qoymaqla ədavət aparmağa başlamışdır. xx.xx.2020-ci il tarixdə Yeganənin qohumu Cavabdeh1 adlı şəxs yanında 29-cu Polis Bölməsinin əməkdaşları və mülki şəxslərlə yaşadığı evə gələrək ona bildirmişlər ki, guya Yeganə bu evi Mehriban xanıma satmışdır və o, evdən çıxmalıdır. O, evdən çıxmayacağını bildirdikdə, çox mübahisədən sonra polis əməkdaşları bildirmişdir ki, onda Mehriban xanım da bu evdə yaşayacaq. O, Mehriban xanımın bu evə hansı hüququnun, sənədinin olmasını soruşsa da, ona heç bir sənəd göstərilməmişdir. Nə qədər narazılıq etsə də polislər fakitiki olaraq onu Mehriban xanımla birlikdə qoyub heç bir sənəd göstərmədən çıxıb getmişdir. xx.xx.2020-ci il tarixdə axşam saatlarında isə Mehriban xanım evdə əsassız səs-küy salıb polislərə zəng etmiş və əvvəlcədən hazırlanmış plan kimi polislər tez evə daxil olmuşlar. O, polislərdən ictimai asayişin qorunmasını təmin etməyi, Mehribanı xanımı, yanında olan qadınları onun evindən uzaqlaşdırmağı xahiş etmiş, lakin tam əksi baş vermişdir. Evə gələn polislər birmənalı şəkildə ondan evdən çıxmağı tələb etmişdir. O, məhkəmə qərarlarını, icra məmurunun aktını onlara göstərib onun bu evə qanuni istifadə hüququ olduğunu və məhkəmə qərarı ilə bu evə köçürüldüyünü, evdə dava-dalaşa səbəb olan Mehriban xanımın isə heç bir sənədinın olmadığını və onun çıxarılmalı olduğunu bildirmişdir. Özünü əməliyyat müvəkkili kimi təqdim edən Elxan adlı polis əməkdaşı bildirmişdir ki, Mehriban xanımın sənədi bölmədədir, gedib bölmədə baxa bilər. O, evdən çıxmayacağını dedikdə, Elxan adlı polis əməkdaşı qışqıraraq, əl-qol atmaqla polisə yaraşmayan hərəkətlər etməklə, onun qolundan tutataraq, zorla onu sürüyərək, öz qanuni evindən çıxarmışdır. Beləliklə, o faktiki olaraq öz yaşadığı mənzilindən məhrum olunmuş və küçəyə atılmışdır. Təəssüflər olsun ki, bunu məhz 29-cu X13 adlı əməkdaşı Cavabdeh1 ilə birlikdə etmişdir. Onlar qanunsuz olaraq onun yaşadığı evə daxil olub zor tətbiq edərək onu yaşadığı evdən məhrum etmişlər. Hazırda isə həmin evdə heç bir hüquqi əsas olmadan Cavabdeh2, özünü onun oğlu kimi təqdim edən Cavabdeh3 Nati oğlu və həmin evə heç bir aidiyyəti olmayan özünü xalq artisti Zeynəb Xanlarovanın qohumu kimi təqdim edən Cavabdeh1 yaşayır və onlar onun və uşaqlarının orada yaşamasına icazə vermirlər və mane olurlar. Bu səbəbdən o təkrar Yasamal rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2021-ci il tarixli qəraradadı ilə Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraat təzələnmişdir. Həmin qərardad əsasında Yasamal rayon Məhkəməsinin 2(004)-3194/2019 saylı, xx.xx.2019- cu il tarixli qətnaməsinin icrası xx.xx.2022-ci il tarixə təyin edilsə də, hazırki iddiada cavabdeh qismində qeyd etdiyi şəxslərin həmin mənzildə yaşamaları əsas gətirilməklə, o cümlədən icrası nəzərdə tutulan icra sənədi üzrə borclu Akif Zərbəliyevin ölməsi səbəbindən onun həmin ünvana köçürülməyinin mümkün olmaması barədə akt tərtib olunmuşdur. Əlavə olaraq bidirir ki, Qobu qəsəbəsindəki evi dövlət ona müqavilə əsasında vermişdir, yəni orada müvəqqəti qalır. Suala cavab olaraq bildirir ki, hazırda digər oğlu Murad ilə Qobu qəsəbəsindəki həmin evdə qalır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1574/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçılar İddiaçı2 Yasin qızı və İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1574/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində dəyişdirilməsi və İddiaçı2 Yasin qızının iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki işin mübahisəsiz halı ilə tam sübut və təsdiq olunur ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə İddiaçı2 mübahisə predmeti olan mənzilə istifadə hüququnun olması və köçürülməsi tam təsdiq olunmuş və onun həmin mənzilə gözlənilən mülkiyyət hüququ mövcuddur. Həmin hal işə baxan birinci instansiya məhkəməsinin qətnaməsində də öz təsbitini tapmışdır. Lakin birinci instansiya məhkəməsi mənzilin boşaldılması ilə bağlı iddianı təmin etməməklə, faktiki olaraq İddiaçı2 mülkiyyət hüququndan irəli gələn hüquqlarını (sahiblik və istifadə hüquqularını) həyata keçirməsindən məhrum etmişdir. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan Bakı şəhəri. Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evdə yaşamaları və istifadə etmələri ilə bağlı hər hansı hüquqları olmayan Cavabdeh2. Cavabdeh3 və Cavabdeh1 münasibətdə mənzilin boşaldılması ilə bağlı tələbi təmin etməməklə. faktiki olaraq İddiaçı2 münasibətdə qeyd olunan maddi hüquq normalarının tələblərini pozmuşdur. İşin mübahisəsiz halı ilə tam təsdiq olunur ki. iş üzrə cavabdehlərin mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə hər hansı hüquqları mövcud deyil və yaranmamışdır. Məhkəmənin həmin evin Cavabdeh1 satılmasına dair ilkin alğı-satqı müqaviləsinə istinad etməklə, cavabdehlərin mənzildən çıxarılma hissəsində iddianın təmin edilə bilməməsini qeyd etməsi onu təsdiq edir ki, məhkəmə tərəfindən sübutlar düzgün qiymətləndirilməmişdir. Həmin müqavilənin bir tərəfi olan Yeganə Zərbəliyevanın qeyd olunan evə dair sərəncam vermək hüququ mövcud deyildir və belə olan halda onunla Cavabdeh1 arasında bağlanmış ilkin alğı-satqı müqaviləsi özlüyündə əhəmiyyətsiz əqddir və heç bir hüquqi əhəmiyyəti yoxdur. Bununla da tam təsdiq olunur ki, birinci instansiyası məhkəməsi tərəfindən iş üzrə sübutlar düzgün qiymətləndirilməmiş, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin 88-ci maddəsinin tələbi kobud şəkildə pozulmaqla iş üzrə sübutlar birtərəfli qaydada, iddiaçıların zərərinə qiymətləndirilmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 Yasin qızı və onun vəkilinümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, rədd edilməsini xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki məhkəmə baxışının hədləri qətnamənin əsaslığının “iddianın təmin edilməmiş hissəsində” yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iddia tələbi təmin edilməyən hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı ev dövlət reyestrində qeydə alınmamışdır və özbaşına tikilidir. Həmin ev İddiaçı2 və onun qeyri-rəsmi nikah mübasibətlərində birlikdə yaşadığı X9 tərəfindən tikilmiş və onlar ailə kimi həmin evdə yaşamışlar. 2018-ci ildə onların münasibətləri pozulduğundan Zərbəliyev Akif evin kilidini dəyişmiş və İddiaçı2 oradan çıxarılmışdır. Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yenidən həmin evə köçürülmüşdür. X16 vəfat etdikdən sonra xx.xx.2020-ci il tarixdə mübahisə predmeti olan evə dair X5 rəsmi nikahda olan arvadı X3 ilə Cavabdeh1 arasında ilkin alğı-satqı müqaviləsi bağlanılmışdır.

1. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-193/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçılar İddiaçı1 və X2 cavabdeh X6 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, iddiaçılar İddiaçı1 və X2 Bakı şəhəri, Əsəd Əhmədov küçəsi, 15 Q nömrəli evdən istifadə hüquqlarının tanınması qət edilmişdir.

2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3194/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı2 Yasin qızının cavabdeh X6 qarşı evə köçürülmə tələbinə dair iddia təmin edilmiş, İddiaçı2 Yasin qızının yetkinlik yaşına çatmayan uşaqları İddiaçı1 və X8 ilə birlikdə Bakı şəhəri, Əsəd Əhmədov küçəsində yerləşən 15 Q nömrəli evə köçürülməsi qət edilmişdir.

3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2798/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh İddiaçı2 Yasin qızına qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı2 Yasin qızının Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q nömrəli evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8184/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-2798/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X5 cavabdeh İddiaçı2 Yasin qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-605/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-8184/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İcra məmuru Səvxan Abbasov tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli akta əsasən 2(004)-3194/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Mehdiyeva X10 rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə köçürülmüşdür. Bundan başqa, icra məmuru Səvxan Abbasov tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən 2(004)-3194/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evə gəldikdə müəyyən olunmuşdur ki, borclu X9 ölmüşdür. Evdə isə Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 qzı yaşayırlar və bu səbəbdən İddiaçı2 Yasin qızının bu ünvana köçürülməsi mümkün olmamışdır. Akt iddiaçı, o cümlədən, hazırki iş üzrə cavabdehlər tərəfindən də imzalanmışdır.

5. X1 ilə Cavabdeh1 arasında notarial qaydada bağlanmış xx.xx.2020-ci il tarixli ilkin alğısatqı müqaviləsinin surətinə əsasən X1 ünvan 2 ünvanında 110 m2 torpaq sahəsində yerləşən 79,4 m2 yaşayış evini 30000 manata Cavabdeh1 satılmışdır. Həmin müqavilənin 4.1.2-ci maddəsinə əsasən satıcı 24 ay müddətində əsas müqavilənin bağlanması üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan sənədlərin hazırlanmasını təmin etməyi öhdəsinə götürmüşdür. Kirayə verən qismində Cavabdeh1 ilə kirayəçi qismində Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 01 nömrəli yaşayış sahəsinin kirayəsi haqqında müqavilənin surətinə əsasən Cavabdeh1 ünvan 2 ünvanında 110 m2 torpaq sahəsində yerləşən 79,4 m2 yaşayış evini aylıq 140 manat kirayə haqqı müqabilində Cavabdeh2 kirayəyə vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, mübahisəli evin Cavabdeh1 satılmasına dair ilkin alğı-satqı müqaviləsi vardır. Müqaviləyə əsasən tərəflər xx.xx.2022-ci ilədək əsas müqavilənin bağlanması öhdəliyi götürmüşlər. Mülki qanunvericiliyin tələbinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Bundan əlavə, xx.xx.2020-ci il tarixli ilkin alğı-satqı müqaviləsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə həmin evdə kirayə müqaviləsinə əsasən kirayəçi kimi yaşayırlar. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehlərin mənzildən çıxarılması hissəsində təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməmiş hissəsində bağlı mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Qanuni qüvvəyə minmiş qətnamələrdə müəyyən edilmiş hallardan görünür ki, mübahisəli ev iddiaçı ilə X5 birgə faktiki nikahı dövründə tikilmişdir. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. Evin tikilməsi zamanı iddiaçı ilə X9 birgə vəsait sərf etmişlər və iddiaçı da mübahisəli evin tikilməsində iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). Həmin Məcəllənin 11-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mübahisəli ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikintilərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya qeyd edir ki, xx.xx.2021-ci il tarixli ilkin alğı-satqı müqaviləsində qeyd edilir ki, satıcının (X1) sahibliyində olan ünvan 3 ünvanında 110 kv.m torpaq sahəsində yerləşən 79.4 kv.m yaşayış evini dəyəri, yəni 30.000 manat məbləğ alıcı tərəfindən tam olaraq ödənilir və satıcı bu müqavilə qüvvəyə mindiyi tarixdən 24 aydan gec olmayaraq həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən mülkiyyət hüququnun dövlət qeydiyyatına dair çıxarış əldə etdikdən sonra onu alıcının (Cavabdeh1) xeyrinə özgəninkiləşdirilməsi təsdiqlənəcək alğı-satqı müqaviləsini bağlayacaqlarını öhdələrinə götürmüşlər. Cavabdeh1 bu müqaviləyə istinad edərək mübahisəli evi digər cavabdehlərə kirayəyə verdiynii və hazırda digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 orada yaşadığına istinad edir. Kollegiya qeyd edir, istinad edilən ilkin alğı-satqı müqaviləsi əhəmiyyətsizdir. Belə ki, Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (402.1). İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (402.2). Göründüyü kimi, əsas müqavilə hansı formada bağlanmalıdırsa, ilkin müqavilə də həmin formada bağlanmalıdır, bu qaydaya əməl edilməməsi həmin ilkin müqaviləni əhəmiyyətsiz edir. Başqa sözlə, mübahisəli yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin əmlak barəsində alğı-satqı müqaviləsinin (əsas müqavilənin) bağlanması qeyri mümkündür, belə olan halda isə bu əmlak barəsində ilkin müqavilənin bağlanması da yolverilən deyildir. Digər tərəfdən Kollegiya həmçinin qeyd edir ki, ilkin müqavilənin bağlanması mümkün hesab edilmiş olsa belə, hazırki ilkin müqavilə yenə də əhəmiyyətsiz hesab ediləcəkdir, belə ki, Mülki Məcəllənin 402.4-cü maddəsinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə ilkin müqavilədə əsas müqavilənin bağlanması üçün müddət müəyyənləşdirilməyibsə, ilkin müqavilə bir il müddətində qüvvədə olur. Hazırki iş üzrə isə ilkin müqavilə xx.xx.2020-ci il tarixdə bağlanmış, lakin müqavilədə əsas müqavilənin bağlanması üçün konkret müddət müəyyənləşdirilməsə də, müqavilənin 4.1.2-ci bəndindən görünür ki, satıcı 24 ay müddətində əsas müqavilənin bağlanması üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan sənədlərin hazırlanmasını təmin etməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilənin bağlandığı tarixdən 24 ay müddət keçməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirməyərək daşınmaz əmlak üzərində hüquqlarını qeydiyyata (çıxarış) almamış və tərəflər arasında əsas alğı-satqı müqaviləsi bağlanmamışdır. Beləliklə, mübahisəli evin Cavabdeh1 tərəfindən alınması və hazırda onun tərəfindən də digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 kirayəyə verilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Bununla bağlı Kollegiya qeyd edir ki, müqavilənin tərəflər arasındakı münasibətləri əks etdirməsini yoxlamaq həmin müqavilənin mübahisələndirilib-mübahisələndirilməməsindən asılı deyildir. İddia tələbinin faktiki əsası kimi istinad edilmiş müqavilənin etibarlılığını məhkəmə xidməti vəzifəsinə görə yoxlamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Plenumunun qərarı ilə müəyyən edilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır və məhkəmə iddianı tam təmin etməməkdə haqlı olmamışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1574/2022 saylı, 14 aprel 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia tələbi təmin olunmamış hissədə təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı evdən çıxarılsın. Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 15Q saylı ev boşaldılsın və evdən istifadəyə yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar