Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4346/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) Vəkil2 və İddiaçı1 vəkili (nümayəndəsi) Vəkil3 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçılar cavabdehə qarşı birgə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən fərdi yaşayış evinə onların köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1380 kv.m həyətyanı torpaq sahəsini xx.xx.2004-cü il tarixdə həmin qəsəbə sakini X1 şahidlərin iştirakı ilə satın almış və həmin sahədə fərdi yaşayış evini inşa etdirmişdir. Həyətyanı torpaq sahəsinin alğı-satqısına dair müvafiq akt tərtib edilmiş və həmin akt Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbəsi üzrə inzibati ərazi dairəsi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. İddiaçı1 həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evində arvadı – iş üzrə digər İddiaçı2 və onların övladı Elşad Quliyevlə birlikdə yaşamışdır. İddiaçıların övladı Elşad Quliyev 2007-ci ildə cavabdeh ilə nikaha daxil olaraq ailə qurduqdan sonra, iddiaçılar bir müddət həmin evdə qalsalar da, sonralar müvəqqəti olaraq digər övladlarının yanına köçmək məcburiyyətində qalmış, mübahisəli evi isə Elşad Quliyevin və onun ailəsinin istifadəsinə vermişlər. Lakin evlə bağlı kommunal xərclər iddialar tərəfindən ödənilmişdir. Artıq bir ilə yaxındır ki, Elşad Quliyev ilə cavabdehin münasibətləri pozulmuş və bu səbəbdən də 2022-ci ilin dekabr ayından cavabdeh 3 azyaşlı uşaqları da götürüb evdən çıxıb getmiş, həmçinin evdə olan 2.320 manat məbləğində pulu və qızıl əşyaları da özü ilə aparmışdır. Elşad Quliyev bu barədə polis orqanına da müraciət etmişdir. Cavabdeh eyni zamanda nikahın pozulması barədə ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Bir müddət sonra cavabdeh uşaqları ilə birlikdə atası Zülfəli Quliyevin vasitəsilə mübahisəli evə qayıtmış və həmin vaxt küçə qapısı və evin giriş qapısının kilidlərini dəyişməklə, bugünə kimi ərinin və iddiaçıların həmin evdə yaşamalarına maneçilik göstərir. Bu səbəbdən iddiaçılar mənzilə köçürülmələri barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. b) cavabdehin iddiaya münasibəti barədə məlumat
3. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etdiklərini, iddianın təmin oluması barədə qətnamə qəbul edilməsinə etirazı olmadığını bildirmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törədilməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməli və iddiaçılar mübahisəli evə köçürülməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıların onunla evdə yaşamasına razı deyil. İddiaçılar 15 ildir mübahisəli evdə yaşamırlar. İddiaçılar daimi olaraq onlara məxsus olan və ünvan 1 ünvanında yerləşən evdə yaşayıblar. İddiaçıların mübahisəli evdə yaşama ehtiyacı yoxdur. İddiaçıların evə dair iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İddiaçılar Bakı Şəhəri Suraxanı RİH başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli akt əsasında evi aldıqlarını bildirirlər. Lakin aktda qeyd olunan torpaq sahəsini iddiaçılara akt əsasında satmış X2 məxsus olmasını təsdiq edən heç bir sənəd əlavə edilməmişdir. Həmçinin aktda alınan torpaq sahəsinin həqiqətən də iddia ərizəsində göstərilən evin tikildiyi torpaq sahəsi olubolmaması aydın deyil. Aktda torpağın koordinatları qeyd edilməməklə dəqiq yerləşdiyi ünvan göstərilməyib. Bu səbəbdən qeyd olunan aktın heç bir sübutedici qüvvəsi yoxdur. Mübahisəli evin tikintisi aparılmış torpaq sahəsinin iddiaçılara məxsus olmasını təsdiq edən rəsmi reyestrdə qeydiyyatdan keçirilmiş sənəd yoxdur. Bu səbəbdən qeyd olunan torpaq sahəsi dövlətə məxsusdur və onun üzərində tikilmiş ev özbaşına tikili hesab edilməlidir. e) iş üzrə qəbul olunmuş məhkəmə aktları barədə məlumat
8. Apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (iş № 2(103)- 7056/2023) ilə apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini qət etmişdir.
9. İddiaçı1 həmin qətnamədən verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərar (iş № 2(102)-1617/2024) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsini və yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. f) yeni apellyasiya baxışında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
10. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
11. İddiaçı1 vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.
12. Digər İddiaçı2 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə cavabdehlərin iştirakı olmadan baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, hazırki mübahisənin predmetini təşkil edən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, lakin faktiki mövcud olmaqla hazırda cavabdeh tərəfindən istifadə olunması işin mübahisəsiz hallarıdır.
15. Mübahisəli yaşayış sahəsinə köçmək istəyən iddiaçılar tələblərinin dəlili kimi, həmin evin yerləşdiyi torpaq sahəsinin onlar tərəfindən alınmasına, fərdi yaşayış evinin inşa olunmasına və sonradan övladları Elşad Quliyevin ailəsinin (o cümlədən cavabdehin) istifadəsinə vermələrinə, hazırda isə cavabdehin onların özlərinin yaşayış sahəsindən istifadələrinə maneə yaratmasına istinad etmişlər.
16. Cavabdeh isə iddiaya etiraz edərək iddiaçıların qeyd olunan özbaşına tikiliyə hər hansı hüquqlarının və ehtiyaclarının olmamasını, iddiaçıların başqa yaşayış sahələrinin olduğunu bildirir.
17. İşin hallarını nəzərə alan Məhkəmə bildirir ki, məhkəmə təcrübəsində özbaşına tikililərin inşa olunmasında əməyi və zəhməti olan, o cümlədən maddi vəsait xərcləmiş şəxslərin bu tikililərə köçürülməsi təcrübəsi mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etməsə də, o, fiziki obyekt olaraq özündə onu inşa etdiyi şəxsin (şəxslərin) əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan şəxsləri həmin tikiliyə köçürmək barədə qətnamə qəbul edə bilər. Bu zaman yaşayış sahəsinə köçmək istəyən şəxsin başqa yaşayış sahəsinə də malik olmaları önəm kəsb etmir. Belə ki, ev özbaşına tikili olsa da, həmin evin inşasına vəsait xərclənmişdir və həmin evin inşasına sərf edilmiş vəsait, istifadə olunan materiallar vəsaiti xərcləyən, materialı alan şəxsə məxsusdur. Beləliklə, belə tələbi təmini üçün məhkəmələrin müəyyən etməli olduğu zəruri hal fərdi yaşayış evinin hansı tərəfin vəsaiti hesabına inşa edilməsidir.
18. İddiaçılar evin yerləşdiyi torpaq sahəsinin xx.xx.2004-cü il tarixdə, yəni övladları ilə cavabdehin nikahlarından əvvəl alınmasını, evin də onların vəsaiti hesabına inşa edilməsini, evin kommunal xidmətlərinin onlarla bağlanmış müqavilələr əsasında çəkilməsini iddia etməklə, bunun sübutu kimi torpağın alğı-satqısına dair sadə yazılı aktı, “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış müqavilələri təqdim etmişlər.
19. Suraxanı RİH başçısının Hövsan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli aktda qeyd olunur ki, X4 özünə məxsus olan və Hövsan qəsəbəsi, Parnik küçəsində yerləşən 1.380 kv.metr həyətyanı sahəsini İddiaçı1 4.000 ABŞ dollarına satıb.
20. Həmin Nümayəndəlik tərəfindən xx.xx.2023-cü il tarixli 5-20/2-2-28/2023 nömrəli məktubdan görünür ki, İddiaçı1 ərizəsinə baxılmış və müəyyən edilmişdir ki, sözügedən ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2004-cü il tarixdə iddiaçıya satılmış və həyətyanı sahə onun istifadəsindədir.
21. “Azəriqaz” İstehsalat Birliyinin xx.xx.2016-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında” ******* saylı aktdan görünür ki, Hövsan qəsəbəsi Parnik küçəsi ünvanında qurşadılmış qaz sayğacı İddiaçı2 təhvil verilmişdir.
22. “Azəriqaz” İB-nin xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı qəbulu haqqında” ******* saylı aktdan görünür ki, Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanında quraşdırılmış qaz sayğacı İddiaçı2 təhvil verilmişdir.
23. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” xx.xx.2022-ci il tarixli 12-4142 saylı müqavilədən görünür ki, İddiaçı2 istehlakçı olaraq, həmin bu müqaviləni Hövsan Bağça küçəsi ünvanda yerləşdiyi sahəni qaz ilə təmin edilməsi məqsədi ilə bağlamışdır.
24. Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2013-cü il tarixli 0******* saylı müqavilədən görünür ki, İddiaçı2 istehlakçı olaraq, həmin bu müqaviləni “Azəriqaz” İB ilə Hövsan qəsəbəsi, Bağça küçəsi ünvanda yerləşdiyi sahəni qazla təmin edilməsi məqsədi ilə bağlamışdır.
25. Cavabdeh tərəf də mübahisəli evin yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün iddiaçıların hazırki tələbi irəli sürməyə subyektiv hüquqa malik olmamalarını, iddiaçıların 15 il müddətində bu evdə yaşamamalarını bildirsə də, cavabdehin həmin evə gəlin köçdüyünü, həmin zaman evin yarım tikili olmasını göstərmişdir. Eyni zamanda, xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokoluna əsasən cavabdeh Rayon Məhkəməsində sədrlik edən hakimin sualına cavab olaraq 2007-ci ildən həmin evdə yaşadığını, gəlin gələndə evin mövcud olmasını, sonra evi təmir etmələrini, evin atasının köməyi ilə inşa olunmasını bildirmişdir.
26. Nəzərə alınmalıdır ki, iddiaçılar ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən həmçinin cavabdehin evdən çıxarılmasını tələb etsələr də, sonradan iddia tələbinin həcmini azaldaraq yalnız özlərinin mübahisəli evə köçürülmələrini xahiş etmişlər.
27. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz (maddə 43.). Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (maddə 60; hissə 1.).
28. Mülki Məcəllənin tələblərinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) (maddə 11.1.). Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır (maddə 158.1.2.). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2.). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1.). özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (maddə 180.2.).
29. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Beləliklə göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə gəlin köçməsi, gəlin köçərkən mübahisəli evin artıq mövcud olması, iddiaçılar tərəfindən təqdim edilmiş torpağın alğı-satqısına dair sadə yazılı akt, “Azəriqaz” İstehsalat Birliyi ilə bağlanmış müqavilələr onu demək üçün kifayət edir ki, mübahisəli evin tikintisinə iddiaçılar tərəfindən vəsait sərf edilmişdir və bu fakt iddiaçılara mənzilə köçürülməsini tələb etmək üçün əsas verir. Qeyd edilən tikili iddiaçıların yaşayış yeri sayılır və cavabdeh iddiaçıların həmin tikilidə yaşamalarına mane olmaqla onların həmin tikilidə yaşamaq hüququndan qanunsuz məhrum edir. Cavabdehin iddiaya etirazının dəlilləri əsassızdır.
31. Göstərilənlərə əsasən qəbul edilməlidir ki, iddia əsaslıdır. Rayon Məhkəməsi iddianın təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. h) apellyasiyanın nəticəsi
32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
34. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
36. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçılar hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.
37. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən, o, MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
38. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 sentyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçılar hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər.