Məhkəmə qərarları › İş №2(103)-4352/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4352/2025

18.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4352/2025 18.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kazımov Elşən Cələddin oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3421/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, dalan 3-də yerləşən 8 nömrəli evdən əşyaları ilə birlikdə çıxarılması, həmin evə köçürülməsi və evin ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 3421/2025 nömrəli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumunun İddiaçı qaytarılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, işin icraata qəbul edilərək baxılmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, tələb daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbidir. Bununla bağlı iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bundan başqa, iddiaçının mənzilində yaşayan tanımadığı şəxslər barəsində məlumatların təqdim edilməsi imkan xaricindədir. Həmin şəxslərin kimlər olması barədə 61 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən arayış verilmişdir. Yasamal Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3421/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən iddia ərizəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələbinə cavab vermədiyinə istinad etmişdir. Mülki Prosessual Məcəlləyə əsasən ərizədə cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir (maddə 149). Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin qeyd olunan tələblərinin pozulmasını əsas gətirərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, hazırkı iddia ərizəsinin geri qaytarılma əsası aidiyyətin düzgün olmaması yox, iddia ərizəsinin forma və məzmununa əməl edilməməsi olmuşdur. Məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün cavabdehlərin eyniləşdirmə məlumatları əhəmiyyətlidir. İddiaçı isə bu barədə hər hansı məlumat təqdim etməmiş, “Elektron məhkəmə” informasiya sistemində isə belə bir məlumatın olması aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas vermir. Beləliklə, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3421/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar