Məhkəmə qərarları › İş №2(103)-4358/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4358/2022

22.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4358/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskindən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı 99LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 96310 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişatında iddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, Mitsubishi Pajero markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı, Toyota Prado markalı **-LL-*** dövlət nömrə nişanlı və Toyota Prado markalı 99LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105910 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 2013-cü ildən tanıyır. Uzun müddət tanışlıqları dostluğa çevrildiyinə görə, 2018-ci ilin yaz aylarında onun təklifi ilə birgə biznes fəaliyyətinə başlamağı qərara almışlar və avtomobil alqı-satqısı ilə məşğul olmaq razılığına gəlmişlər. Bunun üçün 27.000 manat ödəyərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində təşkil olunmuş hərracdan o 8 avtomobil və cavabdeh olan Cavabdeh1 da 25.100 manata 8 avtomobil almışdır. Hərracdan alınmış 99LL291 dövlət nişanlı Mitsubishi Pajero markalı, 99LL296 dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı, 99LL294 dövlət nömrə nişanlı Toyota Prado markalı, 99LL295 dövlət nömrə nişanlı Toyota Prado markalı, 99LL286 dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobillər və daha 3 üç avtomobil, Toyota Land Kruzer, Toyota Land Kruzer Prado və Mitsubishi Pajero xx.xx.2018-ci il tarixdə Dövlət Yol Polisində onun adına qeydə alınaraq, həmin avtomobillərə dair adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Qeyd edildən 3 avtomobil birgə satılıb və onlarla bağlı mübahisə yoxdur. xx.xx.2019-cu il tarixində Cavabdeh1 ona bildirmişdir ki, “alıcı var, sənə aid olan 5 avtomobili 80.000 manata almaq istəyir.” Ona bildirmilşdir ki, “o qiymətə satsaq gəlir əldə etmərik.” Ona görə də maşınların qiymətini bir qədər artırmışdır. Avtomobilləri satmaq üçün danışıq apardığı günün axşamı qardaşı vəfat etmiş, yas mərasiminə başı qarışdığı üçün alqı-satqıya gedə bilməmişdir. Cavabdeh1 2 gün sonra, yəni mayın 7-də səhər ona bildirmişdir ki, maşınları alan şəxs, yəni hazırda digər cavabdeh olan Cavabdeh2 maşınların pulunu verib, pul evdədir, təcili gedib Yol Polisində alqı-satqını rəsmiləşdirmək lazımdır. Aralarında etibar olduğundan ona inanmış və xx.xx.2019-cu il tarixdə cavabdeh N. Dadaşov ilə aralarında **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **- LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobilə dair 18000 manata, **-LL- *** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobilə dair 20000 manata alqı-satqı müqavilələri bağlanmışdır. Alqı-satqı müqavilələrinə əsasən nəinki satılmış avtomobillərin müqavilələrdə nəzərdə rutulmuş dəyəri olan 96000 manat, hətta ilkin olaraq Ramazan tərəfindən vəd edilmiş 80000 manat pul cavabdehlər tərəfindən BDYPİ-də ona ödənilməmişdir. Həmin gün axşam Cavabdeh1 onu haqq-hesab etmək üçün evinə dəvət etmişdir. Qardaşı Babəklə birlikdə onun evinə getmiş, digər Cavabdeh2 da orada olmuşdur. Cavabdeh1 həmin şəxslərin yanında ona bildirmişdir ki, “mənə borcunuz var, maşınları borca görə səni aldadaraq Nazimin adına keçirmişəm, nə vaxt borcunuzu qaytarsanız maşınları qaytaracam.” Burada ona məlum olmuşdur ki, Cavabdeh1 avtomobilləri satmaq üçün ona alıcı tapması adı ilə aldadaraq avtomobilləri qohumu olan digər Cavabdeh2 adına keçirilməsinə nail olmuşdur. Dəfələrlə məsələni sülh yolu ilə həll etməyə çalışsa da, buna nail olmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərdən müəyyən edilir ki, cavabdehlər qabaqcadan əlbir olub, onu aldadaraq mülkiyyətində olan avtomobillərə dair alqı-satqı müqavilələrinin bağlanmasına nail olmuş, beləliklə də müqavilələrə görə hər hansı pul məbləğini ödəməməklə öhdəliyini yerinə yetirməmişdir. Göstərilən avtomobillərin alqı-satqısına dair müqavilələr xx.xx.2019cu il tarixdə bağlansa da, həmin müqavilələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaiti cavabdehlər tərəfindən ödənilməmişdir. Müqavilənin bağlanma tarixindən, yəni müqvailələr üzrə ödənilməli olan 96.000 manat pul vəsaitinin cavabdehlər tərəfindən ödənilməli olan vaxtdan 2 ildən artıq müddət keçmişdir. Odur ki, iki ildən artıq bir müddət ərzində ödənilməli olan 96.000 manat ödənilmədiyindən və daha üstün mövqedən çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən cavabdehlər tərəfindən əlavə olaraq tələb olunan 96.000 manat pul vəsaitinə illik beş faiz də ödəmələrini tələb etmək hüququ vardır. Müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə görə cavabdehlərə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırılması ilə əlaqədar vəkillik qurumu ilə bağlanmış müqavilə üzrə xx.xx.2021-ci il tarixli, 16748 nömrəli bank qəbzi ilə həmin quruma 310 manat ödənilmişdir. Eyni zamanda 30 manat dövlət rüsumu ödənilərək bank qəbzi iddia ərizəsinə əlavə edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh2 xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən “Mitsubishi Pajero” markalı" **-LL-*** dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı **-LL-*** dövlət nömrə nişanlı, “Toyota Prado” markalı 99-LL294 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı **-LL-*** dövlət nömrə nişanlı və “Toyota Prado” markalı 99-LL286 dövlət nömrə nişanlı avtomobillərə görə ödənilməli olan 96000 manat, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manat, hüquqi yardıma görə 310 manat olmaqla, ümumilikdə 105910 (bir yüz beş min doqquz yüz on) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə heç bir hüquqi əsas olmadan 07 may 2019-cu il tarixli müqavilələrə əsaslanaraq cavabdehin öz öhdəliklərini yerinə yetirmədiyini bildirmişdir. Belə ki, həmin müqavilələrə baxış keçirilən zaman hər bir müqavilənin 2-ci bəndinin də məzmunundan görünür ki, “nəqliyyat vasitələri 20000 (20000, 20000, 18000, 18000) manata satılıb və bu məbləği satıcı alıcıdan alıb” qeydi vardır. Əvvəlki iş üzrə icraat aparılan zaman şahid qismində dindirilmiş İbrahimov Vaqif Əvəz oğlu, Mustafayev Söhrab Qurbanəli oğlu, Mustafayev Ramin Ələddin oğlu, Cəfərov Fikrət Əmir oğlu, Kərimli Mövlud Ovod oğlu və Bəbişov Mehman Baxış oğlu öz ifadələrində maşınların məhz Ramazana aid olduğunu təsdiqləmişlər. Onlar mübahisəli avtomobillərin dəyərinin əvvəlcədən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verildiyini ifadələrində göstərmişlər. Bu sübutlar məhkəmə tərəfindən mötəbər sayılmış və Ali Məhkəməyə qədər bu sübutların mötəbərliyi öz təsdiqini tapmışdır. Tam şəkildə sübut olunur ki, cavabdehin iddiaçıya ödəməli olduğu hər hansı pul ödənişi və ya yerinə yetirilməli digər öhdəliyi yoxdur. Bunlar iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Müqavilələr, şahid ifadələri və digər bütün sübutlarla iddiaçının iddiasının təmin edilməsi üçün əsaslar olmadığı görünür. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8120/2021 nömrəli, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən Cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1319/2022 nömrəli, 12 aprel 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8120/2021 nömrəli iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil3 Cavabdeh2 tərəfindən verilmiş pellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi xahiş etdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Belə ki, qətnamə iddianın rədd olunan hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin alqısatqı müavilələrinə əsasən İddiaçı Cavabdeh2 **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Mitsubishi Pajero markalı avtomobili 18000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata, **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata və **-LL-*** dövlət nömrə nişanlı Toyota Prado markalı avtomobili 20000 manata satmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 Razim oğluna və Cavabdeh1 qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobillərin qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış, apellyasiya məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onun tələbi alqı-satqı müqavilələri üzrə ödənilməli olan 96 000 manatın, iki il müddətinə ödənilməyən məbləğə illik beş faizlə hesablanmış 9600 manatın və hüquqi yardıma görə ödənilmiş 310 manatın cavabdehlərdən müştərək qaydada tutulması barədədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin qeyd edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamış və məhkəmə kollegiyası alqı-satqı müqavilələri bağlanan vaxt Cavabdeh1 onu aldatdığına, avtomobillərə görə pul ödəmədiyinə dair iddiaçının izahatını nəzərə almış, əslində isə iddiaçının pul almadan alqısatqı müqavilələri bağlamaqla 16 ədəd avtomobilin alınmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsi ilə bağlı onun qarşısında yaranmış öhdəliklərin icra edilməsi ilə bağlı cavabdehlərin dəlillərini nəzərə almamış, nəticədə iş üzrə düzgün olmayan olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya instansiyası məhkəməsinin göstərişləri əsasında apardığı araşdırma zamanı müəyyən etmişdir ki, xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələrinə əsasən avtomobillər Cavabdeh2 tərəfindən əldə edilmiş və sonuncu özünün də qeyd etdiyi kimi, müqavilə məbləğlərini təşkil edən 96 000 manat pul vəsaitini nə alqısatqı vaxtı, nə də ondan əvvəl İddiaçı ödəməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, kassasiya instansiya məhkəməsinin göstərişdən iddiaçının Cavabdeh1 31500 manat borclu olduğunu etiraf etdiyini və bu halın yoxlanılmalı olduğunu qeyd etmişdir. Bu hal təkrar apellyasiya icraatı zamanı iddiaçı da təsdiq etmişdir. Xüsusi olaraq nəzərə alınmalıdır ki, iddiaçının Cavabdeh1 qarşı iddiası təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh2 apellyasiya şikayəti əsasında yoxlanılmışdır. Yəni artıq cavabdeh R.Əhmədəova aid hissədə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələbi baxımından yolverilməzdir. Çünki apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericiliyin tələblərinə uyğun olmaqla apellyasiya şikayətində göstərilənlər iş materialları ilə təkzib edilərək qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, alqı-satqı müqavilələri rəsmiləşdirilərkən müqavilə məbləğlərinin iddiaçıya ödənilmədiyinin cavabdeh tərəfindən məhkəmə iclasında təsdiq edilməsi ilə müqavilələrdə həmin məbləğlərin satıcı tərəfindən alınmasına dair qeyd öz mötəbərliyini itirir. Belə ki, cavabdeh apellyasiya şikayətində müqavilədəki həmin qeydə istinad etsə də, birinci instansiya məhkəməsində izahat verərkən alqı-satqı vaxtı pul ödəmədiyini, avtomobilləri öz adına pulsuz keçirdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirərək avtomobilləri Cavabdeh2 mülkiyyətinə versə də, sonuncu həmin avtomobillərin dəyərini ödəməmiş və bununla da müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Məhkəmə kollegiyası alqı-satqı müqavilələrinin etibarsız hesab olunması tələbinə dair iddianın qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə rədd olunmasına münasibətdə isə qeyd edir ki, iddiaçı həmin işdə də müqavilə məbləğlərinin ona ödənilmədiyini göstərmiş, lakin bu hal müqavilənin etibarsızlığı üçün əsas vermədiyinə görə iddia təmin olunmamışdır. Ali Məhkəmənin həmin iş üzrə xx.xx.2021-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, əşyanın dəyərinin ödənilməməsi alqı-satqı müqavilələrinin etibarsızlığı üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələbinə uyğun olaraq müqavilənin ləğvi və ya alqı-satqı üzrə ödənilməli olan pul vəsaitinin tutulması üçün əsas ola bilər. İddiaçı məhz bu halı nəzərə alıaraq hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin sübutların düzgün qiymətləndirilməməsi ilə bağlı dəlilini də əsassız sayır. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə vəzifəsinin əsaslarını müəyyən edən qanunvericiliyin tələbinə əsasən hazırkı işdə iddiaçı mübahisələndirdiyi avtomobillərin ona məxsusluğunu və alqı-satqı zamanı onların dəyərinin həqiqətən də ödənilmədiyini sübut etməlidir. Avtomobillərin iddiaçının mülkiyyətində olması Dövlət Yol Polisinin verdiyi müvafiq sənədlərlə, eləcə də alqı-satqı müqavilələri ilə təsdiq olunur. Müqavilə məbləğlərinin ödənilmədiyini isə cavabdeh təkzib etməmiş, avtomobilləri mülkiyyətinə pulsuz keçirdiyini təsdiq etmiş və bununla da iddiaçını həmin faktı sübut etmək vəzifəsindən azad etmişdir. Cavabdeh avtomobillərin hərracdan onun vəsaiti hesabına alındığını, iddiaçının adına formal qeydiyyatdan keçdiyini göstərsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. Apellyasiya baxışı zamanı isə o, cəmi 10 000 mamat pulu əvvəlcədən Cavabdeh1 verdiyini göstərmişdir. Halbuki, avtomobillərin alınması üçün daha çox vəsait xərclənmiş və sonradan müvafiq təmir işləri aparıldıqdan sonra satılmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi stinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları apellyasiya baxışının predmeti olan hissədə sübuta yetirsə də, cavabdeh (apelyator) həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticəni əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3003/21 saylı 14 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar