Məhkəmə qərarları › İş №2(103)-4362/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4362/2022

28.06.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4362/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı "artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2224/2020-ci il saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı "artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətindən onun tərəfindən artıq ödənilmiş 13225,68 iyirmi beş manat manat məbləğində pul vəsaitinin, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun, etibarnamə verilməsi üçün ödənilmiş 11,50 manat və hüquqi xidmət üçün vəkilə ödənilmiş 560 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti-satıcı ilə İddiaçı-alıcı arasında bağlanmış 19 fevral 2013-cü il tarixli 16698 nömrəli mənzilin alğı-satqı müqaviləsinin surətindən və məzmunundan görünür ki, satıcı Bakı şəhərində, Sabunçu rayonu ərazisində 2595 nömrəli məhəllədə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 5 nömrəli binanın, 1-ci blok, 9-cü mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür (1.1-ci bənd). Bu müqavilənin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmələrin sahəsi, dəhliz və eyvanların sahəsi, habelə yardımçı sahələr də daxildir (1.2-ci bənd). Satıcı satdığı mənzili binanın tikinti işləri tam başa çatdıqdan sonra alıcıya təhvil verməyi, alıcı isə mənzili qəbul etməyi öhdəsinə götürmüşdür (1.3-cü bənd). Mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 57341,55 manat məbləğində müəyyən olunmuş və alıcı mənzilin qiymətini hər ay 759,49 manat olmaqla, 36 ay müddətinə ödəməyi öhdəsinə götürür (2.1 -ci bənd); -"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Mənzil Təhvil Komissiyasının sədri və iki nəfər üzü ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllə, 5 nömrəli binanın, 1 -ci blok, 9-cü mərtəbə, 90 nömrəli (yeni nömrəsi 96) iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzilin sahibi İddiaçı arasında bağlanmış 19 fevral 2013-cü il tarixli aktın surətindən və məzmunundan görünür ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti-satıcı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllədə 5 nömrəli binanın, 1-ci blok, 9-cü mərtəbə, 90 nömrəli iki otaqdan ibarət, ümumi sahəsi 103 kv.metr olan mənzili 16698 nömrəli 19 fevral 2013-cü il tarixli müqavilənin 3.1.2.3-cü maddəsinə uyğun olaraq təhvil verir, İddiaçı-alıcı isə təhvil alır. Tərəflərin bir-birinə qarşı binanın və mənzilin inşa olunmasına dair heç bir pretenziyası mövcud deyildir; - "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin 26 may 2017- ci il tarixli 10 nömrəli arayışının surətinə və məzmununa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllə, bina 5, blok 1, 9-cu mərtəbə, ümümi sahəsi 103 kv.metr olan 90 nömrəli mənzil üçün İddiaçı 19 fevral 2013-cü il tarixli 16698 nömrəli müqaviləyə dair heç bir borcu yoxdur; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 ünvanladığı 17 fevral 2020-ci il tarixli **********68 nömrəli məktubunun məzmununa əsasən ünvan 1 ünvanda yerləşən "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə məxsus mənzilin sahəsinin dəqiqləşdirilməsi üçün mühəndisin göndərilməsi ilə bağlı ********** nömrəli, 29 yanvar 2020-ci il tarixli ərizəyə 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Müraciətlə əlaqədar olaraq idarənin mütəxəssisi ünvanda olarkən məlum olmuşdur ki, sözügedən mənzil iki otaqlı, yaşayış sahəsi 39,4 kv.metr, köməkçi sahəsi 42,8 kv.metr, ümumi sahəsinin 82,2 kv.metr təşkil etdiyi müəyyən edilmişdir (eyvan sahəsi ümumi sahəyə 0,3 əmsalı ilə daxil edilmişdir (8,2x0,3=2.4)). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarxili 07 nömrəli qərarı ilə təsdiq olunmuş tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalarının 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri-0,3; şüşəbənd və lociyalar-0,5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurmaqla hesablanır; - İddiaçı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı ərizə cəmiyyəti xəbərdar etmişdir; - Cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X8 iddia müddətinin tətbiq edilməsi barədə 16 sentyabr 2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət etmişdir;- İddiaçı nümayəndəsi X4 ötürülmüş iddia müddətinin üzürlü hesab olunaraq bərpa olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir (iş.səh.6-15, 47, 48, 50, 55, 58, 60). Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2224/2020-ci il saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə qarşı "artıq ödənilmiş pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və əlavə xərclərin tutulması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspert rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 2595 nömrəli məhəllədə yerləşən 5 nömrəli binanın, 90 nömrəli iki otaqdan ibarət mənzilin iddiaçı və cavabdeh arasında bağlanmış 19 fevral 2013-cü il tarixli, 16698 nömrəli alğı-satqı müqaviləsinə əsasən 103.0 kv.metr; faktiki olaraq mənzilin ümumi sahəsi 89.08 kv.metr; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları'nın 3.8-ci bəndinin tələblərinə əsasən sözügedən, mənzilin balkonunun sahəsinin 2,4m2 (8.2x0,3) təşkil etdiyi müəyyən olunur. Belə olan halda Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04" dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları'-na əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi ərazisində 2595 nömrəli məhəllədə yerləşən 5 nömrəli binanın, 90 nömrəli iki otaqdan ibarət mənzilinin ümümi sahəsi 83.28 kv m təşkil etdiyi müəyyən edilmişdir. İddiaçının apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1390/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 2224/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın qismən təmin olunması, cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən mənzilə görə artıq ödənilmiş 10978 manat və 25 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1390/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 2(102)-1338/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1390/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Qərarda Mülki Prosessual Məcəllənin 14.1, 76.1, 76.2, 77.1, 88, 103.1, 217.3, 416.1 ; Mülki Məcəllənin 372.1, 373.2, 373.4, 377.1, 385.1, 386.1, 442, 752.1, 766, 773, 776.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ekspertin rəyi məcburi qüvvəyə malik olmayıb, sübut növlərindən biri kimi məhkəmə tərəfindən qiymətləndirilməlidir. Hazırkı işdə isə alınmış ekspertiza rəyində mənzilin ümumi sahəsi 83,28 m2 göstərilsə də, məhkəmə bu sübutu tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirməmişdir. Apellyasiya məhkəməsi, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, daha dəqiq desək iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edildiyini əsaslandırmamışdır. Hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. Odur ki, cavabdehin müqavilədə göstərilən sahəni real olaraq iddiaçıya veribvermədiyi yerində (mənzilin içərisində) ölçmə işləri aparılmaqla müəyyən edilə bilər. Bu araşdırmanın nəticəsindən asılı olaraq cavabdehin iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra edib-etməyi aydınlaşdırılmalı və iddia tələbinə yekun hüquqi qiymət verilməlidir.O da nəzərə alınmalıdır ki, məmulatın qüsurlu olduğu müəyyən edilsə belə, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olub-olmaması, əgər olmamışsa bu halı hansı andan bilməsi və ya bilməli olması mübahisənin düzgün həlli baxımından əhəmiyyət kəsb edir. Qanunvericiliyə görə, əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. Bundan başqa, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Apellyasiya məhkəməsi iddia müddətinin əvvəlini hesabladığı vaxtı aydın şəkildə ifadə etməmişdir. Qətnamədə həmin vaxt “mənzilin sahəsinin müqavilədə göstərilən ölçüyə uyğun gəlməməsini aşkar etdiyi vaxtdan” kimi qeyd olunmuşdur. Əgər bununla iddiaçının xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən aldığı məlumat nəzərdə tutulursa, iddia müddətinin əvvəlinin hansı səbəbdən həmin tarixdən hesablanmalı olması əsaslandırılmamışdır.Cavabdeh mənzili iddiaçıya xx.xx.2013-cü il tarixdə təhvil verdiyini bildirərək bu barədə aktı məhkəməyə təqdim etmişdir.Belə olan halda apellyasiya məhkəməsi mənzilin iddiaçı tərəfindən təhvil alındığına dair akta, bu zaman onun daxili sahəsinin həcmi barədə məlumatlı olub-olmadığına, əgər olmamışsa mənzildə təmir işlərinin nə zaman görüldüyünə, belə işlərin görülməsinə dair podratçılarla adətən kv.m. ölçü vahidi ilə razılaşma aparıldığı halda iddiaçının istinad etdiyi qüsurla bağlı öz hüququnun pozulduğunu bilməli olub-olmamasına dair hüquqi qiymətləndirmə aparmamışdır.Qüsur aşkar edildiyi təqdirdə yuxarıdakı xüsusatlar üzrə lazımi dəyərləndirmə aparılmaqla, iddiaçının məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edib-etmədiyinə, yaxud bu qüsur üzrə iddiaçının hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu məqama, buna müvafiq olaraq tələb üzrə iddia müddətinin keçib-keçmədiyinə mülki qanunvericiliyin normaları əsasında hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 ailə başçısını itirmiş, uşaqlarını təkbaşına böyüdən ana olduğunu, nağd şəkildə 30000 manat ödəyərək mənzili aldığını, 27000 manatı pulu isə 36 ay ərzində ödəmək şərti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödədiyini, kirayədə qala-qala, pulu olduqca otaqları bir-bir təmir etdiyini, mənzilin ölçüsündən xəbəri olmadığını, 2018-ci ildə avqust ayında balkonu təmir edəndə ustanın evin sahəsinin 80-85 m2 arasında olduğunu dediyini, müqavilədə isə 103 m2 qeyd edildiyini, bundan sonra evin sahəsinin əskik olduğunu başa düşdüyünü, Əmlak Komitəsinə müraciət etdiyini, nümayəndə tərəfindən ölçü aparıldığını, mənzilin sahəsinin 82.2 m2 müəyyən edildiyini, sonra məhkəməyə müraciət etdiyini, dəymiş ziyanın əvəzini tələb etdiyini, Əmlak Komitəsi tərəfindən verilmiş məktubda əmsalların nəzərə alınmasına diqqət yetirdiyini, müqaviləni qarşı tərəfin hüquqşünası hazırladığını, nə dərəcədə düz və yaxud düz olmadığını onun deyə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 bina tikilən zaman layihənin hazırlandığını və Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq olunduğunu, həmin dövr tikinti normalarına uyğun mənzilin sahəsinin 103 m2 olduğunun təsdiq olunduğunu, binanın tikilib təhvil verildiyini, mənzillərinlə bağlı müqavilə hazırlayarkən həmin layihədə göstərilən parametrləri müqavilədə qeyd etdiklərini, çünki ölçmə qaydaları dəyişə biləcəyini, müqavilənin 1.2 bəndində bütün bunların qeyd edildiyini, həmin dövrdə müəyyən edilmiş qaydalara uygun mənzilin verildiyini, tərəflə təhvil təslim aktı imzalandığını, heç bir pozuntunun olmadığını, vətəndaşların reyestr xidmətindən çıxarış alaraq mənzillərin sahələrində əskiklik olduğu fikrinə gəldiklərini, sahədə əskikliyin əmsallar nəzərə alındığı üçün olduğunu, layihə smeta sənədlərini əsas götürərək onu müqavilədə qeyd etdiklərini, apellyasiya şikayətinin əsassız olduğunu, iddia müddəti ötürüldüyünü, təhvil-təslim zamanı narazıçılığını bildirməli olduğunu, razılaşmırdısa vətəndaşın müqavilənin etibarsızlığını irəli sürməli olduğunu, iddiaçının təmirə 2013-cü ildən başladığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377-ci maddəsinə görə: İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Məcəllənin 382-ci maddəsinə görə: İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Hazırki münasibətlərdə məhkəmə kollegiyası, hətta analogiya üzrə belə müddətin axımının dayanması, kəsilməsi və müddətin üzrlü hesab edilərək bərpası üçün əsaslar müəyyən etmir. Belə ki, qeyd edilən bu son altı aya təsadüf etməsi səbəbi müəyyən (sübutlar və dəlillər birinci instansiya məhkəməsinə təqdim) edilmədiyindən müddətin dayandırılmasına və ya bərpasına qiymət verilməsi də apellyasiya baxışının hədləri baxımından mümkün deyildir, iddiaçı müddətin ötürülməsi səbəblərinin (iddia müddətinin son altı ayında) üzrlü sayıla bilən halları müzakirəyə təqdim etməmişdir. Cavabdeh mənzili iddiaçıya xx.xx.2013-cü il tarixdə təhvil verdiyini bildirərək bu barədə aktı məhkəməyə təqdim etmiş, sifarişçinin əşyanı qəbul edərkən qüsurdan xəbərdar olmalı idi və icranın qüsuru (olduğu təqdirdə) barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində irəli sürməmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcminin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır.9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (Əvvəlki redaksiyada deyilirdi: 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.). 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: Mülki Məcəllənin 441.1- 441.4-cü maddələrinə əsasən:- Tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır; - Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; - Əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər; - Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıqaşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 763.3. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. 770. Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Maddə 773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 774. Əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur. 775. Əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 776.2. Əgər müqaviləyə əsasən iş hissə-hissə qəbul edilmişdirsə, qüsur barəsində tələb müddətinin axımı işin tam qəbul olunduğu gündən başlanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2 və 12.5-ci maddələrinin tələblərinə əsasən: «Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür». «Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir». Beləliklə nəzərədən keçirilən qanunvericiliyə və işin faktiki hallarına dair birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 372-390 , 421-441, 560, 567-607, 646-650, 752-776; Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarına, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlarına, Mülki Prosessual Məcəlləsinin 77, 81-82, 88, 372, 385-390, 420-cı maddələrinə və kassasiya instansiya məhkəməsinin göstərişlərinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəldiyindən qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Müəyyən edilən qaydalar və əmsallar üzrə, habelə tikilialtı sahələr nəzərə alınmadan ölçülərin aparılması mövcud faktiki sahənin fərqli olmasını müəyyən etmir və buna dair digər mötəbər sübutlar təqdim edilməmişdir. Əmlakın müvafiq normalara uyğun ölçülərin fərqli göstərilməsi isə cavabdeh tərəfindən öhdəliklərinin lazımınca yerinə yetirilməməsini sübuta yetirmir və qanunun tələbi kimi qəbul edilən ölçülərlə faktiki tikinti sahələrinin eyniləşdirilməsi fərqli meyyarlardır. Belə ki, müqavilədə əks edilmiş mənzilin ölçüləri Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, və (ya) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” Qaydalarının tələbləri nəzərə alınmaqla göstərilməmiş və belə bir qeyd əks edilməmişdir. Qeyd edilməlidir ki, iddiaçının iddia etdiyi ona göstəriləndən az sahənin verilməsi və bununla öhdəliyinin lazımınca yerinə yetirilməməsi üzrə pulun tələb edilməsi ilə nəzərə alınanda, təqdim edilmiş sənədlərdə ümumiyyətlə alınan zaman mənzilin hansı meyyarlarla qiymətləndirilməsi müəyyən edilməmişdir. "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti-satıcı ilə İddiaçı-alıcı arasında bağlanmış mənzilin alqı-satqı müqaviləsinin 1.1-ci bəndində qeyd edilən mənzilin ümumi sahəsinə mənzilin divarlarının və arakəsmə sahəsinin, dəhliz və eyvanların sahəsinin, habelə yardımçı sahələrin də daxil olduğu qeyd edilmişdir (1.2-ci bənd). Qeyd edilənlərdən əlavə, iddiaçı müqavilə öhdəlikləri üzrə tələbinin əsası kimi istinad etdiyi halları və hüquqi əsasları dəqiq müəyyən etməmiş, pul tələbinin müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi, ondan irəli gələn zərər və ya əsassız varlanma kimi qiymətləndirməyə dair mötəbər və təkzibedilməz sübutlar müzakirəyə təqdim etməsədə, məhkəmə kollegiyası sadalanan və ya digər xüsusatlar üzrə mülki hüquq pozuntuları müəyyən etməmiş, iddia edilən əsaslarla iddia müddətini isə iddiaçı ötürmüşdür. Nəzərə alınmalıdır ki, apellyasiya instansiya məhkəməsinin mülki kollegiyası kassasiya instansiya məhkəməsinin mülki kollegiyasının müəyyən etdiyi və şikayətlərin mübahisələndirilən dəlilləri üzrə müdafiə edilən hissələrdə əlavə tədqiqat aparmış və qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti rədd edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır, məhkəmələrə (apellyasiya və kassasiya şikayətləri ilə əlaqədar) müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları üzrə məhkəmə xərcləri onları ödəyən şəxslərin özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2224/2020-ci il saylı işi üzrə xx.xx.2020-ci il qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar