Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4427/2023 07.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(103)-7802/2021 saylı qətnamə üzrə ödənilməli olan pul məbləğinin indeksasiyasının aparılması barədə tələbkar Cavabdeh1 ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(001)-4457/2020 saylı qərardadından borclu İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(103)-7802/2021 saylı qətnaməsi üzrə ödənilməli olan 38000 manat pul vəsaitinin indeksasiyası edilərək İddiaçı 38000 manat əsas öhdəlik və müvafiq inflyasiya məbləği kimi pulun tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizənin əsasları ondan ibarət olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(103)-7802/2021 saylı qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəlmiş və hazırda icra mərhələsindədir. Lakin, borclu İddiaçı ona ödəməli olduğu 38000 manatı ödəməmişdir. Qətnamə 05 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş, 19 yanvar 2022-ci il tarixdə icra məmuru tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Buna baxmayaraq, bugünədək, qətnamədə göstərilən pul cavabdeh tərəfindən ona ödənilməmişdir. Tələbkar göstərilənlərə əsasən qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən ərizəsinin verildiyi tarixədək olan müddət üzrə 38000 manat əsas öhdəliyin indeksasiya edilərək müvafiq inflyasiya məbləğinin müəyyənləşdirilib, cavabdehdən onun xeyrinə tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(001)- 4457/2020 saylı qərardadına əsasən, ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(103)-7802/2021 saylı qətnaməsinin qanuni qüvvəyə minərək icraya yönəldildiyi 19 yanvar 2022-ci il tarixdən hazırki ərizənin verildiyi 27 fevral 2023-cü il tarixədək olan müddət ərzində qətnamə ilə müəyyən edilmiş ödənilməli 38000 manat əsas borc 15,3 faiz indeksləşdirilərək İddiaçı Cavabdeh1 ödənilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan borclu İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tanxlı, 2(103)-7802/2021 saylı icra sənədi üzrə 19 yanvar 2022-ci il tarixdə icraata başlanmışdır. Göründüyü kimi icraata başlamadan elə də böyük bir müddət keçməmişdir. Həmçinin icra məmuru ona hər hansı bir bildiriş göndərməmişdir, ödənişlə bağlı hər hansı bir məlumat verməmişdir. Cavabdeh1 isə iİcra sənədinin icra olunması ilə bağlı hər hansı bir şikayət verməmişdir. Bundan başqa maddi vəziyyəti acınacaqlı vəziyyətdədir, heç bir yerdə işləmir, özü xəstəlikdən əziyyət çəkir. Hazırda əsas borcu ödəməyə maddi imkanı yoxdur, nəinki əlavə şişirdilmiş faiz borcunu ödəyə bilər. Həmçinin qeyd edir ki, məhkəmə iclası barədə məhkəmə bildirişi 07 mart 2023-cü il tarixdə Gəncə RPF daxil olmuşdur və xx.xx.2023-cü il tarixdə ona təqdim olunmuşdur. Göründüyü kimi Gəncə şəhərində yaşadığından, həmin məhkəmə iclasında iştirakı qeyri-mümkün olmuşdur. Məhkəmə onun iştirakı olmadan ərizənin təmin edilməsi onun prosessual hüquqlarının pozulması olduğundan məhkəmənin prosessual hüququn tətbiqində məhkəmə vəzifə olaraq onun məhkəmə iclasında iştrak etməsini təmin etməli olduğu halda bunu etməmişdir. Bununla da çəkişmə prinsipinin tələblərini pozmuşdur. Eyni zamanda borclu İddiaçı qərardaddan şikayət verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4457/2020 nömrəli, 22 may 2023cü il tarixli qərardadı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(001)- 4457/2020 saylı qərardadından İddiaçı şikayət verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilməsi, şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Tələbkar Cavabdeh1 Qələndər oğlu ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, şikayətin rədd edilməsi və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(001)- 4457/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(001)-4457/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu Hüseynov İlham Bayram oğluna qarşı “ilkin ağlı-satqı müqaviləinin etibarsız hesab edilməsi və evdən çıxarılma” tələbi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(103)-830/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2020- ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 16 may 2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 26 saylı Notariat Ofisinin xüsusi notariusu Hüseynov İlham Bayram oğlu tərəfindən həmin tarixdə notariat qaydasında təsdiq edilməklə 3M-141 nömrə ilə reyestrdə qeydə alınmış ilkin alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd kimi etibarsız sayılması, Cavabdeh1 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3-də yerləşən evdən çıxarılması və evin İddiaçı təhvil verilməsi, 33000 manat pulun İddiaçı alınaraq Cavabdeh1 verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2(102)-3482/2021 saylı qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 yanvar 2021-ci il tarixli, 2(103)-830/2021 saylı qətnaməsi ləğv edilərək, mülki iş yenidən baxılması üçün apellasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(103)-7802/2021 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 16 may 2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 26 saylı Notariat ofisinin xüsusi notariusu Hüseynov İlham Bayram oğlu tərəfindən həmin tarixdə notariat qaydasında təsdiq edilməklə 3M-141 nömrə ilə reyestrdə qeydə alınmış ilkin alğı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd kimi etibarsız sayılması, Cavabdeh1 Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, döngə 3-də yerləşən evdən çıxarılması və evin İddiaçı təhvil verilməsi, 38000 manat pul vəsaitinin İddiaçı Fəhran qızından alınaraq Cavabdeh1 verilməsi, evin və pulun eyni zamanda verilməsi icrasının təmin olunması qərara alınmışdır. Həmçinin iş materiallarından görünür ki, qeyd olunan qətnamə 05 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Muradov Ramin Novruz oğlu tərəfindən qəbul edilmiş 19 yanvar 2022-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(103)-7802/2021 saylı icra sənədi üzrə 19 yanvar 2022-ci il tarixdə icraata başlanmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin elektron məlumat bazasından əldə edilmiş məlumatlarla müəyyən edilir ki, 2023-cü ildə fevral ayında (hazırki ərizənin verildiyi tarix) 2022-ci ilin yanvar ayına (icra sənədi üzrə icraata başlandığı tarix) nisbətən istehlak qiymətləri indeksi 115,3 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 15,3 faiz artmışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər 17 iyun 1992-ci il tarixdə qəbul olunmuş və 1992-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında Azərbaycan Respublikasının Qanunu-məhz həmin sahəni, yəni, vətəndaşların pul gəlirləri və əmanətləri ilə bağlı ictimai münasibətlərin tənzimlənməsi qaydalarını müəyyən edir. Həmin Qanunun 2-ci maddəsinə görə vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir. İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. Ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə tələbkarın hüquqlarının və qanuni mənafeyinin inflyasiya proseslərinin mənfi təsirindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşülməlidir. İndeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün nəzərdə tutulmuş mexanizmdir. Göründüyü kimi məhkəmə qərarının icrası ilə bağlı pul məbləğinin indeksasiyası istehlak qiymətlərinin artması ilə əlaqədar olur və həmin məbləğin dəyərini qorumaqla iddiaçının qanuni mənafeyini müdafiə etmək məqsədi daşıyır. Yuxarıda qeyd olunduğu kimi qanunverici pul gəlirlərinin indeksləşdirilməsini əldə edilmiş statistik məlumatlar əsasında hesablanmasını müəyyən etmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2021-ci il tarixli, 2(103)-7802/2021 saylı qətnaməsinin qanuni qüvvəyə minərək icraya yönəldildiyi 19 yanvar 2022-ci il tarixdən hazırki ərizənin verildiyi 27 fevral 2023-cü il tarixədək olan müddət ərzində qətnamə ilə müəyyən edilmiş ödənilməli 38000 manat əsas borc 15,3 faiz indeksləşdirilərək İddiaçı Fərhad qızından Cavabdeh1 ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şikayətinin dəlillərinə qiymət verərək əsassız sayır. Belə ki, borclu icra məmurunun icraata başlamaq haqqında qərarın ona çatdırılmamasını eləcə də icraata başlamadan elə də böyük bir müddət keçmədiyini qeyd etsə də iş materiallarından görünür ki, İddiaçı 38000 manat pulun tutulması ilə bağlı məhkəmə qətnaməsi 05 yanvar 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və 19 yanvar 2022-ci il tarixdə icra sənədi üzrə İcra Şöbəsində icraat başlanmışdır. Göründüyü kimi icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan ərizə verildiyi günə qədər 1 ildən çox müddət keçmiş və bu müddət ərzində qətnamə icra edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Bundan başqa borclu şikayətində maddi imkanın yaxşı olmamasına istinad etsə də bu hal onun qanuni qüvvəsini almış məhkəmə qətnaməsini icra etməməsi öhdəliyindən azad etmir. Borclu eyni zamanda qeyd etmişdir ki, birinci instansiya məhkəməsi onun məhkəmə iclasında iştrak etməsini təmin etməli olduğu halda bunu etməmiş, bununla da çəkişmə prinsipinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası borclunun müzakirə edilən dəlini də əsassız hesab edir. Belə ki, şikayətin məzmunundan da göründüyü kimi, borcluya məhkəmə iclası barədə bildiriş çatdırılmış, lakin borclu məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, cavabdehin icra sənədinin icra olunması ilə bağlı hər hansı şikayət verməməsi, eləcə də icraata başlamadan elə də böyük bir müddət keçməməsi kimi dəlillər iddiaçıya ödənilməli olan 38000 manat pul vəsaitinin indeksasiyası barədə ərizəsinin əsassız olmasını təsdiq etmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin edilməsi barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(001)- 4457/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4427/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4427/2023
07.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver