Məhkəmə qərarları › İş №2(103)-4445/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4445/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4445/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-126/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Maqsud qızına qarşı iddia ərizəsi, iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otağına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Maqsud qızının nümayəndəsi və vəkili X1 Böyükxanım Nurəli qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evə istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-126/2020 nömrəli qətnaməsi ilə hər iki iddia rədd edilmişdir. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilməsini və ilk iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamənin ilkin iddianın təmin edilməməsi hissəsi ilə razı deyil. Məhkəmə qətnamədə istinad etdiyi qanun normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin həmin hissədə gəldiyi nəticə səhvdir, onun hüquqlarının pozulması nəticəsində qəbul edilmişdir və ləğv edilməlidir. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlara düzgün qiymət verilməmiş, yerli baxış zamanı müəyyən edilmiş hallar qətnamədə tam və düzgün göstərilməmişdir. Mübahisəli mənzil üzərində İddiaçı həmişə nəzarəti olmuş və mənizi onun tərəfindən idarə olunmuşdur. Məhkəmə tərəfindən mənzil növbəsinə dayanma haqqında qərara da düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X5 bildirdi ki, 1993-cü idən iddiaçı həmin mənzildə yaşamasa da, həmin əmlak ata mülküdür, qeydiyyatı hələ də qalır. Yerli baxış zamanı cavabdeh qapını açmadı. Ona görə də qətnamənin ilkin iddianın rədd edilməsi hissəsində ləğv edib, həmin hissədə iddianın təmin edilməsini xahiş edir. İşə baxılması vaxtı və yeri haqqında Cavabdeh Maqsud qızı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxxxx 1979-cu il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki (mübahisələndirilməyən hal kimi), Dekabrist küçəsi ev 4, 2 otaqlı 36 kv.m evdə qeydiyyatda olan və yaşayan İddiaçı 8 nəfər ailə üzvü ilə mənzil növbəsinə alınmışdır. Bakı şəhəri, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfatı birliyinin 04 saylı Mənzil Kommunal İstisimar sahəsi tərəfindən təqdim edilmiş 255 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Yeni Dağlı küçəsi, 4 saylı mənzildə yaşayır. Həmin Kommunal İstisimar sahəsi tərəfindən təqdim edilmiş 64 saylı arayışın surətindən(tərəflərin mübahisələndirmədiyi) görünür ki, Cəbrayılova X7 Dağlı küçəsi 4 saylı evdə qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı adına hazırda Bakı şəhərində dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusu əsasında təqdim edilmiş xx xxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. ünvan 1 mənzil 48 ünvanında qeydiyyatda olan X6 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki (tərəflərin mübahisələndirmədiyi), o, öz ərizəsində bildirmişdir ki, 2010-cu il aprel ayının 25-dən 2015- ci ilin avqust ayının 24-ə kimi Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin həyətinə daxil olanda sağ tərəfindəki otağında kirayədə qalmışdır və həmin otağı ona İddiaçı kirayəyə vermişdir. Kirayə haqqını da İddiaçı xahişi ilə mərhum Məmmədrzanın uşaqlarına vermişdir Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, ilkin iddia üzə iddiaçının tələbi və qarşılıqlı iddia üzrə iddiaçının tələbi təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə İddiaçı yekun tələb olaraq özünün Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otağına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı özünün Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otaqlı yaşayış sahəsinə hər hansı hüququnun olması barədə sübut təqdim etməmişdir. Əksinə onun 1979-cu ildən sonra 30 ilə yaxın müddətdə mübahisəli evdə yaşamaması məhkəmə tərəfindən, həm İddiaçı, həm şahidlərin, həm də cavabdehin nümayəndəsinin izahatları ilə təsdiq edilmişdir. İddiaçı oradakı 1 otaqlı evi kirayə verdiyini bildirmiş, lakin məhkəmə iş üzrə sübutlarla, kirayəyə verilən evlə mübahisəli ev arasında hər hansı əlaqə müəyyən edə bilməmişdir. Həmçinin İddiaçı iddiasının əsası kimi 1979cu il qərarına istinad etmişdir. Məhkəmə qeyd edir ki, bu qərarla iddiaçının vaxtilə burada yaşaması qeyd olunmuş, (hansı ki iş materialları ilə bunun əksinə olaraq müəyyən edilir ki 30 ilə yaxındır ki iddiaçı mübahisəli evdən köçüb getmişdir) həmçinin, mənzil növbəsinə alınması qeyd edilmişdir ki, bu da iddiaçının mübahisəli evə hər hansı hüququnun yaranmasını göstərmir. Məhkəmə iş materiallarında olan sübutlara əsasən qeyd edir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otaqlı yaşayış sahəsinə hər hansı hüququ müəyyən olunmadığından, onun həmin yaşayış sahəsinə köçürülməsi üçün əsas görülmür. Mənzilə köçürülmə ilə bağlı tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Başqa sözlə, onun mübahisəli mənzilə mülkiyyət, istifadə hüququ və ya cavabdehlə bərabər hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Məhkəmə Cavabdeh Maqsud qızının qarşılıqlı iddia tələbini nəzərdən keçirərək qeyd edir ki, onun İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evinə istifadə hüqunun itirilmiş hesab olunması barədə qarşılıqlı iddia tələbi də əsassızdır. Belə ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı küçəsi 4 saylı evin sahəsi 36.0 kv.m olan 2 otaqlı yaşayış sahəsinə hər hansı hüququnun olduğu məhkəmə tərəfindən müəyyən edilmir və belə olan halda qarşılıqlı iddianın da təmin edilməsi üçün əsas görmür. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni ilk iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni ilk iddiaçının şikayəti üzrə ilk iddianın təmin edilməyən hissəsində yoxlanılmalı, qarşılıqlı iddianın təmin edilməyən hissəsində və qarşılıqlı iddiaçıya münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, ilk iddia tələbinin faktiki əsası, tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, ilk iddiaçı məhkəmənin gəldiyi nəticənin niyə səhv olduğunu, onun hansı hüquqlarının pozulması nəticəsində qəbul edildiyini dəqiq və konkret hüquq normalarına istinad etməklə göstərməmişdir.Mübahisəli mənzil üzərində həmişə hansı nəzarəti olduğunu və mənzilin onun tərəfindən necə idarə olunduğunu da konkret açıqlamır. Bu cür vəziyyətdə isə ilk iddianın əsaslı olması ümumiyyətlə təsdiq olunmur. İkincisi, ilk iddiaçının mübahisə predmeti olan evdə 30 ildən artıq müddətdə yaşamaması da onun həmin evə ehtiyacının olmaması ilə əlaqədar olmuşdur. Çünki, mübahisəli evdən istifadə hüququna ehtiyacı olsaydı bu müddət ərzində həmin evə köçüb yaşamaq üçün hansısa formada bir tədbirlər görə bilərdi. Lakin qeyd olunan müddətdə hərəkətsiz qalması da onun mübahisə predmeti olan evə dair hansısa marağının olmadığını bilavasitə təsdiq edir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, ilk iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirdiyi hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-126/2020 nömrəli qətnaməsi ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar