Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4454/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin direktoru X2, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil İsrayıl qızının iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı ("xxxx" MMC üçüncü şəxs qismində cəlb olunduğu) “müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-322/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, "xxxx" MMC Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli bina inşa etmişdir. Hazırda həmin binanın idarə edilməsi və digər sərəncamvermə hüquqları Texniki Proqress MMCnin səlahiyyətindədir. Lakin müvəqqəti olaraq təsərrüfat işlərinin idarə edilməsi üçün 1 illik etibarnamə verilmiş "xxxx" MMC-nin direktoru Cəfərov Əkbər dələduzluq edərək Texniki Proqress MMC-yə məxsus mənizlləri və mənzil olmayan sahələri müxtəlif şəxslərə satmışdır. Bu mənzil olmayan sahələrdən biri də Cavabdeh verilmişdir. Cavabdehə ümumiyyətlə səlahiyyəti olmayan şəxs tərəfindən müqavilə verilmiş və hətta cavabdeh həmin müqavilə üzrə pul vəsaitini də belə tam ödəməmişdir. O, əslində həmin müqavilə üzrə pulun ödənilib ödənilməməsi əhəmiyyət kəsb etmir. Çünki müqavilə və 1-ci mərtəbədəki sahə aidiyyatı olmayan şəxs tərəfindən cavabdehə satılmışdır və "xxxx" MMC-nin direktoru tərəfindən mənimsənilmişdir. Cavabdehə Layihədə olmayan sahə satılmış və guya binada 1 A deyilən mərtəbə olmaqla ona 51 kvadrat metr yer verilmişdir. Əslində heç binada təsdiq edilmiş layihədə heç 1 A deyilən mərtəbə belə yoxdur. Cavabdeh "xxxx" MMC ilə əlbir olaraq, bəlkə də onsuz özbaşına "xxxx" MMC-yə məxsus binanın 1-ci mərtəbəsində 51 kvadrat metr yeri zəbt edərək uzun müddətdir ki, orda yaşayır və heç bir manat da kommunal pulu belə ödəmir. Cavabdeh müqaviləsini "xxxx" MMC vermişdir. Müqavilə imzalan vaxtı cavabdeh "xxxx" MMC-nin "xxxx" MMC-nin adından ev satmağa və ya təsisçi olmuş Kazımzadə Kazımın adından çıxış eləməyə səlahiyyəti olmamışdır. Ümumiyyətlə, "xxxx" MMC-nin binaya nə şərikliyi nə də ki, digər məsələlərdə aidiyyatı olmayıb. Kazım Kazımzadə tutulanda Əkbər bu vəziyyətdən istifadə edərək mənzilləri saxta yolla satmış və buna görə də məsuliyyətə cəlb edilmişdir. Cavabdeh müqaviləsi səlahiyyətli şəxs tərəfindən imzalanmadığından onun müqaviləsi əsaslı sayıla bilməz. Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın 1 blokunda 1-cı mərtəbəsində ümumi sahəsi 51 kv.metr olan mənzilə dair Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləsi "xxxx" MMC-nin səlahiyyəti olmadığından bağlandığından müqavilə özü özlüyündə əhəmiyyətsizdir. Belə ki, həmin vaxtı "xxxx" MMC-nin müqavilə imzalamağa, ev satmağa heç bir səlahiyyəti olmamışdır. Buna görə də cavabdeh həmin mənzil sahəsindən də çıxarılmalı və sahə iddiaçıya təhvil verilməlidir. Bakı şəhəri, Gəncə prospekti 2935A ünvanında yüksək mərtəbəli binanın İ blokunda 1-ci mərtəbəsində ümumi sahəsi 51 kv.metr olan sahəyə dair Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 107 saylı müqavilənin etibarsız hesab edilməsi və cavabdehin həmin sahədən çıxarılmaqla mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə yalnız predyusial hala əsaslanaraq məhkəmə qətnaməsinin olmasını qeyd etmiş və bunun əsasında qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə özü faktiki müqaviləsinin əhəmiyyətsiz olduğunu görmüşdür. Apellyasiya baxışı zamanı iddiaçı "xxxx" MMC-nin direktoru və nümayəndəsi-vəkili şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı cavabdeh və onun nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu qeyd etməklə birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə qeyd olunan tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamının surətindən görünür ki, "xxxx" MMC-yə Bakı şəhəri, Gəncə prospekti 2935A saylı məhəllədə yerləşən avtodayanacağın tutduğu 0,2 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələşdirilməsinə icazə verilmişdir. 09 yanvar 2014-cü il tarixli müqavilədən görünür ki, həmin tarixdə "xxxx" MMC-nin direktoru X3 və Cavabdeh arasında müqavilə bağlanmışdır və həmin müqaviləyə əsasən “Alıcı” tərəfindən mənzilin dəyəri tam ödənildikdən sonra "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahə mənzili “Alıcıya” təhvil verilməsinə razılaşdırılmışdır. Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 21 may 2018-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən yaşayış binasının 1-ci blok 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan 1 otaqlı mənzilinə dair Cavabdeh ilə 09 yanvar 2014-cü il tarixli, 107 saylı müqavilə bağlanmış, sonuncu mənzili təmir etdirərək qızı ilə birlikdə orada yaşayır. "xxxx" MMC tərəfindən Cavabdeh verilmiş 09 yanvar 2014-cü il tarixli arayışdan görünür ki, o, həqiqətən Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahə olan mənzilin mülkiyyətçisidir. Xətai Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(011)-1378/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh "xxxx" MMC-yə, "xxxx" MMC-yə və Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahəsinin boşaldılaraq oradan çıxarılması və həmin sahənin iddiaçıya verilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(103)-271/2019 saylı qətnaməsinin surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(011)-1378/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahəsi olan mənzillə bağlı 09 yanvar 2014-cü il tarixli müqavilə bağlanmışdır və Cavabdeh tərəfindən mənzilin dəyəri tam ödənilmişdir. Həmçinin, şahid ifadələri ilə təsdiq edilmişdir ki, 2014-cü ildən Cavabdeh mənzili təmir edərək, orada yaşayır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli Qətnaməsi ilə müəyyən olunmuşdur ki, xx.xx.2012-ci il tarixdə "xxxx" MMC ilə "xxxx" MMC arasında birgə fəaliyyət haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə görə "xxxx" MMC Bakı inşasını öz vəsaiti və mənzillərin satışından əldə etdiyi vəsait hesabına başa çatdırmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(102)- 6178/2019 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(103)-271/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanımışdır. xx.xx.2012-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin surətindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmışdır və müqavilənin predmetinə görə tərəflər Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Gəncə prospekti 2935A saylı məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirmə, tikinti və onun başa çatdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin alqı-satqı (podrat) müqavilələrinin rəsmiləşdirilməsi, payçılarla yaranan mübahisələrin həll edilməsi üçün müvafiq tədbirlərin (əvəzləşdirmə, payçıya ödədiyi pulun qaytarılması, müqavilələrin ləğv edilməsi, təmirbərpa, barter, icarə, bağışlama və s.) görülməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdəsinə götürürlər. Həmin müqavilənin 7.2- ci maddəsinə görə müqavilə imzalandığı andan mənzillərin, qeyri-yaşayış sahələrinin satışını "xxxx" MMC təşkil edir, bütün növ əqdləri təsdiq etmək, maliyyə arayışlarını, protokol və aktları imza etmək və möhür vurmaq səlahiyyətləri "xxxx" MMC-yə tam verilmiş sayılır. "xxxx" MMC və "xxxx" MMC-nin təsisçisi eyni şəxs olan K.Ə.Kazımzadə nümayəndəsi Ə.Q.Cəfərovun imzası ilə verdiyi 28 may 2012-ci il tarixli etibarnamədə 10 il müddətinə "xxxx" MMC-yə alqı-satqı müqavilələrini bağlamaq səlahiyyətini vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.1-cı maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 405-cı maddəsinə əsasən Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Həmin Məcəllənin 385.1-cı maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin Məcəllənin 404.1-cı maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfı mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mübahisələndirilən müqavilənin şərtlərindən belə müəyyən olunur ki, tərəflər arasında bağlanmış müqavilə hüquqi təbiətinə görə podrat və alqı-satqı müqaviləsinin əlamətlərini ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqavləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-cı maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 567-cı maddəsinə əsasən Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 448-ci maddəsinə əsasən Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarlarında ifadə etdiyi hüquqi mövqeyində qeyd etmişdir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki işin faktiki halları və birinci instansiya məhkəməsində bilavasitə tədqiq olunmuş sübutlarla, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(103)-271/2019 saylı qətnaməsində müəyyən edilənlərlə və xx.xx.2012-ci il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilə ilə təsdiq edilir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmışdır və müqavilənin predmetinə görə tərəflər Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Gəncə prospekti 2935A saylı məhəllədə 0,2 ha torpaq sahəsində 2 bloklu yaşayış binasının layihələndirmə, tikinti və onun başa çatdırılması, mənzillərin və qeyri-yaşayış sahələrinin alqı-satqı (podrat) müqavilələrinin rəsmiləşdirilməsi, payçılarla yaranan mübahisələrin həll edilməsi üçün müvafiq tədbirlərin (əvəzləşdirmə, payçıya ödədiyi pulun qaytarılması, müqavilələrin ləğv edilməsi, təmir-bərpa, barter, icarə, bağışlama və s.) görülməsi ilə əlaqədar birgə fəaliyyət öhdəliklərinin yerinə yetirilməsini öz öhdəsinə götürmüşdürlər. Həmin müqavilənin 7.2-ci maddəsinə görə müqavilə imzalandığı andan mənzillərin, qeyri-yaşayış sahələrinin satışını "xxxx" MMC təşkil edir, bütün növ əqdləri təsdiq etmək, maliyyə arayışlarını, protokol və aktları imza etmək və möhür vurmaq səlahiyyətləri "xxxx" MMC-yə tam verilmiş sayılır. "xxxx" MMC-nın direktoru X3 və Cavabdeh arasında 09 yanvar 2014-cü il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə Prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok 1-ci mərtəbəsində olan 51 kv.m sahəsi olan mənzilə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən tərəflər üzərilərinə müqavilədə göstərilən öhdəliklər götürmüşlər. Cavabdeh tərəfindən öhdəlik tam icra edilmişdir. Həmçinin həmin qətnamə ilə sübuta yerilmişdir ki, mübahisəli mənzil 2014-cü ildən Cavabdeh faktiki sahibliyində və istifadəsindədir. Daha sonra, işdə olan sübutlarla təsdiq edilir ki, "xxxx" MMC-nin təsisçinin qanuni nümayəndəsi və direktoru, həmçinin Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasının “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru X4r və onun tərəfindən verilmiş 21 may 2018-ci il tarixli arayışda qeyd edilmişdir ki, Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanda yerləşən yaşayış binasının 1-ci blok 1A mərtəbəsində ümumi sahəsi 51 kv.m olan 1 otaqlı mənzilinə dair Cavabdeh ilə 09 yanvar 2014-cü il tarixli, 107 saylı müqavilə bağlanmış, sonuncu mənzili təmir etdirərək qızı ilə birlikdə orada yaşayır. Həmçinin, işdən görünür ki, Cavabdeh Xətai rayonu, Gəncə prospekti ev 29/35 “A” ünvanında yerləşən yaşadığı 7 “a” nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin sökülərək ilkin vəziyyətə gətirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmiş, həmin mülki iş üzrə ekspertiza təyin edilmiş və icraat dayandırılmışdır. İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “müqaviləsinin etibarsız hesab edilməsi və mənzilin iddiaçıya təhvil verilməsi” tələbinə dair iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Bundan əlavə, işdən görünür ki, birinci instansiya məhkəmə iclasında iddiaçının nümayəndəsi etiraf etmişdir ki, cavabdeh "xxxx" MMC-yə qarşı Xətai rayonu, Gəncə prospekti ev 29/35 “A” ünvanında yerləşən yaşadığı 7 “a” nömrəli mənzilin pəncərəsinin qarşısında inşa edilmiş qeyri-qanuni tikilinin sökülməsi barədə məhkəmədə iddia qaldırdığına görə Cavabdeh həmin iddiadan çəkindirmək məqsədi ilə məhkəmədə hazıki iddia qaldırmışdırlar və həmin tikili ona mane olursa ona mənzilini satmaqda yardımçı ola bilərlər. Sadalanlara əsasən məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan müqavilənin hazırda məhkəmə tərəfindən etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyil. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-in 375.1 və 375.2 maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar(§ 33). Kollegiya qeyd edir ki, Cavabdeh 2014-cü ildən etibarən bağlanılmış müqavilə əsasında mübahisəli mənzildə yaşaması, onun həmin mənzildə yaşaması barədə iddiaçının məlumatlı olması işin artıq mübahisəsiz halıdır və belə olan halda müəyyən edilir ki, hazırki iş üzrə iddia müddəti də ötürülmüşdür. Beləliklə, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaəti əsaslı hesab edərək qeyd edir ki, mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-322/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4454/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4454/2022
06.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver