Məhkəmə qərarları › İş №2(104)-2212/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2212/2023

23.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2212/2023 23.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin boşaldılaraq təvil verilməsi, mənzildən istifadəyə maneənin qadağan edilməsi və vurulmuş mənəvi zərərin əvəzi qismində pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Ələsgər oğluna qarşı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X1) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr olan, 1 otaqlı 65 nömrəli mənzilin Cavabdeh1 istifadəsinə verilməsinə dair Z.Ə.Məhərrəmovla R.N.Rüstəmov arasında bağlanmış müqavilə kimi istifadə etdiyi 06 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 mənzildən çıxarılaraq, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, iddiaçının mənzildən sahiblik və istifadəsinə cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi, vurulmuş mənəvi zərərin əvəzi qismində 7.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 Ələsgər oğluna dair hissədə E.Ə.Məhərrəmovun ölməsinə görə xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) iddia qismən təmin edilmiş, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X1) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X1) küçəsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsindəki 1 otaqlı 65 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq, İddiaçı təhvil verilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, Cavabdeh1 məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı və ekspertiza tədqiqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 06 iyul 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək qətnamənin rəsmi olaraq ona təqdim edilməsini xahiş etmişdir. «Poçt göndərişinin verilməsi haqqında xəbərnamə»dən məlum olur ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsi Cavabdeh1 xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. İş materiallarında olan apellyasiya şikayətlərindən görünür ki, poçt vasitəsilə 08 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayəti poçt məntəqəsinə xx.xx.2023-cü il tarixdə verilmişdir. Bundan sonra, Cavabdeh1 (vəkili Vəkil2) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti məhkəməyə 09 avqust 2023-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası mülki iş materiallarını və təqdim olunmuş apellyasiya şikayətlərini araşdıraraq hesab edir ki, birinci intansiya məhkəməsi tərəfindən apelyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamışdır. 01 oktyabr 2021-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 10-1.3. maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göründüyü kimi mülki prosessual qanunvericiliyin müddəalarına əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinədək apellyasiya şikayəti verilməsi müəyyən olunmuşdur. Hazırki iş üzrə iş materiallarına əlavə olunmuş poçt qəbzindən göründüyü kimi məhkəmə qətnaməsi cavabdeh tərəfindən 07 iyul 2023-cü il tarixdə qəbul edilmiş, «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti 09 avqust 2023-cü il tarixdə prosessual müddət ötürülməklə məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, elektron kabinet vasitəsilə daxil olmuş apellyasiya şikayətinə əlavə edilən Vəkil2 adına verilmiş etibarnamədə mülki icraat qaydasında apellyasiya şikayətinin imzalanmasına dair səlahiyyətinin olması qeyd edilməmiş, İXM-nin 65-ci maddəsində nəzərdə tutulan səlahiyyətlər etibar edilmişdir. Halbuki, MPM-in 74.2. maddəsinə əsasən iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır, bu isə şikayətin geri qaytarılması əsaslarından biri kimi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1. apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə. 363.1.5. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə. 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. 363.3. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. 363.4. Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası mülki iş materiallarını və apellyasiya şikayətlərini araşdıraraq hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 159/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş icraata qəbul edilmədən birinci instansiya məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 363, 364, 400-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2(104)-2212/2023 saylı mülki iş Gəncə şəhəri Məhkəməsinə göndərilsin. Qərardad qətidir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, hakimlər Rəşad Mamedov, Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar