Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2877/2023 15.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və Cavabdeh2 Ələsgər oğluna qarşı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X2) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 80 kvadrat metr olan, 1 otaqlı 65 nömrəli mənzilin Cavabdeh1 istifadəsinə verilməsinə dair Z.Ə.Məhərrəmovla R.N.Rüstəmov arasında bağlanmış müqavilə kimi istifadə etdiyi 06 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 mənzildən çıxarılaraq, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi, iddiaçının mənzildən sahiblik və istifadəsinə cavabdeh tərəfindən edilən müdaxilənin qadağan edilməsi, vurulmuş mənəvi zərərin əvəzi qismində 7.000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 Ələsgər oğluna dair hissədə E.Ə.Məhərrəmovun ölməsinə görə xitam verilmiş, xx.xx.2023-cü il tarixli, 2(125)- 159/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X2) küçəsində inşa olunan 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsində yerləşən, 1 otaqlı 65 nömrəli mənzilə dair Cavabdeh1 adına tərtib edilmiş 06 iyul 2009-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov (indiki X2) küçəsində yerləşən 10 mərtəbəli yaşayış binasının 2-ci blok, 4-cü mərtəbəsindəki 1 otaqlı 65 nömrəli mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq, İddiaçı təhvil verilməsi, İddiaçı iddiasının qalan hissədə təmin edilməməsi, Cavabdeh1 məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat məbləğində pul vəsaiti İddiaçı və ekspertiza tədqiqinin dəyərini təşkil edən vəsaitin əvəzi qismində 400 manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qərardadı ilə məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə Cavabdeh1 ərizəsi təmin edilməmiş, qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv olunması və apellyasiya şikayətinin icraata götürülməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qərardadı ilə cavabdehin şikayəti təmin olunmamış və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamə və qərardadlarından, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat qaydasında ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1. maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1. maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.3. maddəsinə görə, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. İş materiallarından görünür ki, Cavabdeh1 06 iyul 2023-cü il tarixdə birinci instansiya məhkəməsinə ərizə ilə müraciət edərək qətnamənin rəsmi olaraq ona təqdim edilməsini xahiş etmişdir. «Poçt göndərişinin verilməsi haqqında xəbərnamə»dən məlum olur ki, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsi Cavabdeh1 xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim olunmuşdur. İş materiallarında olan apellyasiya şikayətlərindən görünür ki, poçt vasitəsilə 08 avqust 2023-cü il tarixdə məhkəməyə daxil olmuş apellyasiya şikayəti poçt məntəqəsinə xx.xx.2023-cü il tarixdə verilmişdir. Bundan sonra, Cavabdeh1 (vəkili Vəkil2) tərəfindən «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti məhkəməyə 09 avqust 2023-cü il tarixdə təqdim edilmişdir. 21 avqust 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-2212/2023 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 159/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün 2(104)-2212/2023 saylı mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, 25 sentyabr 2023-cü il tarixdə Cavabdeh1 məhkəmə qəbzinə imza etməklə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qərardadının surətini almışdır. 05 oktyabr 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə Cavabdeh1 ərizəsi və həmin qətnamədən apellyasiya şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəf apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına dair birinci instansiya məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli qərardadının surətini 25 sentyabr 2023-cü il tarixdə qəbul etmiş, 04 oktyabr 2023-cü il tarixdə prosessual müddətin bərpasına dair ərizə və müvafiq nöqsanların aradan qaldırıldığı apellyasiya şikayəti məhkəmyə təqdim etmişdir. Prosessual müddətin bərpasına dair ərizəyə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına düzgün hüquqi qiymət verməmiş və prosessual müddətin bərpasından imtina etmişdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.3. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanları nəzərə alan məhkəmə tərkibi hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qərardadları ləğv edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməli sonuncunun vermiş olduğu apellyasiya şikayəti apellyasiya icraatına götürülməli və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 133, 263-264, 357, 360, 398, 400, 402-405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qərardadı tam, 24 noyabr 2023-cü il tarixli 2(125)-159/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair iş üzrə Cavabdeh1 ərizəsi təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-159/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına götürülsün və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov
Məhkəmə qərarları › İş №2(104)-2877/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2877/2023
15.12.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver