Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-446/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh və X2 qarşı «torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-1153/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı «torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh özünə məxsus əşyalarla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 48/08 saylı qərarı ilə Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 1000 kv.m torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin cavabdehin hesabına boşaldılması vəzifəsinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Maştağa bələdiyyəsinin xx xxxxxx 2006cı il tarixli, 48/08 saylı qərarı və həmin tarixli alğı-satqı müqaviləsi ilə ona Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi hasara ayrılmış, lakin darvaza qoyulmamışdır. 2018-ci ilin may ayında ona məlum olmuşdur ki, Cavabdeh torpaq sahəsinə qanunsuz daxil olaraq ora bir-neçə maşın daş tökmüş, tikinti işləri aparmaq istəyir. Həmin şəxs torpaq sahəsinin ona satılmasını bildirmişdir. Mübahisəni məhkəmədənkənar qaydada həll edə bilmədiklərindən məhkəməyə müraciət etmək məcbkriyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-1153/2019 saylı qətnaməsi ilə (hakim Zaur Hacıyev) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam və hərtərəfli araşdırılmamasını və s. göstərmiş, məhkəmə kollegiyüasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək,şikayətdə göstərilən dəlillərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq,birinci instansiya məhkəməsində verilmiş izahata uyğun eyni məzmunlu izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib,iş üzrə toplanmış sübutları tam,hərtərəfli və obyektiv araşdırıb,apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan işdə olan Maştağa bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 48/08 saylı qərarından və həmin tarixli alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda iddiaçı iddia tələbində qeyd olunan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini göstərmişdir. Eyni zamanda, işdə olan Maştağa bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli, 37/47 saylı qərarından və həmin tarixli alğı-satqı müqaviləsindən görünür ki, X2 Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. İşdə olan xx xxxxxx 2018-ci il tarixli etibarnamədən görünür ki, X3 Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən 1000 kv.m torpaq sahəsi ilə bağlı müəyyən səlahiyyətləri həyata keçirməyi Cavabdeh etibar etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Bakı şəhəri Sabunçu rayonu Maşdağa bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli, 19 nömrəli məktubunda göstərilmişdir ki, bələdiyyənin xx xxxx 2006-cı il tarixli 37-47 saylı qərarı ilə vətəndaş X2 qəsəbənin Xanlar yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 1000 m2, İddiaçı isə xx xxxxxx 2006-cı il tarixli qərarla ilə qəsəbənin Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 1000 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edilən qərarlara əsasən ayrılmış torpaq sahələrinin plan-sxemi Maşadağa bələdiyyəsinin arxivində olmadığı üçün təqdim etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən, iddiaçının tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməməsinə, həmçinin məhkəmə baxışı zamanı torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən olunmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandırmalı və sübut etməlidir. Çünki,MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə tam,hərtərəfli və obyektiv hüquqi qiymət verilməsi istiqamətində iş üzrə məhkəmə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağdakı suallar qoyulmuşdur: - Maştağa bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 48/08 saylı qərarı və həmin tarixli alğısatqı müqaviləsi ilə İddiaçı Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin sərhədləri yerində müəyyən edilsin. - Maştağa bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli, 37/47 saylı qərarı və həmin tarixli alğısatqı müqaviləsi ilə X2 Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin sərhədləri yerində müəyyən edilsin. - Mübahisəli torpaq sahəsi (zəbt olunması iddia edilən torpaq sahəsi) İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşirmi, yerləşirsə hansı hissədə zəbt olunmuşdur (tərtib olunmuş sxemdə yeri dəqiq göstərilməklə)? Məhkəmə daxil olmuş, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 29852 nömrəli ekspertiza rəyindən görünür ki, mülki iş materiallarına əlavə edilmiş (xx xxxxxx 2006-cı il tarixli, 48/08 saylı qərarı və həmin tarixli alqı-satqı müqavilələrinin əlavəsi olan) Bakı şəhəri Maştağa bələdiyyəsi tərəfindən tərtib və təsdiq edilmiş miqyassız, koordinatsız, hər hansı bir istinad nöqtəsindən məsafəsinin göstərilməsi qeyd edilməyən cizginin «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında» Əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündan asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından (keçmiş DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən hazırlanıb rəy verilməli idi), Maşdağa bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli, 48/08 saylı qərarı və həmin tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin, həmçinin Maşdağa bələdiyyəsinin xx xxxx 2006-cı il tarixli, 37/47 saylı qərarı və həmin tarixli alqısatqı müqaviləsi ilə İddiaçı Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 1000 kv.m torpaq sahəsinin sərhədlərini yerində müəyyən etmək mümkün olmamışdır. Həmin torpaq sahələrinin sərhədlərini yerində müəyyən etmək mümkün olmadığından sözügedən torpaq sahəsinin İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin sərhədləri daxilində yerləşib-yerləşməməsini və ya hər hansı hissədə zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, ekspertiza rəyi ilə də iddiaçının əsaslandığı torpaq sahəsinin sərhədlərini yerində müəyyən etmək, həmçinin onun hər hansı hissədə zəbt olunmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı bunun əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki,iddiaçının tələb hüququ Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən -mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Qeyd edilməlidir ki,mülkiyyətin müdafiəsi konstitusion prinsipdir (Konstitusiyanın 13-cü mad.) «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. «Loizidu Türkiyəyə qarşı» iş üzrə X6 Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Göründüyü kimi vindikasiya iddiası mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün (uğurlu olması üçün) - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Qeyd edilən şərtlər birlikdə, məcmu halda mövcud olmalıdır. Əks halda iddia təmin oluna bilməz. Beləliklə, qanunevriciliyin qeyd edilən tələblərinin hazırki mübahisəyə tətbiq edilməsi nəticəsində iddianın uğurlu olması üçün aşağıdakı hallar müəyyən edilməlidir. İddiaçı tələbinin əsası kimi istinad etdiyi torpaq sahəsinin mülkiyyətçisi (qanuni sahibi)olmalı,həmin torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı,lakin onların sahiblik hüququ olmamalı (torpaq sahəsi qanunsuz olaraq zəbt edilməli və bu hal keçən müddət ərzində davam etməlidir),nəticədə iddiaçı öz əmlakı üzərində sahiblikdən (mülkiyyətdən) məhrum olmalıdır. Bununla yanaşı, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada mövcud olmalı,onun sərhədləri dəqiq müəyyən edilməli (yerquruluşu işləri tamamlanmalı),mübahisə doğurmamalıdır. Yuxarıda qeyd edildiyi kimi,ekspertiza rəyi ilə iddiaçının istinad etdiyi torpaq sahəsinin sərhədlərinin yerində müəyyən edilməsi mümkün olmamışdır. İddiaçının özü də bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Yəni,yalnız bələdiyyə ilə müvafiq müqavilənin bağlanması hələ özü-özlüyündə torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğu üçün yetərli deyildir. Çünki,torpaq və mülki qanunvericilik daşınmaz əmlak kimi torpaq sahələrinə hüquqların yaranması üçün bir-neçə hüquqi əsas (torpaqsahələrininsərhədlərininyerdəmüəyyənedilməsi, planı və ölçüsünün tərtibedilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması, dövlət qeydiyyatından keçirilməsi və s.) eyni vaxtda mövcud olmalıdır. Belə ki,Torpaq Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, iddiaçının hazırki iddianı qaldırmağa müvafiq subyektiv (tələb) hüquqlarının mövcudluğu müəyyən edilmir.İddiaçının əvvəllər ona ayrılmış torpaq sahəsi ilə bağlı hüquqları tam şəkildə yaranmamış (müvafiq yerquruluşu sənədləri mövcud deyildir),dövlət qeydiyyatına alınmamışdır. Həmçinin,məhkəmə baxışı zamanı da iddiaçının istinad etdiyi torpaq sahəsinin naturada mövcudluğu (sərhədləri)müəyyən edilməmişdir. Belə olan halda isə,iddiaçının vindikasiya (əmlakın qanunsuz sahibdən alınması)barədə tələbi təmin oluna bilməz (yuxarıda qeyd edilən şərtlər məcmu halda mövcud deyildir). Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki,iddiaçının tələbinin hüquqi və faktiki əsasları mövcud deyildir.İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı tərəfin izahatı isə iddianın əsaslı olması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə,məhkəmə kollegiyası hesab edir ki,iddianın təmin olunmaması barədə birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır.Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində 50 manat məbləğində aparılmış ekspertiza tədqiqatlarının dəyəri (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.1,393və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh və X2 qarşı «torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-1153/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-1153/2019 saylı qətnaməsi apellyasya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci iddiaçıya aid edilsin.İddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli)manat tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab –Dövlət Xəzinədarlığı Ağentliyi,KOD 210005VÖEN **********Müxbir hesab AZ41NABZ********************,SWİFT BİK CTREAZ 22,Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********,hesab AZ34CTRE********************)ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-446/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-446/2020
28.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver