Məhkəmə qərarları › İş №2(103)-4462/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4462/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4462/2022 05.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, e-2(006)- 2964/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC BOKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış 30 iyun 2020-ci il tarixli 2020/00158-EY saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditin əsas borcu üzrə 7500,20 manat məbləğində qalıq, ona hesablanmış 951,22 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1008 manat məbləğində dəbbə pulu, cəmi 9459,42 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilə yönədlilməsi, həmin əmlakın likvid dəyərinin 115000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 7500,20 manat məbləğində qalıq, ona hesablanmış 951,22 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1008 manat məbləğində dəbbə pulu, cəmi 9459,42 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyun 2020-ci il tarixli, 2020/00158-EY №-li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 8000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 188 saylı mənzili ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə 30 iyun 2020-ci il tarixli, 2020/00158- EYİP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2020-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş əmlakın likvid dəyəri tərəflərin razılığına əsasən, 115000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönədlilməsi tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Belə ki, 03 fevral 2021-ci il tarixinə kreditin əsas borcu üzrə 7500,20 manat məbləğində qalıq, ona hesablanmış 951,22 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1008 manat məbləğində dəbbə pulu, cəmi 9459,42 manat borc yaranmışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, e-2(006)- 2964/2021 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin olunmuş, İddiaçı ASC BOKT ilə Cavabdeh1 arasında bağlanmış 30 iyun 2020-ci il tarixli 2020/00158-EY saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 7500,20 manat, 951,22 manat məbləğində faiz borcu, 100 manat məbləğində dəbbə pulu, cəmi 8551,42 (səkkiz min beş yüz əlli bir manat qırx iki qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pulun İddiaçı ASC BOKT-nın xeyrinə tutulması, tutmanın ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilə yönəldilməsi, həmin mənzilin 115000 manat ilkin satış qiyməti ilə müəyyən olunmaqla açıq hərracda satılması və borcun ünvan 1 ünvanında yerləşən 188 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC BOKT-a ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, iddianın qalan hissəsi təmin olunmaması qət edilmişdir. Cavabdehlərdən Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə iclasında iştirakının təmin olunmaması, qeydiyyatda olduğu ünvanda yaşamaması, borcun dəqiqləşdirilməməsi, bunun üçün ekspertizanın təyin olunmaması, ipotekanın dəyərinin düzgün müəyyən olunmaması, ipoteka predmetinin dəyərinin 150000-160000 manat həddində olması, kredit borcunun həmçinin Cavabdeh2 da tutulması, halbuki sonuncunun yalnız ipoteka qoyan olması, ona qarşı borc tələbinin olmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak etmiş cavabdeh və onun nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişlər. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (tələbdən kənara çıxan hissədə) ləğv olunmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin bağlanması, Cavabdeh1 24 ay müddətinə, illik 36% hesablanmaqla 8000 manat məbləğində kredit verilməsi, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 188 saylı mənzili ipoteka ilə yüklü etməsi, bu barədə tərəflər arasında 30 iyun 2020-ci il tarixli, 2020/00158-EYİP №-li ipoteka Müqaviləsinin bağlanması, öhdəliyin lazımi qaydada icra olunmaması işin mübahisələndirilməyən hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunun məbləğini mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə (həmçinin vəsatətlə) razılaşa bilməz (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda cavabdeh apellyasiya şikayətində ipotekanın ilkin satış qiyməti ilə də razı olmamasını, bunun üçün qiymətləndirici təyin olunmasını xahiş etsə də, işdən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində bir neçə məhkəmə iclasında iştirak etmiş, kredit böorcunun ödənilməsi üçün məhkəmədən ona vaxt verilməsini xahiş etmiş, lakin nə kredit borcunu, nədə ipotekanın müqavilədə razılaşdırılmış qiymətini mübahisələndirməmiş, bu istiqamətdə müvafiq vəsatət verməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası cavabdehin apellyasiya baxışı zamanı istər məhkəmə mühasibatlıq ekspertizasının, istərsə də qiymətləndiricinin təyin olunması barədə vəsatətini (apellyasiya şikayətinin dəlilini), həmçinin cavabdehin yeni sübut kimi təqdim etdiyi qiymətləndirmə rəyini qəbul etmir. Çünki, MPM-in 372.2-ci maddəsinin tələbinə görə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə MPM-nin 371 vəm 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Apellyasiya məhkəməsində yeni və əlavə sübutların təqdim olunmasında və yoxlanılmasında məhdudiyyətlər tam apellyasiyanın olmamasına dəlalət edir. «L.İ.Binnətovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. Göründüyü kimi, qanunverici apellyasiya instansiyasına yeni sübutların təqdim olunmasına məhdudiyyətlər nəzərdə tutulmuşdur. Cavabdeh tərəf isə qeyd edilən sübutun birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin məhkəmə iclaslarında iştirakının təmin olunmaması barədə apellyasiya şikayətinin dəlillərini də əsassız sayır (qeyd edildiyi kimi cavabdeh birinci instansiya məhkəməsində bir-neçə məhkəmə iclasında iştirak etmiş, məhkəmə icraatından kifayət qədər məlumatlı olmuşdur). Göründüyü kimi, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Lakin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tələbdən kənara çıxaraq kredit borcunu həmçinin Cavabdeh2 da tutmaqda haqlı olmamış, prosessual hüquq normalarının tələblərini pozumuşdur. Çünki, iddiaçının kredit borcunun həmin cavabdehdən tutulması barədə tələbi olmamışdır. Cavabdeh2 icraatda yalnız ipoteka qoyan kimi iştirak etməklə, kredit borcunun qaytarılması üzrə öhdəliyə malik olmamışdır. MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən, qismən təmin olunmalı, qətnamə qeyd edilən hissədə (tələbdən kənara çıxılan hissədə) ləğv olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tələbdən kənara çıxılan hissədə ləğv olunmalı, qətnamə apellyasiya şikayətinə əsasən qalan hissələrdə dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC BOKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, e-2(006)- 2964/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, e-2(006)- 2964/2021 saylı qətnaməsi qismən (tələbdən kənara çıxan hissədə), yəni “Cavabdeh2 əsas borc üzrə 7500,20 manat, 951,22 manat məbləğində faiz borcu, 100 manat məbləğində dəbbə pulu, cəmi 8551,42 (səkkiz min beş yüz əlli bir manat qırx iki qəpik) manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pulun İddiaçı ASC BOKT-nın xeyrinə tutulması” hissədə ləğv olunsun. Qətnamə qalan yoxlanılan qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar