Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4474/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi X2 və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-621/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsindən Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin AR CM-nin 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş dələduzluq və mənimsəmə cinayətlərinin əlamətləri ilə bağlı xüsusi qərardadın çıxarılması, 2430 manat məbləğində mənimsənilən pul vəsaitinin cavabdeh tərəfindən qaytarılması və cavabdehin ona vurulan maddi və mənəvi zərərə görə 1000 manat məbləğində pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, onun etibarından sui-istifadə edərək ona verilmiş pulunu mənimsəmiş və əməllərində dələduzluq cinayətinin əlamətləri olan Cavabdeh adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsində və ona verilən pulun qaytarılmasını istəyir. Belə ki, sözügedən şəxs, özünü mebel ustası kimi qələmə verməklə, xx.xx.2021-ci il tarixdə mətbəx mebelinin hazırlanması üçün sifariş qəbul etmişdir. İmzaladıqları müqavilədə yazılmış sifariş qiymətinin 3700 manat məbləğindən Cavabdeh lazım olan materialların alınması üçün istədiyi 2000 manat məbləğini xx.xx.2021-ci il tarixdə nağd pul ilə ödəmiş və xx.xx.2021-ci il tarixdə əlavə istədiyi 430 manatı Azərbaycan Beynəlxalq Bankı vasitəsiylə bank kartına keçirmişdir. İmzaladıqları müqaviləyə görə sifariş etdiyi mebel xx.xx.2021-ci il tarixdə ona təhvil verilməli idi. Lakin razılaşdırılmış tarixdə Cavabdeh nəinki mebeli ona təhvil verib, etibarından sui-istifadə edərək ona verilmiş pulu da mənimsəyərək, ona məlum olan bütün əlaqələrini kəsmişdir. O, Cavabdehla, onun tərəfindən verilmiş nömrələr ilə dəfələrlə əlaqə saxlamağına baxmayaraq, zəngləri cavabsız qalmış və bir müddətdən sonra nömrələr söndürülmüşdür və həmin şəxslə, ümumiyyətlə, əlaqə saxlamaq mümkün olmamışdır. Bununla bağlı onun Xəzər rayon Polis İdarəsinə mürəciət etməsinə baxmayaraq, heç bir araşdırma aparılmadan, ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdeh özünü "xxxx" Şirkətinin direktoru qismində təqdim etmişdir, lakin onun apardığı araşdırmaya əsasən belə şirkətin ümumiyyətlə mövcud olmadığı və onun şirkət və ünvanına dair məlumatı yanlış təqdim etməsi məlum olmuşdur. Əlavə olaraq məlum olmuşdur ki, Cavabdeh ondan əvvəl də, bu dələduzluq əməllərini bir neçə şəxsə qarşı törətməş və pullarını mənimsəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-621/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 2.430 (iki min dörd yüz otuz) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı ödənilməsi, iddia tələbinın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayətləri verilmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instasniya məhkəməsi onun iddiaçıya ödəməli olduğu məbləği düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə iclasında iddiaçıdan aldığı real 430 manatı etiraf etsə də, məhkəmə səhv nəticəyə gələrək iddiaçının heç bir sübuta söykənməyən tələbini təmin etmişdir. Göründüyü kimi məhkəmə onun hüquqlarını pozaraq iddiaçının sübut edə bilmədiyi tələbini təmin etmişdir. İddiaçı 2000 manat məbləğində pul verməsini sübut edə bilməsə də, məhkəmə iddiaçının əsassız tələbinə öz mülahizəsinə uyğun olaraq qiymət vermişdir. Məhkəmə işə baxarkən hüquq normalarının tələbini pozmaqla yanaşı gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-621/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin qismən, yəni iddianın 430 manat pulun tutulması hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianın qalan hissəsi 1000 manat mənəvi ziyan və cavabdeh barəsində xüsusi qərardadın qəbul edilərək aidiyyəti üzrə Hüquq mühafizə orqanına göndərilməsi olmuşdur. Həmin qətnamə ilə iddia qismən təmin edilərkən iddianın təmin edilməyən hissəsinin təmin edilməmə səbəbləri əsaslandırılmamış və ümumiyyətlə iddianın həmin hissəsi maddi və prosessual hüquq normaları ilə qiymətləndirilməmişdir. Göründüyü kimi məhkəmənin iş üzrə gəldiyi nəticə anlaşılmaz və qeyri müəyyəndir. Məhkəmə iddianın təmin edilməyən hissəslərini, yəni həm mənəvi ziyan, həm də cavabdehin əməlində olan cinayət xarakterli hərəkətlərə görə xüsusi qərardadın çıxarılması hissəsində heç bir maddi hüquq normasına əsaslanmamışdır. Cavabdehin müqavilə üzrə ona ödənilmiş pulun ona ödənilmədiyini bildirməsinə, məhkəmə baxışı nəticəsində cavabdehi təmsil edən nümayəndənin iddia tələbinə dair biri-birini inkar edən izahatlarının cavabdehin əməlində dələduzluq cinayətinin törətməsinə ciddi şübhə yaratması qənaətinə gəlməyə kifayət qədər əsas verir. Məhkəmənin xüsusi qərardad qəbul edilməsi ilə bağlı gəldiyi nəticə anlaşılmayan və qeyri müəyyənlik yaradır. İş materilları və məhkəmədə keçririlən prosesdə açıq-aşakr müəyyən olundu ki, cavabdehin əməllərində CM-nin 178-ci maddəsinin əlamətləri mövcuddur. Apelyasiya şikayətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-621/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətlərinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı, onun nümayəndəsi X4 və vəkili X5 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiklərini bildirdilər, iddia ətizəsində göstərilənlərə və iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməsini, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-621/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı və Cavabdeh apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin qismən ləğv edilməsini xahiş etməklə qətnaməni qismən mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissələrdə yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında iş görülməsi üçün müvafiq müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehə bunun üçün cəmi 2430 manat məbləğində pul verilmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə müqavilə üzrə öhdəliyini pozmuşdur. Bununla da, iddiaçı cavabdehə ödədiyi 2430 manat pul vəsaitinin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona 1000 manat məbləğində maddi və mənəvi zərər vurulmasını göstərsə də, məhkəmə araşdırılması zamanı ona cavabdeh tərəfindən hansı qaydada maddi və mənəvi zərər vurulmasını təsdiq edən sübutu və ya dəlili məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən müqavilə öhdəliyinin pozulması nəticəsində iddiaçıya dəymiş maddi zərər eyni həcmdə cavabdehən xeyrinə tutulmuş, əlavə maddi və mənəvi zərərin isə nədən ibarət olması müəyyən edilmir. Birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə gəldiyi nəticəni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 752.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası İddiaçı, onun nümayəndəsi Adil Əliosmanovun və vəkili Rəhim Əmirəliyevin çıxışını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, Cavabdeh ilə İddiaçı arasında “Mebel sifarişi xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilədən görünür ki, “İcraçı” Cavabdeh mebel sifarişi xidmətləri göstərməyi, “Sifarişci” İddiaçı isə göstərilmiş xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşlər.(İ.vər. 34 - 36) İş materiallarında olan, qaimədən görünür ki, mebel sifarişinə görə müştəri “Sifarişci” İddiaçı tərəfindən “İcraçı” Cavabdeh 2000 manat ilkin ödəniş edilmiş və 1700 manat borcu qalmışdır.(İ.vər. 33) İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 525 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə ABB mobile vasitəsilə digər bankın kartına (4169*******7119) 430 manat məbləğində pul köçürmüşdür.(İ.vər. 32) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 2.430 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçıla Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən, cavabdeh tərəfindən iddiaçıya mebel hazırlanması nəzərdə tutulmuş, iddiaçı tərəfindən cavabdehə ilkin ödəniş olaraq 2000 manat pul vəsaiti ödənilmiş və bu tərəflər arasında imzalarla təsdiq edilmiş qaimədə öz təsdiqini tapmışdır. Daha sonra iddiaçı tərəfindən cavabdehin kartına 430 manat ABB mobil tətbiqi vasitəsilə pul göndərilmişdir və həmin hal da iddiaçı tərəfindən etiraf edilmişdir. Eləcə də, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin əməllərində Azərbaycan Respublikası CM-nin 178.1-ci və 179.1-ci maddələrində nəzərdə tutulmuş dələduzluq və mənimsəmə cinayətlərinin əlamətlərinin olmasına dair xüsusi qərardadın çıxarılması barədə tələb hüquqi mahiyyət etibarı ilə prosessual vəsatətdir, işdə iştirak edən şəxslərin vəsatəti və ya işə baxan məhkəmənin öz təşəbbüsü ilə çıxarıla bilər, yəni məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və gəlinmiş nəticəni hüquqi cəhətdən qanuni və əsaslı hesab edir. Həmçinin birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona 1000 manat məbləğində maddi və mənəvi zərər vurulmasını iddia etsə də, ona cavabdeh tərəfindən hansı qaydada maddi və mənəvi zərər vurulmasını təsdiq edən sübutları və ya dəlili məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllnin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllnin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 (zərərin əvəzinin ödənilməsi) və 23 maddələrinin (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Həmçinin göstərilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 3 noyabr 2008-ci il tarixli 7 N-li qərarına əsasən mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlər) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını və Plenumun tövsiyəedici qərarını müqayisəli təhlil edərək hesab edir ki, iddiaçı iddia tələbində qeyd edilən maddi hüquq normaları baxımından sübut ediləcəyi təqdirdə əsaslıdır. Ona görə ki, bu xüsusda olan iddiaların təmin edilməsi üçün ilk növbədə o sübut etməlidir ki, həqiqətən də cavabdehin hərəkətləri nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmiş, müalicə almış, bunlar cavabdehin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş vermiş, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqə olmuşur. İddiaçı fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması barədə hər hansı sübut təqdim etməmişdir. Odur ki, apelyasiya şikayətinin həmin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətinin cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş dələduzluq və mənimsəmə cinayətlərinin əlamətlərinin olması ilə bağlı xüsusi qərardadın çıxarılmasına dair dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etdiyindən və birinci instansiya məhkəməsi tərəfindən bu dəlillərə ətraflı qiymət verildiyindən, həmin dəlillərə yenidən hüquqi qiymət verilməsini zəruri hesab etmir. Bundan başqa, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, tərəflər arasında iş görülməsi üçün müvafiq müqavilə bağlanmış və iddiaçı tərəfindən cavabdehə bunun üçün cəmi 2430 manat məbləğində pul verilmiş, cavabdeh isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və nəticədə müqavilə üzrə öhdəliyini pozmuşdur. Bu hal iş materiallarında olan sübutlarla tam olaraq öz təsdiqini tapmışdır. İddiaçının cavabdehə 2000 manat məbləğində pul verməsi iş materiallarında olan qaimə ilə tam sübut olunur. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, idiaçı ona 2000 manat məbləğində pul verməsini sübut edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində qeyd etdiyi bu dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilə bilməz. Göründüyü kimi İddiaçı və Cavabdeh apelyasiya şikayətində istinad etdikləri hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmişlər, apelyasiya məhkəməsinin iclasında iştirak edərək şikayətlərində göstərdikləri hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişlər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı və Cavabdeh apelyasiya şikayətlərində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı və Cavabdeh apelyasiya şikayətlərində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-621/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayətləri isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti beş min manatdan az, yəni 1.000 (bir min) manat, cavabdeh tərəfindən iddianın mübahisələndirilən hissəsinin qiyməti beş min manatdan az, yəni 2.000 (iki min) manat, təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-621/2022 saylı, 02 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-4474/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4474/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver