Məhkəmə qərarları › İş №2(103)-4475/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4475/2022

14.09.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4475/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmlaka istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayş sahəsinə və mənzilə köçümə) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil2, Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Hikmət Yigitdölün iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əmlaka istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayş sahəsinə və mənzilə köçümə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(011)-54/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında xx.xx.2008-ci il tarixdə qeyri-yaşayış sahəsinə dair 005 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,1181-ci ünvanında yerləşən kooperativ binasının 2 mərtəbəsində 300 kv.m qaraj sahəsini tikərək iddiaçıya verməyi, iddiaçı isə qeyri-yaşayış sahəsinə görə 300000 manat ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2008- ci il tarixdə cavabdeh tərəfindən verilmiş Maliyyə arayışına əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri olan 300 000 manat pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir.

2. Həmçinin, iddiaçı ilə cavabdeh arasında Xətai rayonu, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən çoxmənzili yaşayış binasında 39 ədəd - 4-cü mərtəbədə 4 ədəd, 5-ci mərtəbədə 1 ədəd, 6-cı mərtəbədə 4 ədəd, 7-ci mərtəbədə 3 ədəd, 8-ci mərtəbə 3 ədəd, 9-cu mərtəbə 3 ədəd, 10-cu mərtəbə 4 ədəd, 11-ci mərtəbə 3 ədəd, 12-ci mərtəbə 3 ədəd, 13-cü mərtəbə 3 ədəd, 14-cü mərtəbə 3 ədəd, 15-ci mərtəbə 2 ədəd və 16-cı mərtəbə 3 ədəd mənzilə dair podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh müqavilələrdə göstərilən yaşayış sahələrini (sahənin tam dəyərini müqavilələrdə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 31 iyul 2008-ci il tarixdə hər bir müqavilə üzrə verilmiş Maliyyə arayışlarına əsasən mənzillərin dəyəri ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı şəhəri. Xətai rayonu, Xocalı küçəsi, 1181-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının A1 girişində - cavabdehlə bağlanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən 300000 manat ödənilmiş və tikilərək təhvil verilməli olan 2 mərtəbədə, ümumi sahəsi 300 kv.m olan qaraj sahəsinə, 31 iyul 2008-ci il tarixdə bağlanmış - 001 nömrəli müqaviləyə əsasən, 4-cü mərtəbədə ümumi sahəsi 136.1 m2 olan 3 otaqlı 1 saylı mənzilə; 002 nömrəli müqaviləyə əsasən 4-cü mərtəbədə ümumi sahəsi 122 m2 olan 3 otaqlı 2 saylı mənzilə; 003 nömrəli müqaviləyə əsasən 4-cü mərtəbədə ümumi sahəsi 82.7 m2 olan 2 otaqlı, 3 saylı mənzilə; 004 nömrəli müqaviləyə əsasən 4-cü mərtəbədə ümumi sahəsi 124.7 m2 olan 3 otaqlı 4 saylı mənzilə; 005 nömrəli müqaviləyə əsasən 5-ci mərtəbədə ümumi sahəsi 122 m2 olan 3 otaqlı 7 saylı mənzilə; 006 nömrəli müqaviləyə əsasən 6-cı mərtəbədə ümumi sahəsi 122 m2 olan 3 otaqlı 12 saylı mənzilə; 007 nömrəli müqaviləyə əsasən 6-cı mərtəbədə ümumi sahəsi 82.7 m2 olan 2 otaqlı 13 saylı mənzilə; 008 nömrəli müqaviləyə əsasən 6-cı mərtəbədə ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 14 saylı mənzilə; ə 009 nömrəli müqaviləyə əsasən 6-cı mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 15 saylı mənzilə; ə010 nömrəli müqaviləyə əsasən 7-ci mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 16 saylı mənzilə; 011 nömrəli müqaviləyə əsasən, 7-ci mərtəbədə ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 17 saylı mənzilə; 012 nömrəli müqaviləyə əsasən 7-ci mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 20 saylı mənzilə; 013 nömrəli müqaviləyə əsasən 8-ci mərtəbədə ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 22 saylı mənzilə; 014 nömrəli müqaviləyə əsasən 8ci mərtəbədə ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı 23 saylı mənzilə; 015 nömrəli müqaviləyə əsasən 8-ci mərtəbədə ümumi sahəsi 123.4 m2 olan 3 otaqlı 25 saylı mənzilə; 016 nömrəli müqaviləyə əsasən 9-cu mərtəbədə ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 27 saylı mənzilə; 017 nömrəli müqaviləyə əsasən 9-cu mərtəbədə ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 29 saylı mənzilə; 018 nömrəli müqaviləyə əsasən 9-cu mərtəbədə ümumi sahəsi 123 kv.m olan 3 otaqlı 30 saylı mənzilə; 019 nömrəli müqaviləyə əsasən 10-cu mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 31 saylı mənzilə; 020 nömrəli müqaviləyə əsasən 10-cu mərtəbədə ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 32 saylı mənzilə; 021 nömrəli müqaviləyə əsasən 10-cu mərtəbədə ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı 33 saylı mənzilə; 022 nömrəli müqaviləyə əsasən 10-cu mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 35 saylı mənzilə; 023 nömrəli müqaviləyə əsasən 2-ci mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 36 saylı mənzilə; 024 nömrəli müqaviləyə əsasən 11-ci mərtəbədə ümumi sahəsi 122 kv.m olan 3 otaqlı 37 saylı mənzilə; 025 nömrəli müqaviləyə əsasən 11-ci mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 40 saylı mənzilə; 026 nömrəli müqaviləyə əsasən 12-ci mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 41 saylı mənzilə; 027 nömrəli müqaviləyə əsasən 12-ci mərtəbədə ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı 43 saylı mənzilə; 028 nömrəli müqaviləyə əsasən 12-ci mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 45 saylı mənzilə; 029 nömrəli müqaviləyə əsasən 13-cü mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 46 saylı mənzilə; 030 nömrəli müqaviləyə əsasən 13-cü mərtəbədə ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı 48 saylı mənzilə; 031 nömrəli müqaviləyə əsasən 13-cü mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 50 saylı mənzilə; 032 nömrəli müqaviləyə əsasən 14-cü mərtəbədə ümumi sahəsi 136.1 kv.m olan 3 otaqlı 51 saylı mənzilə; 033 nömrəli müqaviləyə əsasən 14-cü mərtəbədə ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 54 saylı mənzilə; 034 nömrəli müqaviləyə əsasən 14-cü mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 55 saylı mənzilə; 035 nömrəli müqaviləyə əsasən 15-ci mərtəbədə ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 59 saylı mənzilə; 036 nömrəli müqaviləyə əsasən 15-ci mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 60 saylı mənzilə; 037 nömrəli müqaviləyə əsasən 16-cı mərtəbədə ümumi sahəsi 82.7 kv.m olan 2 otaqlı 63 saylı mənzilə; 038 nömrəli müqaviləyə əsasən 16-cı mərtəbədə ümumi sahəsi 124.7 kv.m olan 3 otaqlı 64 saylı mənzilə; 039 nömrəli müqaviləyə əsasən 16-cı mərtəbədə ümumi sahəsi 123.4 kv.m olan 3 otaqlı 65 saylı mənzilə dair istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayış sahəsi və mənzillərin sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi və mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinə köçürülməsi barədə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci il tarixdə 005 saylı podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,1181-ci ünvanında yerləşən kooperativ binasının 2 mərtəbə 300 kv.m qaraj sahəsinin pay haqqını tam ödəyərək mülkiyyət hüququ əldə etmişdir. xx.xx.2008-ci il tarixdə cavabdeh tərəfindən verilmiş “Maliyyə arayışı”na əsasən Bakı şəhəri, Xocalı prospekti 32 ünvanında yerləşən yaşayış binasının A1 girişi ümumi sahəsi 300 kv m olan qeyri-yaşayış sahəsindən ibarətdir. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 300 000 manat, həmçinin xx.xx.2008-ci il tarixdə cavabdeh tərəfindən verilmiş “Maliyyə arayış”larına əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti,1181-ci ünvanında yerləşən yaşayış binasında 39 mənzilin haqqı iddiaçı tərəfindən tam şəkildə ödənilmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(011)-54/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və ekspertiza Tədqiqatının dəyəri kimi hesablanmış 238 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş qeyri-yaşayış sahəsi haqqında xx.xx.2008-ci il tarixli müqavilədə tərəflər “satıcı” və “alıcı”, habelə xx.xx.2008-ci il tarixdə bağlanmış 39 ədəd müqavilədə “Kooperativ” və “Payçı” kimi göstərilsə də, həm müqavilələrin məzmunu, həm də tərəflər arasında yaranmış münasibətlərin xarakteri baxımından müəyyən edilir ki, onlar arasında, əslində podrat müqaviləsi bağlanmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, müqavilələr bağlanarkən nə qeyri-yaşayış sahəsi, nə də mənzillər mövcud olmamışdır. Digər tərəfdən, bağlanmış müqavilənin məzmunundan da görünür ki, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında yerləşən binanın tikintisi başa çatdıqdan sonra A1 girişinin 2 mərtəbəsində 300 kv.m qaraj sahəsini və 4-16-cı mərtəbələrində yerləşən 39 ədəd mənzili inşa edərək iddiaçıya verməyi, iddiaçı isə həmin əmlakların dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Ona görə də məhkəmə hesab etmişdir ki, tərəflər arasında yaranmış mülki hüquq münasibəti xarakterinə görə podrat müqaviləsinin şərtlərinə uyğun gəldiyindən müqavilə əslində podrat müqaviləsi kimi bağlanmışdır. Mülki Məcəllədə podrat müqaviləsinə verilmiş anlayışdan da görünür ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (752.1-ci maddə). Bundan başqa, iddiaçının cavabdeh MTK-ya payçı kimi üzvlüyə qəbul olunması ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 1181-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının A1 girişinin 2-ci martəbəsində qeyri-yaşayış sahəsinin tikintisi barədə xx.xx.2008-ci il tarixdə 005 saylı, habelə eyni ünvanda yerləşən çoxmənzilli yaşayış binasının A1 girişinin 4-16-cı mərtəbələrində 39 ədəd mənzilə dair podrat müqaviləsi bağlanmış, buna baxmayaraq cavabdeh müqavilədə müəyyən edilmiş müddət ərzində qeyri-yaşayış sahəsini və mənzilləri iddiaçıya təhvil verməməklə öhdəliyini pozmuşdur. Lakin məhkəmə hesab etmişdir ki, iddiaçı Mülki Məcəllə ilə müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilələrin 2.1-ci bəndlərində obyektin tikintisinin layihə sənədlərinə və tikinti norma-qaydalarının tələblərinə uyğun surətdə iki il müddətinə təhvil verilməsi, tikinti başa çatdıqdan sonra müqavilə şərtlərinə uyğun olaraq yaşayış sahələrinin iddiaçıya verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, cavabdeh qeyri-yaşayış sahəsini və mənzilləri xx.xx.2010-cu il tarixədək iddiaçıya təhvil verməli olsa da, öhdəliyinin icrasının başa çatdığı müddətdən 10 ildən artıq vaxt keçməsinə baxmayaraq nə qeyri-yaşayış sahəsini, nə də məznilləri iddiaçıya təhvil verməmişdir. İddiaçı isə müvafiq iddia tələbi ilə xx.xx.2020-ci il tarixdə, yəni cavabdehin müqavilə üzrə ödəliyinin icrasının başa çatdığı vaxtdan 10 ildən artıq müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiaçı göstərilən müddət ərzində cavabdeh tərəfindən öhdəliyini icra etməməsi barədə məhkəməyə müraciət etməməklə, iddia müddətini ötürmüş, iddia müddətini üzürlü səbəbdən ötürməsi ilə bağlı isə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilməsəydi belə Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən də iddia tələbi təmin edilə bilməzdi. Beləliklə, yuxarıda şərh edilən əsaslara görə məhkəmə hesab etmişdir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyindən və cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373, 375.2, 551.1, 752.1 eləcə də Azərbaycan Respublikasının MPM-nin 14.2, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

8. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsin xahiş etmişdir.

9. Apelyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni yalnız qanunu özünəməxsus qaydada və tərzdə “təhlil və təfsir etmə qaydası” ilə əsaslandırmağa çalışmışdır. Belə ki, qeyd olunur ki, müqavilənin məzmununa görə cavabdeh mənzili inşa edərək iddiaçıya verməyi, iddiaçı isə həmin əmlakların dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Bununla da bu müqavilə podrat müqavilə sayılır. Məhkəmənin gəldiyi bu nəticə tamamilə yanlış və qəbul edilməzdir. Belə ki, tərəflər arasında əsla hər hansı podrat müqaviləsi üzrə münasibətlərdən söhbət gedə bilməz. Belə ki, bağlanmış müqavilədə tərəflərin statusları açıq aşkar şəkildə “KOOPERATİV VƏ PAYÇİ” deyə qeyd edilmişdir. Bundan başqa bağlanmış müqavilənin heç bir bəndində müqavilənin podrat müqaviləsi olmasına dəlalət edən bir müddəa belə yer almamışdır. Mənzilin gələcəkdə inşa edilib təhvil verilməsi məsələsinə gəlincə isə istənilən tikilməkdə olan binada mənzilin əldə edilməsi (alqısatqı, kooperativdə payın əldə edilməsi və s.) ilə bağlı müqavilə bağlanılanda müqavilənin müvafiq müddəasi yuxarıda qeyd olunan şəkildə yazılır. Bundan başqa birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etmişdir. Məhkəmənin qətnamədə göstərdiyi bu məsələ də işin hallarına uyğun deyil. Belə ki, məhkəmə guya iddiaçının podrat müqaviləsi üzrə cavabdehdən öhdəliklərinin icra etməsi ilə bağlı bu iddianı qaldırdığını bildirir. Halbuki iddiaçı tərəfindən hər hansı öhdəliyin icrası ilə bağlı iddia qaldırılmamışdır. Belə ki, əvvəldən iddiaçıya təhvil verilmiş əmlaklar sonradan iddiaçının azadlıqdan məhrum edilməsi nəticəsində cəzaçəkmə müəssisəsində olmasından sui-istifadə edilməsi nəticəsində iddiaçının əmlaklarından sərbəst istifadə edilməsi hüququndan məhrum edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək həmin əmlaklardan istifadəyə törədilən maneələrin aradan qaldırılması və əmlakların ona təhvil verilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri üzrə iddia müddətinin şamil edilməsinin yolverilməz olduğu təsbit edilmişdir. Lakin məhkəmə buna əhəmiyyət verməyərək sanki iddiaçı tərəfindən hər hansı bir podrat müqaviləsi üzrə digər tərəfdən hər hansı öhdəliyin icra edilməsinin tələb olunduğu absurd şəkildə iddia edilərək iddia müddətinin ötürüldüyü qənaətinə gəlinmişdir. Həmçinin məhkəmə müqavilənin 2.1-ci bəndinə istinad edərək müqavilə üzrə öhdəliklərin icrası müddətinin 2 il olması və bu 2 ilin müqavilənin bağlanıldığı xx.xx.2008-ci ildən hesablanmaqla icra müddətinin son tarixinin xx.xx.2008-ci il olduğu və bundan sonra iddiaçının yalnız podrat müqaviləsi üzrə daşınmaz əmlakla bağlı yalnız 6 il müddətində tələb edə bilmə yəni xx.xx.2016-cı ilədək hüququnun olduğunu bildirmişdir. Müqavilənin 2.1-ci bəndinə baxan məhkəmə nədənsə müqavilənin 4-cü maddəsini - bu müqavilə hər iki tərəf imzaladığı gündən qüvvəyə minir vətərəflərin öz üzərinə götürdükləri öhdəlikləri tam həcmdə yerinə yetirilənə qədər qüvvəsini saxlayır” diqqətdən kənar saxlamışdır. Yəni tərəflər arasında müqavilənin hazıradək qüvvədə olması və zərurət olarsa hazırda da istənilən tələblə cavabdehə - kooperativə qarşı iddia qaldırmaqda iddiaçının – payçının haqlı olmasına əhəmiyyət verilməmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, iddiaçı ona təhvil verilmiş əmlakların sonradan onun azadlıqdan məhrum edilməsi nəticəsində cəzaçəkmə müəssisəsində olmasından sui-istifadə edilməsi nəticəsində əmlaklarından sərbəst istifadə edilməsi hüququndan məhrum edilməsinə dair cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək həmin əmlaklardan istifadəyə törədilən maneələrin aradan qaldırılması və əmlakların ona təhvil verilməsini məhkəmədən tələb etsə də məhkəmə əsassız olaraq iddia müddətinin tətbiq edilməli olması nəticəsinə gələrək iddianı rədd etmişdir. Həmçinin iddiaçı - payçı ilə cavabdeh - kooperativ arasında mənzillərin və qeyri yaşayış sahəsinin təqdim edilməsi haqqında müqavilə bağlanmasına baxmayaraq məhkəmə əsassız şəkildə bu müqavilənin podrat müqaviləsi olması nəticəsinə gəlmişdir. 12.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Mənzil Tikinti Kooperativinin sədri Hikmət Yigitdöl apellyasiya şikayətinə etiraz edərək, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı müqavilələrdən imtina etmiş və bunu imzası ilə təsdiq etmişdir, alkin sonradan həmin imzaların ona məxsus olmasını inkar etmişdir. Tərəflər arasında bağlanmış müqavilələrdəki imzaların da iddiaçıya məxsus olması mübahisəlidir. Həmin imzalar yoxlanılmalıdır. Həmçinin iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərkən, iddia müddətini də ötürmüşdür. Hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

Tətbiq edilən maddi hüquq normaları:

13.Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 14.Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 15.Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 16.Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 17.Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 18.Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 19.Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20.Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 21.Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 22.Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Apelyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.

27. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iddia tələbinə iddia müddətini tətbiq etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. 28.Belə ki, iddiaçının tələbindən görünür ki, iddiaçı iddia ərizəsində göstərilən mənzillərə dair istifadə və sahiblik hüququnun tanınması, qeyri-yaşayış sahəsi və mənzillərin sahibliyinə və istifadəsinə verilməsinin cavabdehə həvalə edilməsi və mübahisəli yaşayış və qeyri-yaşayış sahələrinə köçürülməsini tələb etmişdir. 29.Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. 30.Göründüyü kimi hazırda iddiaçının tələbi də sahiblik hüquqlarının pozulması ilə bağlı olmuş və tələbində həmin pozuntuların aradan qaldırılmasını xahiş etmişdir. 31.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə haqlı olmamışdır. 32.Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbinə işdə olan sübutlar əsasında mahiyyəti üzrə qiymət verilməlidir.

33. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2008-ci il tarixdə qeyri-yaşayış sahəsinə dair 005 saylı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 1181-ci ünvanında yerləşən kooperativ binasının 2 mərtəbəsində 300 kv.m qaraj sahəsini tikərək iddiaçıya verməyi, iddiaçı isə qeyri-yaşayış sahəsinə görə 300000 manat ödəməyi öhdələrinə götürmüşlər. xx.xx.2008-ci il tarixdə cavabdeh tərəfindən verilmiş Maliyyə arayışına əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri olan 300 000 manat pay haqqı iddiaçı tərəfindən tam ödənilmişdir. Həmçinin, Vaqifoğulları Holdinq” MMC-nin adından iddiaçı ilə cavabdeh arasında Xətai rayonu, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən çoxmənzili yaşayış binasında 39 ədəd - 4-cü mərtəbədə 4 ədəd, 5-ci mərtəbədə 1 ədəd, 6-cı mərtəbədə 4 ədəd, 7-ci mərtəbədə 3 ədəd, 8-ci mərtəbə 3 ədəd, 9-cu mərtəbə 3 ədəd, 10-cu mərtəbə 4 ədəd, 11-ci mərtəbə 3 ədəd, 12-ci mərtəbə 3 ədəd, 13-cü mərtəbə 3 ədəd, 14-cü mərtəbə 3 ədəd, 15-ci mərtəbə 2 ədəd və 16-cı mərtəbə 3 ədəd mənzilə dair müqavilə bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh müqavilələrdə göstərilən yaşayış sahələrini (sahənin tam dəyərini müqavilələrdə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. 31 iyul 2008-ci il tarixdə hər bir müqavilə üzrə verilmiş Maliyyə arayışlarına əsasən mənzillərin dəyəri ödənilmişdir. 34.Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi - Xətai rayonu, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən çoxmənzili yaşayış binasında 39 ədəd - 4-cü mərtəbədə 4 ədəd, 5-ci mərtəbədə 1 ədəd, 6-cı mərtəbədə 4 ədəd, 7-ci mərtəbədə 3 ədəd, 8-ci mərtəbə 3 ədəd, 9-cu mərtəbə 3 ədəd, 10-cu mərtəbə 4 ədəd, 11-ci mərtəbə 3 ədəd, 12-ci mərtəbə 3 ədəd, 13-cü mərtəbə 3 ədəd, 14-cü mərtəbə 3 ədəd, 15-ci mərtəbə 2 ədəd və 16-cı mərtəbə 3 ədəd mənzilə dair hissədə iddiaçının subyektiv hüququ olmaması əsası ilə təmin edilə bilməz. 35.Belə ki, həmin müqavilələrdən görünür ki, payçı qismində müqavilələr "xxxx" MMCnin adından direktoru qismində İddiaçı tərəfindən imzalanmış, hazırki iddia tələbini də İddiaçı öz adından qaldırmışdır. 36.Halbuki hazırki mülki iş üzrə mübahisə predmeti olan müqavilələr məhz hüquq münasibətlərinin əmələ gəlməsinə yönəlməklə, müqavilənin nəticəsi olaraq, payçı ilə kooperativ arasında öhdəlik hüquq münasibətləri əmələ gəlmişdir və həmin müqavilədən irəli gələn hüquq və vəzifələr məhz müqavilə tərəflərinə, yəni "xxxx" MMC və Cavabdeh Mənzil Tikinti Kooperativinə aid olmuşdur. 37.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - Xətai rayonu, Xocalı prospekti 32, 1181-ci məhəllə ünvanında yerləşən çoxmənzili yaşayış binasında 39 ədəd - 4-cü mərtəbədə 4 ədəd, 5-ci mərtəbədə 1 ədəd, 6-cı mərtəbədə 4 ədəd, 7-ci mərtəbədə 3 ədəd, 8-ci mərtəbə 3 ədəd, 9-cu mərtəbə 3 ədəd, 10-cu mərtəbə 4 ədəd, 11ci mərtəbə 3 ədəd, 12-ci mərtəbə 3 ədəd, 13-cü mərtəbə 3 ədəd, 14-cü mərtəbə 3 ədəd, 15-ci mərtəbə 2 ədəd və 16-cı mərtəbə 3 ədəd mənzilə dair hissədə təmin edilməməlidir. 38.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddia tələbi - xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə münasibətdə əsaslı olmuşdur. 39.Belə ki, həmin müqavilə məhz iddiaçı fiziki şəxs qismində imzalamış və müqaviləyə əsasən müəyyən edilmiş sahəninin ümumi dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Həmçinin qeyd edilən müqavilədən görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi “satıcı”, İddiaçı isə “alıcı” qismində olmuşdur. 40.Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 41.Göründüyü kimi hazırda mübahisələndirilən xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilə podrat müqaviləsi olmamış və müqavilə istinad edilən normanın tələblərinə uyğun olaraq “alqı-satqı müqaviləsi” məzmununda bağlanmışdır. 42.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi göstərilən hissədə də maddi normanın tətbiqində səhvə yol vermişdir.

43. Bununla belə cavabdeh müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, müqavilədə göstərilən qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməkdən yayınmışdır. 44.Halbuki Mülki Məcəllənin 568-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. 45.Göründüyü kimi iddia tələbi - xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqaviləyə əsasən - Bakı şəhəri. Xətai rayonu, Xocalı küçəsi, 1181-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının A1 girişində - 2 mərtəbədə, ümumi sahəsi 300 kv.m olan qaraj sahəsinin iddiaçının sahibliyinə və istifadəsinə verilməsi hissəsində əsaslı olmuşdur. 46.Bundan başqa iddiaçı tələbində - qeyri-yaşayış sahələrinə istifadə hüququnun tanınması və köçürülməsini tələb etsə də, həmin iddia tələbi təmin edilə bilməz, çünki iddiaçının köçürülməsini tələb etdiyi sahə yaşayış sahəsi olmamış, qeyri-yaşayış sahəsi olmuşdur. Bu baxımdan iddiaçının qeyri-yaşayış sahəsinə köçürülməsini və istifadə hüququnun tanınmasını tələb etməsi əsassız olmuşdur. 47.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı xx.xx.2010-cu il tarixli Borc və İmtina müqaviləsindəki və xx.xx.2010-cu il tarixli Müqavilədəki imzalar İddiaçı tərəfindən icra edilib-edilməməsinin müəyyən edilməsi üçün iki dəfə ekspertiza təyin edilsə də birinci instansiya məhkəməsi qətnaməsində təqdim edilmiş rəylərə hər hansı münasibət bildirməmişdir. 48.Belə ki, təyin edilmiş ilk ekspertizanın nəticələri ilə müəyyən edilmişdir ki, xx.xx.2010-cu il tarixli Borc və İmtina müqaviləsindəki və xx.xx.2010-cu il tarixli Müqavilədəki imzalar İddiaçı tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuşdur. 49.Təyin edilmiş ikinci ekspertizanın nəticələri ilə isə müəyyən edilmişdir ki, nə uyğunlaşdırıcı əlamətlər və nə də fərqləndirici əlamətlər ayrı-ayrılıqda müəyyən bir qəti rəyə gəlmək üçün zəruri olan əlamətlər komplekslərini təşkil etmir, həmçinin tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzaların müxtəlif variantlarda icra olunması müqayisə vaxtı imkan vermir ki, tədqiq olunan imzaların İddiaçı tərəfindən icra olunub-olunmaması haqqında qəti bir rəyə gəlmək üçün zəruri olan əlavə eyniləşdirici əlamətlər külliyyatını seçib ayrımaq mümkün olsun. Odur ki, tədqiq olunan imzaların İddiaçı tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. 50.Təqdim edilmiş hər iki rəyi iş materialları ilə birlikdə araşdıraraq məhkəmə kollegiyası qeyd edir ki, ilk dəfə təqdim edilmiş ekspet rəyi sübut kimi qəbul edilməlidir, çünki həmin rəydə dəqiqliklə xx.xx.2010-cu il tarixli Borc və İmtina müqaviləsindəki və xx.xx.2010-cu il tarixli Müqavilədəki imzalar İddiaçı tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Sonradan imzanın yoxlanılmasının mümkün olmaması barədə rəy verilsə belə bu hal həmin rəyin mötəbərliyi yoxlanılan sübutlarla şübhə altına almaq üçün əsaslar olmuşdur. 51.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2010-cu il tarixli Borc və İmtina müqaviləsindəki və xx.xx.2010-cu il tarixli Müqavilədəki imzalar İddiaçı tərəfindən yox, onun həqiqi imzalarına oxşadılmaqla başqa şəxs tərəfindən icra olunmuş və həmin müqavilənin iddiaçı üçün hər hansı hüquq və vəzifələri yaratmamışdır. 52.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

53. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 55.Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmuşdur.

56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən – tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilə üzrə Bakı şəhəri. Xətai rayonu, Xocalı küçəsi, 1181-ci məhəllədə yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının A1 girişində, 2 mərtəbədə, ümumi sahəsi 300 kv.m olan qaraj sahəsi Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı istifadəsinə və sahibliyinə verilməsi hissəsində təmin edilməli və iddia tələbi qalan hissədə iddiaçının subyektiv hüququ olmaması əsası ilə rədd edilməlidir.

57. MPM-nin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.

58. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(011)-54/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2008-ci il tarixli qeyri-yaşayış sahəsi haqqında müqavilə üzrə Bakı şəhəri. Xətai rayonu, Xocalı küçəsi, 1181-ci məhəllədə yerləşən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının A1 girişində, 2 mərtəbədə, ümumi sahəsi 300 kv.m olan qaraj sahəsi Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı istifadəsinə və sahibliyinə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar