Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4494/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, Cavabdeh2 açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-742/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh2 ASC-nin apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" məhdud məsuliyyətli cəmiyyətinə, Cavabdeh2 açıq səhmdar cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı2 Cəfər oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.06 ha torpaq sahəsində yerləşən b-2201 nömrəli bağ evinə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 537/21 saylı hərrac protokolunun və İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospektindəki 49 nömrəli evin 33 nömrəli mənzilinə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı hərrac protokolunun etibarsız hesab edilməsinə və onlardan yaranan hüquqi nəticələrin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiada göstərilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2016-cı ıl tarixli 2(005)-338-2016 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, H58KTN nömrəli, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh “X4 təsərrüfatı“ MMC-dən bankın xeyrinə 178690 ABŞ dolları əsas, 74963.59 ABŞ dolları faiz, cəmi 253.653,59 ABŞ dolları borcun tutulması, borc tələbinin ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 49 nömrəli evin, 33 nömrəli mənzilinə, T.Ərizanovaya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində 16 nömrəli evin, 59 nömrəli mənzilinə və A.Nuriyevə məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində B-2201 nömrəli bağ evinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində 49 nömrəli evin, 33 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 90000 manat, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində 16 nömrəli evin, 59 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinin 75000 manat və Sumqayıt şəhəri, Novxanı bağ massivində 01 nömrəli bağ evinin açıq hərracda ilkin satış qiymətinin 165000 manat müəyyən edilməsi, əmlakların satılması və əldə ediləcək vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra ipoteka predmetlərinin satışından qalan məbləğin müvafiq cavabdehlərə qaytarılması, əmlaklar satıldıqdan bir ay sonra cavabdehlərin oranı tərk etmələri, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və aidiyyəti üzrə hazırkı iş üzrə cavabdeh Sumqayıt şəhər İcra Şöbəsinə göndərilmişdir. Sumqayıt İcra Şöbəsi tərəfindən hərrac keçirilməsi üçün iş hazırki iş üzrə cavabdeh "xxxx" MMC-yə göndərilmişdir. Təəssüflər olsun ki, cavabdeh hərrac mərkəzi tərəfindən hərrac hərəkətləri "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanunun) tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, hərrac keçirilən zaman açıq hərrac keçirilməli və hərrac barədə elan verilməli olsa da hərrac mərkəzi bunu etməmiş, hərracda kənar şəxslərin iştirakının qarşısı alınmışdır. İstər cavabdeh "xxxx" MMC, istərsə də "MuğanBank” bu yolla mənzilə əlavə təkliflərin qarşısını almış və torpaq sahəsinin, eləcə də mənzilin dəyərindən qat-qat aşağı qiymətə balansa keçirilməsinə nail olmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-742/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı Hərrac protokolunun, alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Qətnamədən İddiaçı2 və Cavabdeh2 ASC tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçı2 iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin edilmədiyi hissədə ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş edərək şikayətində göstərmişdir ki, Nizami rayon İcra Şöbəsinin hərracın keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli sifariş məktubt Bakı Hərrac Mərkəzi MMC-yə daxil olmuşdur. Bundan sonra, Bakı Hərrac Mərkəzi MMC tərəfindən ilkin hərrac xx.xx.2021-ci il tarixində saat 11:00-a təyin edilmişdir. Qeyd olunan hərracın təşkili barədə "Nedelya" qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli saytlarında elan verilmişdir. İlkin hərracın keçirilməsinə dair İddiaçı1 xx.xx.2021-ci il tarixində xəbərnaməli bildiriş göndərilmiş, xx.xx.2021-ci il tarixində qəbul edilmişdir (Bakı Hərrac Mərkəzi tərəfindən təqdim edilmiş iş materiallarına əlavə edilmişdir). Qeyd olunan ilkin hərrac təyin edilmiş vaxtda, yəni xx.xx.2021-ci il tarixində saat 11:00-da keçirilmiş, lakin alıcı olmadığı üçün ilkin hərrac baş tutmamışdır. İddiaçı1 ilkin hərracın keçirilməsi ilə bağlı məlumatı olmuş, hətta bununla bağlı məsələnin həlli üçün ipoteka saxlayan "xxxx" ASC-yə yaxınlaşmışdır. Bundan sonra, "xxxx" MMC tərəfindən təkrar hərrac xx.xx.2021-ci il tarixində saat 11:00-a təyiı edilmişdir. Qeyd olunan təkrar hərracın təşkili barədə "Market" qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli saylarında elan verilmişdir. Təkrar hərracın keçirilməsinə dair İddiaçı1 xx.xx.2021-ci il tarixində eyni ünvana xəbərnaməli bildiriş göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığına dair məktub qəbul edilməmişdir (Bakı Hərrac Mərkəzi tərəfindən təqdim edilmiş iş materiallarına əlavə edilmişdir). Qeyd olunan təkrar hərrac təyin edilmiş vaxtda, yən xx.xx.2021-ci il tarixində saat 11:00-da keçirilmiş, lakin alıcı olmadığı üçün təkrar hərrac baş tutmamışdır. Təkrar hərracın baş tutmaması barədə "Market" qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli saylarında elan verilmişdir (bütün məlumatlar iş materiallarında mövcuddur). Məhkəmə qət etdiyi qətnamədə yalnız "İpoteka haqqında" Qanunun 42.1-ci maddəsinə istinad etmiş, lakin düzgün hüquqi mövqe göstərməmişdir. Qeyd olunan maddədə göstərilmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş iş materiallarından görünür ki, hərrac mərkəzi tərəfindən qanunla müəyyən edilmiş qaydada müvafiq məlumatların yer aldığı xəbərnaməli bildirişlər göndərilmişdir. Bundan başqa, İddiaçı1 tərəfindən ilkin hərracın keçirilməsinə dair bildiriş şəxsən özü tərəfindən qəbul edilmiş, lakin buna baxmyaraq iddiaçı ilkin hərracda iştirak etməmişdir. Bundan sonra, təkrar hərracın keçirilməsinə dair müvafiq xəbərnaməli bildiriş eyni ünvana göndərildiyi zaman İddiaçı1 həmin ünvanda yaşamadığı evdə olan digər şəxs tərəfindən bildirilmişdir, halbuki ilkin hərrac keçirilməsinə dair bildirişi həmin ünvanda İddiaçı1 tərəfindən şəxsən qəbul edilmişdir. Bundan başqa, İddiaçı1 ilkin hərracdaı sonra banka yaxınlaşmış, təkrar hərracın vaxtı və yeri barədə məlumatı olduğunu bildirmişdir. Həmçinin, məhkəmə prosesi zamanı İddiaçı1 tərəfindən təkrar hərracın vaxtı və yeri barədə məlumatlı olduğu etiraf edilmişdir. Buna baxmayaraq, məhkəmə tərəfindən yuxarıda qeyd olunan sübutlara düzgün qiymət verilməyərək məhkəmə tərəfindən əsassız qətnamə qət edilmişdir. Qanunvericilik hərracı keçirən təşkilatın üzərinə hərracın keçirilməsi barədə bildirişləri borclunun və ya daşınmaz əmlak sahibinin şəxsən özünə çatdırılması kimi bir vəzifə qoymayıb, bildirişlərin həmin şəxsin və ya şəxslərin yaşadığı və ya qeydiyyatda olduğu ünvana göndərilməsi qanunvericiliyin sadalanan əsasları baxımından məlumatlandırmanın yerinə yetirilməsi kimi qiymətləndirilir. Məhkəmə iclasında Cavabdeh2 ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar İddiaçı2, İddiaçı1 və cavabdehlər "xxxx"nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir, səbəbi barədə məhkəməyə məlumat verməyiblər, İddiaçı1 isə vəsatətlə məhkəməyə müraciət edərək apellyasiya şikayətləri ünvanına göndərilmədiyindən məlumatsız olduğunu, buna görə də öz hüquqlarını həyata keçirə bilmədiyini, vəkillə müqavilə bağlamaq niyyətində olduğunu, lakin vaxt baxımından bunu edə bilmədiyini, buna görə də məhkəmə baxışının təxirə salınmasını və apellyasiya şikayəti ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçıların və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat: Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırıb ki, məhkəmə ilk növbədə iddia tələbinin “İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 49, mənzil 33-ə dair keçirilmiş hərrac protokolunun ləğv edilməsi hissəsinə” münasibət bildirərək qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərə məhkəmə tərəfindən baxış keçirilərkən İddiaçı1 hərracın keçirilmə vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığı təsdiq edilmir. Bu səbəbdən iddia ərizəsi İddiaçı1na münasibətdə təmin edilməli, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı hərrac protokolu etibarsız hesab edilməlidir. Göründüyü kimi, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsi ilə hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi barədə bildirişin ipoteka qoyana verilməsini təsdiq etmə üsulu göndərilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən qanunun göstərilən tələbinə riayət olunmadan hərrac keçirilmişdir. Hərracın təşkilatçısı tərəfindən ipoteka qoyana (iddiaçıya) hərracın keçirilməsi barədə bildirişin göndərilməməsi qeyd edilən qanunun 42-ci maddəsinin tələbləri baxımından qanuna uyğun hesab edilə bilməz. “Cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı2 Cəfər oğlunun mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.06 ha torpaq sahəsində yerləşən b-2201 nömrəli bağ evinə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 537/21 saylı hərrac protokolunun etibarsız hesab edilməsi” hissəsində iddia tələbini etibarsız hesab edir. Belə ki, qeyd edilən hərraca dair hərrac sənədləri məhkəməyə təqdim edilməmiş, iddia bu hissədə əsaslandırılmamışdır. Tətbiq edilməsi nəzərdə tutula bilən hüquq. “İpoteka Haqqında” Qanun: Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Mülki Məcəllə: Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydalan pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarda həmçinin vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı2 apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi üçün əsas olmasa da, Cavabdeh2 açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə də rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. İddiaçı2 apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi, Cavabdeh2 açıq səhmdar cəmiyyətinin apellyasiya şikayətinin məzmunundan isə görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin digər hissəsi, yəni iddianın təmin edilən hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), şikayətlərin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılır, mübahisələndirilməyən hissələr isə yoxlanılmır. İddia tələblərinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından iş üzrə birinci instansiya məhkəməsinin iddianı İddiaçı1 münasibətdə təmin etməklə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada İddiaçı1 yaşadığı və qeydiyyatda olduğu ünvana bildiriş göndərilmiş, birinci hərrac barədə bildirişi şəxsən almış, ikinci hərrac barədə “ünvan düzgün deyil”, “bu ünvanda yaşamır” “bina sökülüb” qeydi yazılmaqla bildirişlərlər geri qaytarılmışdır(bax.i.v.53;55). Bundan əlavə, birinci hərrac barədə "Nedelya" qəzetinin xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli saytlarında, ikinci hərrac barədə “Market” qəzetlərində(bax.i.v.59-63) elan verilmişdir. Buna baxmayaraq ipoteka qoyanın bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Ona görə mənzilin və evin hərrac yolu ilə satılması iddiaçıların hüququna və mənafeyinə zidd hesab edilə bilməz. İddiaçının qeyd olunan qəzetlərin mövcudluğundan xəbəri olmaması, oradakı məlumatları və elanları görə bilməməsi də da iddianın əsaslı olmasına dəlalət etmir. Digər İddiaçı2 isə icra sənədi üzrə nə ipoteka qoyan, nədə borcalan olması işdən görünmür və bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İkincisi, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış mənzilin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin mənzili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin mənzili hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın baş tutmasına mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur. Bununla yanaşı, artıq tələbkar bankın hər iki ipoteka predmetinə dair mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. Üçüncüsü, qeyd olunduğu kimi İddiaçı1 vəsatətlə məhkəməyə müraciət edərək apellyasiya şikayətləri ünvanına göndərilmədiyindən məlumatsız olduğunu, buna görə də öz hüquqlarını həyata keçirə bilmədiyini, vəkillə müqavilə bağlamaq niyyətində olduğunu, lakin vaxt baxımından bunu edə bilmədiyini, buna görə də məhkəmə baxışının təxirə salınmasını və apellyasiya şikayəti ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş edir. Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. İşə əlavə edilmiş məhkəmə sənədlərinin proses iştirakçılarının Elektron kabinetinə yerləşdirilməsinə dair “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, qeyd olunan sənədlər elektron kabinetə 26 may 2022-ci ildə saat 16:48-də yerləşdirilmiş və prosessual qanunvericiliyin tələbinə əsasən həmin vaxtdan məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İddiaçı1 “Elektron məhkəmə” informasiya sistemində xx.xx.2021-ci ildə qeydiyyatdan keçdiyindən məhkəmə sənədləri də onun həmin sistemdə yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Buna görə də İddiaçı1 26 may 2022-ci ildən 20 iyun 2022-ci ilədək 25 gün keçməsinə baxmayaraq apellyasiya şikayətləri ünvanına göndərilmədiyindən məlumatsız olduğunu, buna görə də öz hüquqlarını həyata keçirə bilmədiyini, vəkillə müqavilə bağlamaq niyyətində olduğunu, lakin vaxt baxımından bunu edə bilmədiyini, məhkəmə baxışının təxirə salınmasını və apellyasiya şikayəti ilə tanış olmaq üçün şərait yaradılmasını xahiş etməsi əslində açıqaşkar hüquqdan pis niyyətlə sui-istifadə etmə xarakteri daşıyır. Əks halda İddiaçı1 qeyd olunan müddətdə göstərdiyi hüquqlarından istifadə etməyə heç bir maneə yox idi. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli və qətnamə onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılmalı; Cavabdeh2 ASC-nin apellyasiya şikayəti isə təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-742/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın təmin edildiyi cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı Hərrac protokolunun, alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin, Cavabdeh2 açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti isə təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-742/2022 saylı, 12 aprel 2022-ci il tarixli qətnaməsi qismən, yəni iddianın qismən təmin edildiyi cavabdeh “Bakı Hərrac Mərkəzi" MMC tərəfindən İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, ev 49-da yerləşən 33 saylı mənzilə dair keçirilən 30 noyabr 2021-ci il tarixli 495/21 saylı Hərrac protokolunun, alqı-satqı müqaviləsinin və onun nəticələrinin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin və iddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4494/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4494/2022
20.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver