Məhkəmə qərarları › İş №2(103)-450/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-450/2022

02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-450/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Bakı şəhəri Səbail Bələdiyyəsi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X6 adına olan Ö.F.Nemanzadə küçəsi 1 ünvanda yerləşən 17 saylı bazarın vərəsəliyinin müəyyən edilməsi üçün mərhumun oğlu Cavabdeh və mərhumun həyat yoldaşından və ya Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğulanaraq müəyyənləşdirilməsi, cavabdeh şəxsdən vərəsəlik hüququ olan Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh X9 arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 15.03.2017-ci il tarixdə 3M-49 reyestr nömrəsi ilə qeydə alınmış İ.Fərzəliyevin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.m qeyri-yaşayış sahəsinin 401,3 kv.m-nin ********* AZM (50000 AZN) Səbail Bələdiyyəsinə satılmasına dair sazişin etibarsız hesab edilməklə, vəsaitin bələdiyyə büdcəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim İ.Əliyev, iş № 2(001)-5923/19) iddia rədd edilmişdir Bundan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev - sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-811/2020) apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin olunmaqla Cavabdeh Səbail Bələdiyyəsinin xeyrinə 50.000 manat tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər İ.Xəlilov -sədrlik edən və məruzəçi, Ə.Əliyev və M.Əhmədova, iş № 2(102)-4227/20) kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Tanrıverdiyev - sədrlik edən və məruzəçi, T.Səmədov və İ.Şirinov, iş № 2(103)-678/21) Səbail Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov - sədrlik edən və məruzəçi, G.Quliyev və Z.Əliyev, iş № 2(102)-3868/2021) iddiaçı Səbail Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşin halları: İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh X9 arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 25.07.2002-ci il tarixdə 4Ə/1-72 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X9 Azərbaycan Respublikasının İİN tərəfindən verilmiş 27.06.2002-ci il tarixli 001398 nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kv.m qeyri-yaşayış sahəsinin 401,3 kv.m-ni ********* AZM-ə (50000 AZN) Səbail Bələdiyyəsinə satmışdır. Həmin müqaviləyə əsasən 50000 manat bələdiyyə tərəfindən Fərzəliyev İmamverdiyə ödənilmişdir. X9 müqavilə əsasında Səbail Bələdiyyəsinə satmış olduğu 401,3 kv.m qeyri-yaşayış sahəsini Səbail Bələdiyyəsinin balansına keçirməkdən imtina etdiyinə görə tərəflər bələdiyyə tərəfindən Cavabdeh verilmiş 50000 manat pulun geri qaytarılması şərti ilə alqı-satqı müqaviləsinin ləğvinə razılaşmış və Bakı şəhəri 2 saylı DNK-da 15.03.2017-ci il tarixli alğı-satqı müqaviləsi ləğv edilmişdir. Həmin müqavilənin şərtinə əsasən də X2 Bələdiyyəsindən almış olduğu 50000 manat pulu bələdiyyəyə qaytarmalı olduğu halda, həmin məbləği bugünədək qaytarmamış və qaytarmaqdan imtina edərək, Səbail Bələdiyyəsini aldatmışdır. X9 qara fikirli niyyətlə Səbail Bələdiyyəsi ilə razılığa gələrək və Bələdiyyənin nümayəndəsini aldatmaqla, alqı-satqı müqaviləsinin ləğvinə dair saziş bağlanmasına nail olduğundan, həmin saziş bağlandığı andan etibarsız hesab edilməklə ləğv olunmalıdır. 2018-ci ilin fevral ayında X9 dünyasını dəyişmiş, tərəflər arasında olan mübahisəli məhkəmə prosesi bazara aid vərəsəlik hüququnun kimliyi müəyyənləşdirilənədək məhkəmə öz işini təxirə salmışdır. Vərəsə artıq müəyyən olunmuş, lakin onlara məlum olmayan səbəblərdən varis mərhum X4 Fərzəliyev və mərhumun həyat yoldaşı vərəsəliyin kimə məxsus olmasını onlara dəfələrlə müraciət olunmasına baxmayaraq gizlədirlər. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X9 Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 25.07.2002-ci il tarixli 4ə/1-72 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsindən sonra müxtəlif bəhanələrlə satmış olduğu bazarın 401.3 m2 hissəsini Səbail Bələdiyyəsinin balansına keçirməkdən yayınmağa başlamışdır. Ona dəfələrlə xəbərdarlıq edilsə də o, bütün xəbərdarlıqlara məhəl qoymamış, sonda Səbail Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi və hal-hazırda Səbail Bələdiyyəsi sədrinin müavini X13 ilə X8 Əli oğlu arasında Ö.F.Nemanzadə küçəsi 1-də yerləşən 17 saylı bazarın 668 m2 sahəsinin satılmış 401.3 m2 hissəsini ya Səbail Bələdiyyəsinin balansına keçirilməli, ya da keçirilmədiyi təqdirdə ödənilmiş məbləğin geri qaytarılması barədə 2 saylı notariat kontorunda müvəqqəti təkrar olaraq saziş bağlanmışdır. X1 ölüm faktı qeydə alındıqda vərəsəlik hüququ tanınanadək bağlanmış sazişin uzadılması qərara alınmışdır. İddianın təmin edilməsinin digər səbəbi onunla izah olunur ki, bağlanmış saziş Cavabdeh ilə deyil, mərhum X7r və hal-hazırda varisin qeyri-müəyyənliyi əsas gətirilmişdir. Halhazırda vərəsəliyin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə təqdim edilmiş vərəsəliyin müəyyənləşdirilməsi və rəsmiləşdirilməsi barədə sənədlərə mərhum X6 ailə üzvləri müraciət edərək mərhumun oğlu Cavabdeh xeyrinə imtina etmişlər. Daha sonra iddiaçı apellyasiya şikayətinə dəqiqləşdirmə təqdim edərək 50.000 manatın Səbail Bələdiyyəsinə geri qaytarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Səbail Bələdiyyəsi ilə cavabdeh X9 arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda 25.07.2002-ci il tarixdə 4Ə/1-72 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X9 Azərbaycan Respublikasının İİN tərəfindən verilmiş 27.06.2002-ci il tarixli 001398 nömrəli şəhadətnaməyə əsasən mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarda olan 668 kvm qeyri-yaşayış sahəsinin 401,3 kvm-ni ********* AZM-ə (50000 AZN) Səbail Bələdiyyəsinə satmışdır. Həmin müqavilə tərəfləri arasında bağlanmış və Bakı şəhəri 2 saylı Dövlət Notariat Kontorunda təsdiq olunmuş 15.03.2017-ci il tarixdə sazişlə adı çəkilən alqı-satqı müqaviləsi ləğv edilmişdir. Sazişə əsasən X9 Bakı şəhəri Səbail Bələdiyyəsindən götürdüyü məbləği geri qaytarmağı öhdəsinə götürmüşdür. X9 2018-ci ildə vəfat etmişdir. Hazırda iddiaçı müqavilənin (sazişin) tələblərinin cavabdeh, yəni İmamverdi Fərzəliyevin oğlu tərəfindən yerinə yetirilmədiyini əsas gətirərək sözügedən Sazişin etibarsız hesab edilməsi tələbi ilə məhkəmədə çıxış edir. İddia tələbi iki hissədən ibarətdir: - 15 mart 2017-ci il tarixli Sazişin etibarsız hesab edilməsi; - 2018-ci ilin fevral ayında vəfat etmiş İmamverdi Fərzəliyevin oğlu və vərəsəsi Cavabdeh ödənilmiş pul vəsaitinin geri qaytarılması. İddiaçı öz iddiasını hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.1, 339.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 339.1-ci maddəsinə əsaəsn hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Sazişin etibarsızlığı ilə bağlı iddia ərizəsində və apellyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Məhkəməyə Sazişin etibarsızlığını şərtləndirə biləcək hər hansı sübut təqdim edilməmiş, iş materiallarında belə hal aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə koillegiyası qeyd edir ki, Sazişin etibarsızlığına aid hissədə iddia təmin edilməməlidir. Cavabdeh tərəfdən 50000 manat pul vəsaitinin tutulmasına dair iddiaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, bu hissədə iddia əsaslıdır. İş materiallarından müəyyən olunur ki, 15.03.2017-ci il tarixli Sazişin şərtləri əsasında Səbail Bələdiyyəsi öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 401,3 kv.m olan qeyri-yaşayış sahəsini İ.Fərzəliyevə qaytarmış, qeyri-yaşayış sahəsi 21 aprel 2017-ci il tarixdə İ.Fərzəliyevin adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Lakin İ.Fərzəliyev tərəfindən Saziş üzrə qeyri-yaşayış sahəsinin qaytarılması ilə bağlı ödənilmiş 50000 manat məbləğində pul vəsaiti Səbail Bələdiyyəsinə qaytarılmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, Fərzəliyev İmamverdi Əli oğlu vəfat etdikdən sonra mübahisə obyekti olan 17 saylı Bazarın sahibinin hal-hazırda kim olması müəyyən edilmir. İddiaçı iddia ərizəsində X6 adına olan Ö.F.Nemanzadə küçəsi 1 ünvanında yerləşən 17 saylı bazarın vərəsəliyinin müəyyənləşdirilməsini xahiş etsə də, iddiaçının vərəsəlik işinin açılması ilə bağlı müvafiq orqanlara sorğu verildiyi iş materialları ilə müəyyən edilmir, iddiaçı yalnız sözügedən bazara aid vərəsəliyin ondan gizlədilməsini bildirməklə kifayətlənmişdir. Bu baxımdan göstərilənlərlə bağlı məhkəmə hesab etmişdir ki, həmin hallar iddiaçının cavabdehi müəyyən etmək vəzifəsini icra etməsindən azad etmir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Məhkəmə iclasında iddiaçıya əsl cavabdehin əvəz olunması təklif olunsa da, iddiaçı müstəsna hüququndan istifadə edərək mübahisə obyekti olan bazarın vərəsəlik üzrə kimə keçməsini müəyyən etməmişdir. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası MPM-nin 50.3, 54.1-ci maddələrinə və s. normalara, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 04 may 2007-ci il tarixli qərarına istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin sonuncu - 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsa da, kassasiya məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır. Kassasiya məhkəməsinin mövqeyinə görə miras qoyanın vərəsələri mirası qəbul etmələri barədə notariat orqanına müraciət etməsələr də, məhkəmə kollegiyası mirasın vərəsələr tərəfindən faktiki qəbul edilməsinin mümkünlüyünü nəzərə alaraq mirasın faktiki qəbul edilib-edilməməsi məsələsini araşdırmalı və mübahisənin düzgün həlli üçün həqiqətin müəyyən edilməsinə nail olmalı idi. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış, mərhumun başqa əmlakının, o cümlədən yaşayış sahəsinin olub olmaması, həmin əmlakların, eləcə də, qaytarılmış qeyriyaşayış sahəsinin kimin faktiki istifadəsində olması, mərhuma məxsus qeyri-yaşayış sahəsinin satılmamış hissəsindən hansı fəaliyyət növü üçün istifadə olunması və bu fəaliyyətlə kimin məşğul olması araşdırılmamış, bu məqsədlə vərəsələrin izahatlarının dinlənilməsi təmin olunmamış, miras qalmış əmlakın qəbulunun rəsmiləşdirilməməsinin səbəbləri aydınlaşdırılmamışdır. Yuxarıda göstərilən halları araşdırmadan mirasın qəbulu barədə qəti nəticəyə gəlmək mümkün olmadığından, mirasın vərəsələr tərəfindən qəbul edilməməsi barədə məhkəmə kollegiyasının nəticəsini kollegiya əsassız saymışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq müvafiq sorğular vermiş, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 17.09.2021-ci il tarixli sorğuya cavab məktubundan müəyyən olunmuşdur ki, 26 saylı DNK-nın 17.03.2021-ci il tarixli, 2V-50 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən (ümumi sahəsi 401,3 kv.m) qeyri-yaşayış sahəsi vərəsəlik qaydasında Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, ümumi sahəsi 401,3 kv.m qeyri-yaşayış sahəsinin X5 qalmış miras əmlak olaraq Cavabdeh tərəfindən rəsmi qəbul edilməsi öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mərhum X6 15.03.2017-ci il tarixli, 3M-49 reyestrli Müqavilənin ləğvi barədə Sazişin şərtləri üzrə Səbail Bələdiyyəsinə qaytarmalı olduğu 50000 manat məbləğində pul vəsaiti miras əmlak həcmində vərəsə Cavabdeh tərəfindən Səbail Bələdiyyəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ödəniləcək 50000 manat məbləğində pul vəsaitinin miras əmlakın həddində olubolmaması müəyyənləşdirilərkən qeyd edilməlidir ki, əmlak 2002-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən 50000 manat qiymətləndirilmişdir. Məhkəmə kollegiyası tərəfindən göstərilən halların araşdırılması, o cümlədən əmlakın hazırkı dəyərinin müəyyən edilməsi məqsədilə müvafiq mütəxəssis rəyi əldə edilmişdir. Məhkəməyə təqdim edilmiş “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti" MMC-nin 14 dekabr 2021-ci il tatixli, 123-1 saylı mütəxəssis rəyinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 17 saylı bazarın 401,3 kv.m hissəsinin bazar dəyəri 950 000 manat, likvid dəyəri isə 900 000 manat təşkil edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 50000 manat məbləğində pul vəsaiti miras əmlakın dəyərinin yalnız müəyyən hissəsini təşkil edir və həmin məbləğin cavabdehdən tutulması mümkündür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslarla ləğv edilərək həmin hissədə yeni qətnamə çıxarılmalı və iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. 50000 manat məbləğində pul vəsaiti cavabdeh X3 tutulub iddiaçı Səbail Bələdiyyəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar