Məhkəmə qərarları › İş №2(103)-4504/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4504/2022

24.06.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4504/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdeh X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” barədə iddia tələbinə və Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarəyə verilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və ödənilmiş icarə haqqlarının torpaq sahəsi təhvil verildikdən sonrakı müddətə hesablanması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7214/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 162 nömrəli icarə müqaviləsi üzrə 848 manat məbləğində vəsaitin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 25 dekar 2020-ci il tarixli, 162 nömrəli icarə müqaviləsinə əsasən Ağsu şəhəri, X8 kçüəsi, 2C ünvanında yerləşən dövlət mülkiyyətində olan 3240.3 kv.metr torpaq sahəsi cavabehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə haqqı ödənilməmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 848 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə 23 iyun 2021-ci il tarixli, **********73 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavbadehin yazılı etirazı əsasında mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarəyə verilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və ödənilmiş icarə haqqlarının torpaq sahəsi təhvil verildikdən sonrakı müddətə hesablanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Ağsu şəhəri, X8 küçəsi, 2C ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0.48 (3240.3 kv.metr sahə daxil olmaqla) torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və tərəfindən ödənilmiş cəmi 1.116 manat icarə haqqlarının torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı müddətə hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini cavabdeh onunla əsaslandırmışdır ki, ilkin olaraq tərəflər arasında bağlanmış 3191 saylı, 18 iyul 2014-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən qeyd olunan 3240.3 kv.metr torpaq sahəsi onun istifadəsinə verilmişdir. 1981-ci ildə həmin ünvanda yerləşən köhnə kolxoz bazarı ərazisində yerləşən sənaye, ərzaq mağazalarında müdir işləmiş, kooperasiyanın üzvü olmuşdur. Həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçirilmişdir və 23 oktyabr 2013-cü il tarixdə çıxarış verilmişdir. Üstünlük hüququ nəzərə alınaraq həmin əmlaklar dəyəri ödənildikdən sonra ona satılmışdır. Həmin sahələr ona satıldığı zaman 0.48 ha torpaq sahəsində 3 tikili olmuşdur. Ərazidə tikintisi yarımçıq qalmış tikili ona satılmalı olduğu halda X1. Ona icarə müqaviləsi ilə istifadəsinə ayrılmış torpaq sahəsi qanunsuz olaraq X7 və qeyriləri tərəfindən zəbt edilmiş və onun istifadəsinə icarə müqaviləsi ilə verilmiş torpaq sahəsindən istifadə etməyi mümünsüz olmuşdur. İcarə müqaviləsi ilə onun istifadəsinə verilmiş torpaq sahəsində yerləşən və onun direktoru olduğu "xxxx" Firma mağzasının balansında olan tikililər Rza Quliyev tərəfindən özbaşına sökülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi ləğv edilmişdir və onun iddia tələbi qismən təmin edilmiş, X4 adına verilmiş 0,48 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət Aktı, həmin hissədəki tikililərə dair texniki pasport və digər sənədlər etibarsız hesab edilmiş, onun tərəfindən zəbt edilmiş 33 saylı inventar nömrəli 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən Əlisabir Qənbərovun direktoru olduğu "xxxx" firmasına məxsus olmuş və 69,5 kv.m tikili sahəsi olan karamel və tikiş sexləri binasının boşaldılması, Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş "xxxx" firmasına məxsus inventar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2,7 metr ölçülərdə olmuş 56 kv.metr sahəsi olan idarə binası və anbar, həmçinin 1996-cı il texniki pasporta əsasən 16,2 kv.metr sahəsi olan 4,5x3,6 metr ölçülərdə olan mağaza binası da onun hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə qətnaməyə düzəliş edilmişdir, X4 adına verilmiş 0,48 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN0001 saylı Dövlət Aktı həmin torpaq sahəsi ilə bağlı şəhadətnamə etibarsız hesab edildiyindən və cavabdehin həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüququ bağlılığı qalmadığından o, həmin ərazidə "xxxx" firmasına məxsus olan obyektlərin yerləşdiyi torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin icra edilməmişdir. Həmçinin, onun X7 və qeyrilərinə qarşı "torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddiası Ağsu Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(016)-39/2016 saylı qətnaməsi ilə təmin edilmiş, cavabdehlərin ünvan 3 ünvanda yerləşən (köhnə kolxoz bazarı ərazisi) qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.m torpaq sahəsindən çıxarılmaları, 0.48 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi və torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. 2016-cı ildə Ukraynada yaşayan oğlu və gəlini avtoqəzada vəfat etmişlər və 3 azyaşlı uşaqları qalmışdır. O, uşaqları qəyyumluğa götürməklə bağlı Ukraynaya getmiş, Ukrayna Respublikasında olarkən icarə müqaviləsinə onun məlumatı olmadan 2016-ci il tarixdə xitam verilmişdir. İcarə müqaviləsinə xitam verilməsi səbəbindən Ağsu Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir. Onunla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında həmin torpaq sahəsi ilə bağlı 162 saylı, 25 dekabr 2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlanarkən cavabdeh tərəf icarəyə verilən torpaq sahəsinin boşaldılacağına və onun istifadə etməyinə imkan yaradılacağına söz vermiş, lakin bu günə kimi həll etməmişdir. Xidmət müvafiq orqanlara bildiriş göndərməklə kifayətlənmiş, torpaq sahəsini zəbt etmiş şəxslərin oradan çıxarılması üçün ciddi tədbirlər görməmişdir. Hal-hazırda isə ondan icarə haqqının istənilməsi əsassızdır. Məhkəmə tərəfindən çıxarılmış qətnamə bir neçə dəfə icra edilsə də, torpaq sahəsini zəbt etmiş şəxslər tərəfindən qapılar sındırılaraq əraziyə daxil olmuş, həmçinin, 21 ferval 2018-ci il tarixdə icra məmurları və polis işçilərinin iştirakı ilə ona təhvil verilmiş, lakin yenidən qapıların qıfılları sındırılaraq əraziyə daxil olmuşlar və bu günə kimi həmin ərazidə qanunsuz fəaliyyətlərini davam etdirirlər. Göründüyü kimi, o, istifadəsinə icarə müqaviləsi əsasında verilmiş torpaq sahəsindən istifadə edə bilməmiş və bu gün də istifadə edə bilmir. Buna baxmayaraq, 18 iyul 2014-cü il tarixdən 02 noyabr 2016-cı il tarixədək və 25 dekabr 2020-ci il tarixdən 01 aprel 2021-ci il tarixədək icarə müqaviləsində nəzərdə tutulmuş haqqları ödəmişdir. Yəni, icarə müqaviləsində nəzərdə tutulan sahədən istifadə etmədiyi halda ondan icarə haqqları tutulmuşdur. Qeyd olunmalıdır ki, tərəfindən dəfələrlə Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə ilə müraciət edərək torpaq sahəsini zəbt edərək qanunsuz fəaliyyət göstərən şəxslərin çıxarılmaları üçün tədbir görülməsini xahiş etmiş, lakin müraciətləri nəticəsiz qalmışdır. Həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinə də ərizələrlə müraciət etmiş, yalnız müvafiq orqanlara göndərilməsi barədə ona cavablar verilmiş, heç bir əməli tədbir görülməmişdir. 10 iyul 2015-ci il tarixdə tərtib edilmiş aktla da onun torpaq sahəsindən istifadə etməməyi öz təsdiqini tapır. Halbuki, icarə müqaviləsi ilə onun istifadəsinə verilmiş torpaq sahəsinin zəbt etmiş şəxslər tərəfindən boşaldılaraq ona təhvil verilməsi üçün heç bir iş görülməmişdir. Həmin sahəni zəbt etmiş şəxslərin 0.48 ha torpaq sahəsinə heç bir aidiyyatı yoxdur, Rza Quliyevin 0,48 ha torpaq sahəsinə hüququ bağlılığı olmadığı halda halhazırda da həmin sahə onun istifadəsindədir və o, torpaq sahəsinə, şəxsi mülkiyyətində olan əmlaklara daxil ola bilmir. Hətta qəyyumluğumda olan uşaqların sosial təminatlarının təmin edilməsi məqsədi ilə ona mebel sexi avadanlıqları verilmiş, lakin o, həmin sahəyə daxil ola bilmədiyimdən həmin avadanlıqlardan da istifadə edə bilmir. Təqdim edilən surətlərdən də aydın olur ki, cavabdeh tərəf bu torpaq sahəsinin zəbt edilməsi və onun icarəyə verilmiş sahədən bir icarəyə götürən kimi istifadə edə bilməməyi barədə məlumatlıdır. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. 25 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin İİ bəndində İcarəyə verilən torpaq sahəsinin icarəçiyə təhvil verilməsi barədə öhdəlik götürülmüşdür, lakin bu öhdəliyə əməl edilməmişdir. Belə ki, cavabdeh tərəf torpaq sahəsini boşaldılmış və qanunsuz tikililər sökülmüş vəziyyətdə ona təhvil verməli idi. Göründüyü kimi, o, bir icarəçi kimi icarəyə götürülən torpaq sahəsindən məlum səbəblərə görə istifadə edə bilmir və icarəyə verən tərəfindən də torpaq sahəsinə olan müdaxilələr aradan qaldırılmamış, belə olan halda isə ondan icarə haqqının tələb edilməsi tamamilə əsassızdır. Cavabdeh tərəfindən 0.48 ha sahəsi olan torpaq sahəsi boşaldılmalı, ona təhvil verilməlidir. Həmçinin, onun tərəfindən ödənilmiş icarə haqqları torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı aylara hesablanmalıdır. Belə ki, istifadə etmədiyi halda 2014- 2016-cı illərdə 604 manat icarə haqqı ödəmiş və 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayının 1-dək 512 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7214/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə Ağsu şəhəri, X8 küçəsi, C ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.metr torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi öhdəliyinin qoyulması, Cavabdeh tərəfindən həmin torpaq sahəsinə görə ödənilmiş 520,8 (beş yüz iyirmi manat, səksən qəpik) manat məbləğində icarə haqqının torpaq sahəsinin ona təhvil verildiyi gündən sonrakı müddətə hesablanması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim: Məhəmməd Rüstəmli). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7214/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan icarə müqaviləsindən və elektron məhkəmə informasiya sistemindən görünür ki, hazırkı mülki iş üzrə cavabdeh X2 VÖEN-i var (**********) və sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iddiaçı isə hüquqi şəxsdir (VÖEN: **********), eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. İcarə verən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və icarəçi X3 arasında 25 dekabr 2020-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, icarəyəverən icarəyə verdiyi Ağsu şəhəri, X8 küçəsi, 2C ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.metr torpaq sahəsini icarəçi tərəfindən icarə şərtləri əsasında müvvəqəti istifadəyə qəbul edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 1.945,2 manat, aylıq icarə haqqı 162,1 manat təşkil edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verilən torpaq sahəsinin icarəçiyə təhvil vermək icarəyəverənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbini tam yoxlayır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Bununla bağlı Kollegiya aşağıdakları qeyd etməyi zəruri hesab edir. Belə ki, araşdırmalar zamanı müəyyən olunmuşdur ki, hazırkı mülki iş üzrə cavabdeh X2 VÖEN-i var və sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iddiaçı isə hüquqi şəxsdir, eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Beləliklə də, Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mülki iş üzrə ilkin iddia üzrə cavabdehin VÖEN-i var və sahibkarlıq fəaliyyəti ilə məşğul olur, iddiaçı isə hüquqi şəxsdir, eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. Bununla da müəyyən olunur ki, hazırkı işə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuşdur. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı iş üzrə cavabdeh fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduğu üçün və iddiaçı hüquqi şəxs olduğundan, tərəflərin münasibətləri icarə müqaviləsi ilə tənzimləndiyindən, eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda qeyd edilənlərə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarındakı göstərişlərinə əsasən, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş materialları məhkəmə aidiyyətinə əsasən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7214/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar