Məhkəmə qərarları › İş №2(103)-4516/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4516/2020

31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4516/2020 31.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən iddiaçı QSC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyasiya baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehə qarşı “əsas və faiz borcunun qaytarılması və sair tələbləri barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, “Azərbaycan Beynəlxalq Bank” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra – Bank) Xaçmaz filialı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “Kredit müqaviləsi” əsasında Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 18.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus olan “Wolkswagen Touareg” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bununla bağlı olaraq Bank ilə cavabdeh arasında xx.xx.2010-cu il tarixdə “İpoteka müqaviləsi” bağlanmış və bu müqavilə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2010-cu il tarixdə qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin “Qeydiyyat şəhadətnaməsində” müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin Banka 7.656,52 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Bank borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır. Bank ilə “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2015-ci il tarixdə “Tələb hüququnun güzəşt edilməsi barədə müqavilə” bağlanmışdır. Həmin müqaviləyə əsasən Bankın problemli aktivlərinin tələb hüququ QSC-yə keçmişdir. QSC ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxxx” əsasən isə QSC-yə keçmiş yuxarıda qeyd edilən hüquqlarının idarə edilməsi MMC-yə keçmişdir. Bundan sonra MMC də qeyd edilən borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh borcunu ödəməmşdir. Bu səbəbdən də, MMC, QSC-nin adından çıxış edərək hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən MMC hesab edir ki, cavabdehdən iddiaçı QSC-nin xeyrinə 7.656,52 ABŞ dolları məbləğində faiz borcu tutulmalı, tutma ipoteka predmeti olan avtomobilə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, avtomobilin satışdan əldə oluna biləcək pul məbləği hesabına yuxarıda qeyd edilən borc ödənilməli, artıq qalan məbləğ cavabdehə verilməli, satışdan əldə oluna biləcək məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda isə cavabdehə məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutma yönəldilərək açıq hərracda satılmalı və satışdan əldə edilən vəsait hesabına borc ödənilməlidir. Rayon Məhkəməsi tərəfindən keçirilmiş məhkəmə baxışı iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz edərək Rayon Məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə vermiş və iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı QSC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsini dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli “Hesabdan çıxarışla” təsdiq olunur ki, xx.xx.2015-ci il tarixdə 4.140 manat məbləğində borc cavabdeh tərəfindən ödənilmişdir. İddia müddəti buraxılmamışdır. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Əsgərov apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə və iddia tələbinin məzmununa uyğun izahat verdi. O əlavə olaraq bildirdi ki, müqavilə üzrə öhdəlik cavabdeh tərəfindən yerinə yetirmədiyi üçün müqavilə qüvvədə olan hesab edilir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdeh 2015-ci ildə sonuncu dəfə ödəniş edib, bununla da, iddia müddətin axımı həmin tarixdən yenidən başlayıb. İş üzrə cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli “Kredit müqaviləsindən” görünür ki, cavabdeh həmin müqaviləyə əsasən Bandan illik 20 % dərəcəsi ilə 24 ay müddətinə 18.500 ABŞ dolları məbləğində kredit almışdır. Bank ilə cavabdeh arasında xx.xx.2010-cu il tarixdə bağlanmış “İpoteka müqaviləsindən” görünür ki, cavabdeh yuxarıda qeyd edilən “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus olan “Wolkswagen Touareg” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarından görünür ki, “İpoteka müqaviləsi” Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə və hesablamalarda qeyd edilir ki, cavabdeh qeyd edilən müqavilələrin bağlanmasına baxmayaraq Bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməmiş, Banka olan borcunu ödəməmişdir. Nəticədə cavabdehin Banka 7.656,52 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. İşdə olan məktublardan görünür ki, borcun ödənilməsi cavabdehdən dəfələrlə tələb edilsə də borc ödənilməmişdir. İddiaçının təqdim etdiyi “Hesabdan çıxarışdan” görünür ki, cavabdeh sonuncu dəfə, yəni xx.xx.2015-ci il tarixdə borcun ödənilməsi məqsədi ilə Banka 4.140 ABŞ dolları məbləğində ödəniş etmişdir. “xxxxxxxxxxxxxxxx” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı QSC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərini nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məcəllənin 380.1-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, Bank ilə cavabdeh arasındakı “Kredit müqaviləsi” xx.xx.2010-cu il tarixdə 24 ay müddətinə bağlanmışdır. Yəni müqavilənin qüvvədə olma müddəti xx.xx.2012-ci il tarixdə bitmişdir. İddiaçının iddia ərizəsi xx.xx.2018-ci il tarixdə Rayon Məhkəməsinə daxil olmuşdur. Belə olan halda müəyyən edilir ki, iddia müddətinin axımı xx.xx.2012-ci il tarixdə başlamış və xx.xx.2015-ci il tarixdə bitmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə edilmiş xx.xx.2015-ci il tarixli ödəniş, iddia müddətinin axımı bitdikdən sonra edilmişdir. Bu hal isə iddia müddətinin axımını bərpa etməmişdir. Mülki Məcəllənin 375.1-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçı iddia müddətini buraxmaqla iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Rayon Məhkəməsi iddia müddətini tətbiq edərək iddianı rədd etməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar