Məhkəmə qərarları › İş №2(103)-4522/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4522/2024

22.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4522/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs olmaqla iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Ərizəçi X6, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs olmaqla “barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə baxılmasına dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2022 nömrəli 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə 22 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsinə əsasən,lizinq verən MMC ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan Maraqlı şəxs istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür.

2. Tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmış, xx.xx.2023-cü il tarixdə tərəflər arasında Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır

3. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən müəyyən olunur ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. Tələbkar 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi üçün Borcluya 08 oktyabr 2022-ci il tarixinə qədər möhlət verir. Borclu bu müddət ərzində borcu tələbkara tam ödəyir.

2. Müəyyən olunmuş möhlət müddəti ərzində lizinq predmeti olan Bakı şəh, Yasamal ray, məhəllə 3141, Mirəli Seyidov küç, ev 10, 35 saylı mənzil Borclunun istifadəsində qalır.

3. Tərəflər razılaşırlar ki, 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi üzrə 05 avqust 2022-ci il tarixinə qədər Borclunun ödəməli olduğu 29764 manat ilkin ödəniş edildikdən sonra 249833 manat müəyyən olunur və illik 26% lizinq mükafatı olmaqla 08 oktyabr 2022-ci il tarixə qədər vaxt verilir.

4. Borclu 3-cü bənddə qeyd olunan əsas məbləğ və 08 oktyabr 2022-ci il tarixə qədər hesablanacaq lizinq mükafatını 08 oktyabr 2022-ci il tarixə qədər ödəməyi öz öhdəliyinə götürür. Borclunun bu Sazişlə müəyyən olunmuş borcu ona verilmiş möhlət müddətindən tez ödəmək hüququ vardır. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi məzənnə ilə manat ilə ödənilməlidir.

5. Bu sazişin 3-cü və 4-cü bəndlərində göstərilən ödənişlərin həmin bəndlərdə göstərilən tarixlərə qədər olan müddətdə təmin edilməməsi və ya gecikdirilməsi bu Barışıq sazişinin şərtlərinin pozulması kimi qiymətləndiriləcəkdir.

6. Əgər bu sazişin şərtləri borclu tərəfindən pozularsa onun lizinq predmetinə olan bütün hüquqlarına xitam verilməklə mənzil boşaldılaraq tələbkara təhvil verilməlidir. Bu zaman borc qalığı borcludan tələb olunmayacaq və möhlət müddəti ərzində ödənilmiş məbləğ də ona geri qaytarılmayacaqdır.

7. Bu Sazişlə müəyyən olunmuş borc Borclu tərəfindən tam ödənildikdən sonra Tərəflər arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi ləğv edilir. Bundan sonra ən geci 5 iş günü ərzində Tələbkar lizinq predmeti olan mənzilin Borclunun mülkiyyətinə keçməsi üçün tələb olunan sənədləşməni təmin etməlidir.

8. Tərəflərin bu Barışıq Sazişinin şərtlərini pozması Sazişin məcburi icra qaydasında icrası üçün əsasdır. İcra icraatı lizinq predmetinin yerləşdiyi ərazi üzrə Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsi tərəfindən həyata keçiriləcəkdir.

9. Borclunun öz öhdəliyini yerinə yetirməməyi ilə əlaqədar Tələbkarın gələcəkdə çəkəcəyi məhkəmə-hüquq xərcləri borclu tərəfindən ödəniləcəkdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi "xxxx" MMC Maraqlı şəxs olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə “Faktor lizinq" MMC arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli, D090 saylı lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsi ilə bağlı mübahisə yaranmışdır. Qeyd edilən mübahisənin mediasiya vasitəsilə həlli üçün MMC tərəfindən Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya sessiasiyası nəticəsində onlar 05 iyul 2022-ci il tarixində barışıq sazişi bağlanmışlar. Sazişdə qeyd olunan müddət ərzində maraqlı şəxs tərəfindən heç bir ilkin ödəniş həyata keçirilməmişdir.

6. Maraqlı şəxs məhkəmə iclasında ərizəçi ilə aralarında bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq borcunu yaxın zamanlarda ödəyəcəyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini göstərmişdir.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) ərizə təmin edilmiş, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq olunması qət edilmişdir.

8. Məhkəmə belə qənaətə gəlmişdir ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçı ilə maraqlı şəxs arasında əvvəllər bağladıqları Mənzilə dair lizinq müqaviləsinin şərtlərinin yerinə yetirilməməsi ilə əlaqədar mövcud olmuş mübahisəni həll edərək xx.xx.2022-ci il tarixdə Barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinin şərtlərində Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə 29764 manat ödəməklə, qalıq qalan 249833 manat borcunu xx.xx.2022-ci il tarixədək tam ödənilməsini öhdəsinə götürmüş, lakin həmin öhdəliyə əməl etməkdən imtina etmişdir.

9. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun bağlanmış və tərəflər həmin saziş ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməməklə öhdəliyini pozmuş, ərizəçiyə ilkin olaraq xx.xx.2022-ci il tarixədək ödəməli olduğu 29764 manat pulu ödəməkdən yayınmışdır.

10. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

11. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385 və 442-ci maddələrinə, “Mediasiya haqqında” Qanunun 34-cü maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, maraqlı şəxs sıravi vətəndaş kimi lizinq sahəsi ilə bağlı dərin biliyə malik olmadığından Ərizəçi MMC-nin haqlı olduğunu zənn edib barışıq sazişinin şərtləri ilə razılaşmağa məcbur olmuşdur. Odur ki, xx.xx.2022-ci il tarixli barışıq sazişi onun bu sahədə biliyinin olmamasından suiistifadə edilərək bağlanıldığından etibarsız hesab olunmalıdır. İşə baxan birinci instansiya məhkəməsi sübutlara qeyri-obyektiv, qərəzli baxmış, qətnamə çıxararkən onun məhkəmə iclasında barışıq sazişinin şərtləri ilə razılaşmamağını nəzərə almamış, barışıq sazişinin şərtlərinin onun iradə ifadəsinə zidd olmasına baxmayaraq, onun təsdiq edilməsi barədə qətnamə çıxararaq mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. b)Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16- 16/2-4/1090 №-li, 17 iyul 2023-cü il tarixli rəyinə əsasən ekspertizaya təqdim edilmiş, mülki işin 30-cu vərəqəsində olan xx.xx.2022-ci il tarixli, xəbərnamədə (poçt göndərişində) “şəxsən verildi” qrafasındakı imza-Maraqlı şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6288/2023 nömrəli 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), E.C.Kazımov və K.H.Əkbərov) apellyasiya şikayəti təmin olunmuş, Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş və ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs ilə bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı tələb müqaviləyə əsasən irəli sürülən tələb yox, birbaşa tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi olduğundan, həmin əqdin etibarlı olubolmaması məsələsi də yoxlanmalıdır.

17. Məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC və X4 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən, lizinq verən MMC ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan X3 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəmə qrafikindən məlum olur ki, lizinq alan tərəfindən ardıcıl 11 ay ərzində hər ay 10073,00 manat, 12-ci ayda isə 197037 manat olmaqla, cəmi 307840,00 manat ödəniş edilməlidir.

18. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, ilkin olaraq ərizəçi 2021-ci il oktyabr ayında Elvin Məmmədli ilə lizinq müqaviləsi bağlamış, daha sonra ödəmələrdə çətinlik yarandığı üçün o, öhdəliyinin mənzilin mülkiyyətçisi olan Maraqlı şəxs ötürülməsini xahiş etmişdir, bu barədə xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır, lakin Maraqlı şəxs ödəniş edə bilmədiyindən mediasiyaya müraciət etməklə xx.xx.2022-ci il tarixdə onunla barışıq sazişi bağlanmışdır.

19. "xxxx" MMC və E.Məmmədli arasında bağlanmış 08 oktyabr 2021-ci il tarixli D090 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq verən MMC ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan X3 istifadəsinə verməyi, lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əlavə edilmiş ödəmə qrafikindən məlum olur ki, lizinq alan tərəfindən 11 ay ardıcıl olaraq hər ay 10073 manat, 12-ci ayda isə 197037 manat olmaqla, cəmi 307840 manat ödəniş edilməlidir.

20. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə görə isə 08 oktyabr 2021-ci il tarixli, D090 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə qədər borclunun ödəməli olduğu 29764 manat ilkin ödəniş edildikdən sonra, qalan 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manat müəyyən olunaraq illik 26% lizinq mükafatı olmaqla 08 oktyabr 2022-ci il tarixə qədər ona vaxt verilmişdir.

21. Göründüyü kimi aylıq 10000 manat ödənişi edə bilməyən maraqlı şəxsin üzərinə xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə ilkin olaraq 29764 manat ödəniş etmək, qalan 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manat məbləği isə illik 26% lizinq mükafatı olmaqla 08 oktyabr 2022-ci il tarixə qədər ödəmək üçün üç ay vaxt verilmişdir. Başqa sözlə desək, xx.xx.2022-ci il tarixli barışıq sazişi ilə mövcud lizinq müqaviləsi üzrə qrafikə uyğun aylıq 10000 manat ödəyə bilməyən maraqlı şəxsin üzərinə cəmi üç ay müddətdə 29764 manat ilkin ödənişin, qalan 249833 (iki yüz qırx doqquz min səkkiz yüz səksən üç) manat isə illik 26% lizinq mükafatı da hesablanmaqla ödəmək öhdəliyi qoyulmuşdur.

22. Sadə riyazi hesablama ilə müəyyən olunur ki, aylıq lizinq ödənişlərini icra edə bilməyən E.Adıgözğlov, ilkin olaraq 29764 manat və üç ay ərzində də, hələ illik 26% lizinq mükafatı nəzərə alınmadan 249833 manat (249833:3=83277), yəni hər ay 83277 manat ödəməlidir. Bunun isə inandırıcı və ağlabatan olmadığı, demək ki, borclunun üzərinə belə bir öhdəliyin qoyulmasının da həmin şəxsin sərbəst iradəsinə uyğun gəlmədiyi aşkar şəkildə görünür.

23. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 5, 16, 337, 340 və 404-cü maddələrinə, “Mediasiya haqqında” Qanunun 34-cü maddəsinə, “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022ci il tarixli Qərarına istinad etmişdir.

b) Kassasiya instansiya məhkəməsində icraat

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-1018/2024 nömrəli, 14 may 2024-cü il tarixli qərarı ilə (hakimlər – Ə.Nurməmmədov (məruzəçi), Z.Babayev və A.Hüseynov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6288/2023 nömrəli iş üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

25. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında barışıq sazişi bağlanan zaman maraqlı şəxsin iradə ifadəsinin zədələnməsi, sazişin ağır şərtlərlə bağlanması, maraqnlı şəxsin öhdəliklərə sazişdə nəzərdə tutulmuş müddət ərzində əməl etmək iqtidarında olmaması barədə apellyasiya məhkəməsinin qənaəti tərəflərin təqdim etdikləri və məhkəmə iclasında tədqiq olunmuş konkret sübutlarla deyil, mülahizələrlə əsaslandırılmışdır.

26. İş materiallarına görə tərəflər barışıq sazişini Mediasiya Təşkilatında bağlamış və saziş mediator tərəfindən təsdiqlənmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman Maraqlı şəxs Barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə etirazının olmadığını bildirmiş, sonradan apellyasiya şikayətində və apellyasiya məhkəməsində işə baxılan zaman sazişin bağlanmasına etiaz etdiyini, məhkəmə iclas protokolunda izahatının düzgün əks olunmadığını göstərsə də, o, məhkəmə iclas protokoluna qeydlər verməmişdir. Maraqlı şəxs həmçinin barışıq sazişini mübahisələndirməmiş, bu barədə iddia icraatı qaydasında məhkəmədə iddia qaldırmamışdır. Apellyasiya məhkəməsi barışıq sazişinin maraqlı şəxsin iradə ifadəsinə zidd olması qənaətinə gələrkən göstərilən halları diqqətdən qaçırmış, onlara qiymət verməmişdir.

27. Məhkəmə həmçinin nəzərə almamışdır ki, barışıq sazişində yalnız daxili lizinq müqaviləsinə əsasən yaranmış borcların ödənilməsi qaydası və müddətləri ilə bağlı şərtlər deyil, həmçinin digər şərtlər, o cümlədən nəzərdə tutulmuş pul məbləği müəyyən edilmiş müddət ərzində ödənilmədikdə maraqlı şəxsin məsuliyyəti barədə şərtlər nəzərdə tutulmuşdur ki, məhkəmə bu şərtlərin qanuniliyinə də qiymət verməmişdir.

c) Proses iştirakçılarının izahatı

28. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

29. Maraqlı şəxsin nümayəndəsi-vəkili vəsatət ünvanlayaraq, baxış iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətini müdafiə etdiyini, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu.

30. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

31. Maddə 34.3 və 34.4. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

33. Maddə 355-26. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

40. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

42. Göründüyü kimi tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə əsasən Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə 29764 manat ödəməklə, qalıq qalan 249833 manat borcunu xx.xx.2022ci il tarixədək tam olaraq ödənilməsi nəzərdə tutulmuşdur. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərini icra etməməklə, yəni ərizəçiyə ilkin olaraq xx.xx.2022ci il tarixədək ödəməli olduğu 29764 manat pulu ödəməməklə öhdəliyini pozmuşdur.

43. Barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşımışdır.

44. Qanunvericiliyin tələbinə görə, həmçinin tərəflər arasında bağlanmış barışıq sazişinin şərtlərinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

45. Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyi üçün ərizəçi haqlı olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir.

46. Maraqlı şəxsin apellyasiya şikayətində barışıq sazişinin şərtlərinin onun iradə ifadəsinə zidd olmasına istinad etsə də, müəyyən edilmişdir ki, tərəflər barışıq sazişini Mediasiya Təşkilatında bağlamış və saziş mediator tərəfindən təsdiqlənmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman Maraqlı şəxs Barışıq sazişinin məhkəmə qaydasında təsdiqlənməsinə etirazının olmadığını bildirmiş, sonradan apellyasiya şikayətində və apellyasiya məhkəməsində işə baxılan zaman sazişin bağlanmasına etiraz etdiyini, məhkəmə iclas protokolunda izahatının düzgün əks olunmadığını göstərsə də, o, məhkəmə iclas protokoluna qeydlər verməmişdir. Maraqlı şəxs həmçinin barışıq sazişini mübahisələndirməmiş, bu barədə iddia icraatı qaydasında məhkəmədə iddia qaldırmamışdır.

47. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5600/2022 nömrəli iş üzrə 06 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar