Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4539/2023 30.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı «müqavilə öhdəliyinin icrası» tələbinə mülki iş üzrə (Açar sözlər: iş üzrə icraata iddiadan imtina) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı «müqavilə öhdəliyinin icrası» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 MTK-nın verdiyi apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. 08 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 MMC ("xxxx" MTK) Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246 kv.m-dən ibarət mənzili tikib İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə mənzili mülkiyyətinə qəbul etməyi və mənzilin dəyəri olan 319800 manatı ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin 3-cü bəndinə əsasən alıcı 100000 manat məbləğdən ibarət mənzilin ümumi dəyərinin 31% həcmində hissəsini ilkin ödəniş kimi ödəməyi öhdəsinə götürmüş, ümumi dəyərinin qalan hissəsi isə 36 ay ərzində, hər ayın 25-dək, ayda 6100 manat olmaqla, müqavilənin ayrılmaz tərkib hissəsi olan qrafik əsasında ödənilməlidir.
2. Müqavilənin 4.1.3-cü bəndinin tələbinə əsasən MTK (əvvəlki MMC) tikintiquraşdırma işlərini təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamalı və ...«Alıcı»ya mənzili təmirsiz şəkildə təhvil verməlidir. Müqavilənin 4.1.6-cı maddəsinə əsasən mənzil tikintisi ilə əlaqədar “Alıcı” tərəfindən bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada ödəmələr davamlı olaraq 3 dəfə yerinə yetirilmədikdə birtərəfli qaydada xəbərdarlıq edilərək, bu müqaviləyə xitam vermək satıcının hüquqlarından biridir. Cavabdehin bildirməsinə görə iddiaçı tərəfindən müvafiq ödənişlər aparılmış, lakin sonradan öhdəliyin icrası lazımınca yerinə yetirilmədiyi üçün ödənilməmiş borcu qalmışdır.
3. Cavabdeh1 MTK-nın 01 oktyabr 2021-ci il tarixli 14/X əmri ilə iddiaçı ilə Cavabdeh1 MMC (hazırda MTK) arasında 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli alğı-satqı müqaviləsinə xitam verilmişdir.
4. 26 oktyabr 2021-ci il tarixdə sözügedən mənzil cavabdeh MTK tərəfindən Cavabdeh2 satılmış və ödənişin tam ödənilməsi ilə bağlı sonuncuya maliyyə arayışı verilmişdir.
5. 27 oktyabr 2021-ci il tarixdə cavabdeh MTK iddiaçıya bildiriş-xəbərdarlıq ünvanlayaraq ödədiyi 269800 manat məbləğində pulun tam şəkildə geri götürməsini, 3 gün ərzində cavabdeh MTK-ya yaxınlaşmasını təklif etmişdir.
6. İddiaçı cavabdeh MTK-ya ərizə ilə müraciət edərək, mənzilin vaxtında təhvil verilmədiyini qeyd etmiş, mənzilin təhvil verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə MTK-nı xəbərdar etmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı «müqavilə öhdəliyinin icrası» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin ona təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53- cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi, onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53- cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmrin və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilənin etibarsız hesab edilməsi; Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 MTK (əvvəlki MMC, VÖEN **********) arasında «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqavilə bağlanılmışdır. Qeyd edilən müqaviləyə əsasən tərəflər, «Satıcı» Cavabdeh1 MTK (əvvəlki MMC) Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzili tikib Alıcının mülkiyyətinə verməyi, «Alıcı» İddiaçı isə öz növbəsində mənzili mülkiyyətinə qəbul etməyi və həmin mənzilin haqqını bu müqavilənin şərtlərinə uyğun şəkildə ödəməyi öz öhdələrinə götürmüşlər. Həmin Müqavilənin 4.1.3-cü bəndinin tələbinə əsasən Cavabdeh1 MTK (əvvəlki MMC) tikintiquraşdırma işlərini təməlqoyma işlərinin başlandığı gündən 24 ay müddətində tamamlamaq və «...«Alıcı»ya mənzili təmirsiz şəkildə təhvil vermək» öhdəliyini 2019-cu il tarixdə yerinə yetirməli olduğu halda, bu günə qədər mənzil ...«Alıcı» - İddiaçı təhvil verilməmişdir. Cavabdeh1 MTK (əvvəlki MMC) yazılı müraciət edilərək, mənzilin vaxtında təhvil verilməməsinin səbəbləri barədə maraqlı şəxsə rəsmi olaraq məlumat verilməsi və Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin tərəflər arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqavilənin 4.1.3-cü bəndinin tələbinə əsasən «Alıcı» - İddiaçı təhvil verilməsi xahiş olunmuşdur. Lakin, Cavabdeh1 MMC (hazırda MTK) bu müraciətə cavab verməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən müqavilə öhdəliyi yerinə yetirilməli və Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməlidir. Eyni zamanda, bildirirlər ki, iddianın predmeti olan mənzilin qiyməti, yəni iddianın qiyməti «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə əsasən 319.800 manat təşkil edir.
11. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh1 Mənzil-Tikinti Kooperativi arasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğısatqısına dair» xx.xx.2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/X saylı əmr və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilə etibarsız hesab edilməsi, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 m2 -dən ibarət mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi, ödənilmiş 220 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edlmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, MTK tərəfindən iddiaçıya bildiriş göndərilməsi, yalnız bundan sonra müqaviləyə xitam verilməsi bildirilsə də, bildirişin rəsmi şəkildə iddiaçıya təqdim edilməsi barədə mötəbər sübut təqdim edilməmişdir. Bildirişin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”na uyğun olaraq çatdırılması barədə, habelə qəbzdə soyadı və adı qeyd edilmiş şəxsin iddiaçı ilə yaxın qohumluq münasibətində olmasına və ya poçt göndərişini almaq səlahiyyəti ünvançı tərəfindən verilmiş şəxs olmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Belə olduğu təqdirdə, bildiriş iddiaçıya rəsmi qaydada təqdim edilmiş hesab oluna bilməz. MTK-nın istinad etdiyi ödəniş qrafiki aktuallığını itirmişdir, həmçinin müqavilənin ödənişlərlə bağlı bəndi də tərəflər arasında olan münasibətlərlə bağlı aktual deyildir. Çünki, hər iki tərəf bir-birinin cari qayğılarını və maddi durumlarına təsir edən, özlərindən asılı olmayan məsələləri nəzərə almışlar, ödənişlər sırf qrafik üzrə deyil, tərəflər arasında yaranmış münasibətlər əsasında icra edilmişdir. Bunu iddiaçının MTK-ya etdiyi ödənişlərin həcmi, mənzilin dəyərinin əhəmiyyətli hissəsinin MTKya ödənilməsi, cəmi 50.000 manat borcun qalması təsdiq edir. MTK faktiki olaraq, iddiaçının 50.000 manat ödənişləri etməsini gözləmək imkanına malik olduğu halda, uzun müddət ərzində tərəflər arasında olan münasibətlərin xarakterinə zidd olaraq, daha artıq məbləğdə gəlir əldə etmək üçün müqavilənin və ödəniş cədvəlinin (qrafikinin) aktual olmayan tələblərinə istinad edərək, iddiaçıya rəsmi şəkildə bildiriş təqdim etmədən, iddiaçı ilə bağlanmış müqaviləyə xitam vermiş, iş üzrə ikinci cavabdeh olan Cavabdeh2 ilə eyni mənzilə dair 390.000 manat qiyməti olan yeni müqavilə bağlamışdır. Qeyd olunnmalıdır ki, müqavilələrdə mənzilin sahəsi fərqli (ilkin müqavilədə 246,0 kv.m, sonrakı müqavilədə 256.0 kv.m) müəyyən edilmişdir. Müqavilələrdəki mənzilin eyni mənzil olması mütəxəssis rəyi əsasında müəyyən edilmişdir. Qeyd olunduğu kimi, MTK iddiaçının cəmi 50.000 manat vəsait ödəməli olduğunu, müqaviləyə xitam verilməsi barədə əmr verərkən pandemiyanın davam etdiyini, qapanma ilə bağlı Ölkədə olan fiziki və hüquqi şəxslərin ödəniş qabiliyyətinin pandemiyadan öncəki dönəmlə müqayisədə ciddi şəkildə aşağı düşməsini, bunun Dövlət tərəfindən nəzərə alınaraq, fiziki və hüquqi şəxslərin pandemiya dövründə düşdükləri vəziyyətin az da olsa yüngülləşdirilməsi üçün müvafiq tədbirlər gördüyünü, iddiaçının həmin dövrədək mənzilin təhvil verilməsini tələb etmədiyini və MTK-nın qayğılarını və maraqlarını nəzərə aldığına əhəmiyyət verməmiş, mahiyyət etibarı ilə öncəki müqavilədə qeyd olunan məbləğdən daha artıq gəlir əldə etmək üçün müqavilənin və ödəniş cədvəlinin (qrafikinin) aktual olmayan tələblərinə istinad edərək, iddiaçı ilə aralarında bağlanmış müqaviləyə xitam vermişdir. İddiaçı yalnız bundan sonra cavabdeh MTK-ya ərizə ilə müraciət edərək, mənzilin vaxtında təhvil verilmədiyini qeyd etmiş, mənzilin təhvil verilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə MTK-nı xəbərdar etmişdir. Göründüyü kimi, MTK tərəfindən müqaviləyə xitam verilməsi qaydalarını tənzimləyən maddi hüquq normalarının tələblərini pozmuş, iddiaçıya rəsmi bildiriş təqdim etmədən, tərəflər arasında bağlanmış müqaviləyə xitam vermişdir. Məhkəmə hesab etmişdir ki, MTK-nın xx.xx.2021-ci il tarixli, 14/X saylı əmri və həmin əmr əsasında rəsmiləşdirilmiş «Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alğı-satqısına dair» xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilə etibarsız hesab edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.4, 331.1, 337.1, 337.2, 337.4, 385.1, 386.1, 421, 423, 442, 430, 441, 441.2-441.4-cü maddələri, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.13-cü yarımbəndinə, “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.14-cü yarımbəndinə və Mülki Prosessual Məcəllənin 14.2, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Qətnamədən Cavabdeh1 MTK apellyasiya şikayəti verərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-1344/2022 saylı qətnaməsini tamamilə ləğv edib, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı tərəflər arasında rəsmiləşdirilmiş “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” 08.11. 2017-ci il tarixli, 1/56 nömrəli müqaviləyə xitam verilməsinə dair xx.xx.2021-ci il tarixli, 14/Xsaylı əmrin və həmin əmr əsasında rəsmiləşdirilmiş “Çoxmənzilli yaşayış binasında fərdi mənzilin alqı-satqısına dair” xx.xx.2021-ci il tarixli, 1/123 nömrəli müqavilənin etibarsız hesab edilməsinə, B akı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 7-ci blok, 7-ci mərtəbəsində, 4 otaqlı, ümumi sahəsi 246,0 kv.m-dan ibarət mənzilin B ağırov Xalid T ofiq oğluna təhvil verilməsi vəzifəsinin Cavabdeh1Mənzil-T ikinti Kooperativinə həvalə edilməsinə dair iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən iddiaçının müqavilə bağlayarkən “X5”-ndə göstərilən qaydada ödənilməsi barədə öhdəlik götürməsinə, bu barədə öhdəçilik yazmasına baxmayaraq ödəmədiyini və üzərinə düşən öhdəliyi pozduğunu, cavabdeh tərəfindən dəfələrlə iddiaçıya rəsmi bildirişlər göndərməyini və uzun müddət gözləməyini nəzərə almamışdır. Bundan əlavə, məhkəmə mənzilin başqa şəxsə satılmasını, onun vicdanlı əldə edən olmasını, mənzilin dəyərini tamamilə ödəməsini və mənzilin mülkiyyətçisi olmasını da araşdırmayaraq həmin məsələlərə də düzgün qiymət verməmişdir. İddiaçı ilə cavabeh arasında bağlanan müqavilənin 3.2-ci bəndinə əsasən ilkin ödəniş edildikdən sonra, ümumi dəyərin qalan hissəsi növbəti aydan başlayaraq 36 ay ərzində, həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan “X5”-ndə göstərilən qaydada ödənilməli olduğu halda iddiaçı həmin pul vəsaitini ödəməmiş və bununla da üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı həm müqavilə ilə, həm də imzaladığı öhdəçilik ilə üzərinə götürdüyü öhdəliyini pozmuşdur. Məhkəmə alqı-satqı müqaviləsini etibarsız hesab etməklə Cavabdeh2 həmin mənzilə dair sahiblik hüquqlarını pozmuşdur. “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın 1.4.14-cü yarımbəndinə əsasən alıcı – ünvançı və ya poçt göndərişini almaq səlahiyyəti ünvançı tərəfindən verilmiş şəxsdir. Məhkəmə qeyd olunan qaydaların bəndlərini düzgün tətbiq etməmişdir və ya ümumiyyətlə tətbiq etməli deyildi. Belə ki, iddiaçının öhdəliyi vardır ki, ödənişləri hər ay vaxtında ödəsin. İddiaçının həmin öhdəliyi həm Mülki Məcəllənin normalarından həm müqavilədən irəli gəlir, həm də xüsusi olaraq öhdəçilik yazaraq imzalamışdır. Lakin, bütün bunlara baxmayaraq iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixindən bu günə kimi heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının həmin vaxtdan cavabdehə 50000 manat borcu vardır və iddiaçı borcunun öhdəliyinin olduğunu yaxşı bilirdi, öhdəliyini yerinə yetirməyə borclu idi. Ona görə də, iddiaçıya ödəniş üçün göndərilən bildirişlərin çatıb-çatmaması məsələsinin əsas gətirərək məhkəmənin “Poçt rabitəsi xidmətlərinin göstərilməsi Qaydaları”nın bəndlərini tətbiq etməsinə heç bir ehtiyac yox idi. Əgər məhkəmə qeyd olunan Qaydaların bəndlərini tətbiq edirdisə onda Cavabdeh1 MTK tərəfindən iddiaçıya göndərilən bildirişləri alan N.C.Vəliyevin və İbrahimovun kimliyini, iddiaçı ilə qohumluq münasibətlərində olubolmamalarını, bildirişləri iddiaçıya çatdırıb-çatdırmamalarını da araşdırmalı idi. Halbuki, bildirişlərdə N.C.Vəliyev kimi göstərilən şəxs iddiaçının həyat yoldaşı Nigar Vəliyevadır, hətta bildirişlərdə onun telefon nömrəsi də (*** *** ** **) göstərilmiş, həmin nömrə ilə cavabdeh tərəfindən dəfələrlə əlaqə saxlanılmış və borcun ödənilməsi tələb edilmiş, iddiaçı bununla bağlı dəfələrlə cavabdehin ofisində olmuşdur. Bundan əlavə, göndərilən bildirişlərin bəzilərini isə İddiaçı şəxsən imzalamışdır, lakin məhkəmə nədənsə həmin bildirişlərə istinad etməmişdir. İddiaçı 1/56 saylı, 08 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən yaranmış öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşımışdır. Bütün bu öhdəliklərlə bağlı risk dairəsi də iddiaçıya aid olmuşdur. Həmin müqaviləyə əsasən pul vəsaitlərinin ödənilməsi riski digər şəxslərə aid deyil, konkret olaraq iddiaçıya aid olmuş və bütün bu ödənişlər üçün də o cavabdehlik daşımışdır. Çünki, müqaviləyə əsasən pul vəsaitlərinin vaxtında ödənilməsini riskini və öhdəliyini iddiaçı üzərinə götürmüşdür. Buna görə də, həmin ödənişlərin vaxtında ödənilməməsi riskini iddiaçı daşımış və ödənişlərin icra edilməməsinə görə iddiaçı cavabdehdir. İddiaçı ilə cavabdeh arasında iddiaçının öhdəliyinin icrası üçün təqvim günləri təyin edilmiş, lakin iddiaçı təyin edilmiş vaxtadək öhdəliyini icra etməmişdir. Buna görə də, həmin icra xatırlatmasız gecikdirilmiş sayıldığı üçün Cavabdeh1 MTK-nın iddiaçıya öhdəliyin icrası ilə bağlı xatırlatmasına ehtiyac olmadan müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ yaranmışdır. Lakin, buna baxmayaraq cavabdeh iddiaçıya dəfələrlə bildiriş göndərərək ödənişi tələb etsə də iddiaçı öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya bildirişlər göndərməsəydi belə onun həmin hüququndan istifadə edərək müqaviləyə xitam verməsi yenə də tam qanuni və əsaslı olacaqdır.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2022-ci il tarixli, 2(103)-6215/2022 qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mənzilin təhvil verilməsi hissəsində dəyişdirilmiş, mübahisəli mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə həvalə edilməsi, iddiaçıdan 50000 (əlli min) manat vəsaitin alınaraq Cavabdeh1 Mənzil-Tikinti Kooperativinə verilməsi, mənzilin təhvil verilməsi ilə pul vəsaitinin ödənilməsinin eyni vaxtda icra edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1232/2023 saylı qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6215/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 iyul 2023-cü il tarixli, 2(103)- 4539/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə xəttşünalıq ekspertizası təyin edilmiş və iş materialları baxılması üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
19. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Cavabdeh1 Mənzil-Tikinti Kooperati tərəfindən məhkəməyə ərizə ünvanlanaraq qeyd etmişdir ki, tərəflər arasında barışıq sazişi imzalanmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəfindən məhkəməyə ünvanlanmış iddiadan imtina ilə bağlı ərizəyə etiraz etmir və iştirakları olmadan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 52.1 İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir.
21. Maddə 52.5 İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
22. Maddə 191.1 İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər.
23. Maddə 191.2 Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.
24. Maddə 261.0.4 İddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
25. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası iş materiallarını və iddiadan imtinaya dair iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı iddiadan imtinası qəbul edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 münasibətdə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
27. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, sözügedən məhkəmə mübahisəsi tərəflər arasında barışıq yolu ilə həll edilmiş, İddiaçı və Cavabdeh1 Mənzil-Tikinti Kooperati arasında 19 avqust 2023-cü il tarixində barışıq sazişi bağlanmışdır. Bu səbəbdən İddiaçı iddia tələbindən imtina edir. Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiadan imtina etməsi onun həqiqi niyyətini əks etdirdiyindən, həmin imtina qanuna zidd olmadığından, habelə başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı «müqavilə öhdəliyinin icrası» tələbinə dair mülki iş üzrə iddiadan imtina etməsi qəbul edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin e-2(006)-1344/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 qarşı «müqavilə öhdəliyinin icrası» tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev