Məhkəmə qərarları › İş №2(103)-456/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-456/2021

03.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-456/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Bayramova Fidan Rafiq qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdehla rəsmi nikaha daxil olaraq, gəlin köçdüyü zaman hədiyyə kimi verilmiş, 4743 manat dəyərində olan bir dəst tərkibində 750 prob, 33 qram, qızıl, 4,60 sot brilyant boyunbağı; 1 ədəd, qızıl, 750 prob, 4,5 qram üzük; 1 dəst, 750 prob, 7 qram qızıl sırğa; 1 ədəd, 750 prob, 8 qram qızıl qolbaq və dəyəri 600 manat olan 14 qram, 750 prob, qızıl, qaşlı nişan üzüyü - qızıl-zinət əşyalarının, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə, onların dəyəri olan 4743 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq, iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə bir ədəd qızıl nişan üzüyünün, bir ədəd qızıl dəstin (dəstə daxildir: boyunbağı, bir ədəd üzük, bir cüt sırğa və qolbaq), həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda, bu qızıl zinət əşyalarının cəmi dəyərini təşkil edən 2200 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdeh İ qrup əlildir, tək böyrəklə anadan olub, sonradan həmin böyrək də sıradan çıxdığına görə, böyrək transplantasiyası əməliyyatına məruz qalıb, kənar şəxsin köməyinə ehtiyacı olan şəxsdir. Tələb olunan qızılzinət əşyalarının hədiyyə edilməsi zamanı şərt qoyulub ki, iddiaçı cavabdehlə ailə qurmaq məqsədilə könüllü ittifaqa daxil olur və ona sədaqətli həyat yoldaşı olacaqdır. Lakin iddiaçı, cavabdehə xəyanət etmiş və özgə kişi ilə intim söhbətlər aparmışdır. Beləliklə, iddiaçı, qızıl-zinət əşyalarının hədiyyə verilədiyi vaxt müəyyən edilmiş şərti - sədaqətli həyat yoldaşı olacağı öhdəliyini pozmuş, buna görə tərəflərin nikahı ləğv edilmişdir. İddiaçı ailəhüquq münasibətlərinə uyğun olaraq üzərinə qoyulmuş vəzifələri cavabdehə qarşı kobudcasına pozduğu üçün hədiyyə predmeti olan əşyaları tələb etmək hüququnu itirmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd olunmuşdur. İddiaçı, həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə, Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmçinin bildirmişdir ki, məhkəmə tərəfindən iddiaçının istifadəsində olan telefonda əks olunmuş yazışmaların onun tərəfindən aparılıbaparılmadığının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilməsinə baxmayaraq, iddiaçı ekspertin və məhkəmənin dəvətinə gələrək, səs və nitq nümunələrini təqdim etməmiş, buna görə də ekspertizanın keçirilməsi mümkün olmamışdır. Belə olan halda, iddiaçı bu faktın doğruluğunu qəbul etməsə də, əksinin sübut olunması üçün özündən asılı olan hərkətləri etmədiyi üçün mülki prosessual qanunvericiliyə əsasən bu hal onun əleyhinə qəbul edilməlidir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək, qətnamə ləğv, iddia rədd olunmalıdır. Belə ki, işin mübahisəsiz hallarına əsasən, tərəflər xx.xx.2015-ci i! tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan uşaqları olmamışdır. Tərəflər nikaha daxil olduqdan sonra iddiaçının hazırkı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyaları cavabdeh tərəfindən ona hədiyyə edilmişdir. Sonra münasibətləri pisləşmiş və xx.xx.2018-ci ildə nikahları ləğv edilmişdir. Tələbdə qeyd olunan qızıl-zinət əşyaları isə cavabdehin sahibliyində qalmışdır. Hazırda iddiaçı, iddia tələbində sadaladığı qızıl-zinət əşyalarının cavabdeh tərəfindən ona hədiyyə edildiyini, lakin nikahları pozulduqdan sonra qaytarılmadığını bildirərək, həmin əşyaların və ya onlarının dəyərinin qaytarılmasını tələb edir. İddia tələbinin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci və 225.2-ci maddələri və Ailə Məcəlləsinin 34.1-ci maddələri təşkil edir. Həmin maddələrə müvafiq olaraq ər-arvadın birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyəti hesab edilir. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Sadalanan hüquq normalarının mənasına görə baxılan iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçının tələb etdiyi əmlakların mövcudluğu və göstərilən dəyərdə olduğu, əşyaların ona məxsus olduğu və hal-hazırda özgəsinin (hazırkı halda cavabdehin) qanunsuz sahibliyində olduğu sübuta yetirilməlidir. Tələb olunan qızıl-zinət əşyalarınnın birgə nikah dövründə iddiaçıya hədiyyə edildiyi və nikah pozulduqdan sonra cavabdehdə qaldığı işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh məhkəməyə təqdim etdiyi yazılı izahatında sözügedən əşyalardan bir ədəd üzük və bir sırğanı maddi çətinlikləri olduğu üçün satdığını, qalan əşyaların isə onda olduğunu etiraf etmiş və dəyərlərinin 2200 manat təşkil etdiyini bildirmişdir. Bununla belə, iddia tələbinə etiraz edərək, iddiaçının ailə hüquq münasibətlərinə uyğun olaraq üzərinə düşən vəzifələri onun barəsində kobudcasına pozduğuna istinad edərək, bağışlamadan imtina etdiyini bildirmişdir. Mülki Məcəllənin 673.1.2-ci maddəsinə əsasən, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının bırı barəsində kobudcasına pozduqda hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Ailə hüquq münasibətlərinə uyğun olaraq şəxsin üzərinə qoyulmuş vəzifələrin dairəsi mülki qanunvericilikdə konkret göstərilməmiş, lakin ailə qanunvericiliyi ümumi şəkildə bu vəzifələri müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsində ailə münasibətlərinin bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması bu Məcəllənin vəzifələri sırasındadır (maddə 3.0.2, 3.0.5). Məcəllənin “Ərarvadın şəxsi hüquq və vəzifələri” adlanan Vİ fəslinin 29.4-cü maddəsinə əsasən ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin bütün ailə üzvlərinin qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması, ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması vəzifələrinə nail olmaq üçün ərarvadın üzərinə ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmaq, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərmək vəzifələri qoyur. Bu mənada ailə üzvlərindən birinin həmin dəyərlərə, o cümlədən, qarşı tərəfə açıq hörmətsizlik göstərməsi, cəmiyyətdə ümumi qəbul olunmuş davranış normalarına zidd tərzdə ailə bağlarının zəifləməsinə yönələn hərəkətlərə yol verməsi müvafiq ailə üzvünün üzərinə qoyulmuş vəzifələri kobudcasına pozması kimi qiymətləndirilməlidir. Təsadüfi deyildir ki, Ailə Məcəlləsinin 87.0.2,-ci maddəsi aliment ödənilməsini tələb edən ər (arvad) ailədə ləyaqətsiz davrandıqda əri (arvadı) nikah dövründə və nikah pozulduqdan sonra maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan arvadı (əri) saxlamaq vəzifəsindən azad edən və bu vəzifəni müəyyən müddətlə məhdudlaşdıran hal kımı nəzərdə tutmuşdur. Cavabdeh iddiaçı tərəfindən Mülki Məcəllənin 673.1.2-ci maddəsində müəyyən edilmiş bağışlamadan imtinaya əsas verən hərəkətə yol verildiyini təsdiq edən sübut qismində cavabdehlə nikah olduğu dövrdə kişi cinsindən olan digər şəxslə telefon üzərindən apardığı yazışmalardan çıxarış təqdim etmişdir. İddiaçının nümayəndəsi isə, bu yazışmaların aparıldığı mobil nömrənin cavabdehin adına qeydiyyatdan keçməsini və iddiaçının həmin yazışmaların onun tərəfindən aparılmasını inkar etdiyini göstərmişdir. Kollegiya ilk növbədə vurğulayır ki, sözügedən çıxarışlarda əks olunan mesajların mətni əsasında bu yazışmaları aparmış ər (və ya arvadın) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri qarşı tərəf barəsində kobudcasına pozduğunu müəyyən etmək mümkündür. Ali Məhkəmə, həmin çıxarışı əsas götürməklə iddianın rədd olunması qənaətinə gələn əvvəlki apelyasiya icraatında qəbul edilmiş qətnaməni ləğv edərkən, qərarında vuğulamışdır ki, apelyasiya instansiyası məhkəməsi ...yazışmanın aparıldığı mobil nömrənin kimin adına olmasını, nömrənin istifadə edildiyi telefonun faktiki kimin istifadəsində olmasını aydınlaşdırmamışdır. Qətnaməsində apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsinin yazışmanın aparıldığı mobil telefonu məhkəmə kollegiyasına təqdim etməsini göstərsə də, məhkəmə iclas protokolunda belə bir hərəkətin baş verməsi, təqdim edilən telefonun hansı marka,hansı model olması və s. göstərilə bilən xüsusiyyətləri əksini tapmamışdır. Göründüyü kimi, kassasiya instansiya məhkəməsi də, həmin yazışmaları aparmış ər (və ya arvadın) ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri qarşı tərəf barəsində kobudcasına pozduğu qənaətini inkar etməməklə, yalnızca sübutun aidliyinin müəyyən edilmədiyini göstərmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin yeni apelyasiya baxışında kassasiya instansiya məhkəməsinin göstərişlərini uyğun olaraq, iş üzrə kompleks məhkəmə-fonoskopik və məhkəmə-linqvistik ekspertizaları təyin edilərək, sözügedən telefon ekspertiza tədqiqatına təqdim edilməklə ekspert qarşısında “cavabdehin təqdim etdiyi “Samsung” markalı mobil telefonda olan səs yazılarının (həmin telefon vasitəsilə göndərilən səsli mesajların və s.) eyni şəxsə - İddiaçı aid olub-olmamasının və həmin telefon vasitəsilə aparılan yazışmaların üslubca eyni şəxsə - İddiaçı aid olub-olmamasının müəyyən edilməsi” barədə suallar qoyulmuşdur. Kollegiya tərəfindən, ekspert vəsatətinin icrası məqsədilə xx.xx.2020-ci il tarixli məktubla İddiaçı səs və nitq nümunələrinin alınması üçün Bakı Apelyasiya Məhkəməsinə gəlməsi xahiş olunmuşdur. Lakin həmin məktubun iddiaçı tərəfindən alınmasına, bununla bağlı ona kifayət qədər vaxtı verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmişdir. Eyni zamanda, məhkəmə iclas katibi tərəfindən iddiaçının nümayəndəsi ilə bu barədə telefon vasitəsilə dəfələrlə əlaqə saxlanılmış və o, aşkar şəkildə iddiaçının ekspertiza tədqiqatında iştirak etməkdən imtina etdiyini bildirmişdir. Göründüyü kimi, iş üzrə təyin edilmiş kompleks məhkəmə-fonoskopik və məhkəməlinqvistik ekspertizaları baş tutmamış və buna səbəb iddiaçının ekspertiza tədqiqatında iştirak etməkdən imtina etməsi olmuşdur. Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Belə olan halda, Kollegiya bu normanın tələblərini hazırkı işin hallarına tətbiq edərək, bu qənaətə gəlir ki, iddiaçı, məhkəmə tərəfindən MPM-in 97.5-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələr barədə xəbərdar edilməsinə baxmayaraq, cavabdehin iddiaya qarşı etirazının əsasında duran telefon vasitəsilə aparılmış yazışmaların (səs və mətn formalı) onun tərəfinən icra edilib-edilmədiyinin müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertiza tədqiqatında iştirak etməkdən imtina etməklə, ekspertizanın keçirilməsinə mane olduğundan, bu fakt onun barəsində təsdiq olunmuş hesab edilməlidir. Bu qənaətə gələrkən, Kollegiya, həmçinin nəzərə alır ki, məhkəmələr tərəfindən yazışmaların həqiqətən də tərəfindən aparılıb-aparılmadığını müəyyən etmək məqsədilə, iddiaçı məhkəmə iclasına çağırılmış, lakin o, hər hansı üzrlü səbəb təqdim etmədən məhkəməyə gəlməkdən imtina etmişdir. Halbuki, Mülki Prosessual Məcəlləyə əsasən, işdə iştirak edən şəxslərin ış üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları ış üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (106.1). Digər tərəf sübutları özündə saxlayıb, məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (106.2). Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərzəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi, işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (184.2). Prosessual qanunvericiliyin mənasından göründüyü kimi qanun tərəflərin izahatlarını da iş üzrə sübut növlərindən biri kimi nəzərdə tutur və məhkəmənin təklif etməsinə baxmayaraq tərəfin sübutları təqdim etməməsi (o cümlədən təklif olunan hal və ya sübutla bağlı şifahi və ya yazılı izahat verməkdən imtina etməsi) məhkəmənin münasibət bildirilməsini zəruri hesab etdiyi mübahisəli halın müəyyən edilmiş hesab olunması, işdə olan mövcud materiallar əsasında qərar qəbul edilməsi üçün əsasdır Odur ki, Kollegiya, qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-489/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X3 qarşı gəlin köçdüyü zaman hədiyyə kimi verilmiş, 4743 manat dəyərində olan bir dəst tərkibində 750 prob, 33 qram, qızıl, 4,60 sot brilliant boyunbağı; 1 ədəd, qızıl, 750 prob, 4,5 qram üzük; 1 dəst, 750 prob, 7 qram qızıl sırğa; 1 ədəd, 750 prob, 8 qram qızıl qolbaq və dəyəri 600 manat olan 14 qram, 750 prob, qızıl, qaşlı nişan üzüyü - qızıl-zinət əşyalarının, həmin əşyaların naturada qaytarılması mümkün olmadıqda isə, onların dəyəri olan 4743 manatın və ödənilmiş 30 dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar