Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4564/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh X4, onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı X1 cavabdeh X7 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6340/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 15000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışında iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbləri daxilində iddia tələbinin həcmini artıraraq, cavabdeh X3 17000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 31 may 2021-ci il tarixdə “AZURE Residence”də mərtəbə 15, blok 4 də yerləşən mənzili ümumi qiyməti 575000 manat olmaq şərti ilə alğı-satqı etməyə dair razılığa gəlmişlər. Razılıq əsasında iddiaçı cavabdehə 17000 manat pul ödəmiş, qalan məbləği xx.xx.2021-ci il tarixədək ödəmək öhdəliyi götürmüş, iddiaçı bank vasitəsi ilə qalıq məbləği köçürmək istəmiş, lakin cavabdeh nağd şəkildə həmin pulu istədiyinə görə vaxtında həmin məbləği nağdılaşdıra bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh onların razılığa gəldiyi mənzili daha baha qiymətə satmışdır. Buna görə də hesab edir ki, onun tərəfindən verilmiş pul cavabdeh tərəfindən geri qaytarılmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6340/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının dəlillərini araşdırmadan, iddiaçının gətirdiyi əsasların heç bir yoxlanılmadan və yazılı razılaşma ilə müəyyən olunmuş halların olmasına baxmayaraq, iddiaçının istinad etdiyi halların sübut edilmədiyi kimi yanlış nəticəyə gəlmişdir. Belə ki, iddiaçı mənzili almaq istədiyi üçün cavabdehə ilkin olaraq 17.000 manat pul ödəmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində və məhkəmə baxışında verdiyi izahatında göstərmişdir ki, yazılı razılaşmaya uyğun olaraq cavabdehə ödənilməli olan 563.000 manat pulu bank vasitəsi ilə köçürmə yolu ilə ödəmək istədiyini bildirmişdir. Cavabdeh mənzilin satışına görə iddiaçının ödəyəcəyi 563.000 manat pulu nağd şəkildə ödənilməsini ondan tələb edilməsinə dair dəlilinə heç bir münasibət bildirməmişdir. Məhkəmə araşdırmalı olduğu hallarda bir də cavabdehin razılaşmanın şərtlərinə iddiaçı tərəfindən əməl edilməməsinin səbəblərinin öyrənilməsi üçün nə kimi işlər görməsinin müəyyən etməliydi. Cavabdeh mənzili 12 iyul 2021-ci il tarixdə 563.000 manata satmasını qeyd etsə də, mənzilin alğı-satqısı barədə müqavilənin mülki iş materiallarında olması müəyyən olunmur. Mənzilin 12 iyul 2021-ci il tarixdə başqa şəxslə aparılmış alğı-satqı zamanı əldə olunmuş pulun cavabdehə hansı şəkildə ödənilməsi, yəni nağd yaxud bank vasitəsi ilə köçürmə yolu ilə ödənilməsi müəyyən edilməmişdir. Məhkəmənin iddiaçıdan sübut tələb etdiyi halda, cavabdehin şərtləşdirilmiş tarixdə iddiaçının pulu ödəməməsi, müxtəlif bəhanələr gətirərək, öhdəliyin icrasından yayınması ilə bağlı iddialarını sübut etməsini tələb etməmişdir. İddiaçının bəhanə hesab etdiyi hal, əslində iddiaçının 563.000 manat pulu haqlı olaraq cavabdehə nağd şəkildə vermək istəməməsidir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X8 və onun nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən işdə olan materiallar əsasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, cavabdeh X7 məxsus AZURE Residence-də mərtəbə 15, blok 4 də yerləşən mənzili iddiaçı X2 575000 manata almaq məqsədi ilə tərəflər arasında xx.xx.2021-ci il tarixdə beh müqaviləsi bağlanaraq iddiaçı tərəfindən cavabdehə 17000 manat beh ödənilmiş, qalan məbləği isə iddiaçı xx.xx.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin tərəflər arasında şərtləşdirilmiş tarixdə pul ödənilməmiş, cavabdeh isə həmin mənzili 563000 manat satmışdır. 12 iyul 2021-ci il tarixdə Cavabdeh və X10 arasında bağlanmış “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”ndən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil 563000 manata sonuncuya satılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddiaçı, onun tərəfindən xx.xx.2021-ci il tarixdə tərəflər arasında razılaşdırılmış məbləğin qalan hissəsini bank hesabına köçürmək istəyinin olması və buna cavabdehin etiraz etməsini qeyd etsə də, məhkəmə araşdırılması zamanı öz etirazının əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, təqdim edilmiş müqavilənin tərəflər arasındakı münasibətləri əks etdirməsini yoxlamaq həmin müqavilənin mübahisələndirilib-mübahisələndirilməməsindən asılı deyildir. İddia tələbinin faktiki əsası kimi istinad edilmiş müqavilənin etibarlılığını məhkəmə xidməti vəzifəsinə görə yoxlamalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Plenumunun qərarı ilə müəyyən edilmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində aralarında bağlanmış müqavilənin beh müqaviləsi olması mübahisələndirilməsə də, daha sonra qətnamədən verdiyi apellyasiya şikayəti ilə aralarındakı bağlanmış müqavilənin beh ilə bağlı olmadığını vurğulamışdır. Məhkəmə kollegiyası şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında notariat qaydasında təsdiq edilməsə də, öz imzaları ilə təsdiq edilmiş və mübahisəsiz olaraq həqiqiliyi qəbul edilən müqavilənin məzmunu aşağıdakı kimi olmuşdur: “Azure Residence-də blok 4, mərtəbə 15, mənzil üçün alğı-satqı razılaşdırıldı. Ümumi qiymət 575000 manat, beh verildi 10000 dollar (17000 manat). Evi satır: X8. Evi alır: Kasım Çapari. xx.xx.2021 tarixdə alğı-satqı olacaq. Bu gün xx.xx.2021-ci il tarixində Kasım bəy Çaparidən 17000 manat beh aldım və Azure Residensdə yerləşən mənzilimi xx.xx.2021-ci il tarixində 575000 manata satmağa razı oldum.” Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin beh müqaviləsi olması və etibarlılığı şübhə doğurmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Həmin Məcəllənin 491.2-ci maddsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, iddiaçı cavabdehin ona verilmiş pulun qaytarılmalı olmasına istinad etsə də, iş materiallarından görünür ki, hazırkı mübahisənin əsasını tərəflər arasında gələcəkdə bağlanmalı olan alğı-satqı müqaviləsinin, yəni öhdəliyin təmin edilməsi üsulu kimi bağlanmış beh müqaviləsi üzrə ödənilmiş pulun geri qaytarılması təşkil edir. Lakin, işdən göründüyü kimi cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun iddiaçıya ziyan vurması, öhdəliyin icrasından yayınması halı müəyyən edilmir. Əksinə, iddiaçı xx.xx.2021-ci il tarixli beh müqaviləsindən 2 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanması ilə bağlı iradəsini ifadə etsə də, bu öhdəliyini yerinə yetirməmişdir. Buna səbəb olaraq, iddiaçının razılaşdırılmış məbləğin qalan hissəsini cavabdehin bank hesabına köçürmək istədiyini bildirməsi, cavabdehin isə pulun nağd şəkildə ödənilməsini tələb etməsi olmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh ailəsinə təcili pul lazım olduğunu, bu səbəbdən evlərini nisbətən ucuz qiymətə satdıqları barədə iddiaçı ilə razılaşdıqlarını, lakin iddiaçının müxtəlif bəhanələrlə onlardan vaxt istəməsini qeyd etmiş, o da 1 ay iddiaçını gözlədiyini bildirmişdir. Cavabdehin dəlilləri iş materialları ilə təsdiqini tapsa da, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. Belə ki, apellyator “mənzilin alğı-satqısı barədə müqavilənin mülki işin materiallarında olmaması” ilə bağlı dəlilini qeyd etsə də, həmin müqavilənin mövcudluğu iş materialları ilə öz təsdiqini tapmışdır və müqavilə işə əlavə edilmişdir. Bundan başqa Kollegiya apellyatorun “mənzilin 12 iyul 2021-ci il tarixdə başqa şəxslə aparılmış alğı-satqı zamanı əldə olunmuş pulun cavabdehə hansı şəkildə ödənilməsi, yəni nağd yaxud bank vasitəsi ilə köçürmə yolu ilə ödənilməsi müəyyən edilməmişdir” dəlili ilə bağlı qeyd edir ki, işdə olan 12 iyul 2021-ci il tarixli mənzilin alğı-satqısı barədə müqavilə Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunda qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmışdır və bu müqavilənin qanunvericiliyin tələblərinə zidd bağlanmasına dair əsaslı şübhə müəyyən edilməmişdir. Kollegiya, həmçinin, qeyd edir ki, X8 ilə X10 arasında bağlanmış 12 iyul 2021-ci il tarixli mənzilin alğı-satqısına dair müqavilə üzrə pulun hansı formada köçürülməsinə, ümumiyyətlə həmin müqavilənin hazırki işlə bağlı mübahisələndirilməsinə iddiaçının subyektiv hüququ yoxdur. Həmin mənzilin alışı ilə bağlı ödənişin hansı qaydada aparılmasının məhkəmələr tərəfindən müəyyən edilməsi hazırki iddianın predmeti deyil. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla apellyatorun mövqeyinə əsaslanır və birinci instasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçının dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6340/2021 saylı, 22 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4564/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4564/2022
19.07.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver