Məhkəmə qərarları › İş №2(103)-46/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-46/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-46/2022 19.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə5, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-46/2019 saylı mülki iş üzrə qəbul etdiyi 07 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2775/2020 nömrəli mülki iş üzrə qəbul etdiyi 18.06.2020-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: (birinci iş) İddiaçı "İddiaçı” ASC cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 "İddiaçı” ASC-nin xeyrinə 04 fevral 2016-cı il tarixli 0007/NF/16 saylı kredit müqaviləsi üzrə 65281,33 ABŞ dolları əsas, 52961,23 ABŞ dolları faiz və 110963,92 ABŞ dolları dəbbə, cəmi 229206,48 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh2 ilə "İddiaçı” ASC arasında bağlanmış 04 fevral 2016-cı il tarixli 0007/NF/16 saylı kredit müqaviləsinə xitam verilməsi, borcun əvəzi ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində Cavabdeh1 Ələbbas qızının mülkiyyətində olan 48,05 kv.m sahədən ibarət, 4 otaqlı, 126 saylı evin 145 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq tələb edilən borcun tutulması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində Cavabdeh1 Ələbbas qızının mülkiyyətində olan 48,05 kv.m sahədən ibarət, 4 otaqlı, 126 saylı evin 145 saylı mənzilindən orada yaşayan Cavabdeh1 Əliabbas qızının, Cavabdeh2, Cavabdeh3 çıxarılması, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 iyun 2019-cu il tarixli 2(007)-46/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh2 ilə “İddiaçı” ASC- arasında bağlanmış 04 fevral 2016-cı il tarixli 0007/NF/16 saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh2 “İddiaçı”ASC-nin xeyrinə 04 fevral 20116-cı il tarixli 0007/NF/16 saylı kredit müqaviləsi üzrə 65281,33 ABŞ dolları əsas, 52961,23 ABŞ dolları faiz və 11000 ABŞ dolları cərimə, cəmi 129242 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospektində Cavabdeh1 Ələbbas qızının mülkiyyətində olan dəyəri 115800 manat təşkil edən 126 saylı evin 145 saylı 4 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait hesabına Cavabdeh2 “İddiaçı” ASC-yə olan borcunun ödənilməsi, mənzil hərracdan satıldıqdan sonra 1 ay ərzində Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manatın Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq Daşınmaz Əmlakın İnvertarlaşdırılması Xidməti MMC-nin hesabına ödənilməsi və iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. (ikinci iş) İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə aralarında bağlanmış 13.07.2015-ci il tarixli 0063/NF/14 saylı və 04.02.2016-cı il tarixli 0007/NF/16 saylı kredit müqavilələrini etibarsız hesab edərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, 2(006)-2775/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh2 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.10.2021-ci il tarixli 2(102)-4507/2021 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7408/2020 nömrəli iş üzrə 30 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(103)-11364/2021 saylı qərardadı ilə mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə4 apellyasiya şikayətlərini müdafiə etdilər, iddiaçının nümayəndəsi Nümayəndə5 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, hər iki qətnamədən verilmiş apelyasiya şikayətləri təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, “İddiaçı” ASC ilə Cavabdeh2 arasında 26.12.2014-cü il tarixli 0180/NF/14 №-li kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 76480 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı olaraq “İddiaçı” ASC ilə Cavabdeh1 Ələbbas qızı arasında 26.12.2014-cü il tarixli 0180/NF/14 №-li İpoteka (Girov) müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 126, 145 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı olaraq həmin tərəflər arasında 26.12.2014-cü il tarixli 0180/NF/14 №-li Daşınar Əmlakın Girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətindəki 4000 manat dəyərindəki ev əşyaları və Cavabdeh2 dövriyyəsində olan 20000 manat məbləğindəki mal qalığı girov hüququ ilə yüklü edilmişdir. “İddiaçı” ASC ilə Cavabdeh2 arasında 13.07.2015-ci il tarixli 0063/NF/15 №-li kredit müqaviləsi imzalanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 71313 ABŞ dolları məbləğində kredit verilməsi müəyyən edilmişdir. Həmin kredit məbləği faktiki olaraq Cavabdeh2 verilməmiş və əvvəlki 26.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun bağlanması üçün istifadə edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq “İddiaçı” ASC ilə Cavabdeh1 Ələbbas qızı arasında 13.07.2015-ci il tarixli 0063/NF/15 №-li İpoteka (Girov) müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ev 126, 145 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Həmçinin kredit müqaviləsinin təminatı olaraq həmin tərəflər arasında 13.07.2015-ci il tarixli 0063/NF/15 №-li Daşınar Əmlakın Girov müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətindəki ev əşyaları 4000 manat dəyərindəki ev əşyaları girov hüququ ilə yüklü edilmişdir. “İddiaçı” ASC ilə Cavabdeh2 arasında 04 fevral 2016-cı il tarixli 0007/NF/16 №-li kredit müqaviləsi imzalanmış və müqaviləyə əsasən bank tərəfindən borcalana 60 ay müddətinə, illik 17 faiz ödəmək şərti ilə 67780 ABŞ dolları məbləğində kredit verilməsi müəyyən edilmişdir. Həmin kredit məbləği də faktiki olaraq Cavabdeh2 verilməmiş və bundan əvvəlki 13.07.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcun bağlanması üçün istifadə edilmişdir. Kredit müqaviləsinin təminatı olaraq “İddiaçı” ASC ilə Cavabdeh1 Ələbbas qızı arasında 26 dekabr 2014-cü il tarixli 0180/NF/14 saylı ipoteka müqaviləsinə 04 fevral 2016-cı il tarixli 02 №-li əlavə bağlanmış və müqaviləyə əsasən Cavabdeh1 Ələbbas qızının mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində ümumi sahəsi 48,05 kv.m olan 4 otaqlı 126 saylı evin 145 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, Cavabdeh2 04 fevral 2016-cı il tarixli 0007/NF/16 №-li kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 65281,33 ABŞ dolları, faiz borcu 52961,23 ABŞ dolları, dəbbə pulu 110963,92 ABŞ dolları, cəmi borcu isə 229206,48 ABŞ dolları təşkil edir. Cavabdeh2 həmin iddiaya etiraz edir və yeni iddia irəli sürərək, bildirir ki, kredit məbləğini yalnız birinci müqavilə bağlanan zaman götürmüşdür. Digər kredit müqavilələri onun iradə ifadəsinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, “İddiaçı” ASC-nin iddiası rədd edilməli, Cavabdeh2 iddiası isə təmin edilməlidir. Belə ki, əvvəla kollegiya hesab edir ki, Cavabdeh2 iddiasına hüquqi qiymət verilməli, daha sonra isə bunun nəticəsindən asılı olaraq “İddiaçı” ASC-nin iddiasına qiymət verilməlidir. Cavabdeh2 iddia ərizəsində göstərilən hallara əsasən belə nəticəyə gəlinir ki, o, yanıldığına istinad edir və iddia tələblərini “etibarsız hesab edilərək ləğv edilməsi” kimi göstərsə də, Mülki Məcəllənin əqdlərin etibarsızlığı adlanan 14-cü fəslinin bir çox müddəalarına istinad etməklə kredit müqavilələrinin etibarsızlığı tələbini irəli sürür. Kollegiya hesab edir ki, iddiaçının istinad etdiyi hallarda mübahisəli kredit müqavilələrinin etibarsız hesab edilməsi tələblərinin qanuni əsasını Mülki Məcəllənin 347ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd, belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər (347.1). Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir (347.2, 347.2.1, 347.2.2, 347.2.3). Hazırkı işdə də qeyd olunan maddələrin bütün dispozitiv şərtlərinin mövcudluğu tam təsdiq olunur. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, tərəflər arasında bağlanmış 26.12.2014-cü il tarixli 0180/NF/14 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən “İddiaçı” ASC-yə ümumilikdə 11935,97 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin ödənişin çox hissəsi, yəni 6768,97 ABŞ dolları faiz borcuna, az hissəsi - 5167 ABŞ dolları hissəsi isə əsas borca silinmişdir. 13.07.2015-ci il tarixli 0063/NF/15 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən “İddiaçı” ASC-yə ümumilikdə 11801,75 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin ödənişin böyük hissəsi, yəni 8268,53 ABŞ dolları faiz borcuna, az hissəsi - 3533,22 ABŞ dolları hissəsi isə əsas borca silinmişdir. 04 fevral 2016-cı il tarixli 0007/NF/16 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən “İddiaçı” ASC-yə ümumilikdə 9198,65 ABŞ dolları məbləğində ödəniş edilmiş və həmin ödənişin böyük hissəsi, yəni 6700,20 ABŞ dolları faiz borcuna, az hissəsi - 2498,45 ABŞ dolları hissəsi isə əsas borca silinmişdir. Göründüyü kimi Cavabdeh2 tərəfindən “İddiaçı” ASC-yə ümumilikdə 32936,37 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Eyni zamanda, sonuncu kredit müqaviləsi üzrə borcun müəyyən olunması məqsədi ilə hazırki apellyasiya baxışı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 04 fevral 2020-ci il tarixli 26647 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən iddia ərizəsində borcun hesablandığı 23.02.2017-ci il tarixə Cavabdeh2 “İddiaçı” ASC-yə olan borcu 70419,57 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 65281,55 ABŞ dolları, faiz borcu 5138,02 ABŞ dolları. 30.10.2018-ci il tarixə Cavabdeh2 “İddiaçı” ASC-yə olan borcu 89131,8 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 65281,55 ABŞ dolları, faiz borcu 23850,25 ABŞ dolları. Göründüyü kimi Cavabdeh2 ümumilikdə 32936,37 ABŞ dolları ödəniş etsə də, birinci kredit müqaviləsi üzrə aldığı 76480 ABŞ dolları məbləğində əsas borcdan cəmi 11198,45 ABŞ azalmışdır (76480-65281,55=11198,45). İşin hallarından da görünür ki, 13.07.2015-ci il tarixli və 04.02.2016-cı il tarixli kredit müqavilələri tərəflər arasında daha əvvəl bağlanmış 26.12.2014-cü il tarixli kredit müqaviləsindən fərqli olaraq daha aşağı faizlərlə, yəni müvafiq olaraq 21 və 17 faiz ödəmək şərti ilə bağlansa da, birinci müqavilədən fərqli olaraq sonrakı kreditlər 36 ay müddətinə deyil, daha uzun müddətə, yəni 60 ay müddətinə verilmiş, habelə birinci müqavilə üzrə cəmi 29600 ABŞ dolları məbləğində faiz borcu ödəməli olduğu halda ikinci və üçüncü müqavilələr üzrə müvafiq olaraq 44411 və 33369,5 ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi müəyyən edilmişdir. Bütün bu hallar isə birmənalı olaraq təsdiq edir ki, mübahisələndirilən kredit müqavilələri Cavabdeh2 tərəfindən vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmışdır. Çünki Cavabdeh2 bilsəydi ki, üzərindən 5 ildən çox müddət keçməsinə və 32936,37 ABŞ dolları ödəniş etməsinə baxmayaraq faktiki aldığı əsas kredit məbləğindən cəmi 11198,45 ABŞ dolları azalacaq, bununla bağlı kredit müqavilələrini ümumiyyətlə bağlamazdı. Göründüyü kimi hazırki işdə Mülki Məcəllənin 347-ci maddəsində göstərilən zəruri şərt də mövcuddur. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh2 iddiası tam əsaslıdır. Onun tərəfindən iddia müddətinin ötürülməsi barədə birinci instansiya məhkəməsinin dəlillərini isə kollegiya əsassız hesab edir. İlk olaraq kollegiya qeyd edir ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Həmin maddənin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bu baxımdan kollegiya qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh2 əqdləri mübahisələndirmək əsasını ona məlum olduğu andan bir ay ərzində iddia irəli sürə bilərdi. İşin hallarından da göründüyü kimi Cavabdeh2 məhz birinci iş üzrə ekspert rəyi rəsmi qaydada ona verildikdən (02 mart 2020-ci il) və rəylə tanış olduqdan sonra yanıldığını bilmiş və dərhal sonra, yəni 04 mart 2020-ci il tarixdə hazırki iddianı qaldırmışdır. Qeyd olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, Cavabdeh2 tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddəti ötürülməmiş və bu əsasa görə iddia tələbləri rədd edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 iddiası təmin edilməli və mübahisələndirilən kredit müqavilələri etibarsız hesab edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, hazırki işdə Mülki Məcəllənin 337.5-ci maddəsi tətbiq edilərək əqd üzrə alınanların geri qaytarılması məsələsi həll oluna bilməz. Belə ki, işin mübahisəsiz hallarına görə ikinci və üçüncü kredit müqavilələri imzalanarkən Cavabdeh2 hər hansı məbləğdə kredit verilməmiş və əvvəlki müqavilə üzrə borc silinmişdir. Birinci kredit müqaviləsi üzrə ödənilməli olan borcun məbləği isə hazırki mübahisənin predmetinə daxil deyil. Çünki “İddiaçı” ASC-nin iddiasının əsasını sonuncu kredit müqaviləsi təşkil edir və ona görə də, hazırki işdə birinci kredit müqaviləsi üzrə borcun məbləği müəyyən edilə bilməz. Eyni zamanda kollegiyası hesab edir ki, “İddiaçı” ASC-nin iddiası əsassızdır. Belə ki, o, həmin iddianı Cavabdeh2 ilə arasında bağlanmış 04 fevral 2016-cı il tarixli 0007/NF/16 №-li kredit müqaviləsinə əsasən irəli sürmüşdür. Lakin yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, həmin kredit müqaviləsi vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı üçün etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsində isə təsbit edilmişdir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, etibarsız hesab edilən müqavilə üzrə kredit borcunun tutulması üçün hər hansı əsas yoxdur. Ona görə də həmin iddia tələbləri və bundan irəli gələn tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələblər də rədd edilməlidir. Eyni zamanda izah olunur ki, “İddiaçı” ASC tərəflər arasında bağlanmış birinci kredit müqaviləsi üzrə borcun tutulması tələbini irəli sürmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəmələrinin qətnamələri ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə “İddiaçı” ASC-nin iddiası rədd, Cavabdeh2 iddiası isə təmin edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri “İddiaçı” ASC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-46/2019 saylı mülki iş üzrə qəbul etdiyi 07 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı “İddiaçı” AS-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Cavabdeh2 “İddiaçı” ASC-nin xeyrinə 04 fevral 20116-cı il tarixli 0007/NF/16 saylı kredit müqaviləsi üzrə 65281,33 ABŞ dolları əsas, 52961,23 ABŞ dolları faiz və 110963,92 ABŞ dolları dəbbə, cəmi 229206,48 ABŞ dolları və 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh2 ilə “İddiaçı” ASC arasında bağlanmış 04 fevral 2016-cı il tarixli 0007/NF/16 saylı kredit müqaviləsinə xitam verilməsi, borcun əvəzi ilkin satış qiyməti 100000 manat müəyyən edilməklə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində Cavabdeh1 Ələbbas qızının mülkiyyətində olan 48,05 kv.m sahədən ibarət, 4 otaqlı, 126 saylı evin 145 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq tələb edilən borcun tutulması, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində Cavabdeh1 Ələbbas qızının mülkiyyətində olan 48,05 kv.m sahədən ibarət, 4 otaqlı, 126 saylı evin 145 saylı mənzilindən orada yaşayan Cavabdeh1 Əliabbas qızının, Cavabdeh2, Cavabdeh3 çıxarılması və mənzilin boşaldılması barədə iddia rədd edilsin. İddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2775/2020 nömrəli mülki iş üzrə qəbul etdiyi 18.06.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 13.07.2015-ci il tarixli 0063/NF/14 saylı və 04.02.2016-cı il tarixli 0007/NF/16 saylı kredit müqavilələri etibarsız hesab edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan 100 manat və 300 manat məbləğində pul vəsaitləri “İddiaçı” ASC-dən tutularaq müvafiq olaraq dövlət büdcəsinə və "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar