Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-460/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2019-cu tarixli, 2(011)-4081/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi Faiq Manafov Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8587 ABŞ dolları əsas kredit borcu, 478,44 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 56,12 ABŞ dolları penya, cəmi 9121,56 ABŞ dolları, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh məxsus olan “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU9990999, rəngi ağ, tip sedan) **-GM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tutma yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına Cavabdeh İddiaçı ASC-nə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, həmçinin dövlət rüsumunun ödənilməsi, girov predmetinin satışdan əldən olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun cavabdehdən ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 13011- 1647/430616 saylı 29 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə 17% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 16635 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh ilə 13011- 1647/430616 saylı 29 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan “Hyundai Elantra” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Cavabdeh tərəfindən 04 fevral 2016-cı il tarixdə İddiaçı ASC-yə ərizə ilə müraciət olunaraq kredit müqaviləsinə dair müvafiq Əlavənin imzalanması xahiş edilmişdir. Bundan sonra tərəflər arasında kredit müqaviləsinə dair 1 nömrəli Əlavə imzalanmışdır. Həmin Əlavəyə əsasən kredit müqaviləsi üzrə faiz dərəcəsi 9 faizə endirilmişdir. Lakin Cavabdeh müqaviləyə əsasən bank qarşısında götürdüyü öhdəlikləri icra etməmiş və nəticədə onun 12 noyabr 2018-ci il tarixə İddiaçı ASC-yə 8587 ABŞ dolları əsas kredit borcu, 478.44 ABŞ dolları kreditdən istifadəyə görə faiz borcu, 56,12 ABŞ dolları penya, cəmi 9121,56 ABŞ dolları borcu qalmaqdadır. Cavabdeh dəfələrlə bildirişlə və şifahi müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmiş, ipoteka əmlakı hesabına banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2019-cu tarixli, 2(011)-4081/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 29 dekabr 2013-cü il tarixli, 13011-1647/430616 saylı kredit müqaviləsi əsasında Cavabdeh 8.587 (səkkiz min beş yüz səksən yeddi) ABŞ dolları əsas borc, 470,11 (dörd yüz yetmiş dollar on bir sent) ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə, cəmi 9.062,11 (doqquz min altmış iki dollar on bir sent) ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh məxsus olan və 29 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş 2013-cü il buraxılışlı, “Hyundai Elantra” markalı, 99-GM347 dövlət qeydiyyat nişanlı, KMHDH41EBDU9990999 ban nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması, realizə edilmiş avtomobilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehdən tutulmasının təmin edilməsi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2019-cu tarixli, 2(011)-4081/2019 saylı qətnaməsinin ləğv edilməsini, məhkəmə-mühasibatlıq ekspertizası təyin olunub rəy alındıqdan və avtomaşının yenidən qiymətləndirilməsini apardıqdan sonra yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə işə baxarkən işin faktiki hallarını araşdırmamış, nəticədə maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Hesab edir ki, işə apellyasiya məhkəməsində baxılarkən həm təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmalı, həm də girov predmeti olan avtomaşının qiymətləndirməsi aparılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, girov predmetinin bazar dəyəri ilə bağlı mübahisə açıldığı zaman həmin dəyərin müəyyən edilməsi üçün müvafiq qiymətləndirmə aparılmalıdır ki, məhkəmə tərəfindən bu həyata keçirilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2019-cu tarixli, 2(011)-4081/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının 10 mart 2020-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 oktyabr 2019-cu il tarixli qətnaməsi qismən- kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Qətnamənin qalan hissəsi, o cümlədən cavabdehdən 8.587 (səkkiz min beş yüz səksən yeddi) ABŞ dolları əsas borc, 470,11 (dörd yüz yetmiş dollar on bir sent) ABŞ dolları faiz borcu, 5 (beş) ABŞ dolları cərimə, cəmi 9.062,11 (doqquz min altmış iki dollar on bir sent) ABŞ dollarının ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınıb, iddiaçıya ödənilməsi hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini mübahisələndirilən hissədə qəbul etmədi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməməsini xahiş etdi. İş üzrə cavabdeh Qasımova Aytən Tofiq qızına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan 13011-1647/430616 saylı, 29 dekabr 2013-cü il tarixli avtomobil krediti müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında “Hyundai Elantra” markalı avtomobilin satın alınması üçün 60 ay müddətinə, illik 17% ödəmək şərti ilə, 16.635 manat məbləğində kreditin verilməsi barədə müqavilə bağlanmışdır. İş materiallarında olan 13011-1647/430616 saylı, 29 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin təmin edilməsi üçün dəyəri 17.400 manat məbləğində qiymətləndirilmiş, 2013-cü il buraxılışlı, “Hyundai Elantra” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı, KMHDH41EBDU9990999 ban nömrəli, ağ rəngli avtomobil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 29 dekabr 2013cü il tarixdə verilmiş AB № 971010 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ağ rəngli, sedan tipli, 2013-cü il buraxılışlı, **-GM-*** dövlət qeydiyyat nişanlı, KMHDH41EBDU9990999 ban nömrəli, “Hyundai Elantra” minik markalı avtomobilin sahibi Cavabdehdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışın surətindən görünür ki, 13011-1647/430616 saylı, 29 dekabr 2013-cü il tarixli ipoteka müqaviləsi 29 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsində qeydə alınaraq, bu barədə AA № 114552 saylı çıxarış verilmişdir. İş materiallarından görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması haqqında 28 yanvar 2019-cu il tarixli ərizə 28 yanvar 2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınmışdır. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, Cavabdeh istər apellyasiya şikayətinin, istərsə də kassasiya şikayətinin əsas dəlilləri ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmaması barədədir. O, apellyasiya baxışı zamanı bununla bağlı vəsatət vermiş olsa da, işə baxan məhkəmə heç bir əsaslandırma aparmadan vəsatəti rədd etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qeyd olunan hissədə əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisəni həll edərkən ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməklə səhvə yol vermişdir. Ona görə də, işə apellyasiya qaydasında yenidən baxılarkən işə baxan məhkəmə məhkəmə Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələbinə müvafiq olaraq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin olunması məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər (MM-in 317.1-ci maddəsi). “İpoteka haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Məhkəmə kollegiyası qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, hesab etmişdir ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətini müəyyən etmək üçün, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 may 2021-ci il tarixli, 9/2057 saylı rəyinə əsasən “Hyundai Elantra” minik markalı, 2013-cü il buraxılışlı normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin real bazar qiyməti təxminən 17000,0 manat, likvid qiyməti 15000,0 manat müəyyən olunur. Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. Buna görə də, kollegiya hesab edir ki, ekspert rəyi əsas götürülməklə, qətnamə mübahisələndirilən- kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi-ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməli, ilkin satış qiyməti 15000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəlləsinin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən kollegiya hesab edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan məhkəmə məsrəfi- yəni iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 99 manatı Cavabdeh, 1 manatı İddiaçı ASC-dən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli, 2(011)-4081/2019 saylı qətnaməsi mübahisələndirilən- kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi-ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin, “Hyundai Elantra” minik markalı (buraxılış ili 2013, Ban KMHDH41EBDU9990999, rəngi ağ, tip sedan) **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiyməti 15000 (on beş min) manat məbləğində müəyyən edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 99 (doxsan doqquz) manatı Cavabdeh, 1 (bir) manatı İddiaçı ASC-dən alınıb, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-460/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-460/2021
04.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver