Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4609/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs1 və Bakı şəhəri 3 saylı Mediasiya Təşkilatı maraqlı şəxs qismində cəlb edilməklə) ərizəsi üzrə Açar sözlər: (“mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ərizəçinin və Maraqlı şəxs1 nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs1 və Bakı şəhəri 3 saylı Mediasiya Təşkilatı maraqlı şəxs qismində cəlb edilməklə) “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3202/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsindən maraqlı şəxs qismində cəlb edilən Maraqlı şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01240 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X4 ilə ünsiyyət tələbi ilə bağlı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Hazırki iş üzrə Maraqlı şəxs1 ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüş hüququ üçün xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01240 nömrəli barışıq sazişi imzalanmışdır. Lakin Maraqlı şəxs1 barışıq sazişi imzalandığı gündən bugünə qədər uşaqla görüşə icazə verməmişdir. Barışıq sazişinin şərtlərinə əməl etməmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3202/2024 saylı işi üzrə xx.xx.2024-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi və Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01240 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməsi : 1. İddiaçı Ərizəçi Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək, cavabdeh Maraqlı şəxs1 ilə birgə yaşayış dövründə xx.xx.2017-ci ildə dünyaya gəlmiş X4 ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüş hüququ tələb etdi. 2. Cavabdeh Maraqlı şəxs1 iddiaçı Ərizəçi iddiasını qəbul edərək birgə yaşayış dövründə dünyaya gəlmiş X2 atası ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüşməsinə etiraz etmədi – qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17, 355-23.1, 355- 24, 355-25.1, 355-25.3, 355-26; “Mediasiya haqqında“ Azərbaycan Respublikası Qanunun 34.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişnin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01240 nömrəli barışıq sazişi təsdiq olunmalıdır.
3. Birinci instansiya məhkəməsi icraatı zamanı müəyyən edilmişdir: - Ərizəçi və Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01240 nömrəli Barışıq sazişinə əsasən,
1. İddiaçı Ərizəçi Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək, cavabdeh Maraqlı şəxs1 ilə birgə yaşayış dövründə xx.xx.2017-ci ildə dünyaya gəlmiş X4 ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüş hüququ tələb etdi. 2. Cavabdeh Maraqlı şəxs1 iddiaçı Ərizəçi iddiasını qəbul edərək birgə yaşayış dövründə dünyaya gəlmiş X2 atası ilə hər həftənin şənbə günü saat 11:00-dan İ7600-dək görüşməsinə etiraz etmədi.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal rayon məhkəməsinin İş № e-2(004)- 3202/2024 saylı xx.xx.2024-cü ill tarixli qətnaməsinin ləğv edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49, 50, 56, 61, 73; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, azyaşlı X3 atası işlədiyi restoranın ərazisinə spirtli içkilərlə yeyib içən insanların dolu olduğu yerə aparmaqla azyaşlı uşağın tərbiyəsinə və psixikasına zərər vurur. Azyaşlı uşaq evə gəldikdən sonra gecələr yata bilmir, yuxuda diksinir, özü -özünə danışır. Atasının adı gələndə vahiməli olamağa başlayır. Uşağın görüşü ilə bağlı Qəyyumluğun rəyi alınmamışdır, psixi durumu yoxlanılmamışdır. Hazırda azyaşlı qızımız sarsıntılar içərisində əzab çəkir. Lakin məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar qanunsuz və əsassız olaraq nəzərə alınmamışdır. Ona görə də, uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirən şəxslə ünsiyyəti təmin edilməməlidir. Restoranda sərxoş şəxslərin arasında hansı uşağa məhəbbətdən tərbiyədən söhbət gedə bilər? Hazırki iş üzrə məhkəmə sübutları düzgün qiymətləndirməmiş və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
Apellyasiya icraatında müəyyən edilən hallar və izahatlar:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs1 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, “Mediasiya haqqında” qanunun tələblərinə əsasən Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almalı olduğu halda, mediasiya təşkilatında barışıq sazişi bağlanarkən uşağın mənafeyi nəzərə alınmaqla müvafiq Qəyyumluq və Himayəçilik orqanının rəyinin alınmadığını bildirmiş və bu səbəblə də həmin barışıq sazişinin təsdiq edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq barışıq sazişinin mübahisələndirmədiklərini qeyd etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçi məhkəmə qaydasında tutulan alimenti vaxtı-vaxtında ödədiyini, cavabdehlə hər hansı münaqişəsinin olmadığını, yalnız uşağını görmək istədiyini, qarşı tərəfin uşaqla ünsiyyət qaydaları barədə istənilən şərti ilə razılaşa bilcəyini qeyd etmişdir. Restoranın ərazisinə spirtli içkilərlə yeyib içən insanların dolu olduğu yerə aparmaqla azyaşlı uşağın tərbiyəsinə və psixikasına zərər vururması ilə bağlı qarşı tərəfin dəlilinə münasibətdə isə bildirmişdir ki, restoran onun özünün iş yeri olub və uşağı bir dəfə yarım saatlıq müvafiq işlərini görmək üçün həmin yerə aparıb, lakin uşağın psixikasına və tərbiyəsinə zərər vuran hər hansı bir hal baş verməyib, bundan əlavə, artıq restoran fəaliyyəti ilə məşğul olmur. Apellyasiya şikayətini əsassız hesab etməklə təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
9. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə əsasən: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 33.4. Barışıq sazişi imzalandığı gündə tərəflərə təqdim edilməlidir. Barışıq sazişinin müvafiq orqana (quruma) təqdim edilməli olan nüsxəsini tərəflərdən biri həmin nüsxənin ona təqdim edildiyi tarixdən 1 iş günü müddətində müvafiq orqana (quruma) təqdim edir. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 01/2024№-li 23 fevral 2024-cü il tarixli qərardadına əsasən, Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər.
11. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 385-390-cı maddələrinə əsasən apellyasiya şikayətinin mübahisələndirilən dəlillərinə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, birinci instansiya tərəfindən qiymətləndirilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər razılığa gəlməklə mediasiya prosesində barışıq əldə etmiş və barışıq sazişi qanuni şəkildə bağlanmış,tərəflər barışıq sazişini öz imzaları ilə təsdiq etmişdirlər, həmçinin barışıq sazişinin bəndlərinin hər hansı digər şəxslərin hüquqlarına toxunmadığı müəyyən edilmişdir.
13. Apellyasiya şikayətinin barışıq sazişi bağlanarkən mediatorun müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almaması barədə dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişi xx.xx.2023-cü il tarixində bağlanmış və cavabdeh tərəf sazişi mübahisələndirməmiş, habelə apellyasiya şikayətinin dəlillərinə dair sübutedici dəlillər müzakirəyə təqdim edilməmişdir.
14. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şəxsin öz övladı ilə ünsiyyət hüququ qanunla müəyyən edilmiş haldır, bu hüququn təmin edilməməsi valideyn hüquqlarının məhdudlaşdırılmasına xidmət edir ki, bu da ayrıca tələbin baxış predmetidir. Bununla belə, uşaqla ünsiyyət hüququnun qaydası və vaxtı barədə tərəflərin icra qaydasında razılığa gəlməsi, habelə valideynlik hüquqlarının həyata keçirilməsi ilə bağlı (məhdudlaşdırılması və s.) barədə iddia qaldırmaq hüququ istisna edilmir.
15. Qeyd edildiyi kimi apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Maraqlı şəxs1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3202/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.