Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-462/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məmmədova Nərmin Nəzər qızının katibliyi, İlk iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı X5 Cavabdeh qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən və pasport qeydiyyatından çıxarılma, ailə üzvləri ilə birlikdə mənzilə köçürülmə” barədə ilk, Cavabdeh X6 qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(005)-426/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən və pasport qeydiyyatından çıxarılma, ailə üzvləri ilə birlikdə mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehin və X7 Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 2 saylı yaşayış binasında olan 46,73 kv.m. yaşayış sahəsindən ibarət, 3 otaqlı, 21 saylı mənzildən, eyni zamanda pasport qeydiyyatından çıxarılmaları, onun ailə üzvləri ilə birlikdə qeyd edilən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, qeyd olunan mənzil iddiaçının şəxsi mülkiyyətində olmaqla, bununla bağlı ona Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 03.02.2012-ci il tarixli çıxarış verilmişdir. İddiaçı, oğlu Zaur Ağayev ilə müqavilə bağlamadan şəxsi mülkiyyətində olan həmin mənzildə keçmiş həyat yoldaşı olan cavabdehlə müvəqqəti yaşamağa icazə vermişdir. Cavabdehlə oğlunun ər-arvad münasibəti 2019-cu ilin iyun ayından faktiki pozulmuş, həmin dövrdən oğlu mənzili tərk etmiş, cavabdeh isə orada nəvəsi ilə birlikdə yaşamağa davam etmişdir. Rəsmi nikahları Nərimanov Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra, cavabdehə mənzili könüllü, qarşılıqlı hörmət əsasında boşaltmaq və qeydiyyatdan çıxmaqla bağlı rəsmi pretenziya qaydasında xəbərdarlıq etsə də, təəssüf ki, rəsmi bir cavab almamışdır. Eyni zamanda, Cavabdeh X6 qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia verərək, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın isə təmin edilərək, Əlmusa Ağayevdən onun xeyrinə 42.000 ABŞ dolları və 12.000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, o, ilk iddiaçının oğlu X12 ilə 01.08.2009-cu il tarixdə nikaha daxil olmuş (Zaur 2004-cü ildən ağır sinir sistemi xəstəsi olmuş və bu günə qədər də xəstəlikdən əziyyət çəkir), cavabdehin, onun ailəsinin, qeydiyyatda olduqları və həyat yoldaşının yaşadığı mənzilə gəlin köçmüş, lakin valideyininə məxsus ünvan 1 ünvanda yerləşən mənzildə qeydiyyatda qalmışdır. Həyat yoldaşı Zaurun məvacibi çox az olmuş (təqribən 250 manat), onun aylıq qazancı isə təqribən 2000 manat təşkil etmiş və onlar müxtəlif kreditlər və borclarla Zaurun müalicəsini apararaq özlərini dolandırmışlar. Bu nikahdan 2012-ci ildə övladı olmuş və qaynatası həmin il özünə məxsus obyekti satıb onların ailəsi və nəvəsi üçün hədiyyə olaraq hazırkı mübahisəli mənzili almışdır. O, övladı və həyat yoldaşı mübahisəli mənzilə pasport qeydiyyatında düşmüşlər. Mənzil tamamilə təmirsiz olduğundan anası borc pul götürüb mənzildə təmir işlərinə başlamış, bir müddət sonra özünə məxsus yuxarıda qeyd olunan 6cı mikrorayonda yerləşən mənzili satıb, borclarını qaytarıb, təmir işlərini tamamlayıb evi bütün lazımi avadanlıq və cehiz əşyaları ilə təchiz etmişdir. Həmin ərəfədə həyat yoldaşı uzun müddət Mərkəzi Klinik xəstəxanasında müalicə almış, bütün bunlar təqribən 2015-ci ildə tamamlanmış və anası ilə birgə təqribən 42.000 ABŞ dolları xərcləri olmuşdur. Eyni zamanada yaranmış iqtisadi böhran onlara pis təsir etmiş, anası və bacısı müvəqqəti olaraq onun yaşadığı mənzilə qeydiyyata düşmüş, pulları qalmadığından cüzi ilkin ödəniş edib, ipoteka krediti ilə Yasamalda bir otaqlı mənzil ala bilmişlər. Lakin həmin mənzili təmir edib məskunlaşa bilmirlər və bu günə qədər ana və bacısı dayısının evində yaşayırlar. Eyni zamanda, həyat yoldaşının xəstəlyi kəskinləşmiş, o artıq daimi olaraq ağrıkəscilər, morfiy qəbul etməyə başlamış və 2019-cu ilin əvvələrində heç bir əsas olmadan evdən bir dəfəlik getmişdir. İddiaçının və onun ailə üzvlərinin isə heç bir zaman mübahisəli mənzildə yaşamaq fikirləri və niyyətləri olmamış, bu mənzil onlar üçün alınmış və bu səbəbdən onlar mənzildə əsaslı təmir işləri aparıb yaşayış üçün yararlı vəziyyət yaratmışlar. Hal-hazırda o, əlavə olaraq yoldaşının müalicəsi üçün götürdüyü 9000 manat borcu və faizlərini, həmçinin anası və bacısı isə aldığı və hələdə yaşamadığı bir otaqlı mənzilin ipotekasını ödəyir. Belə olan halda, hesab edir ki, iddiaçı və onun ailə üzvləri o və ailəsi tərəfdən evin təmirinə, götürdüyü kredtilərin bir hissəsinə, aliment borclarına, buraxılmış faydaya və mənəvi iztrablara görə dəymiş zərəri ödəməyə borcludurlar. Bunlar bu günki günə 42.000 ABŞ dolları və 12.000 manat təşkil edir. Qeyd olunalara dair kifayət qədər sənəd, dəlil, şahid və sübutları var və məhkəmə imkan yaratsa onları məhkəməyə təqdim edəcəklər. Eyni zamanda, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edib, onun tərfəfindən aparılan evin təmirinin, qurğu və avadanlıqların qiymətləndirilməsi zəruridir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 24 fevral 2021-ci il tarixli, 2(005)-426/2021 saylı qətnaməsi ilə ilk iddia təmin olunaraq, cavabdeh X3 övladı X13 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2, mənzil 21də yerləşən 3 otaqlı (ümumi sahəsi 64,83 kv.m, yaşayış sahəsi 46,73 kv.m.) mənzildən çıxarılması, qarşılıqlı iddianın isə rədd olunması qət edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, qarşılıqlı iddianın təmin olunması, İddiaçı onun xeyrinə 42.000 ABŞ dolları, 12.000 manat və bazar qiymətinə müvafiq ona və övladına görə kompensasiya tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri: Apellyasiya şikayəti – əsasən qarşılıqlı iddia ərizəsində göstərilən dəlillərlə əsaslandırılmış, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozlması ilə çıxarılması və s. göstərilmişdir Apellyasiya şikayətinə etiraz – iddiaçının özünə məxsus qeyri-yaşayış sahəsini 200.000 manata sataraq mübahisəli mənzili 70.000 manata alması, öz hesabına 2012-ci ildən 2013-cü ilədək tam və yararlı şəkildə təmir etdirməsi, qeyri-yaşayış sahəsini satıqdan sonra mənzili təmir etdirməsi üçün kifayət qədər vəsaitinin olması (130.000 manat), heç kimdən borc götürməyə və bank krediti almağa ehtiyacının olmaması, mənzilin təmirində materialların alınmasına birbaşa özünün nəzarət etməsi, usta haqlarını özünün ödəməsi və təmirin bir qismini şəxsən həyata keçirməsi, qeyd olunanlara dair qəbzləri, alqı-satqı fakturalarını məhkməyə təqdim etməsi və bunların gətirdiyi şahid ifadələri ilə də təsdiq olunması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz təqdim edərək, orada göstərilənlərə uyğun izahat vermiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, ilk iddia təmin, qarşılıqlı iddia isə rədd olunmuş, cavabdeh isə qətnaməni yalnız qarşılıqlı iddianın rədd olunması hissəsində mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına əsasən, Cavabdeh X1 gəlini olmaqla, 01.08.2009-cu il tarixdə onun oğlu X12 (dağınıq skleroz xəstəliyindən əziyyət çəkir) ilə rəsmi nikaha daxil olaraq, qaynatasına məxsus mənzilə gəlin köçmüş, əri və onun ailəsi ilə birlikə yaşamağa başlamış və bu nikahdan 21.01.2012-ci il tarixdə onların Rəhman Ağayev adlı övladları doğulmuşdur. Həmçinin, işdə olan sübutlara (müqavilələr, çıxarış, məhkəmə aktı və s.) əsasən - X10 20.10.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 81 ünvanında doqquz mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən 122,8 kv.m. qeyri-yaşayış sahəsini 200.000 manata satmış və bundan sonra həmin vəsait hesabına 03.12.2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən hazırkı iş üzrə mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 2 saylı yaşayış binasında olan 46,73 kv.m. yaşayış sahəsindən ibarət olan 3 otaqlı 21 saylı mənzil 70.000 manata almış və 03.02.2012-ci il tarixdə mənzil onun adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Mənzil əldə olunan vaxt təmirsiz vəziyyətdə olmuş, təmir olunduqdan sonra isə onun razılığı əsasında oğlu ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa başlamışdır. Bir müddət birlikdə yaşadıqdan sonra ailə münasibətləri pisləşmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.06.2020-ci il tarixli, 2(005)-568/2020 saylı qətnaməsilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş uşaqlarının ananın yanında qalması qət olunmşdur. Hazırda mübahisəli mənzildə cavabdeh azyaşlı oğlu ilə birlikdə yaşayır. Tərəflər arasında mübahisə (yoxlanılan hissədə) isə mənzilin təmirinə çəkilmiş xərclərin kim tərəfindən ödənilməsi və digər qarşılıqlı iddia tələblərinin (həyat yoldaşının müalicəsinə görə götürdüyü 9000 manat kreditin, aliment borclarının, buraxılmış faydaya və mənəvi iztirablara görə dəymiş zərərin ödənilməsi) həll olunması hissəsindədir. Birinci instansiya məhkəməsi, qarşılıqlı iddianı rədd edərkən gəldiyi qənaəti qarşılıqlı iddiaçının tələbinin əsas kimi istinad etdiyi halları sübut edə bilməməsi, irəli sürdüyü faktiki hallar və təqdim etdiyi sübutların tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası, rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq, mübahisənin hüquqi həlli ilə bağlı, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırda qarşılıqlı iddiaçı Cavabdeh mənzilin təmirinə çəkdiyi xərclərə görə 42000 ABŞ dolları, həyat yoldaşının müalicəsinə görə 9000 manat (götürdüyü kreditin əvəzi kimi) və aliment borclarına, əldən çıxmış faydaya və düşdüyü mənəvi zərərərə görə 3000 manatın keçmiş qaynatası İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tutularaq, ona ödənilməsini tələb edir. İlk növbədə qeyd olunmalıdır ki, Cavabdeh həyat yoldaşının müalicəsinə görə çəkdiyi xərclərin əvəzinin, eyni zamanda aliment borclarının ödənilməsi tələbini cavabdeh kimi kimi ona cavab verməli olan şəxsə qarşı irəli sürülməmişdir. Belə ki, MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd olunan tələblər isə ailə münasibətlərindən irəli gəlməklə bilavasitə həmin münasiətlərin qarşı tərəfinə (müvafiq olaraq ərə və ya arvada), hazırkı iş üzrə qarşılıqlı iddiaçının keçmiş əri Zaur Ağayevə qarşı irəli sürülə bilər. Qarşılıqlı iddia üzrə cavabdeh kimi qeyd olunan İddiaçı isə onun qaynatası olmaqla bu tələblərə cavab verməli olan şəxs deyildir. Bu hal, qarşılıqlı iddianın həmin tələblərə aid hissədə cavabdeh kimi İddiaçıa qarşı rədd edilməsi üçün əsasdır. Ona görə də, Kollegiya prosessual qənaət prinsipini nəzərə alaraq bu hissədə əlavə araşdırma aparmağa zərurət görmür. Məhkəmə kollegiyası, mübahisənin sözügedən mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsi hissəsinin həlli ilə bağlı isə bildirir ki, qarşılıqlı iddiaçı mübahisəli mənzili mülkiyyətçisinin razılığı əsasında müəyyən müddət əvəzsiz istifadə etmiş, hazırda isə mülkiyyətçinin iddiası əsasında mənzildən çıxarılması qət olunmuşdur. Mülki Məcəllənin 734.1-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın adi saxlanması və ona qulluq üçün zəruri olan xərcləri çəkməlidir. Kirayəyə verənin digər xərclərin əvəzini ödəmək vəzifəsi özgə işlərini tapşırıqsız aparmaq haqqında və əsassız varlanma haqqında göstərişlərə uyğun müəyyənləşdirilir. Sübutetmə yükü baxımından qeyd olunan mənzilin təmiri ilə bağlı xərclərin onun tərəfindən çəkilməsini sübuta yetirmək vəzifəsi iddia edənin üzərinə düşür. Çünki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Yoxlanılan hissədə işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2-də yerləşən 21 saylı mənzili ilk iddia üzrə İddiaçı 03 dekabr 2011-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən almış və 03 fevral 2012-ci il tarixdə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq ona çıxarış verilmişdir. İddiaçının oğlu ilə gəlini cavabdeh Cəmilə Ağayeva 2009-cu il tarixdə nikaha daxil olmuş, bir müddət iddiaçıya məxsus başqa evdə yaşamışlar. Daha sonra Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 2-də yerləşən 21 saylı mənzili 2011-ci il tarixdə almış və iddiaçı həmin mənzili təmir etdirdikdən sonra cavabdeh Cəmilə Ağayeva ilə oğlu Zaur Ağayev 2013-cü ildən həmin mənzilə köçmüşlər. 2013-cü ildən həmin mənzildə təmir tikinti işləri aparılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, mənzilin təmirinə görə xərclərin qarşılıqlı iddiaçı tərəfindən çəkilməsi və tələb etdiyi vəsait (42.000 ABŞ dolları) iş materialları ilə təsdiqlənmir. Eyni zamanda, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən təqdim olunmuş sübutlar da bu qənaətə gəlməyə imkan vermir. Belə ki, cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş şəxslər ifadələrində mənzildə təmir işləri apardıqlarını, təmir üçün sərf olunan materialların cavabdeh tərəfindən alındığını, eyni zamanda xidmət haqlarının cavabdeh tərəfindən ödənildiyini bildirmişlər. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəf iddia tələbində mənzilin təmir xərcini çəkdiyini qeyd etsə də məhkəmə iclaslarının təxirə salınmasına baxmayaraq inandırıcı və əsaslı sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, ilkin iddia üzrə İddiaçı mənzilin təmirinə çəkilən xərclərə dair tikinti materiallarına sərf edilən məbləğlərlə bağlı ödənilmiş vəsaitlərin müəyyən hissəsini təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfin nümayəndəsi və vəkili bankdan götürülmüş kreditllərin İlkin İddiaçı oğlunun mülaicəsinə və təmir tikinti işlərinə sərf oldunduğunu iddia etsə də təqdim edilmiş 13.06.2019-cu il tarixli kredit müqaviləsinin surətindən də aydın olur ki, həmin kredit müqaviləsinin 2.2-ci bəndinə görə kreditin təyinatı şəxsi istehlak məqsədi daşımışdır. Digər tərəfən, işdən mübahisəsiz qaydada görünür ki, mübahisəli mənzil qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən 2011-ci ildə ona məxsus qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə olunmuş vəsait (200000 manat) hesabına 70000 manata alınmış və həmin vaxtdan mənzildə təmir işləri aparılmışdır. Bu hal isə ona dəlalət edir ki, qarşılıqlı iddiaçı mənzilin təmir olunması üçün lazım olan vəsaiti anasına məxsus evi satılması nəticəsində borc kimi əldə olunduğunu bildirsə də, mənzilin əldə etdiyi vaxt mülkiyyətçinin onu təmir etdirmək üçün kifayət qədər vəsaiti olmuşdur. Eyni zamanda, qarşılıqlı iddiaçı da məhkəməyə bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, mövqeyini dəstəkləyə biləcək tutarlı (mötəbər) dəlillər gətirməmişdir. Verdiyi izahatlar isə özü-özlüyündə mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi, qarşılqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın mənzilin təmirinə görə çəkilmiş xərclərin əvəzinin ödənilməsi hissəsində, eyni zamanda onunla bağlı digər tələblərə (əldən çıxmış fayda, mənəvi zərər) aid hissədə də rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslıdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı X5 Cavabdeh qarşı (X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “mənzildən və pasport qeydiyyatından çıxarılma, ailə üzvləri ilə birlikdə mənzilə köçürülmə” barədə ilk, Cavabdeh X6 qarşı “çəkilmiş xərcin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(005)-426/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2(005)- 426/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-462/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-462/2022
25.01.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver