Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4652/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(006)-591/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2011-ci il buraxılışlı, SALLAAAD4BA583042 ban nömrəli «X6» markalı ** OF *** (LS 080 TR 20 tranzit) dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2011-ci il buraxılışlı, SALLAAAD4BA583042 ban nömrəli «X6» markalı avtomobili 2019-cu ildə Kənan adlı şəxsdən 29.000 ABŞ dollarına alğı-satqı qaydasında almış, avtomobilə BDYPİ-də ** OF *** dövlət qeydiyyat nişanı verilməklə həmin avtomobil onun adına qeydə alınaraq, onun adına nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində göstərilən avtomobili satmaq qərarına gəlmişdir. Buna görə də, 05 aprel 2020-ci il tarixdə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən maşın bazarında ünvan 1 ünvanda qeydiyyatda olan, xx xxxxxxxx 1988-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş Cavabdeh2 ilə tanış olmuşdur və ona avtomobili satmaq istədiyini bildirmişdir. Cavabdeh2 avtomobil alverçisi olduğunu bildirmişdir və ona məxsus avtomobili satmağı öhdəsinə götürmüşdür. Vüsala inanaraq 09 aprel 2020-ci il tarixdə özünə məxsus «X6» markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə 8-ci km. qəsəbəsindəki maşın bazarının yanında olan «Socar» yanacaqdoldurma məntəqəsində Vüsal və onun yanında olan, özünü Elnur kimi təqdim edən şəxslə görüşmüşdür. Həmin 2 nəfərin məsləhəti ilə tanımadığı, ünvan 3 ünvanda qeydiyyatda olan xx xxxxxx 1996-cı il təvəllüdlü Cavabdeh1 sonuncunun iştirakı olmadan notariusda etibarnamə verməklə avtomobilin sənədlərini və açarı Elnura vermişdir ki, avtomobili Əliyə 26.000 ABŞ dollarına satıb pulunu 24 aprel 2020-ci il tarixdə ona versinlər. Həmin gün Elnur ona 11.000 ABŞ dolları pul vermiş, 15.000 ABŞ dolları isə borclu qalmışdır. 24 aprel 2020-ci il tarixdə və sonrakı tarixlərdə sonuncularla görüşüb pulun ödənilməmiş qalan hissəsini tələb etmişdir və onlar pulun qalan hissəsini yaxın zamanlarda ödəyəcəklərinə söz vermişlər və o da sonunculara inanmışdır. Cavabdehlər onun sonunculara inamından sui-istifadə edərək, onsuz da ona borcları olduqlarını bildirmişlər və ondan xahiş etmişlər ki, sonunculara 1.500 ABŞ dolları borc versin və yaxın vaxtlarda 16.500 ABŞ dolları ödəyəcəklər. Onlara inanaraq 1.500 ABŞ dolları borc vermişdir. Hazırkı vaxtadək cavabdehlər ona borclu olduqları 16.500 ABŞ dollarını müxtəlif bəhanələrlə ödəməkdən yayınmışlar. Buna görə də, avtomobili satmaqdan imtina edərək cavabdehlərə verilmiş etibarnamənin ləğv edilməsinə dair notariat kontoruna müraciət etmişdir. Etibarnamələrin ləğvi avtomatlaşdırılmış informasiya sisteminə yerləşdirildikdən sonra avtomobilin qaytarılmasına dair cavabdehlərə müraciət etmiş, lakin, nəticəsi olmamışdır. Buna görə də, avtomobilin qanunsuz idarə edilməsi ilə bağlı DİN BDYPİ-yə müraciət etmişdir. Bu zaman, ona məlum olmuşdur ki, cavabdehlər onun etibarından sui-istifadə edərək mülkiyyətində olan 2011-ci il buraxılışlı, SALLAAAD4BA583042 ban nömrəli, «X6» markalı ** OF *** (LS 080 TR 20 tranzit) dövlət qeydiyyat nişanlı avtomobili qeydiyyatdan çıxarmışlar və həmin avtomobilə LS 080 TR 20 dövlət qeydiyyat nişanı almışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli 2(006)-591/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, «X6» markalı ** OF *** dövlət qeydiyyat nömrəli 2011-ci il buraxılışlı qara metallik rəngli avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Hazırda qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə iddia əsassız olmaqla həqiqəti əks etdirmir. Məhkəmə iclası onun iştirakı olmadan keçirilmişdir. Kollegiya tərəfindən X7 Rawshdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, mübahisəli avtomobili Elnur və Vüsal adlı şəxs vasitəsi ilə tapmışdır. Belə ki, o, lizinqlə aldığı “S- Class” markalı avtomobili satmaq istəmiş və bu barədə tanışı olan maşın alverçisi Elnura bildirməklə, avtomobilinə müştəri tapmağı bildirmişdir. 2020-ci ilin aprel ayının əvvəllərində Elnur «X6» markalı avtomobil satıldığını və “S-Class” markalı avtomobili həmin avtomobillə dəyişdirmək imkanının olduğunu bildirmişdir. İddiaçı ilə arasında alqı-satqı müqaviləsi olmamışdır, özünə məxsus “S-Class” markalı avtomobil bankda lizingdə olmuşdur, həmin avtomobillə barter etmişlər. Həmin vaxt yanlarında iddiaçı, Vüsal, Elnur və dostu X1muşdur. Avtomobilə Tibb Universitetinin qabağında baxmışlar, iddiaçı da onun avtomobilinə baxmış, avtomobilləri barter etmək üçün razılaşmışlar. Lizingdə olan avtomobilə təxminən 75000-80000 ABŞ dollar borcu qalmışdır, avtomobilin dəyəri isə 95000 ABŞ dolları idi. «X6» markalı avtomobili 28000 ABŞ dollarına razılaşmışlar, 15000 ABŞ dollarını “S-Class” markalı avtomobillə əvəzləşdirmiş, qalan 13000 ABŞ dolları isə Elnur, Vüsal və Saminin yanında iddiaçıya əlbəəl vermişdir. İddiaçı bildirmişdir ki, “S- Class” markalı avtomobili satacaqdır, ona görə də müqaviləni adına keçirtməyə ehtiyac yoxdur, çünki bunun üçün 3% dəyərində xidmət haqqı ödənilməli idi, iddiaçı isə ödəniş etmək istəmədi. Buna baxmayaraq, “S-Class” markalı avtomobili iddiaçı ondan götürərək özündə saxlamış, dəfələrlə idarə etmiş, hətta rayona gedib-gəlmiş, yolda da radara düşmüşdür. İddiaçı ödənişləri etmədiyinə görə lizinq şirkəti avtomobili əlindən almışdır. İddiaçıya pul verdikdən sonra notariusda ona baş etibarnamə verilmişdir. Beləliklə, iddiaçı ilə o, avtomobillərini dəyişdirmiş, bununla da onun iddiaçıya heç bir borcu qalmamışdır. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, o, pul lazım olduğu üçün özünə məxsus «X6» markalı ** OF *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq niyyətində olmuş, bu istəyini tanışı olan maşın alverçisi – Cavabdeh2 bildirmiş, avtomobilinə müştəri tapmağı tapşırmış, sonuncu da Cavabdeh1 tanışı olan maşın alverçisi Elnura bu barədə bildirdikdə, Elnur tanışı Cavabdeh1 lizinqdə maşını olduğunu, avtomobilləri dəyişdirməyi təklif etmişdir. Əvvəlcə “Vito” markalı avtomobili təklif etmişlər, lakin o, razı olmamışdır. Sonra “S-Class” markalı avtomobil təklif olunmuşdur, danışıq əsnasında məlum olmuşdur ki, Cavabdeh1 “S-Class” markalı avtomobili “Bank VTB”-də lizinqdədir. Ona pul lazım olduğundan, avtomobilləri dəyişdirmək marağında olmamışdır, lakin Vüsalla Elnur demişlər ki, onlar “S-Class” markalı avtomobili tez bir zamanda sata bilərlər. Beləliklə, onun maşınına 28.000 ABŞ dolları qiymət qoyulmuş, Əli 13.000 ABŞ dolları nağd vermiş, 15.000 ABŞ dolları da “S-Class” markalı avtomobilin satışından götürməli olmuşdur. Əlinin verdiyi 13.000 ABŞ dollarından zəhmət haqqı kimi 2.000 ABŞ dollarını Vüsal ilə Elnur götürmüş, ona 11.000 ABŞ dolları vermişlər. Düzdür, o, “S-Class” markalı avtomobili cəmi iki dəfə idarə etsə, o cümlədən rayona gedib-gəlsə də, həmin avtomobili pul əvəzində götürmək niyyətində olmamışdır. Vüsalla Elnur tez bir zamanda onu satıb onun qalan 15000 ABŞ dollarını verməli idilər. Lakin “S-Class” markalı avtomobili tez satmaq mümkün olmamış, sonradan isə aylıq lizinq ödənişləri olmadığından, DYP əməkdaşları avtomobili ondan alıb lizinq şirkətinə təhvil vermşlər. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 qeyd etdi ki, maşın alqı-satqısı ilə məşğul olur, iddiaçı ona maşınını satmaq istədiyini bildirmiş, o isə təklif etmişdir ki, gəlsin baxsın, bir neçə maşın var, onlardan biri ilə barter edə bilərlər. İddiaçı ilə görüşmüş, məsləhətli maşın olmamışdır. Maşın alqı-satqısı ilə məşğul olan Elnura bu məsələni demişdir, əvvəl “Vita” markalı avtomobili göstərmişlər iddiaçıya, lakin razılaşmamışlar, Elnur demişdir ki, “S-Class” markalı avtomobil də var, həmin vaxt o, Cavabdeh1 tanımamışdır, “S-Class” markalı avtomobilə baxmışlar, Toğrula göstərmiş, bildirmişdir ki, 13000 ABŞ dolları əlbəəl verirlər, onun 2000 ABŞ dolları onlara çatacaq, 11000 ABŞ dolları isə Toğrula verilməli, qalan 15000 ABŞ dolları isə ayın 23-24-ü veriləcəkdir, belə ki, Elnur həmin avtomobilin satılacağını və 15000 ABŞ dolların veriləcəyini bildirmşdir. Etibarnamə verilmiş, Əli Elnura 13000 ABŞ dolları vermiş, Elnur da 2000 ABŞ dolları bizim xidmət haqqımızı götürüb, 11000 ABŞ dolları Toğrula vermiş, qalan 15000 ABŞ dollarını da razılaşmışlar ki, ayın 23-ü veriləcək. “S-Class” markalı avtomobil Toğrulda qalmış, sonuncu da onu qarajda saxlamışdır. Aprelin 22-də 5400 manat aylıq lizinq ödənişi olmadığına görə, DYP əməkdaşları “S-Class” markalı avtomobili Toğrulun əlindən almışlar. Hesab edir ki, heç bir tərəfin günahı yoxdur, Əli Toğrulun maşınını, Toğrul da Əlinin pulunu qaytarmalıdır. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs qeyd etdi ki, Toğrula pul və “S-Class” markalı avtomobil verilmişdir. O, Əlidən avtomobili 28000 ABŞ dollarına almış, bir ay istifadə etmiş, sonra Dubaya getdiyi üçün yenidən Əliyə satmışdır. Məhkəmə Kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir: “Əli və Vüsal dostumdur. Əlinin lizinqdə avtomobili var idi, onu satırdı. Vüsal da mənə bildirdi ki, Toğrul adlı dostunun avtomobili var, onu satırlar. Vüsal həmin avtomobili gətirdi, baxdım maşına, sonra Əliyə bildirdim ki, belə bir maşın var. Sonra mən, Vüsal, Elnur və Elmir adlı dostum görüşdük, maşına baxdıq, qiymət danışıldı ki, Əli “S- Class” markalı avtomobili, əlavə də 13000 ABŞ dolları verir və qarşılığında Torğulun maşınını götürür. X4 etibarnamə verdi. Əliynən Toğrulun özlərinin yaxşı münasibətləri yaranmışdı. “S-Class” markalı avtomobilin ödənişləri edilmədiyi üçün lizing şirkəti tərəfindən götürülmüşdür.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 385.1.2-ci maddəsinin tələbinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 388-ci maddəsiniin tələbinə görə isə apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, apelyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarına əsasən «X6» markalı ** OF *** dövlət qeydiyyat nömrəli 2011-ci il buraxılışlı qara metallik rəngli avtomobil İddiaçı mülkiyyətindədir. İddiaçı həmin avtomobilə dair Cavabdeh1 adına 09.04.2020-ci il tarixli etibarnamə vermişdir. Etibarnamənin müddəti 09.04.2021-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı notariat kontoruna müraciət edərək, qeyd olunan etibarnaməni ləğv etdirmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin sorğuya cavab məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 «X6» markalı avtomobili etibarnamə ilə X7 Rawshdehə vermiş, sonuncu isə 28.04.2020-ci il tarixdə komisyon mağazada satılması üçün qeydiyyatdan çıxarmışdır. Apelyasiya baxışı zamanı alınmış izahatlardan müəyyən edilmişdir ki, 2020-ci ilin aprel ayının əvvəllində İddiaçı özünə məxsus «X6» markalı avtomobili satmaq niyyətində olmuş və bu işdə ona kömək etmək üçün maşın alverçisi olan tanışı – Cavabdeh2 müraciət etmişdir. Eyni zamanda, Cavabdeh1 da onda olan lizinq şirkətinə məxsus “S- Class” markalı avtomobili satmaq niyyətində olmuş və bu işdə ona köməklik göstərmək üçün tanışı olan maşın alverçisi – şahid Elnur Süleymanova müraciət etmişdir. Cavabdeh2 və Elnur Süleymanovun vasitəsi ilə İddiaçı və Cavabdeh1 avtomobillərə baxmış və onları dəyişdirmək barədə razılığa gəlmişlər. Əldə olunmuş razılığa görə, İddiaçı avtomobili 28000 ABŞ dollarına qiymətləndirilmiş, həmin məbləğin 13000 ABŞ dolları Cavabdeh1 tərəfindən nağd şəkildə, qalan 15000 ABŞ dolları isə “S-Class” markalı avtomobillə ödənilmişdir. Nağd ödənilmiş 13000 ABŞ dollarından Cavabdeh2 və Elnur Süleymanov 2000 ABŞ dolları məbləğində xidmət haqqı götürmüş (tərəflər buna etiraz etməmişlər), 11000 ABŞ dolları isə İddiaçı verilmişdir. «X6» markalı avtomobili etibarnamə əsasında Cavabdeh1 götürmüş, “S-Class” markalı avtomobili isə heç bir rəsmiləşmə olmadan İddiaçı özünə götürüb saxlamışdır. Sonuncu Vüsal və Elnurun köməkliyi ilə həmin avtomobili satıb pul (15000 ABŞ dolları) əldə etmək niyyətində olmuş, lakin 23 aprel 2020ci il tarixədək, yəni növbəti lizinq ödənişinə kimi bunu edə bilməmiş, nə də lizinq ödənişini etməmiş, buna görə də DYP əməkdaşları tərəfindən avtomobil onun əlindən alınmışdır. Kollegiya öz avtomobilini “S-Class” markalı avtomobillə dəyişdirməməsi barədə iddiaçının dəlillərinə tənqidi yanaşır, belə ki, aydın şəkildə müəyyən olunur ki, tərəflər arasında baş vermiş dəyişdirmə əməliyyatından sonra həmin avtomobil məhz İddiaçı qalmış, sonuncu avtomobili qarajında saxlamış, onu idarə etmiş, hətta Ağsu rayonuna gedib-gəlmişdir. Cavabdeh1 isə aldığı «X6» markalı avtomobili etibarnamə ilə X7 Rawshdehə vermiş, sonuncu isə 28.04.2020-ci il tarixdə komisyon mağazada satılması üçün qeydiyyatdan çıxarmışdır. Beləliklə, müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh1 arasında avtomobillərin dəyişdirilməsi barədə əqd bağlanmışdır. Lakin, göründüyü kimi, həmin əqd forma və məzmununa görə əhəmiyyətsiz əqddir. Belə ki, avtomobillərin dəyişdirilməsi barədə əqd notarial qaydada rəsmiləşdirilməli, rəsmi reyestrdə qeydə alınmaqla bağlanmalıdır. Bundan başqa, “S-Class” markalı avtomobil Cavabdeh1 sahiblik və istifadəsində olsa da, sonuncu mülkiyyətçi olmamışdır, belə ki, həmin avtomobil lizinq şirkətinə məxsus olmuşdur. Bununla da həmin avtomobilə münasibətdə Cavabdeh1 səlahiyyətsiz şəxs olmuşdur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4). Mülki Məcəllənin 337.5-ci maddəsinə müvafiq olaraq əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğurmur. Əqd əhəmiyyətsiz olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludur. Buna görə də Cavabdeh1 «X6» markalı avtomobili, İddiaçı isə həmin avtomobilə görə aldığı 11000 ABŞ dollarını qaytarmalıdır. 2000 ABŞ dolları isə həmin əhəmiyyətsiz əqdin tərəfləri olmayan Cavabdeh2la Elnur Süleymanova çatdığından restitusiyaya məruz qala bilməz, həmin vəsaiti Cavabdeh1 həmin şəxslərdən müstəqil qaydada tələb edə bilər. Kollegiya «X6» markalı avtomobilin qeydiyyatdan çıxarılmaqla tranzit nömrə alınmasına da münasibət bildirməyi zəruri hesab edir. Bununla bağlı Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Konstitusiya Məhkəməsinin formalışdırdığı hüquqi mövqeyə görə, əvəz edilməyən fərdi-müəyyən əşyalar (o cümlədən avtomobil) barəsində bağlanan əhəmiyyətsiz əqd nəticəsində həmin əşya əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, həmin əşya barəsində aparılmış qeydiyyat da əsassızdır, xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etmir, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edir. Göründüyü kimi, «X6» markalı avtomobilin qeydiyyatdan çıxması İddiaçı həmin avtomobilə olan hüquqlarının itirilməsinə əsas ola bilməz. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 6.10-cu bəndində qeyd olunmuşdur ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. Qərarın 11.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən «X6» markalı avtomobilin İddiaçı qaytarılması ilə sonuncu tərəfindən 11000 ABŞ dolları məbəlində pul vəsaitinin Cavabdeh1 qaytarılması eyni vaxtda icra olunmalıdır. Kollegiya Cavabdeh2 qarşı yönəlmiş tələblə bağlı qeyd edir ki, İddiaçı məhkəməyə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «əmlak tələbinə dair» iddia qaldıraraq, sonunculardan «X6» markalı ** OF *** (LS 080 TR 20 tranzit) dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq ona qaytarılmasını tələb etmişdir. Eyni zamanda iddia ərizəsində cavabdehlərin onun inamından sui-istifadə edərək, əlavə olaraq ondan 1500 ABŞ dolları məbləğində pul alaraq, ümumilikdə 16500 ABŞ dolları qaytarmalı olduqlarını göstərmişdir. Əvvəla, İddiaçı nə birinci instansiya məhkəməsində, nə də hazırki icraat çərçivəsində cavabdehlərə 1500 ABŞ dolları verməsi barədə heç bir sübut təqdim etməmiş, nə də işin hallarından və tərəflərin izahatından belə bir hal müəyyən olunmamışdır. Digər tərəfdən isə onun bu barədə cavabdehlərə yönəlmiş hər hansı tələbi olmamışdır. Buna görə də 1500 ABŞ dolları məbləğində pul hazırki icraat çərçivəsində müzakirə predmetini təşkil etmir. Kollegiya hesab edir ki, «X6» markalı avtomobil Cavabdeh1 olduğundan, həmin avtomobilin qaytarılması barədə digər Cavabdeh2 yönəlmiş tələb təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-591/2021 saylı iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 2011-ci il buraxılışlı, SALLAAAD4BA583042 ban nömrəli «X6» markalı ** OF *** dövlət qeydiyyat nişanlı (LS 080 TR 20 tranzit) avtomobil Cavabdeh1 alınaraq İddiaçı verilsin. İddiaçı 11000 ABŞ dolları məbləğində pul vəsaiti (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) alınaraq Cavabdeh1 verilsin. Cavabdeh1 tərəfindən «X6» markalı avtomobilin İddiaçı qaytarılması ilə sonuncu tərəfindən 11000 ABŞ dolları məbləğində pul vəsaitinin (manatın məzənnəsinə uyğun olaraq) Cavabdeh1 qaytarılması eyni vaxtda icra edilsin. Qalan hissədə iddia (Cavabdeh2 münasibətdə) təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4652/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4652/2021
24.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver