Məhkəmə qərarları › İş №2(103)-4681/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4681/2022

05.10.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4681/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı ("xxxx" ASC və Xətai Rayon İcra və Probasiya Şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində) “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə QƏRARİ İş №2(103)-4681/2022 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(005)-127/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı əmlakın qiymətləndirilməsinin 4-5 il əvvəl keçirilməsi səbəbindən hərracın nəticələrinin nəticələrinin ləğv edilməsini xahiş etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 3.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC tərəfindən Xətai rayonu, Natiq Əliyev 30 ünvanında yerləşən iddiaçıya aid olan qeyri-yaşayış sahəsinin hərracını təşkil etmişdir. Əmlakın qiymətləndirilməsinin 4-5 il əvvəl keçirilməsi səbəbindən bazar qiymətini əks etdirmir. Əmlakın yenidən qiymətləndirilməsini xahiş etmişdir. 4.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 03 fevral 2022-ci il tarixli, 2(005)-127/2022 saylı qətnaməsi ilə (hakim-Aytən Novruzova) iddia təmin edilməmiş, ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. 5.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, 30 saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 6.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-926/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli 13-38 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat”ı, həmin qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərrac, həmin hərracın nəticələri haqqında xx.xx.2013-cü il tarixli Y-240 saylı Protokol və həmin Protokol əsasında ünvan 3-da yerləşən ümumi sahəsi, 165.2 kv.m olan qeyri-yaşayış sahəsinin "xxxx" İKB ASC-yə satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iş üzrə MMC-dən tutulub İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin isə cavabdeh "xxxx" MMC-dən tutularaq “Əmlak Bazarı İştirakçıları İctimai Birliyinə” ödənilməsi qət edilmişdir. 7.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-926/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətinə əsasən üçüncü şəxs "xxxx" İKB ASC-nin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2014-cü il tarixli, 2(009)-440/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 8."xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 01/468 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişinin surətinə əsasən Xətai rayon Məhkəməsinin 2(011)- 2461/2011 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qiyməti 148.000 (bir yüz qırx səkkiz) manat olmaqla mövcud qanunvericiliyə əsasən xx.xx.2021-ci il tarixdə «Birja yenilikləri» qəzetində elanı çıxmış və xx.xx.2021-ci il tarixə, Bakı şəh, Nərimanov ray., İ.Hidayətzadə küçəsi 156, (20A) 1933-cü məhəllə (1-ci mərtəbə) saat 11.00-da hərracı təyin olunmuşdur. 9."xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/D 122-1245/21 nömrəli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, aparılmış hesablamalara və təkliflərə əsasən Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, 30 nömrəli qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixinə bazar qiyməti 198660,0 manat, likvid dəyəri 178794,0 manat təşkil edir. Əmlakın qiymətləndirilməsi üzrə göstərilən xidmətin dəyəri 200 manat təşkil edir. 10.Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 19 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixli 13-38 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında Hesabat”ı, həmin qeyri-yaşayış sahəsinin satılmasına dair "xxxx" MMC tərəfindən keçirilmiş hərrac, həmin hərracın nəticələri haqqında xx.xx.2013-cü il tarixli Y-240 saylı Protokol və həmin Protokol əsasında ünvan 3-da yerləşən ümumi sahəsi, 165.2 kv.m olan qeyri-yaşayış sahəsinin "xxxx" İKB ASC-yə satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, iş üzrə MMC-dən tutulub İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul vəsaitinin isə cavabdeh "xxxx" MMC-dən tutularaq “Əmlak Bazarı İştirakçıları İctimai Birliyinə” ödənilməsi qət edilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə Xətai rayon İcra Şöbəsi tərəfindən verilmiş sifarişə əsasən "xxxx" MMC tərəfindən həmin evin 148.000 (bir yüz qırx səkkiz) manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/D 122- 1245/21 nömrəli ekspet rəyinə əsasən aparılmış hesablamalara və təkliflərə əsasən Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, 30 nömrəli qeyri-yaşayış sahəsinin xx.xx.2021-ci il tarixinə bazar qiyməti 198660,0 manat, likvid dəyəri 178794,0 manat təşkil etdiyi göstərilmişdir. 11.Məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, ƏEM/D 122-1245/21 nömrəli ekspet rəyində əmlakın təsviri, təmiri haqqında məlumat verilmiş, müxtəlif profillərdən şəkilləri çəkilmiş, obyektə uyğun satış və təkliflər tapılaraq təhlil olunmuşdur. Araşdırılmış qiymətlər arasındakı fərq faiz nisbəti ilə müəyyənləşdirilmiş, bazar qiyməti və likvid dəyəri müəyyən edilmişdir. Qiymətləndirmə zamanı həmin qiymətləndirmə obyektinə dair qiymətin hansı meyarlara əsasən təyin olunduğu göstərilmişdir. Mübahisələndirilən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC və "xxxx" MMC tərəfindən olan ekspert rəyi ilə əmlaka dair qiymətlər arasında 30 min manat məbləğində fərq mövcuddur. 12.Məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən hesabatda göstərilmiş qiymətlərin açıq-aşkar əsassız olduğunu təsdiq edən sübutlar məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim edilməmişdir. 13.Məhkəmə hər iki ekspert rəyi ilə müəyyən edilmiş qiymətləri müqayisəli şəkildə təhlil edib belə qənaətə gəlmişdir ki, "xxxx" MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilərkən, qeyryaşayış sahəsinin texniki göstəricilərinə dair düzgün məlumatlar yazılmış və əmlakın bazar dəyəri təyin edilərkən ekspert rəyləri ilə müəyyən edilmiş qiymətlər arasında fərqlər digər rəyin əsassız və ya qeyri-obyektiv olması üçün əsas yaratmır. 14.“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 15.İddiaçı iddia tələbində “hərracın nəticələrinin etibarsız hesab edilməsi”nin əsası kimi əmlakın dəyərindən aşağı qiymətlə qiymətləndirilib hərraca çıxarılması ilə əlaqələndirir. 16.Məhkəmənin mövqeyinə görə “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. 17.Məhkəmə qeyd etmişdir ki, digər tərəfdən, hazırda mübahisələndirilən hərrac artıq başa çatmış, əmlakın mülkiyyətçisi hazırda "xxxx" ASC-dir. İcra icraatı zamanı isə tələbkarın hüququnun pozuntusunun yarandığı an qiymətləndirmənin aparılaraq hər hansı bir qiymətin müəyyən edildiyi an deyildir. Həmin an müəyyən edilmiş qiymətləndirmə əsasında əmlakın tələbkara təklif olunaraq onun tərəfindən qəbul edildiyi və yaxud yenə müəyyən edilmiş qiymətləndirmə əsasında icra məmurunun sifarişi üzrə hərracın keçirilməsi nəticəsində əmlakın satıldığı andır. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 51.1-ci, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7 və 10-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(005)-127/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara obyektiv, tam hərtərəfli baxılmamış, mübahisəli qeyri-yaşayış sahəsinin qiymətinin hələ 2014-cü ildə 180000 manat məbləğində qiymətləndirilməsinə əhəmiyyət verilməmiş, keçən 8 il müddətində daşınmaz əmlak bazarın qiymət artımının olmasına diqqət yetirilməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir. Halbuki, iddiaçı tərəfindən iddia tələbinin əsaslılığı ilə bağlı arqumentləri məhkəməyə təqdim edilmişdi və məhkəmə qətnamədə həmin arqumentləri əsassız hesab etməsini əsaslandırmamışdır. Üstəlik, birinci instansiya məhkəməsi tərəfindən əmlakın qiymətləndirilməsi üçün təyin edilən ekspeertiza rəyində qeyriyaşayış sahəsi 198660 manat (likvid dəyəri 178794 manat) məbləğində qiymətləndirilmişdir. 2021-ci ildə əmlakın 148000 manat məbləğində qiymətləndirilməsi zamanı həmin ərazidə təşəkkül tapmış qiymətlər araşdırılmamış, qiymətləndirmə səthi aparılmış, daşınmaz əmlaka dair zəruri sənədlərlə tanış olunmamış, qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillər nəzərə alınmamış, analoji əmlakların bazar dəyəri təhlil edilməmiş, nəticədə əmlak real dəyərindən aşağı qiymətləndirilməklə iddiaçının hüququnun pozuntusuna şərait yaradılmış, əmlak real dəyərindən aşağı qiymətlə hərraca çıxarılmışdır. Sözügedən əmlakın dəyərindən aşağı məbləğdə, real bazar dəyərini əks etdirməyən qiymətlə satışa çıxarılması isə qiymətləndirmə rəyinin, eləcə də həmin qiymətlə keçirilmiş hərracın etibarsızlığına dəlalət edir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır c)Məhkəmə icraatı iştirakçılarının izahatları 22.İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etmişdir. 23.Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə cavbdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi: 25.Maddə 415.1.Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 26.Maddə 415.2.Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 27.Maddə 415.3.Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 28.Maddə 415.4.Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. 29.Maddə 415.5.Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 30.Maddə 415.6.Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. 31.Maddə 415.7.Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. 32.Maddə 416.1-ci və 416.2. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: 33.Maddə 51.1.Borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: 34.Maddə 3. Qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir. 35.Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır (“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən bu Qanunun 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.) 36.Maddə 8.Qiymətləndiricinin hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. 37.Maddə 10.Qiymətləndirmə fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qiymətləndirmə haqqında qanunvericiliyinə riayət etmək qiymətləndiricinin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 38.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 39.Maddə 115.0.1. İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 40.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43.İddiaçının hərracın nəticələrinin ləğvi ilə bağlı dəlili hərracın ipoteka predmeti olan əmlakın real dəyərindən aşağı qiymətlə keçirilməsi ilə bağlıdır. 44.Bununla bağlı kollegiya qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4681/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizaları təyin edilmişdir. 45.Təyin edilmiş ekspertiza üzrə ”Ekspress Lisding” MMC-nin xx.xx.2022-ci il tarixli, 15-08/22- AM-QY nömrəli rəyinə əsasən: - ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 180,6 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin 2021-ci il tarixi vəziyyətinə bazar qiymətinin 175000,00 (bir yüz yetmiş beş min) manat, likvid qiymətinin 158000,00 (bir yüz əlli səkkiz min) manat civarında olduğu; -Həmin Obyektin bu günə, yəni iyul 2022-ci il tarixi vəziyyətinə bazar qiymətinin 189000,00 (bir yüz səksən doqquz min) manat, likvid qiymətinin 171000,00 (bir yüz yetmiş bir min) manat civarında olduğu müəyyən edilmişdir.

46. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, PR/M-47/2022 nömrəli rəyinə əsasən ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 180,6 kv.m olan qeyri-yaşayış sahəsinin: - 2021-ci ilə bazar dəyəri 99000 (doxsan doqquz min) manat, likvid dəyəri 75000 (yetmiş beş min) manat; - hazırkı günə (2022-ci ilə) bazar dəyəri 126000 (bir yüz iyiymi altı min) manat, likvid dəyəri isə 95000 (doxsan beş min) manat olduğu müəyyən edilmişdir. 47.Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən ipoteka predmeti olmuş Bakı şəhəri, Xətai rayonu, Natiq Əliyev küçəsi, 30 nömrəli qeyri-yaşayış sahəsinin 2021-ci ildə likvid qiyməti 148000 manat, birinci instasiya məhkəməsində "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixinə likvid qiyməti 178794,0 manat, apellyasiya mərhələsində keçirilmiş ekspertiza üzrə 2021ci il tarixə likvid qiyməti 158000,00 manat və 75000 manat hüdudlarında qiymətləndirilmişdir. 48.Kollegiya hesab edir ki, alınmış rəylər kifayət qədər əsaslandırılmış, əmlakın mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaka baxış keçirilməklə) müəyyən olunmuşdur. 49.“Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda əmlakın dəyərini müəyyənləşdirən qiymətləndiricinin hesabatının məhkəmə qaydasında mübahisələndirilməsi imkanının nəzərdə tutulması istənilən halda qiymətləndiricinin hesabatının ləğv edilməli olması kimi başa düşülə bilməz. Həmin qiymətləndirmə hesabatı yalnız tərəfin hüququnun pozuntusunun yarandığı güman edilən real vəziyyətlərdə ləğv oluna bilər. 50.Göründüyü kimi, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 180,6 kv.m təşkil edən qeyriyaşayış ilə bağlı qiymətlər arasında kəskin fərq müəyyən olunmadığından, apellyatorun hərracın aşağı qiymətlə keçirilməsi ilə bağlı dəlili əsaslı hesab oluna bilməz. 51.Kollegiya həmçinin qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın təşkili və keçirilmə qaydaları həmin məcəllənin 415-ci maddəsində göstərilmişdir. Bu baxımdan, əgər digər növbəti icra hərəkətləri aparılmışdırsa, həmin icra hərəkətləri mübahisələndirilmədən yalnız əmlakın qiymətləndirilməsi faktına dair mübahisə açılması hüquq və azadlıqların məhkəmə təminatına imkan verə bilməz. 52.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün nəticəyə gəlmişdir. 53.Kollegiya qeyd edir ki, apellyasiya mərhələsində keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat İddiaçı alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab N AZ27NABZ********************, Bank: "xxxx" ASC-nin MXD filialı, KOD:506924; SWİFT: JĞĞK AZ 22) keçirilməlidir. 54.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 55.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 56.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 57.Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 59.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2(005)-127/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 180 (yüz səksən) manat İddiaçı alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab N AZ27NABZ********************, Bank: "xxxx" ASC-nin MXD filialı, KOD:506924; SWİFT: JĞĞK AZ 22) keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxsə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxsə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Namiq Cəfərov

Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar