Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4682/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(005)- 525/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı «əmlak kirayə müqaviləsinin ləğv edilməsi, qeyri-yaşayış sahəsinin, əşya və avadanlıqların təhvil verilməsi və kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, eyni zamanda Cavabdeh İddiaçı qarşı «pul tələbi» barədə qarşılıqlı iddia vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbi təmin, qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda vəsatət verərək buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(005)- 525/2022 nömrəli qərardadı ilə ərizə təmin olunmamış, apellyasiya şikayəti qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli qərardadı ilə qaytarılmışdır (şikayətin giriş hisssində qərardadın tarixini səhvən 10 mart 2022-ci il kimi göstərmiş, eyni zamanda şikayət Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş fopmada və qaydada verilməmişdir). Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayət Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 10-1.1ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. MPM-in 10-1.2-ci madəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. MPM-in şikayətin verildiyi vaxt qüvvədə olan 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin maddəyə görə, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh isə qərardaddan verdiyi şikayəti qanunla müəyyən edilmiş forma (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2də müəyyən edilmiş) və qaydaya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) riayət etmədən poçt vasitəsilə vermişdir. Bununla yanaşı, şikayətdə mübahisələndirilən məhkəmə aktının tarixi də düzgün qeyd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən verilmiş şikayətin qeyd olunan əsaslarla qaytarılması barədə gəldiyi qənaət qanuni və əsaslıdır, şikayətin dəlilləri onun ləğvinə əsas ola bilməz. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2(005)- 525/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4682/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4682/2022
17.06.2022 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver