Məhkəmə qərarları › İş №2(103)-4682/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4682/2023

06.09.2023 · İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4682/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Veerapandian Ramprasatha qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-4682/2023 (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X8 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndə-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Veerapandian Ramprasatha qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(004)-937/2021 saylı qətnaməsindən cavabdehin nümayəndəsi-vəkili tərəfindən verilmiş apelyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Veerapandian X1 məxsus ünvan 1 ünvanında kirayədə yaşadığından, X6 etibarnaməsi əsasında çıxış edən İddiaçı ilə cavabdeh Veerapandian Ramprasath arasında xx.xx.2020-ci ildə notarial qaydada icarə müqaviləsi və cavabdehin ona keçən aylardan qalan borcu olduğuna görə o, keçmiş borcunu ödəmək üçün xx.xx.2020-ci ildə öhdəlik müqaviləsi imzalamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh Veerapandian Ramprasatha qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2020-ci il tarixli öhdəlik müqaviləsinə əsasən 4600 manat, xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən isə 4 aylıq icarə haqqı kimi 8000 manat, cəmi isə 12600 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X2 vətəndaşıdır. Cavabdeh ona məxsus olan ünvan 1 ünvanında kirayədə yaşayır. Evi icarəyə verməsi haqqında cavabdehlə aralarında xx.xx.2020-ci ildə notarial qaydada icarə müqaviləsi imzalanmışdır. Bununla yanaşı cavabdehin ona keçən aylardan qalan borcu olduğuna görə o, keçmiş borcunu ödəmək üçün xx.xx.2020-ci ildə öhdəlik müqaviləsi imzalamışdır. Həmin öhdəlik müqaviləsinə əsasən cavabdeh ona əvvəlki aylardan qalan 4600 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh nə öhdəsinə götürmüş olduğu 4600 manat pulu, nə də ki icarə müqaviləsinə əsasən hər ay ödəməli olduğu 2000 manat pulu ödəmir. İcarə müqaviləsi xx.xx.2020-ci il tarixdə bağlansa da, cavabdeh bu günə qədər ona heç bir ödəniş etməmişdir. Dəfələrlə cavabdehə pulu ödəməsi barədə xəbərdarlıq etsə də heç bir nəticə verməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 nömrəli 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə cavabdeh Veerapandian Ramprasath arasında bağlanmış 08 iyul 2020-ci il tarixli İcarə müqaviləsinə xitam verilməsi, cavabdeh Veerapandian Ramprasathdan 6000 manat icarə haqqı və 30 manat məbləğində dövlət rüsümu tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 85-386, 427.3, 429.1.3, 442, 448.1, 685.2.1, 700.1, 700.3, 705-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs X2 vətəndaşıdır. O, Azərbaycan Respublikasının dövlət dilində danışa bilmir. Hüquqlarını müdafiə etdiyi şəxs X2 vətəndaşı və Azərbaycan Respublikasının dövlət dilində danışa bilmədiyi üçün məhkəmədə tərcüməçinin iştirakı təmin olunmalı idi. Cavabdeh Veerapandian Ramprasath Azərbaycan Respublikasının dövlət dilində danışa bilmədiyi halda məhkəmə tərəfindən dinlənilməklə cavabdeh Veerapandian Ramprasathin iddia tələbini qismən qəbul etməsini və 6000 manat borcunun olduğunu bildirməsi barədə qətnamədə qeyd edilmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticə tamamilə əsassız olmuş, işə birinci instansiya qaydasında baxılan zaman işin faktiki halları müəyyən edilməmiş, maddi və prosessual hüquq normalarının tələbi pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə baxışı zamanı cavabdeh nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onun təmin edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, apellyasiya şikayətində qeyd olunmasa da, sonradan ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iş üzrə iddiaçının subyektiv hüququ yoxdur. Çünki icarə müqaviləsinə nəzər yetirilsə cavabdehə icarəyə verən iddiaçı yox başqa biri yəni X9 olmuşdur. Həmçinin öhdəlik müqaviləsinə nəzər yetirilsə müqavilədə tərəf iddiaçı yox başqa biri yəni X9 olmuşdur. Sadəcə olaraq İddiaçı öhdəlik və icarəsi notariusda bağlanarkən X4 etibarnamə üzrə nümayəndəsi olmuşdur.

10. Məhkəmə baxışı zamanı iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

12. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

13. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

17. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

18. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

23. Belə ki, iş materiallarından görünür ki, hazırki iş üzrə borcun yarandığı iddia edilən 08 iyul 2020-ci il tarixli icarə müqaviləsi və həmin tarixl öhdəlik müqaviləsi X10 ilə Veerapandian Ramprasath arasında bağlanmış, lakin müqaviləni X6 etibarnamə əsasında təmsil edən hazırki iş üzrə İddiaçı imzalamışdır.

24. Bundan başqa işin predmetini təşkil edən icarə borcu X7 məxsus ünvan 1 ünvanında yerləşən evin kirayəsindən yaranmışdır.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı icarə obyekti olan mənzilin sahibi olmadığından, həmin mənzilin icarə verilməsinə dair və icarə borcundan yaranmış öhdəliyə dair müqavilələrin tərəfi olmadığından, o yalnız X6 etibarnamə əsasında təmsil etdiyindən, onun qeyd edilən müqavilələrlə bağlı tələb irəli sürməyə subyektiv hüququ yoxdur.

26. Belə ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

27. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iclas protikolu və qətnamədə qeyd olunduğu kimi, cavabdeh tərəfindən iddianın qismən etiraf etməsini də hazırki iddianın qismən təmin olunması üçün əsas hesab etmir. Çünki iddianın etiraf olunması yazılı şəkildə ifadə edilməmiş, bu barədə etiraf edən tərəf protokola imza etməmiş və həmin məhkəmə iclassının audio yazısının aparıldığı müəyyən edilməmişdir. Əksinə cavabdeh tərəfin bildirdiklərinə əsasən o dili bilmədiyindən tərcüməçi ilə təmin edilməmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

29. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

30. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

31. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-937/2021 saylı iş üzrə 16 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Veerapandian Ramprasatha qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar