Məhkəmə qərarları › İş №2(103)-4690/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4690/2020

19.08.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4690/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin ailə üzvləri ilə birlikdə yaşayış sahəsindən çıxarılması, iddiaçının mənzilə köçürülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildən çıxarılmaları, onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddia təmin edilmişdir. Cavabdeh, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehin əslində onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, T.Şahbazi küçəsi, 104 saylı evin 20 saylı mənzilini satmaq və həmin mənzilin dəyəri kimi ödənilmiş pul vəsaitini qəbul etmək niyyəti olmamışdır. Lakin qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzilin dəyəri kimi İddiaçı tərəfindən cavabdehin adına “xxxxxxxxxxxxxx” ASC-nin Yasamal filialında açılmış depozit hesaba qoyulmuş 80.000 manatı cavabdeh ona qaytarmalıdır. Lakin həmin pul məbləği İddiaçı özü tərəfindən geri götürülmüşdür. Cavabdehin adına açılmış hesaba qoyulmuş pul vəsaitinin onun yazılı razılığı və buna dair məhkəmə qərarı olmadan İddiaçı verilməsi qanunsuzdur. Birinci instansiya məhkəməsi, iddianın təmin edilməsi əsası kimi ona istinad etmişdir ki, sözügedən mənzil borcun əvəzində iddiaçının müıkiyyətinə keçdiyi andan cavabdehin həmin mənzilə olan mülkiyyət hüququna xitam verilmişdir. Lakin məhkəmənin istinad etdiyi bu halların hüquqi əsası yoxdur. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı ona qarşı mənzildən çıxarılma barədə iddia tələbi təmin edilmədiyi halda, hazırkı iş üzrə birinci instansiya məhkəməsi qüvvədə olan həmin qətnaməyə zidd olaraq cavabdehin mənzildən çıxarılmasına dair əsassız nəticəyə gəlmişdir. Bundan başqa, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və bundan asılı olaraq iddia tələbi üzrə nəticəyə gəlməlidir. Göründüyü kimi, qanuni qüvvədə olan məhkəmə qətnaməsinə əsasən mübahisəli mənzilə dair tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək, həmin müqavilə əsasında İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edildiyi halda, birinci instansiya məhkəməsi, mənzilə dair İddiaçı adına verilmiş çıxarışı qanuni hesab etməklə əsassız nəticəyə gəlmiş və bununla da, mübahisənin mahiyyəti üzrə düzgün həll edilməsi ilə nəticələnməyən qətnamə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xhaiş etdilər İddiaçının nümayəndəsi isə, şikayətə etiraz edərək, təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014cü tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 42.0 kv.m. olan iki otaqlı 20 saylı mənzili 80.000 manata İddiaçı satmışdır. Həmin mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma barədə ilk iddiası rədd edilmiş, Cavabdeh qarşılıqlı iddiası isə təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu T.Şahbazi küçəsindəki 104 nömrəli evin 20 nömrəli mənzilinə dair Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2014-cü tarixli 4- Ə/24 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı adına verilmiş xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli reyestrdən çıxarış ləğv edilmiş, müqavilə üzrə ödənilmiş 80.000 manat pulun Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, Yasamal Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə, yəni “etibarsız hesab edilmiş əqd üzrə ödənilmiş 80.000 manatın Cavabdeh tutularaq, İddiaçı verilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2016-cı il tarixli qərarı ilə, Cavabdeh kasaasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilərək, Məhkəmənin xx.xx.2015-ci il tarixli qətnaməsinin nəticə hissəsinə 6-cı abzas əlavə edilmiş və “Cavabdeh tərəfindən 80.000 manat pulun İddiaçı qaytarılması ilə, tərəflər arasında bağlanmış alqı-satqının və müvafiq çıxarışın etibarsız hesab olunmasının eyni vaxtda icra olunması” kimi başa düşülməsinə dair izah verilmişdir. Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli qətnaməsi və həmin qətnaməyə izah verilməsinə dair xx.xx.2016-cı il tarixli qərardadı əsasında icra vərəqəsi verilməklə, icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir.Yasamal rayon İcra şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərarı qəbul edilmiş və müvafiq icra tədbirləri nəticəsində Cavabdeh mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu T.Şahbazi küçəsi, ev 104, 20 saylı mənzil aşkar edilərək, qiymətləndirilməsi üçün “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə müraciət olunmuşdur. Həmin təşkilatın əmlakın qiymətləndirilməsinin nəticələri haqqında təqdim etdiyi xx.xx.2017-ci il tarixli hesabata əsasən, sözügedən əmlak 70.000 manat məbləğində qiymətləndirilmiş və Cavabdeh mülkiyyətində olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş həmin əmlak borcun əvəzi kimi İddiaçı təklif olunmuşdur. Bundan sonra, Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, icra sənədinin icrası ilə bağlı mübahisəli mənzilin borcun ödənilməsi hesabına tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi qərara alınmış və icra olunması üçün DƏDRX-nin 1 saylı BakıƏrazi İdarəsinə göndərilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli məktubla bildirmişdir ki, mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədi borclu Cavabdeh tərəfindən 80.000 manat pulun İddiaçı qaytarılması barədə Bakı şəhər Ərazi İdarəsinə məlumat daxil olmadığından icra edilməmiş, bu barədə məhkəməyə xx.xx.2016-cı il tarixli məktub ünvanlanmışdır. Sözügedən mənzil hələ də daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adınadır. Bu səbəbdən icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi məqsədəmüvafiqdir.Yasamal rayon İcra şöbəsi tərəfindən icra sənədi üzrə xitam verilmişdir. Qeyd olunanlar iddia ərizəsi, tərəflərin izahatları, xx.xx.2014-cü tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi, xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-370/2015 nömrəli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli 2(103)-4317/2015 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-197/2016 nömrəli qərarı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(004)-468/2016 nömrəli qərardadı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 8(103)-286/2015 nömrəli qərardadı, Yasmal rayon İcra şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli təklif, DƏDRX-nin 1 saylı BakıƏrazi İdarəsinin xx.xx.2019-cu il tarixli, **********69 nömrəli məktubu və işdə olan digər sənədlərlə təsdiq olunur. Hazırda iddiaçı, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, mübahisəli mənzilin borcun ödənilməsi hesabına ona verilməsinə istinad edərək, cavabdehin ailə üzvləri ilə birlikdə ona məxsus həmin məzildən çıxarılmasını və özünün həmin mənzilə köçürülməsini tələb edir. Cavabdeh isə, qeyd olunan icra sənədi ilə ondan tutulmalı olan 80.000 manatın onun adına açılmış depozit hesabdan iddiaçının özü tərəfindən geri götürüldüyünü, iddiaçının hazırkı tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğunu, eyni zamanda həmin qətnamə ilə mübahisəli mənzilə dair iddiaçının adına verilmiş çıxarış ləğv edildiyinə görə onun bu iddianı qaldırmağa subyektiv hüququnun olmadığını bildirərək, qətnaməni mübahisələndirir. Kollegiya mübahisənin həlli ilə bağlı ilk öncə bildirir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış alqı-satqı müaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş çıxarışın ləğv edilməsi barədə Cavabdeh iddia tələbinə dair işə baxılmaqla, qanuni qüvvəyə minmiş məhkmə qətnaməsi ilə, iddia təmin edilərək, müqavilənin etibarsız hesab edilməsi və müqavilə üzrə ödənilmiş 80.000 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Odur ki, həmin hallar tərəflər üçün preyidusial olduğuna görə Kollegiya, eyni xüsusatlar üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Çünki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx xxxxxx 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qeyd olunanlara əsasən Kollegiya, apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh, iddiaçının xeyrinə ondan tutulmalı olan 80.000 manatın onun adına açılmış depozit hesabdan iddiaçının özü tərəfindən geri götürüldüyünü bildirsə də, nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə xx xxxxxx 2016cı il tarixli qərarları). Bundan başqa, cavabdeh apellyasiya şikayətində, həm də, Lalə Rüstəmavanın ona qarşı “mənzildən çıxarılma” barədə iddia tələbinin təmin edilməməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (Yasmal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi) olduğu halda, birinci instansiya məhkəməsinin həmin qətnaməyə zidd olaraq onun mənzidən çıxarılmasına dair əsassız nəticəyə gəldiyini bildirir. Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırkı işdə isə, İddiaçı, qanuni qüvvəyə minmiş qətnamə ilə rədd olunmuş əvvəlki tələbini onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə istinad edərək, mənzilin onun mülkiyyətinə verilməsi ilə, hazırkı iddia tələbini isə, sözügedən mənzilin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası qaydasında onun mülkiyyətinə verilməsi ilə əsaslandırmışdır. Göründüyü kimi, İddiaçı, Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair hazırkı iddiasını eyni cavabdehə qarşı, eyni predmet barəsində olsa da, fərqli əsaslarla irəli sürmüşdür. Kollegiya, cavabdehin İddiaçı hazırkı tələbi irəli sürməyə subyekiv hüququnun olmaması barədə dəlilini də əsaslı saymır, ona görə ki, cavabdeh bu dəlilini İddiaçı mübahisəli mənzillə bağlı adına verilmiş çıxarış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi (Yasmal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi) ilə ləğv edildiyi üçün onun mənzilə mülkiyyət hüququ olmadığından, mülkiyyətin müdafiəsinə dair iddia irəli sürmək hüququn da olmaması ilə əsaslandırsa da, nəzərə almamışdır ki, həmin qətnaməyə izah verilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərardadı ilə, Cavabdeh tərəfindən 80.000 manat pulun İddiaçı qaytarılması ilə, tərəflər arasında bağlanmış alqı-satqının və müvafiq çıxarışın etibarsız hesab olunmasının eyni vaxtda icra olunması nəzərədə tutulmuşdur. Cavabdeh tərəfindən həmin məbləğ qaytarılmadığı üçün isə, qətnamə İddiaçı adına verilmiş çıxarış etibarsız edilməsi hissəsində də icra edilməmiş qalmışdır. Bundan sonra, müvafiq icra tədbirləri nəticəsində Yasamal rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən, icra sənədinin icrası ilə əlaqədar olaraq mübahisəli mənzilin borcun ödənilməsi hesabına tələbkar İddiaçı verilməsi və onun adına rəsmiləşdirilməsi qərara alınmış və daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş məlumata əsasən, mənizlin hələ də İddiaçı adına qeydiyyatda olduğu müəyyən edilmişdir. Belə olan halda, iddiaçı, mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən cavabdehin çıxarılması və özünün həmin mənzilə köçürülməsi tələblərini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, həmin tələblər mülkiyyətin müdafiəsini təmin edən MM-in 157.2-ci və maddəsinə söykənir. Həmin maddəyə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Normanın mənasından aydın olur ki, iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: iddiaçının əşyanın mülkiyyətçisi olması, cavabdehin əşyanın sahibi olması, cavabdehin əşyaya sahiblik hüququnun olmaması. İddianın bu əsasla haqlı sayılması üçün iş üzrə hər üç dispozisiya şərtinin müəyyən edilməsi zəruridir. Qeyd edilən şərtlərdən hər hansı birinin mövcud olmaması bu normaya söykənən tələbin rədd edilməsi üçün əsasdır. Həmin halları sübuta yetirmək isə iddiaçının vəzifəsidir. Baxılan işdə mübahisəli mənzilin iddiaçıya məxsus olmaqla cavabdehin qanunsuz sahibliyində olması işdə olan sənədlərlə təsdiqlənir. Göründüyü kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri müəyyən olunduğundan, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehapellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin2(004)-6564/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar