Məhkəmə qərarları › İş №2(103)-4696/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4696/2025

11.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4696/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölgüsü” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4133/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı “mənzilin naturada bölgüsü” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 11-ci Xrebtovı, ev 23 (yeni qaydalarla: AZ 1138, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın naturada bölünərək onun payının ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 4133/2025 nömrəli qərardadı ilə iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır.

3. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, cavabdehin rəsmi qeydə alındığı yer Şabran rayonu olduğundan iddiaçının tələbinə ərazi aidiyyəti baxımından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

4. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Şikayət onunla əsaslandırılmışdır ki, iş üzrə çıxarılan qərardad əsassızdır və qərardadın ləğv edilərək işin icraata götürülməsi zəruridir. Maddənin tələblərindən də göründüyü kimi, iddia cavabdehin rəsmi qeydə alındığı yer üzrə o halda verilir ki, qanunla başqa hal nəzərdə tutulmasın. Lakin hazırkı iş üzrə onun iddia tələbi əmlakın naturada bölgüsüdür. İş üzrə əmlak Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşir. AR Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Onun da cavabdehə qarşı hazırkı tələbi daşınmaz əmlaka dair pozulmuş hüquqların aradan qaldırılması ilə bağlıdır. Hesab edir ki, məhkəmə bunu nəzərə alaraq iş üzrə çıxardığı qərardadı ləğv edərək iddia ərizəsini icraata qəbul edilməlidir. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh özü rəsmi olaraq Şabran rayonu ünvanında qeydiyyatda olsa da, o, faktiki olaraq mübahisə obyekti olan mənzildə yaşayır. Cavabdeh onun qonşusudur və onlar eyni həyətdə yaşayırlar.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

9. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4133/2025 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

12. Qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.

13. İddia ərizəsindən görünür ki, tələb Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən daşınmaz əmlakın naturada bölünməsi ilə bağlıdır.

14. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddiaçının tələbi mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlı olduğundan, belə iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.

15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4133/2025 nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar