Məhkəmə qərarları › İş №2(103)-4699/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4699/2025

11.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4699/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 5775/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Ərizəçi Maraqlı şəxs olmaqla, "mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində aralarında bağlanan xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5775/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi, Maraqlı şəxs olmaqla, Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində aralarında bağlanan xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə” 2(011)-5775/2025 saylı mülki iş üzrə icraatın 2(011)-5714/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 170.2, 254.1.4cü maddələrinə; Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, hazırki tələb Ərizəçi ilə Maraqlı şəxs arasında 9 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01346 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədədir, həmçinin məhkəmənin icraatında iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “12 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/12/2023-006510 nömrəli Barışıq Sazişinin ləğv edilməsi və uşaq” tələbinə dair 2(011)-5714/2025 saylı mülki iş vardır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Ərizəçi şikayət vermiş və Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-5775/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, barışıq sazişinin tam və ya aliment hissədində təmin olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125,127-ci maddələrinə istinadən qeyd edilmişdir ki, söhbət onlar arasında bağlanan müqavilədən gedir və həmin müqavilə əsasında bütün ailə münasibətləri öz həllini tapmışdır. Maraqlı şəxs həmin saziş əsasında məhkəməyə müraciət edərək nikaha xitam vermişdir. Hazırda özü əsassız yerə aliment öhdəliklərindən yayınmaq üçün sazişin ləğvinə dair məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırda çıxardığı qərardad övladlarının hüquqlarını əlindən alır. Belə ki, maraqlı şəxs artıq 3-4 aydır aliment ödənişlərini etmir, bundan yayınır. Məhkəmənin çıxardığı qərardad isə övladlarını əsassız yerə öz haqqlarından məhrum edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara "aliment ödənilməsi barədə saziş yoxdursa", eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Hazırkı vəziyyətdə isə maraqlı şəxslə aralarında saziş var və həmin sazişə əsasən maraqlı şəxs dəfələrlə aliment ödənişlərini etmişdir. Məhkəmənin çıxardığı qərardad isə qanunvericiliyin tələblərini ciddi pozur. Barışıq sazişinin şərtləri aşağıdakılardan ibarətdir: 1.1 Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli nikaha xitam verilsin və bu məqsədlə tərəflərdən hər hansı birisi qısa müddətdə müvafiq rayon məhkəməsinə müraciət etsin. Belə halda digər tərəf nikaha xitam verilməklə bağlı iddia tələbini qəbul edir. 1.2. Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Birinci tərəfin himayəsində saxlanılır. 1.3.Tərəflər razılaşdılar ki, ikinci tərəf uşaqların yetkinlik yaşına çatanadək saxlamaları üçün barışıq sazişi imzalandığı tarixdən 2 il 2 ay müddətinə (2026-cı ilin sonunadək) hər ay cəmi 500 (beş yüz) manat məbləğində alimenti hər ayın 10-dək Birinci tərəfə ödəyir. 1.4. Tərəflər razılaşdılar ki, nikaha xitam verildikdən sonra tərəflərin birbirilərinə qarşı heç bir daşınar və daşınmaz əmlaka dair tələbləri yoxdur. Tərəflər razılaşdılar ki, uşaqların səyahəti, istirahəti, təhsili, sağlamlığı və s. səbəblərə görə digər valideyninin müşayiəti ilə və ya müstəqil şəkildə Azərbaycan Respublikası hüdudlarından kənara çıxmalarına hər iki tərəf notarial qaydada razılıq verirlər. İkinci tərəf övladları ilə onların gündəlik rejimlərini pozmamaq şərti ilə həftənin şənbə və bazar günləri neytral yerdə görüşə və ünsiyyət yarada bilər, xeyr-şər işlərində, bayram və tətil günlərində gecə qalmaq şərtilə ikinci tərəf yanında qala bilərlər və birinci tərəf bununla bağlı heç bir maneçilik yaratmır. Tərəflər razılaşdılar ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 27 saylı evdə olan Birinci tərəfə məxsus cehiz əşyalarını götürməyi və xx.xx.2024-cü il tarixinədək evi boşaltmağı öhdəsinə götürür. Yuxarıda qeyd olunan şərtlər onsuzda tərəflərindən yerinə yetirilmiş, nikaha xitam verilmiş, cehiz əşyaları tərəfindən götürülmüş, uşaqları daima ataları ilə görüşürlər. Hazırda barışıq sazişinin təsdiq olunması ən əsas aliment ödənişinə dair hissədə qalır, həmin hissədə də məhkəmə onu təmin etməmişdir. Bununla da, onun və övladlarının hüquqlarını əlindən almışdır. Əlavə olaraq, maraqlı şəxsin verdiyi iddia tələbi üzrə yekun məhkəmə aktı onun xeyrinə çıxsa belə məhkəmə gedişatı zamanı uşaqlar onun yanındadırlar və onların saxlanması üçün alimentin ödənilməsi şərtdir. Uşaqların saxlanmasını təmin etmək hər bir valideynin borcudur. Gələcəkdə maraqlı şəxsin "barışıq sazişinin ləğvinə" dair iddiası təmin olunacağı təqdirdə o, yenidən uşaq tələbinə və ya digər tələblərə dair məhkəməyə müraciət edə bilər. Lakin bu, uşaqların aliment haqqlarının bu müddət ərzində əlindən alınmasına gətirib çıxarmamalıdır. Eyni zamanda, maraqlı şəxs tərəfindən işin dayandırılması ilə bağlı heç bir xahiş təqdim olunmamışdır. Hesab edir ki, qərardad qanunsuz və əsasızdır. Övladlarının hüquqlarının bərpa edilməsi məqsədilə iş üzrə çıxarılan xx.xx.2025-ci il tarixli qərardadın ləğv olunaraq alimentlə bağlı hissədə təmin olunması zəruridir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5775/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Maraqlı şəxsin vəkili Vəkil şikayətə etirazla məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2013-cü ildə rəsmi nikaha girməklə ailə qurmuş, birgə nikahlarından 29.0.2015-ci il təvəllüdlü Firidun adlı və xx.xx.2016-cı il təvəllüdlü Aylin adlı iki uşaqları var. Ailə münasibətləri pozulmuş və aralarında keçirilən mediasiya prosesində barışıq sazişi bağlanmışdır və uşaqların anasında qalması, onların saxlanması üçün alimentin miqdarı aralarında razılaşdırılmışdır. Barışıq sazişinin şərtlərinə cavabdeh əməl etdiyi üçün sazişin məcburi icra edilməsinə zərurət olmamışdır. Nikahın pozulması işinə məhkəmədə baxılarkən Nurlan uşaqların anadan alınaraq onun himayəsinə verilməsi barədə yazılı tələb vermişdir. Xətai rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli qətnamə ilə nikahı pozmuş və Mediasiya prosesində uşaqların hansı valideynlə saxlanması və s. məsələyə dair Siziş olduğundan qüvvədə olan ayrıca qərardad çıxararaq hesab etmişdir ki, barışıq sazişini tərəflər ayrıca mübahisə edilə bilərlər. Bundan sonra, Maraqlı şəxs Xətai rayon Məhkəməsinə müraciət edərək Mediasiya prosesində tərəflərin arasında bağlanmış Sazişin ləğv edilməsi bə uşaqların onun himayəsinə verilməsi hqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi hazırda hakim Vüqar Nağıyevin icraatındadır və müvafiq rəy verilməsi üçün mülki iş Xətai rayon İcra Hakimiyyətinə göndərilmişdir. Ərizəçi da öz növbəsində Mediasiya prosesində bağlanmış Barışıq Sazişinin təsdiq edilməsi barədə eyni məhkəməyə iddia ərizəsi vermişdir. Onun ərizəsi X8in icraatındadır və Sazişin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. X8 tərəflər arasında Mediasiya prosesində bağlanmış Sazişin ləğv edilməsinə dair iddia ərizəsinə baxılana qədər Sazişin təsdiq edilməsinə dair iddia ərizəsi üzrə icraatı dayandırmışdır. Hesab edir ki, hakim doğru qərar qəbul etmişdir. Ona görə də hazırkı şikayətə etiraz etmiş və təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 169.3. Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.254.1.4. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa Məhkəmə iş üzrə icraatı dayandırmalıdır. 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair 25 mart 2004-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki: “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin «Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa» müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir”. Həmin qərarda vurğulanmışdır ki: X2 Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmənin qərarı ilə vurulmuş ziyana görə yüksək təhlükə mənbəyi sahibinin məsuliyyəti müəyyən edilmişdirsə, onda belə mənbənin sahibi tərəfindən bilavasitə ziyan vuran şəxsə reqress iddia verildiyi halda, birinci prosesdə məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar preyudisial əhəmiyyət kəsb edir və qəbul edilməyə bilməz. Şəxsin əmlak oğurluğuna görə məhkum olunmasına səbəb olan faktlar, həmin oğurluq nəticəsində vurulmuş ziyanın ödənilməsinə dair iddia üzrə məhkəmə qərarının çıxarılması üçün də əsas ola bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar, habelə hüquqi münasibətlər digər prosesdə mübahisə edilə bilməz.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 14, 15, 77, 88, 254-258,267-269, 371, 372, 385, 387, 395, 397-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Diqqətə çatdırılmalıdır ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Bu baxımdan prosessual qanunvericiliyə əsasən şikayət verən tərəf dayandırılmanın zəruri olmadığına dair dayanıqlı və sübutedici istinadlar təqdim etmədən ümumi mülahizələr yürütmüşdür. Bununla belə, alimentlə bağlı hüquqların pozulması və bərpaedilməzliyi halında müvafiq tələb və müvəqqəti təminat tədbirləri vasitəsi ilə müvafiq müraciətlərin edilməsi mümkünlüyü diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi şikayəti təmin edilməsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5775/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar