Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4704/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-694/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh «X1” ASC-yə qarşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "X1” ASC arasında bağlanmış 9073 saylı, xx.xx.2009-cu tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şosesi 7 km inşa etdirdiyi 1 saylı binanın 67 blok, 7 saylı evin 2 otaqda yaşayış sahəsi 69.5 kv.m olan mənzilə görə ödədiyi 29885 manatın və ödədiyi 11 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-694/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “X1” Açıq Səhmdar Cəmiyyətindən 26897 (iyirmi altı minsəkkiz yüz doxsan yeddi) manat məbləğində pul və 100 manat dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətləri və onların dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, rayon məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, qətnamə ilə ona ödənilməli məbləğdən 10 faizin çıxılması əsassız olmuşdur,çünki müqavilə üzrə öhdəlik onun tərəfindən vaxtında və tam icra edilmiş, mənzilin dəyəri ödənilmiş, lakin cavabdeh şirkət tərəfindən ona müqavilədə razılaşdırılmış mənzil bu günə kimi təhvil verilməmişdir, başqa sözlə, müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmüşdur, belə olan halda məlum olur ki, müqavilənin 5.8-ci bəndi tətbiq oluna bilməzdi. Bu səbəbdən, qətnamənin tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək göstərmişdir ki, onlar mənzili təhvil vermişlər, təhvil-təslim aktı məhkəməyə təqdim edilib, həmçinin müqavilə ləğv edilmədən onlardan mənzilə görə ödənilmiş məbləğin tutulması hüquqi cəhətdən mümkün deyil. Rayon məhkəməsi cavabdehin nümayəndəsinin etibarnaməsində iddianı etiraf etmək səlahiyyəti verilmədiyi halda, onun iddia tələbini qismən qəbul etməsinə əsaslanır. Odur ki, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin apellyasiya şikayəti tamamilə əsassızdır, ona müqavilədə razılaşdırılmış şərtlərə uyğun olmayan mənzil təklif olunmuş, lakin o, bununla razılaşmamış, təhvil-təslim də olmamışdır. Onu bu günə kimi aldatmışlar ki, guya mənzildə təmir gedir, lakin bu günədək müqavilədə razılaşdırılmış şərtlərə cavab verən mənzil ona təhvil verilməmişdir. Rayon məhkəməsində işə baxılarkən cavabdehin nümayəndəsi bütün bunlarla razılaşaraq, ödənilmiş pulun qaytarılmalı olduğunu, bununla belə, həmin məbləğdən 10% -in çıxılmalı olduğunu bildirmişdir. Hesab edir ki, müqavilə şərtlərini cavabdeh pozmuş, uzun illərdir ki, onu aldatmış, pulunu da qanunsuz saxlamışdır, əslində ona daha çox ziyan vurulmuşdur, 2009-cu ildə müqavilə bağlanmış, 14 aya mənzil ona təhvil verilməli olduğu halda, cavabdeh öhdəliyini icra etməmişdir, cavabdehin şikayəti tam əsassızdır, məqsədləri ona ödəməli olduqları pulun ödənilməsindən yayınmaqdır, cavabdeh şikayətində göstərir ki, guya onun nümayəndəsinin səlahiyyəti olmamışdır, halbuki, işdə onun etibarnaməsi var və öyrənmişdir ki, həmin nümayəndə uzun illərdir ki, cavabdeh şirkətin hüquqşünası olmaqla, həm də peşəkar vəkildir, bu da onu göstəriri ki, cavabdeh şikayəti işi uzatmaq naminə vermişdir, məhkəmə iclasına gəlməmələri də bunu göstərir, odur ki, öz şikayətinin təmin, cavabdehin şikayətinin isə rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarına iş materiallarında olan 9073 saylı, xx.xx.2009-cu il tarixli mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı “X1” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıit şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 67 blok, 7 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.5 kv.metr olan mənzili «alıcı» İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. “X1” Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2009-cu il tarixli 2920 saylı maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəs., Sumqayıt şossesi 7 km saylı məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasının, 1-bina, 67blok, 2-ci mərtəbədə, 69.50 m2 ümumi sahəsi əlan 7 saylı mənzilin ümumi dəyəri 29885.00 AZN (iyirmi doqquz min səkkiz yüz səksən beş manat 00 qəpik) tam ödənilib, heç bir borcu yoxdur. Tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 3.1.2.4-cü maddəsinə əsasən, “satıcı” öhdəsinə götürür ki, inşa etdiyi binanı 14 ay müddətinə təhvil verəcək. Tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 5.8-ci maddəsinə əsasən, alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğ yalnız, mənzil satıldıqdan sonra alıcıya qaytarılır, bu zaman satıcı alıcıya çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən, satıcı “X1” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 67 blok, 7 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.5 kv.metr olan mənzili «alıcı» İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. Mülki iş materiallarında olan xx.xx.2009-cu il tarixli maliyyə arayışından görünür ki, alıcı İddiaçı tərəfindən Bakı şəhərində Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 67 blok, 7 saylı 2 otaqdan ibarət ümumi yaşayış sahəsi 69.5 kv.metr olan mənzilin ümumi dəyəri 29885.00 manat tam ödənilib, heç bir borcu yoxdur (i/v 10). Tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 3.1.2.4-cü maddəsinə əsasən, “satıcı” öhdəsinə götürür ki, inşa etdiyi binanı 14 ay müddətinə təhvil verəcək. Kollegiya bildirir ki, xx.xx.2009-cu il tarixli maliyyə arayışına əsasən, iddiaçı müqavilə öhdəliyini yerinə yetirsə də, lakin cavabdeh öhdəliklərini yerinə yetirməmiş, müqavilədə göstərilən yaşayış sahəsini bu günə kimi alıcıya təhvil verməmişdir. Halbuki müqavilənin 3.1.2.4-cü maddəsinə əsasən, cavabdeh inşa etdiyi binanı 14 ay müddətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Kollegiya cavabdehin apellyasiya şikayətinin mənzilin təhvil verilməsi, bu barədə təhvil-təslim aktının rayon məhkəməsinə təqdim edilməsi barədə dəlilinə münasibətdə bildirir ki, həqiqətən də, mülki iş materiallarında xx.xx.2012-ci il tarixli, ksero surət olan akt olsa da, həmin sənəddən görünür ki, cavabdehin istinad etdiyi akt yalnız cavabdeh tərəfindən imzalanmışdır (i/v 37). Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin istinad etdiyi xx.xx.2012-ci il tarixli ksero surət olan həmin akt onun istinad etdiyi halı- mənzilin təhvil verilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Cavabdeh qeyd olunan halla bağlı hər hansı başqa sübut təqdim etməmişdir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin mənzilin təhvil verilməsi barədə dəlili üzrə məhkəməyə biri digərini tamamlayan, təkzib olunmazlıqla bağlı tələblərə cavab verən, eləcə də hər hansı əsaslı, şübhədənkənar sübut verməmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, rayon məhkəməsi cavabdehin nümayəndəsinin etibarnaməsində iddianı etiraf etmək səlahiyyəti verilmədiyi halda, onun iddia tələbini qismən qəbul etməsinə əsaslanır. Kollegiya həmin dəlillə bağlı bildirir ki, mülki iş materiallarından görünür ki, rayon məhkəməsində Nümayəndə cavabdeh şirkətin baş direktoru Vüqar Süleymanov tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixdə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında cavabdehi təmsil etmiş, o, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü (1007-VK saylı vəsiqə), Bakı şəhəri "Mərkəz" Vəkil Bürosunun vəkili olmaqla ali təhsilli hüquqşünasdır. Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli protokolundan görünür ki, cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında maliyyə arayışına əsasən iddiaçı tərəfindən 29885 manat məbləğin ödənildiyini, iddia tələbinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir (i/v 45). Kollegiya qeyd edir ki, rayon məhkəməsinin iclas protokolundan məlum olur ki, cavabdehi birinci instansiya məhkəməsində təmsil etmiş nümayəndəsi Nümayəndə məhkəmə iclasında yalnız iddiaçının təqdim etdiyi fakları təsdiq etmiş, onun tərəfindən MPM-in 52.2-ci maddəsində nəzərdə tutulan qaydada yəni, yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə iddia etiraf edilməmişdir. Eyni zamanda, araşdırmalarla məlum olur ki, cavabdehi birinci instansiya məhkəməsində təmsil etmiş nümayəndəsi Nümayəndə uzun müddətdir həmin şirkətdə hüquq məsləhətçisi kimi çalışır (Əmək müqaviləsi bildirişi, i/v 36). Beləliklə, cavabdehin şikayətinin həmin dəlili də əsassızdır, iddiaçının qeyd etdiyi kimi vaxt uzatmaq məqsədilə verilib. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış mənzilin alqı-satqısına dair 9073 saylı, xx.xx.2009-cu il tarixli müqavilə üzrə 29885.00 manatın iddiaçı tərəfindən ödənilməsi hazırkı işin mübahisəsiz halıdır. İddiaçı müqaviləyə uyğun mənzilin ona təhvil verilmədiyini bildirir, eyni zamanda qeyd edir ki, ona gecikdirilməklə və müqavilədə razılaşdırılmış şərtlərə uyğun gəlməyən mənzili təklif olunmuş, o da həmin mənzili qəbul etməmişdir. Cavabeh isə mənzilin təhvil verildiyini bildirsə də, o, müqavilə şərtlərinə uyğun məzilin iddiaçıya həm də müqavilədə şərtləşdirilmiş müddətdə təhvil verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bu səbəbdən, Kollegiya belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. İddiaçı apellyasiya şikayətində qətnamə ilə ona ödənilməli məbləğdən 10 faiz məbləğin tutulması ilə razılaşmır qeyd edir ki, müqavilə üzrə öhdəlik onun tərəfindən icra edilmiş, mənzilin dəyəri ödənilmiş, lakin cavabdeh şirkət tərəfindən ona müqavilədə razılaşdırılmış mənzil bu günə kimi təhvil verilməmişdir. O, öhdəliyin icra edilməsindən imtina etməmişdir. Buna görə də ondan 10% məbləğin tutulması əsassızdır. Tərəflər arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 5.8-ci maddəsinə əsasən, alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğ yalnız, mənzil satıldıqdan sonra alıcıya qaytarılır, bu zaman satıcı alıcıya çatası həmin məbləğin 10 faizini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda iddiaçı, yəni alıcı tərəfindən müqavilə öhdəliyinin vaxtında icra edilərək, mənzilin dəyərinin vaxtında və tam olaraq ödənilməsi müəyyən edilsə də, cavabdehin xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin 3.1.2.4-cü maddəsinə əsasən, müqavilə şərtlərinə cavab verən mənzili həm də 14 ay müddətində iddiaçıya təhvil verməsi öhdəliyini icra etmədiyi müəyyən edilmişdir. Demək ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri cavabdeh tərəfindən pozulmuşdur. Belə olan halda rayon məhkəməsi müqavilənin 5.8-ci maddəsinə əsasən, iddiaçıya ödənilməli olan məbləğdən 10 % məbləğin tutulması barədə iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Bu səbəbdən, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehdən (29885-26897=2988) 2988 (iki min doqquz yüz səksən səkkiz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, cavabdehdən (29885- 26897=2988) 2988 (iki min doqquz yüz səksən səkkiz) manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli, qətnamə onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinəəsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu isə cavabdehə aid edilməlidir. Şərh edilənlərəəsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-694/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, cavabdeh «X1” ASC-dən 2988 (iki min doqquz yüz səksən səkkiz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh «X1” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın Qətnamə onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı İddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdeh «X1” ASC-dən tutularaq iddiaçıya ödənilsin, cavabdeh «X1” ASC tərəfindən ödənilmiş dövlət rüsumu isə onun özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Emin Mehdiyev Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-4704/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4704/2022
21.07.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver