Məhkəmə qərarları › İş №2(103)-4704/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4704/2024

30.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4704/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli qərardadından iddiaçının verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə iş üzrə icraatın, iddiaçı Cavabdeh2 cavabdeh X5 qarşı və cavabdehin iddiaçıya qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi barədə” ilk və qarşılıqlı iddialarına dair 2(007)-14/2024 saylı mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılıb iş üzrə qəbul edilə biləcək yekun qərar qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə iddia tələbi mübahisə predmeti olan “Porsche Macan” markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin ödənilməsi olduğundan və mübahisə predmeti olan avtomobilin birgə nikah dövründə əldə edilməsi mübahisələndirildiyindən Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxılan 2(007)-14/2024 saylı mülki işə baxılıb, iş üzrə qəbul edilə biləcək yekun qərar qanuni qüvvəyə minənədək hazırki mülki işə baxmaq mümkün olmadığından hazırki iş üzrə icraat Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 254.1.4-cü maddəsinə əsasən dayandırılmalıdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Nizami Rayon Məhkəməsinin icraatında olan işə baxılmanın nəticəsinin hazırki işə heç bir aidiyyəti yoxdur. Hər iki iş üzrə tərəflər və iddia predmeti fərqlidir. Həmçinin iddiaçı tərəfindən hazırki iş üzrə iddia tələbi dəqiqləşdirilərək həmin avtomobil iddianın predmetindən çıxarılacaqdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsini və şikayətə baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iş üzrə icraatın dayandırılması məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırki iş üzrə iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, “Porsche Macan” markalı avtomobilin dəyərinin – 80.000 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin - 426 manat və vurulmuş ziyanın əvəzinin – 20.000 manat məbləğində pulun Cavabdeh2 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus mübahisəli avtomobili idarə etmək üçün Cavabdeh2 etibarnamə vermişdir. Sonuncu isə iddiaçının məlumatı olmadan avtomobili digər Cavabdeh1 satmış, avtomobilin satışından əldə edilmiş pul vəsaitini iddiaçıya verməmişdir. Digər tərəfdən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)- 14/2024 saylı mülki iş üzrə isə Cavabdeh2 ilə keçmiş əri X8 arasında birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü tələbinə dair ilk və qarşılıqlı iddialara dair mübahisəyə baxılmaqdadır. Birgə nikah dövründə əldə edilmiş əmlaklar sırasında hazırki iş üzrə mübahisə predmeti olan avtomobil də mövcuddur. İddia tələblərinə diqqət yetirdikdə Məhkəmə tərəfindən həmin mülki işlər arasında qeyd edilən asılılığın olması müəyyən edilmir. Hazırki işə digər işin həllindən asılı olmayaraq baxılması mümkündür. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə iddiaçı avtomobili deyil, onun satış dəyərində pul vəsaitinin ödənilməsini tələb edir. Avtomobil Cavabdeh1 tərəfindən digər cavabdeh Babayeva-X1. Avtomobilin əvvəlki sahibi İddiaçı və avtomobili etibarnamə əsasında satan Cavabdeh1 2(007)-14/2024 saylı mülki iş üzrə tərəf deyil. Avtomobil hazırki iş üzrə mübahisənin predmeti deyil. Keçmiş ər-arvad arasında olan əmlak bölgüsünün isə qeyd edilən şəxslərə hazırki iş üzrə aidiyyəti müəyyən edilmir. MPM-in 254.1.4-cü maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə iş üzrə icraatı dayandırır. Qeyd edilən maddənin tələbindən göründüyü kimi, iş üzrə icraatın dayandırılması üçün baxılan başqa iş həll edilməyincə işə baxmağın mümkün olmaması şərtinin mövcud olması tələb olunur. Lakin Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadda qeyd edilən məsələlərə kifayət qədər aydınlıq gətirilməmiş, hazırki iş üzrə icraatın dayandırlmasının zəruriliyi kifayət qədər əsaslandırılmamışdır. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin qərardadı ləğv edilməli və iş üzrə icraatın dayandırılması məsələsinə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Odur ki, göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyun 2024-cü il tarixli qərardad ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə icraatın dayandırılması məsələsinə yenidən baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar