Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4715/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə giriş-çıxışına törədilən maneənin aradan qaldırılması, həmin torpaq sahəsində inşa edilən evin cavabdehin vəsaiti hesabına sökülməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-1961/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Şəhər Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 50a nömrəli "Torpaq sahəsinin ayrılması haqqında qərar"dan görünür ki, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007 tarixli 02 nömrəli pratakoluna əsasən İddiaçı fərdi yaşayış eyinin tikintisi üçün Kürdəxanı qəsəbəsinin Şimal hissəsində yerləşən əkintiyə yararsız 300 kv.m. torpaq sahəsi ayrılması, ayrılmış torpaq sahəsində Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1996- cı il tarixli 9802 nömrəli il inşaat pasportuna əsasən tikinti-abadlıq işlərinin aparılması qərara alınmışdır.
2. İş materiallarında olan Sabunçu RPİ-nin 15-ci PB-nin xx.xx.2023-cü il tarixli "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə giriş-çıxışına törədilən maneənin aradan qaldırılması, həmin torpaq sahəsində inşa edilən evin cavabdehin vəsaiti hesabına sökülməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 50a nömrəli qərarına əsasən onun üçün ayrılmış, Kürdəxanı qəsəbəsinin şimal hissəsində (Yeni massiv adlanan ərazidə) yerləşən 300 kv.m torpaq sahəsində inşa edilən evin cavabdehin vəsaiti hesabına sökülməsi və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırmışdır ki, 2007-ci ildə Cavabdeh Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Yeni massiv adlanan ərazidə yerləşən 300 kv.m torpaq sahəsini 7500 manata almışdır. Həmin torpaq sahəsini öz adına sənədləşdirmək üçün Kürdəxanı Bələdiyyəsinə getmişlər. Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 50a nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsinin şimal hissəsində yerləşən, əkintiyə yararsız 300 kv.m torpaq sahəsi ayrılaraq, onunla Bələdiyyə arasında alqı-satqı müqaviləsinin bağlanması və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır. Daha sonra o, aldığı torpaq sahəsinə divar çəkdirib, gələcəkdə tikdirəcəyi evin təməlini qazdıraraq, beton tökdürmüşdür. 2021-ci ildə aldığı torpaq sahəsinə gedən zaman, görmüşdür ki, torpaq sahəsinə giriş qapısı bağlanmış, həmin torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikilmişdir. Lakin həmin evdə yaşayış yoxdur. Maraqlanan zaman qonşular ona Cavabdeh həmin torpaq sahəsini başqa bir şəxsə də satdığını bildirmişlər. Bundan sonra o, Cavabdeh barədə şikayət ərizəsi ilə Sabunçu RPİnin 15-ci PB-nə müraciət etmişdir. Bölmədə Cavabdeh öz izahatında 12 sot torpaq sahəsinin olduğunu, 2007-ci ildə həmin torpaq sahəsinin 3 sotunun onun adına sənədləşdirildiyini, sözügedən torpaq sahəsini başqa səxsə satmadığını bildirmişdir. Cavabdeh izahatı "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir. Beləliklə ona iddiaçıya aydın olmuşdur ki, Bələdiyyə qərarına əsasən Cavabdeh aldığı torpaq sahəsinin giriş qapısının bağlanması və orada evin tikilməsinə görə Cavabdeh məsuliyyət daşıyır. Dəfələrlə Cavabdeh ilə əlaqə saxlayıb, torpaq sahəsinə girişinə törədilən maneənin aradan qaldırılmasını və həmin torpaq sahəsində tikilmiş evin sökülməsini xahiş etsə də, heç bir nəticə əldə edə bilməmişdir.
5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 1961/2024 saylı qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddianın təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1, 67.3 və 67.4-cü maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsi düzgün əsaslandırılmamış, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessul hüquq normalarının tətbiq edilməsində çox ciddi səhvlərə yol vermiş, tətbiq edilməli olan qanunu tətbiq etməmiş, eyni zamanda iddia tələblərinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallara hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Aşağıda qeyd edilən səbəblərə görə hesab edir ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-1961/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Sabunçu RPİ-nin 15-ci PB-də izahatı alınmış Cavabdeh öz izahatında 12 sot torpaq sahəsinin olduğunu, 2007-ci ildə həmin torpaq sahəsinin 3 sotunun onun adına sənədləşdirildiyini, sözügedən torpaq sahəsini başqa səxsə satmadığını bildirmişdir. Cavabdeh izahatı “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir. Həmçinin həmin qərarda Cavabdeh sözügedən sahəni su basdığını, suyu qurutmaq üçün həmin sahəyə torpaq tökdürdüyünü bildirmişdir. Göründüyü kimi Cavabdeh bütün bu halları etiraf etsə də, məhkəmə iclasında cavabdehin nümayəndəsi Cavabdeh o torpağa heç bir aidiyyətinin olmadığını bildirərək ziddiyətli izahat vermişdir. Əgər Cavabdeh həmin torpaq sahəsini ona satdığını, ondan başqa həmin torpaq sahəsini heç kəsə satmadığını etiraf edirsə və onun əlində həmin torpaq sahəsinə dair qüvvadə olan Kürdəxanı Bələdiyyəsinin 18 may 2007-ci il tarixli, 50a nömrəli qərarı varsa, o zaman Cavabdeh başqa həmin torpaq sahəsini kiminsə zəbt etməsi, giriş-çıxışını bağlaması və həmin torpaq sahəsində ev tikdirməsi ağlabatan deyildir. Həmçinin qətnamədə Sabunçu Rayon Məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, “İddiaçı hazırki iş üzrə iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli evin olduğu torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud mübahisəli evin olduğu torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. İddiaçı mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Yeni massiv adlanan ərazidə yerləşən 300 kv.m torpaq sahəsi bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən əmlakın hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir, ona görə iddia rədd olunmalıdır.” Bildirir ki, Kürdəxanı Bələdiyyəsinin 18 may 2007-ci il tarixli, 50a nömrəli qərarı əsasında ona Kürdəxanı qəsəbəsinin şimal hissəsində (Yeni massiv adlanan ərazidə) yerləşən 300 kv.m torpaq sahəsi ayrılmışdır. Bu qərar onu göstərir ki, onun həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququ var. Lakin Sabunçu Rayon Məhkəməsi sözügedən torpaq sahəsi üzərində heç bir hüququnun olmaması, bu səbəbdən də iddia qaldırmış şəxs kimi onun müvafiq subyektiv hüquqa malik olmamağı nəticəsinə gəlmişdir ki, bu nəticə də qanun normalarının tələbinə ziddir və heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, mükli işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar düzgün qiymətləndirilməmişdir. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin müdafiə edərək təmin edilməsini xahiş etdilər.
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir.
12. Məhkəmənin 16 oktyabr 2024-cü il tarixli iclasında Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və məhkəmənin iclası barədə müvafiq qaydada xəbərdar edilmiş, Kürdəxanı Bələdiyyəsinin nümayəndəsi məhkəmənin iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
14. 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 152.1 mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
17. Maddə 180.1 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
18. Maddə 180.4 tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatları dinəlyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-1961/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 50a nömrəli qərarına əsasən İddiaçı üçün ayrılmış, Kürdəxanı qəsəbəsinin şimal hissəsində (Yeni massiv adlanan ərazidə) yerləşən 300 kv.m torpaq sahəsində inşa edilən ev cavabdehin vəsaiti hesabına sökülməlidir.
28. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin)
b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.
29. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
30. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
31. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı hazırki iş üzrə iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli evin olduğu torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, yaxud mübahisəli evin olduğu torpaq sahəsinə qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. İddiaçı mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Yeni massiv adlanan ərazidə yerləşən 300 kv.m torpaq sahəsi bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən əmlakın hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilməmişdir, ona görə iddia rədd olunmalıdır.
32. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni qanuni və əsaslı hesab etmir.
33. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
34. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
35. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
36. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon X2 Sahəsinin Ayrılması haqqında qərarından görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il 567 № sərəncamını rəhbər tutaraq Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007 tarixli 02 saylı protokoluna əsasən fərdi yaşayış evinin tikintisi üçün Kürdəxanı qəsəbəsinin Şimal hissəsində yerləşən əkintiyə yararsız 300 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır.
37. Həmçinin iş materiallarında olan cinayət işinin rədd edilməsi barədə Sabunçu rayon Polis İdarəsinin 25 iyul 2023-cü il tarixli qərarından görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o, Kürdəxanı qəsəbəsində bələdiyyə sənədi əsasında ona ayrılmış 12 sot torpağın 3 sotunu İddiaçı satmışdır.
38. Kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və bələdiyyə sənədi əsasında İddiaçı məxsusdur. Bu hal tərəflər arasında mübahisələndirilmir. Mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyətçi hüquqları əmlaka sahiblik edən şəxs kimi ona da mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
39. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırki iş üzrə iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün olmadığı nəticəsinə gəlməkdə haqlı olmamışdır.
40. Kolegiya həmçinin qeyd edir ki, cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində Cavabdeh həmin torpağa heç bir aidiyyəti olmadığını bildirsə də, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş fleş kartdakı “Whatsapp” danışıqlarının ekran görüntüləri və səs yazılarından görünür ki, Cavabdeh həmin torpaq sahəsini başqa şəxsə satdığını etiraf edir və onun əvəzinə başqa yerdə 3 sot torpaq sahəsi verəcəyini vəd edir.
41. Həmçinin məhkəmə kollegiyası iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi qərarında olan cavabdehin izahatından da həmin torpaq sahəsinin onun tərəfindən İddiaçı satıldığını və torpaq sahəsinin qalan hissəsinin də ona məxsus olduğunu qeyd edir.
42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara düzgün və hüququ qiymət verməmişdir.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
44. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
45. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər;
46. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;
47. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinə giriş-çıxışına törədilən maneənin aradan qaldırılması, həmin torpaq sahəsində inşa edilən evin cavabdehin vəsaiti hesabına sökülməsi" tələbinə dair iddia ərizəsi təmin edilməlidir.
48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
49. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Kollegiya hesab edir ki, hazırkı halda iddia tələbi təmin edildiyindən məhkəmə xərclərinə aid olan iddianın verilməsi üçün ödənilmiş 100 və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat, ümumilikdə 150 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı veriməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 1961/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsinin 18 may 2007-ci il tarixli, 50a nömrəli qərarına əsasən İddiaçı üçün ayrılmış, Kürdəxanı qəsəbəsinin şimal hissəsində (Yeni massiv adlanan ərazidə) yerləşən 300 kv.m torpaq sahəsinə İddiaçı giriş-çıxışına törədilən maneələr aradan qaldırılsın və həmin torpaq sahəsində inşa edilən ev Cavabdeh vəsaiti hesabına sökülsün. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu, ümumilikdə 150 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.