Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4723/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı vəkili X6 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma, sahənin boşaldılaraq təhvil verilməsi və hasarlanmasına maneçiliyin aradan qaldırılması” tələblərinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Çöl-Şüvəlan ərazisi 49b/52 ünvanında yerləşən bağ sahəsinin ona məxsus olduğunu, lakin cavabdehin həmin sahəni qeyri-qanuni şəkildə zəbt edərək oradan istifadəsinə maneələr yaratdığını, qanunsuz hərəkətlərinə son qoyması barədə adı çəkilən şəxsə etdiyi xəbərdarlıqların heç bir nəticə vermədiyini irəli sürmüş, buna görə də cavabdehin qeyd olunan torpaq sahəsindən (bağ sahəsindən) çıxarılması, sahənin hasarlanmasına maneçiliyin aradan qaldırılması və boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Qətnamədən apellyasiya şikayəti verən cavabdeh onun ləğv edilməsini və iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddiaçının iddia etdiyi torpaq sahəsinin 1970-ci illərdən mərhum həyat yoldaşının, hazırda isə özünün faktiki istifadəsində olduğu, iddiaçının mərhum atasının vatilə həmin sahəyə dair bağladığı müqaviləyə torpaqdan uzun müddət istifadə etmədiyindən xitam verildiyi, məhkəmənin isə bu hallara qiymət verməyərək və işə iştirakı olmadan baxaraq qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən işə onun iştirakı olmadan baxılmasına qərar verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək göstərmişdir ki, keçmiş X1 və İstismarı Birliyi ilə təmsil etdiyi şəxsin atası X8 arasında mübahisə predmeti olan bağ sahəsinin istifadəyə verilməsinə dair xx xxxx 1988-ci il tarixdə müqavilə bağlanmış, iddiaçının atası xx xxxxxxxx 1996-cı il tarixdə vəfat etdikdən sonra o, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciəti təmin olunmamış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə iddiası qismən təmin edilərək Bakı şəhəri Xəzər rayonu Çöl-Şüvəlan ərazisində yerləşən 0,15 ha-dan ibarət 49b/52 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının mərhum atası X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayış) verilməsi öhdəliyinin DƏDRX- nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmış, qərar icra edilmiş, Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının vərəsəsi kimi onun həmin torpaq sahəsinə (bağ sahəsinə) xüsusi mülkiyyət hüququ qeydə alınmış və bu barədə reyestrdən çıxarış və plan-ölçü verilmişdir. Sözügedən məhkəmə mübahisəsi zamanı məhkəmə qərarı və ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh özünün hasarı daxilində olan torpağın ümumi sahəsi 0,3058 hektar olduğu halda, bunun 0.12 hektarına adına hüquqmüəyyənedici sənəd vardır və yerdə qalan 0,1858 ha torpaq sahəsini qanunsuz və əsassız zəbt etmişdir. Məhkəmə kollegiyası iddiaçının vəkilini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki,şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Şüvəlan qəsəbəsi, Çöl-Şüvəlan ərazisində yerləşən 0,15 ha ölçüdə 49b/52 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının İddiaçı atası X7 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən müvafiq çıxarışın (arayış) verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuş, həmin qərar apellyasiya və kassasiya instansiyaları tərəfindən qüvvədə saxlanılmış, qərar icra edildikdən sonra sözügedən torpaq sahəsi atasının vərəsəsi kimi xx.xx.2019-cu il tarixdə iddiaçının adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. İddiaçı məhz qeyd olunan torpaq sahəsinin cavabdeh tərəfindən qeyri-qanuni şəkildə zəbt olunaraq oradan istifadəsinə maneələr yaradıldığını irəli sürməklə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş ekspertizanın xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Çöl-Şüvəlan ərazisi 49b/52 saylı torpaq sahəsi məhz Cavabdeh tərəfindən istifadə edilməkdədir və onun istifadə etdiyi torpaq sahəsi 0,15 ha təşkil edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin baxdığı yuxarıda qeyd olunan iş üzrə də, Xəzər rayonunun Şüvəlan qəsəbəsində (çöl Şüvəlan adlanan ərazi) hasar daxilində olan torpağın ümumi sahəsinin 0,3058 ha olmaqla, bunun 0,12 hektarına X4 (cavabdehin mərhum həyat yoldaşı) adına RX seriyalı ******* nömrəli çıxarışın verildiyi, yerdə qalan 0,1858 ha torpaq sahəsinin yüklü olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin məhz yuxarıda qeyd olunan müəyyən olunmuş hallarını əsas götürərək və qanunvericiliyin mülkiyyət hüququnun qorunması ilə bağlı müddəalarına istinadla belə nəticəyə gəlmişdir ki, iddiaçı, mübahisəsini etdiyi torpaq sahəsi üzərində qanuni əsaslarla hüquq sahibi olduğundan, cavabdehin oradan çıxarılmasını və onun yaratdığı maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq hesab edir ki, məhkəmə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 165-ci maddəsinə əsasən isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı, mübahisəli torpaq sahəsi üzərindəki mülkiyyət hüququnun ona tanıdığı imkandan istifadə edərək cavabdehin qeyd edilən sahədən çıxarılmasını, sahənin hasarlanmasına maneçiliyin aradan qaldırılmasını və boşaldılaraq ona təhvil verilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iclasında iştirakının təmin olunmaması barədə apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından cavabdehin ünvanına bildirişlər göndərildiyi, lakin orada yaşamadığı barədə qeyd yazılmaqla geri qaytarıldığı aydın olur; məhkəməyə məlum olan ünvanda yaşamaması səbəbindən məhkəmə prosesi barədə məlumat əldə etməməsinin məsuliyyətini isə cavabdeh özü daşımaqla bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, bildirişlər geri qaytarıldığı üçün cavabdehə telefonla məlumat verilmiş, lakin o məhkəməyə gəlməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətində irəli sürülənlər yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin münasibət bildirmədiyi mütəxəssis rəyinin xərcinə dair məsələ də həllini tapmalı, mütəxəssis xərci cavabdehdən alınıb müvafiq hesaba köçürülməli, apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumu isə ona aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-105/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Mütəxəssis rəyi üçün ödənilməsli olan 222,95 (iki yüz iyirmi iki manat 95 qəpik) Cavabdeh tutularaq “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına (“xxxxxxxxxxx” ASC-nin Xətai Filialı, kod: 200071, VOEN: **********, hesab №: AZ23AİİB********************) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-4723/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4723/2020
18.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver