Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4728/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh və cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(008)-679/21 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evin 13-cü mənzilindən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-679/20) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qardaşı X1 məsləhəti ilə Bakıda ev almaq qərarına gəlmiş, alacaqları evin dəyərinin yarısını o, yarı hissəsini də qardaşının ödəcəyi barədə razılaşmışlar. 2005-ci ilin təqribən avqust ayında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində ev taparaq evin qiymətini 45000000 manata (AZM) ev satanla razılaşmışlar. Razılaşmadan 4 gün sonra alacaqları evin yarı pulunu yəni 22500000 manatını iddiaçı qardaşına vermiş, yerdə qalan 22500000 (iyirmi iki milyon beş yüz manat) pulu isə qardaşı Kərimov Rəfail vermişdir. Bakıdan ev almağı qardaşı ona məsləhət bildiyi üçün, satın alınan evin də öz adına sənədləşdirilməsinə razılıq vermişdir. Şərtləri isə belə olmuşdur ki, evin alınmasına verilmiş pul qaytarılarsa, ev həmin şəxsin olacaq. İllər ötdü, lakin qardaşı pulunu qaytarmağa imkanı olmadığı üçün ona demişdir ki, nə vaxt lazım olsa evi onun adına keçirər. Bu baxımdan 26.01.2020-ci il tarixdə bağışlama müqaviləsi ilə qardaşı Rəfail evi iddiaçının adına sənədləşdirmişdir. Bağışlanma müqaviləsindən əvvəl qardaşı oğlu onun arvadı və uşaqları hal-hazırda mülkiyyətində olan evdə yaşayırdılar. Qardaşı oğlu Məhəmməd evdən çıxmiş, lakin Cavabdeh evi boşaltmır və çıxmır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin olunmaması və nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulmuş olması ilə əsaslandırılmışdır. Apellyasiya şikayətində həmçinin göstərilir ki, o, iddiaçının mülkiyyətində olan mənzildə deyil, dövlət reyestrində qeydiyyata alınmamış, vaxtilə öz validenyləri tərəfindən hazırda iddiaçının mülkiyyətinə keçən mənzilin divarına bitişik inşa edilmiş özbaşına tikilidə azyaşlı uşaqları ilə yaşayır. İddiaçının mülkiyyətinə keçən 18 kv.m-lik ərazidən isə yol kimi sitifadə edir. Elə bu faktın özü iddiaçının öz mülkiyyətində olmayan əraziyə heç bir subyektiv hüququ olmadığı halda iddialı olması və birinci instansiya məhkəməsinin bunu görməzlikdən gəlməsi aşkar qəbul edilmiş qətnamənin qanunsuz olduğunu təsdiq edir. Cavabdeh və onun nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdilər və təmin olunmasını xahiş etdilər. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sabunçu Rayon Məhkəməsinin iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin araşdırılan hallarından görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsindəki 6 saylı evin 13-cü mənzilinin hazırkı mülkiyyətçisi İddiaçıdur, cavabdehin isə həmin evə istifadə hüququ yoxdur. Belə ki, cavabdeh qeyd olunan mənzilə istifadə hüquqlarının tanınması barədə tələblə məhkəməyə müraciət etmiş və onun bu tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təmin olunmamışdır. İddiaçının hazırkı iş üzrə tələbi cavabdehin mübahisəli mənzildən çıxarılması və özünün həmin mənzilə köçürülməsi barədədir. İddiaçı tələbinin faktiki əsası kimi mübahisəli mənzilin onun mülkiyyətində olmasına, hüquqi əsası kimi isə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu və Mülki Məcəllənin 152.1, 157.1, 157.2-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının ratifikasiya etdiyi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Avropa Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Birinci instansiya məhkəməsi iddia tələbinin həm faktiki, həm də hüquqi əsasları ilə razılaşaraq iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh mübahisəli mənzilə hər hansı bir hüququ olmadan onu zəbt etmişdir. Bu hal həmin mənzilin mülkiyyətçisi olan iddiaçının xüsusi mülkiyyət hüququnun yaranmasına kobud şəkildə maneçilik yaratdığından iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Ona görə də, iddiaçının mənzil üzərində mövcud olan və yaranacaq hüquqlarının həyata keçirilməsi üçün mübahisəli mənzil cavabdehin qanunsuz sahibliyindən geri alınmalı, cavabdeh həmin mənzildən çıxarılmalı, iddiaçı isə həmin mənzilə köçürülməlidir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya məxsus olmayan evdə yaşaması dəlilinə münasibətdə qeyd etmişdir ki, iddia tələbində məhz iddiaçının mülkiyyətində olan, qanunla ona məxsus olan (çıxarışa əsasən) mənzildən çıxarılma və köçürülmə tələbi qoyulduğuna görə iddianın təmin edilməsi də həmin mənzilə aiddir. Cavabdehin həmçinin qeyd olunan evdən başqa hər hansısa tikiliyə köçürülməsi və sair tələbi ilə bağlı iddiaya ayrıca iddia tələbi çərçivəsində baxıla bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işin tam, hərtərəfli və obyektiv araşdırılmaması, maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı dəlillərini əsassız sayır və qeyd edir ki, işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış və işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə düzgün hüquqi qiymət verilmişdir. Ona görə də qətnamə dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-4728/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4728/2021
09.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver