Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4728/2025 29.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının və mənəvi zərərin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2(004)-3026/2025 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Tərəflər 01 may 2017-ci il tarixli Off/0771/3240 nömrəli əmək müqaviləsi bağlayıb və iddiaçı cavabdeh təşkilatda “Taxtabənd işləri üzrə supervayser” vəzifəsində işləyib. 2.Əmək müqaviləsi cavabdehin Baş direktorunun 07 mart 2025-ci il tarixli 025/227 nömrəli əmri ilə ləğv edilib. Əmrdə əsas kimi ona istinad olunub ki, iddiaçı 12-18 fevral 2025-ci il tarixlərində işə gəlməyib, 19-28 fevral 2025-ci il tarixlərində əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə sənəd təqdim edib, həmin sənəddə işdən azad edildiyi sonuncu gün 28 fevral 2025-ci il tarixi qeyd olunsa da, iddiaçı həmin tarixdən işə çıxmamamağa davam edib. İddiaçı cavabdehin Baş direktoruna verdiyi 04 mart 2025-ci il tarixli izahatında 12-18 fevral 2025-ci il tarixlərində xəstə olduğunu bildirib, lakin bunu təsdiq edən sənəd təqdim etməyib, izahatında 28 fevral 2025-ci il tarixdən işə çıxmamasının səbəbini isə qeyd etməyib. Əmrdə əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunub. Birinci instansiya məhkəməsində icraat 3.İddia ərizəsi 22 aprel 2025-ci il tarixdə verilib. İddia ərizəsində tələb olunub ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmr ləğv edilsin, iddiaçı əvvəlki vəzifəsinə bərpa olunsun, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin, habelə mənəvi zərərin əvəzi kimi 100.000 manat ödənilsin. 4.Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 5.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 6.Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 7.İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.İşdə bir neçə tələb olduğuna görə məhkəmə ardıcıllıqla aşağıdakıları qeyd edir. İşə bərpa tələbi barədə 9.Birinci instansiya məhkəməsi əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 10.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə görə, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, əmək müqaviləsi göstərilən əsasla işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçı cavabdehin Baş direktoruna verdiyi 04 mart 2025-ci il tarixli yazılı izahatında bildirib ki, 10-18 fevral 2025-ci il tarixlərində xəstə olduğu üçün işə gələ bilməyib, bunu təsdiq edən sənəd təqdim etməyib (iş v. 79). Göründüyü kimi, əmrdə istinad edilən əsası (iddiaçının 12-18 fevral 2025-ci il tarixlərində işə gəlməməsini) iddiaçı izahatında etiraf edib. İşə gəlməməyin səbəbinin üzrlü olduğunu sübut etməyə yükü iddiaçının üzərinə düşür, lakin iddiaçı bunu sübut edə bilmir. Belə ki, iddiaçı xəstə olduğuna görə həmin tarixlərdə işə gəlmədiyini bildirsə də, bu barədə sübut təqdim etməyib. Ona görə də əmək müqaviləsinin ləğvi barədə əmr qanuni sayılır. Mənəvi zərərin ödənilməsi barədə 11.Birinci instansiya məhkəməsi mənəvi zərərin ödənilməsi barədə tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 12.İddiaçı mənəvi zərər çəkdiyini belə əsaslandırır ki, narkotik maddələrdən istifadə etməyib, lakin cavabdeh onun yaşadığı ünvana məktub göndərərək narkoloji testinin cavabının müsbət çıxdığını bildirib. Həyat yoladaşı həmin məktubdan xəbər tutduğundan ailədə mübahisə yaranıb və həyat yoldaşının iddiası əsasında nikahları pozulub. Bununla yanaşı, iş yoldaşları və dost-tanışları ilə olan səmimi münasibətləri eyni səbəbdən pozulub. Nəticədə isə mənəvi sarsıntı keçirib və iztirab çəkib. 13.Cavabdehin iddiaçının yaşadığı ünvana göndərdiyi 18 dekabr 2024-cü il tarixli bildirişdə qeyd olunub ki, 13 dekabr 2024-cü il tarixdə işdə olduğu zaman iddiaçının narkoloji testinin cavabı müsbət çıxdığından təkrar narkoloji testin keçirilməsi zərurəti yaranmışdır. Ona görə də cavabdeh iddiaçıdan xahiş edib ki, təkrar narkoloji testdən keçsin (iş v. 12). 14.İş materiallarına Azərbaycan Respublikası DTX Hərbi-Tibb Baş İdarəsi Mərkəzi Laboratoriyasının 17 dekabr 2024-cü il tarixli “Xromotoqrafiq analiz nəticəsi” adlı arayışı əlavə olunub (iş v. 71). Bundan başqa, iş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-in “Narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında” 20 dekabr 2024-cü il tarixli 1/HO55 nömrəli aktı əlavə edilib (iş v. 70). Hər iki sənəd sidik nümunəsinin analizinə əsaslanır. Birinci sənəddə sidikdə müəyyən maddələrin aşkar edildiyi, ikinci sənəddə isə aşkar edilmədiyi qeyd olunub. 15.Cavabdeh iddiaçının yaşadığı ünvana göndərdiyi bildirişdə onu narkotik vasitələrin və ya psixatrop maddələrin istehlakında ittiham etməyib, narkoloji testinin cavabı müsbət çıxdığını bildirməklə təkrar narkoloji testdən keçməsini xahiş edib. Cavabdeh iddiaçıya qarşı qanunsuz hərəkətə yol vermədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında verilən izahlara əsaslanaraq hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə tələb əsassızdır. 16.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2(004)-3026/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4728/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4728/2025
29.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver