Məhkəmə qərarları › İş №2(103)-4734/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4734/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4734/2022 22.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli müqavilə üzrə 55,40 manat əsas, 5,60 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2320 manat əsas, 232 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 354,70 manat əsas, 35,30 manat cərimə olmaqla, cəmi 3003 manat borcun və 50,03 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi həmin işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxmış və 04 fevral 2022-ci il tarixli qətnamə ilə (hakim P.Zamanlı, iş №2(011)-1092/22) iddia tələbi qismən təmin edilərək, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 55,40 manat əsas, 5,60 manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2320 manat əsas, 30 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 354,70 manat əsas, 35,30 manat cərimə olmaqla, cəmi 2801 manat borc və 46,52 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun 3,51 manat hissəsi iddiaçıya aid edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixdə “XİAOMİ REDMİ 6A” markalı telefonun nisyə alqı-satqısı barədə 20017614 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 126 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödəniş 10,50 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə "Marvin” markalı çarpayı və dolabın, “Uretan” markalı döşəyin və transformer jurnal masasının nisyə alqı-satqısı barədə 20107125 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyaların ümumi dəyəri 2320 manat olmaqla, ödəniş müddəti 20 ay və aylıq ödəniş 116 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin tərəflər arasında xx.xx.2020-ci il tarixdə ”Hoffmann” markalı kondisionerin nisyə alqı-satqısı barədə 20311178 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın ümumi dəyəri 1652,40 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödəniş 91,80 manat müəyyən edilmişdir. Alınan əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə cəmi 1368,30 manat pul ödənilmiş, əsas borcu 2730,10 manat və cərimə borcu isə 272,90 manat təşkil edir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti borcun araşdırılmaması və məhkəmə iclasında cavabdehin iştirakının təmin edilməməsi ilə əsaslandırılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Nəzərə alınmalıdır ki, hazırkı apellyasiya baxışının predmetini iddianın təmin olunmuş hissəsinin qanuniliyi və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, iddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edən iddiaçı məhkəmədə borcun tutulması barədə iddia qaldırmışdır. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayaraq qismən təmin etmiş və qənaətini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya borcu yaranmışdır. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462, 467-ci və sair maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Cavabdehin şikayətinin əsas dəlili işə onun iştirakı olmadan baxılması barədədir. Məhkəmə kollegiyası həmin dəlili əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi MPM-nin 284-5.4-cü maddəsində nəzərdə tutulan əsaslar müəyyən etmədiyindən işə sadələşdirilmiş icraat qaydasında baxmış, bu barədə məhkəmə bildirişini cavabdehin yaşadığı ünvana göndərərək, ona 10 gün müddətində iddiaya dair etirazlarının təqdim olunmasını təklif etmişdir. MPM-nin 284-5.3-cü maddəsinin tələbinə əsasən sadələşdirilmiş icraat qaydasında işə məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddiaçı ilə bağladığı nisyə alqısatqı müqavilələrini mübahisələndirməmiş, iddiaçıya qət olunan məbləğdən daha az borcunun qaldığı barədə hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ciı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 04 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar