Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4747/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 11 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2023-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 37, M2, M3 ünvanında yerləşən, ümumi sahəsi 94.10 kv/m olan mənzilin alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 37, M2, M3 ünvanında yerləşən mənzili alıcı İddiaçı 160 000 manata satmışdır. Müqavilənin 11-ci bəndinə əsasən satıcı mənzili xx.xx.2024-cü il tarixədək alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və sair tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi Rayonu, X3 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 3 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən əşyaları, orda yaşayan digər şəxslərlə birlikdə çıxarılması və mənzilin tam boşaldılıb İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
3. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi Rayonu, X3 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 3 (yeni qaydalarla: ünvan 2 ünvanından çıxarılması və mənzilin tam boşaldılıb İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslanmışdır ki, xx.xx.2023-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 37, M2, M3 ünvanında yerləşən, ümumi sahəsi 94.10 kv/m olan mənzilin alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 37, M2, M3 ünvanında yerləşən mənzili alıcı İddiaçı 160 000 manata satmışdır. Satıcı Cavabdeh mənzili alıcının mülkiyyətinə verməyi öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh mənzili iddiaçıya təhvil verməmişdir. Cavabdeh mənzili təhvil verməməklə İddiaçı mülkiyyət hüququnu pozmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan da görünür ki, mənzil iddiaçının mülkiyyətindədir və onun bu hüququ məhdudlaşdırıla bilməz. Qanunun mənasına görə iddiaçı - mülkiyyətçi İddiaçı ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması lazım deyildir. Mübahisəli mənzil iddiaçının mülkiyyətində olsa da, cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir və iddiaçı həmin mənzili cavabdehin qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehn bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özünə məxsus əşyalarla birlikdə mübahisəli mənzildə yaşaması və ondan istifadə etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-1228/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ə.Heydərova) iddia təmin olunaraq, Cavabdeh Bakı şəhəri, Nəsimi Rayonu, X3 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 3 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması və həmin mənzilin Cavabdeh tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 152.5, 157.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ona yox, dostu Nicat Rzayevə məxsus olmuş, alqı-satqı müqaviləsi tərəflər arasında mövcud olan borc münasibətini pərdələmək məqsədilə formal olaraq bağlanmışdır, yalan əqddir və Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən bu müqavilə etibarsızdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı cavabdehin apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək onun rədd olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə verdiyi etirazda alqı-satqı müqaviləsinin qanuni olduğunu, müqavilə bağlanarkən qanunvericliyin tələblərinə əməl olunduğunu, mənzilin satılmasına mülkiyyətçinin arvadının yazılı razılıq ərizəsinin alındığını, müqavilə məbləğinin notariat ofisinin depozit hesabına rəsmi qaydada köçürüldüyünü və cavabdeh tərəfindən qəbul olunduğunu göstərmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlmədiklərinə və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
12. Cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə göndərərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə kollegiyası bununla bağlı hər hansı təsdiqedici sənəd təqdim olunmadığını nəzərə alaraq vəsatəti əsassız saydı və təmin etmədi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13, hissə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
16. Hazırkı işdə iddia təmin olunduğundan və qətnamə yalnız cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş və həmin hallara uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
18. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. İş üzrə İddiaçı tələbi alqı-satqı yolu ilə əldə etdiyi və hazırda mülkiyyətində olan mənzildən cavabdehin çıxarılması və mənzilin tam boşaldılıb ona təhvil verilməsi barədədir.
20. O, tələbini əsaslandırarkən iddiaçı ilə notariat kontorunda alqı-satqı müqaviləsi bağlandığını, müqavilə ilə müəyyən edilmiş məbləği ödədiyini, lakin cavabdehin müqavilə ilə müəyyən edilmiş müddətdə mənzili ona təhvil vermədiyini bildirmişdir.
21. Cavabdeh iddiaya etirazının və apellyasiya şikayətinin əsas dəlilləri kimi mənzilin ona yox, dostu Nicat Rzayevə məxsus olmasına, alqı-satqı müqaviləsinin formal olaraq tərəflər arasında mövcud olan borc münasibətini pərdələmək məqsədilə bağlanmasına, mənzilin real dəyərinin müqavilədə göstərilən 160 000 manat deyil, 250 000 manatdan artıq olmasına istinad etmişdir.
22. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığını yoxlayaraq onun etibarlı əqd olduğu, tərəflərin iradə ifadəsinə uyğun bağlandığı qənaətinə gəlmiş və iddianı əsaslı sayaraq təmin etmişdir.
23. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi Rayonu, X3 küçəsi, 1061-ci məhəllə, ev 7, mənzil 3 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının mənzilini zəbt etmişdir. Bu hal isə iddiaçının öz mülkiyyətində olan mənzilindən sərbəst şəkildə istifadə etməsinə maneəçilik törədərək, onun mənzilinə dair istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır.
24. Məhkəmə belə qənaətə gəlmişdir ki, tərəflər arasındakı alqı-satqı müqaviləsi qanunvericliyin tələblərinə riayət edilməklə bağlanmışdır, hər hansı başqa əqdi pərdələmək məqsədi daşımamışdır və onun etibarsızlığı üçün əsaslar mövcud deyil.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilən hallarından düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mənzili satmaqla, üzərinə onu boşaldıb təhvil vermək öhdəliyi götürməklə mənzildən istifadə hüququnu itirmişdir və ona görə də mənzildən çıxarılmalıdır.
27. Qanunvericilikdə əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır.
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini etibarlı əqd kimi qəbul etməkdə haqlı olmuşdur.
29. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.
30. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və həqiqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər.
31. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən alqısatqı müqaviləsi bağlanarkən əqdin etibarlılıq şərtləri pozulmamışdur. Məhkəmə kollegiyası bu baxımdan hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin başqa bir əqdi pərdələmək məqsədilə bağlanması və yalan əqd olması ilə bağlı dəlillər öz təsdiqini tapmadığından əsassız sayılmalıdır.
32. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, apellyator alqı-satqı müqaviləsi bağlanarkən əmlakın qiymətini öz iradəsi əsasında müəyyən etdiyini, həmin əmlaka görə müqavilə əsasında müəyyənləşdirilmiş məbləği aldığını mübahisələndirməmişdir. Əmlakın satıcısının (indiki halda apellyatorun) müqavilə bağlandıqdan sonradan əmlakın dəyəri ilə bağlı mülahizələri alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyildir.
33. Mübahisəli mənzilin cavabdehə yox, onun dostuna məxsus olması barədə dəlillər də əsassız olmaqla rədd edilməlidir. Belə ki, əvvəla, bununla bağlı işə baxan məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Digər tərəfdən, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına hüquqi qeydiyyatdan keçmişdir və iddiaçı alqı-satqı müqaviləsi bağlayarkən məhz bu qeydə əsaslanmış, onun həqiqiliyinə güvənmişdir.
34. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini tamamilə əsassız sayır və hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.