Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4762/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı iş üzrə (Açar sözlər: müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin boşaldılaraq təhvil verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh4, Cavabdeh3 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 MTK, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi və mənzillərin boşaldılaraq təhvil verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-117/2024 nömrəli 15 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasında yerləşən mənzillərə dair 14 aprel 2010-cu il, 01 may 2010-cu il, 22 sentyabr 2010-cu il və 16 iyun 2010-cu il tarixli müqavilələr bağlanmışdır. Müqavilələrə əlavə edilmiş ödəniş cədvəllərinə əsasən iddiaçı həmin binada 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.2 kv.metr olan, 2 otaqdan ibarət 78 saylı, 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 206 saylı, 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 3 saylı, 1-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 199 saylı mənzillərin dəyərini ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikasının MPMnin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 91.2 kv.metr olan, 2 otaqdan ibarət 78 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 30 aprel 2014-cü il tarixli, 78 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsi; Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 16-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 206 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 24 fevral 2015-ci il tarixli 206 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsi; Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 3 saylı mənzilə dair Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış 16 mart 2017-ci il tarixli 03 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsi; Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98.2 kv.metr olan, 2 otaqdan ibarət 199 saylı mənzilə dair Cavabdeh1 MTK ilə cavabdeh X7 arasında bağlanmış 22 fevral 2017-ci il tarixli 199 saylı müqavilənin etibarsız hesab edilməsi və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 2010-cı il tarixdə Cavabdeh1 MTK-dan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı yaşayış binasında yerləşən 4 ədəd iki otaqlı mənzillər almışdır. Həmin mənzillərdən birincisi, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 98.2 kv.m 2 otaqdan ibarət olan 3 saylı mənzili 14 aprel 2010-cu il tarixdə 79 saylı müqavilə əsasında dəyərini 39.280 manat tam ödəyərək almışdır. İkincisini, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 98.2 kv.m 2 otaqdan ibarət olan 199 saylı mənzili 16 iyun 2010-cu il tarixdə 80 saylı müqavilə əsasında dəyərəni 39.280 manat tam ödəyərək almışdır. Üçüncüsünü, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 13-ci mərtəbə, ümumi sahəsi 91.2 kv.m 2 otaqdan ibarət olan 78 saylı mənzili 01 may 2010-cu il tarixdə 71 saylı müqavilə əsasında dəyərəni 3.6480 manat tam ödəyərək almışdır. Dördüncüsünü isə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasının 1-ci blok, 16-ci mərtəbə, ümumi sahəsi 98.2 kv.m 2 otaqdan ibarət olan 206 saylı mənzili 22 sentyabr 2010-cu il tarixdə 128 saylı müqavilə əsasında dəyərini 39.280 manat tam ödəyərək almışdır. Həmin mənzilə dair müqavilə bağlayarkən Cavabdeh1 MTK-nın direktoru X4 ona bildirmişdir ki, iki il ərzində binanı tikib mənzilləri ona təhvil verəcək. Bina tam hazır olmasa da bir çox vətəndaşlar onlara müqavilə əsasında məxsus olan mənzillərində, bəzi təmir-tikinti işləri aparırlar. Buna görə də o, cavabdehə müraciət edərək mənzillərini və giriş qapılarının açarlarını verilməsini xahiş etsə də, cavabdeh cürbəcür bəhanələr gətirərək mənzilləri təhvil verməkdən imtina edirdi.
4. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 dekabr 2023cü il tarixli məhkəmə-xətşünaslıq ekspertizasına dair rəyə əsasən, ekspertizaya təqdim edilmiş, mülki işin 11-12-ci vərəqlərində olan 01 may 2010-cu il tarixli 71 nömrəli “Müqavilə”nin 2-ci vərəqində “Tərəflərin ünvanı” hissəsində “Direktoru: V.S.Bayramov” yazılarının aşağı hissəsində olan imza; mülki işin14-15-ci vərəqlərində olan 14 aprel 2010-cu il tarixli 79 nömrəli “Müqavilə”nin 2-ci vərəqində “Tərəflərin ünvanı” hissəsində “Direktoru: V.S.Bayramov” yazılarının aşağı hissəsində olan imza; mülki işin 17-18-ci vərəqlərində olan 22 sentyabr 2010-cu il tarixli 128 nömrəli “Müqavilə”nin 2-ci vərəqində “Tərəflərin ünvanı” hissəsində “Direktoru: V.S.Bayramov” yazılarının aşağı hissəsində olan imza; mülki işin 20-21-ci vərəqlərində olan 16 iyun 2010-cu il tarixli 80 nömrəli “Müqavilə”nin 2-ci vərəqində “Tərəflərin ünvanı” hissəsində “Direktoru: V.S.Bayramov” yazılarının aşağı hissəsində olan imza X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
5. Həmçinin iş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli sənədlərin texniki ekspertizasına dair rəyə əsasən, tədqiqata təqdim edilmiş İddiaçı adına verilmiş 01 may 2010-cu il tarixli, 71 nömrəli; 14 aprel 2010-cu il tarixli, 79 nömrəli; 22 sentyabr 2010-cu il tarixli, 128 nömrəli; 16 iyun 2010-cu il tarixli, 80 nömrəli müqavilələrin və ödəniş cədvəllərin üzərlərində olan möhür əksləri relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş İddiaçı adına verilmiş 01 may 2010-cu il tarixli, 71 nömrəli; 14 aprel 2010-cu il tarixli, 79 nömrəli; 22 sentyabr 2010-cu il tarixli, 128 nömrəli; 16 iyun 2010-cu il tarixli, 80 nömrəli müqavilələrin və ödəniş cədvəllərin üzərlərində olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Cavabdeh1 MTK” məzmunlu möhür əksləri eksperimental və sərbəst nümunə qismində təqdim edilmiş “25 yanvar 2010-cu il tarixli 138 saylı” müqavilədəki eyni məzmunlu möhür əksləri ilə eynilik təşkil etmir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 15 fevral 2024-cü il tarixli 2(011)-117/2024 nömrəli qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia təmin edilməmişdir.
7. Məhkəmə göstərmişdir ki, keçirilən ekspertiza tədqiqatının nəticəsindən də görünür ki, müqavilələrdəki imza qrafasındakı imzalar həmin dövrdə MTK-ya rəhbərlik edən və mənzillərin satışı ilə məşğul olan X3 məxsus deyil. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X7 mənzillərlə bağlı iddiaçının etibarsız olduğunu istinad etdiyi müqavilə əsasında hüquqlarını qeydiyyata aldırmışlar və mənzillərlə bağlı çıxarışlar əldə etmişlər. Digər Cavabdeh4 adına çıxarışın olması məhkəmə tərəfindən aşkar edilməmişdir. Eyni zamanda məhkəmə tərəfindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasında yerləşən 78 saylı, 206 saylı, 3 saylı və 199 saylı mənzillər hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh2, Cavabdeh3 və X5 təhvil verilmişdir və hazırda onların mülkiyyətində, digər Cavabdeh4 sahibliyində və istifadəsindədir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasıın 29, Mülki Məcəllənin 140, 152.1, 158.3, 178.1, 337.1, 337.2, 452.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iclasında izahat verən Cavabdeh1 MTK-nın direktoru X4 bildirmişdir ki, iddiaçının istinad etdiyi mənzillər digər cavabdehlərə satılmış və həmin vətəndaşlar öz mülkiyyət hüquqlarının qeydiyyata aldırmaqla mənzillərə dair çıxarışlar əldə etmişlər. Eyni zamanda MTK rəhbəri bildirmişdir ki, iddiaçıya onun tərəfindən hər hansı mənzil satılmayıb və müqavilədə olan imzalar ona aid deyil. Həmin imzalar cavabdeh Bayramov Zaura məxsus ola bilməzdi, belə ki, mənzillər ona MTK-nın əvvəlki direktoru Vidadi Bayramov tərəfindən imzalanaraq satılmışdır. Məhkəmə prosesində dəfələrlə vəsatət verərək göstərmişdir ki, cavabdeh tərəfindən, məhkəməyə təqdim olunmuş 08 dekabr 2010-cu il tarixli 04 saylı əmrlə Bayramov Vidadinin Cavabdeh1 MTK-nın sədri vəzifəsindən azad olunması və 05 saylı əmrlə Bayramov Zaurun direktor təyin edilməsinə dair vərəqdə olan möhürlər bir birindən fərqlidir. Belə ki, həmin vərəqdə əsli ilə düzdür sözünə vurulmuş möhür, hal hazırda Bayramov Zaurun istifadəsində olan möhürdür. Lakin həmin vərəqin axırında Cavabdeh1 MTK”-nın sədri kimi vurulmuş möhür onun məhkəməyə təqdim elədiyi müqavillərdə olan möhürlə eynilik təşkil edildiyi ücün təkrar ekspertiza kecirilməsini xahiş etsəkdə vəsatətlər təmin olunmamışdır. MTK-da olan onun müqavilələri ilə eyni tarixdə olan 5-6 müqavilələri və onlara əlavə olunmuş sənədlərin MTK tərəfindən məhkəməyə təqdim olunmasını dair vəsatət təmin olunmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
13. Digər Cavabdeh3 nümayəndəsi də apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (MülkiMəcəllənin 324.4-cü maddəsi).
19. Maddə 337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. İddiaçı ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasında yerləşən mənzillərə dair 14 aprel 2010-cu il, 01 may 2010-cu il, 22 sentyabr 2010-cu il və 16 iyun 2010-cu il tarixli müqavilələr bağlanmışdır.
30. İş materiallarında olan 27 fevral 2017-ci il tarixli Cavabdeh1 MTK ilə Cavabdeh5 arasında bağlanmış müqavilənin surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 17 mərtəbəli 2 bloklu yaşayış binasının 2-ci blokunun 15 mərtəbəsində yerləşən 199 saylı mənzil 78560 manata sonuncuya satılmışdır. 25 fevral 2022-ci il tarixdə hüquqları qeydiyyata alınmaqla müvafiq çıxarış verilmişdir.
31. 16 mart 2017-ci il tarixli Cavabdeh1 MTK ilə Cavabdeh3 arasında bağlanmış müqavilənin surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 17 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 2 mərtəbəsində yerləşən 3 saylı mənzil 59000 manata sonuncuya satılmışdır. 28 dekabr 2019-cu il tarixli hüquqları qeydiyyata alınmaqla müvafiq çıxarış verilmişdir.
32. 30 aprel 2014-cü il tarixli Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış müqavilənin surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 6 mərtəbəli 2 bloklu yaşayış binasının 1-ci blokunun 13 mərtəbəsində yerləşən 78 saylı mənzil 40000 manata sonuncuya satılmışdır. 14 sentyabr 2023-cü il tarixdə hüquqları qeydiyyata alınmaqla müvafiq çıxarış verilmişdir.
33. 24 fevral 2015-ci il tarixli Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış müqavilənin surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16mərtəbəli 2 bloklu yaşayış binasının 2-ci blokunun 16 mərtəbəsində yerləşən 206 saylı mənzil 49100 manata sonuncuya satılmışdır.
34. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 2942 B saylı 16 mərtəbəli yaşayış binasında yerləşən 78 saylı, 206 saylı, 3 saylı və 199 saylı mənzillər hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh2, Cavabdeh3 və X6 təhvil verilmişdir və hazırda onların mülkiyyətində, digər Cavabdeh4 sahibliyində və istifadəsindədir.
35. İddiaçı hazırki tələbində cavabdehlərin adına bağlanmış müqavilələrin etibarsız hesab edilməsini və həmin mənzillərin ona təhvil verilməsini xahiş etmişdir.
36. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus müqavilələrdəki imza qrafasındakı imzalar həmin dövrdə MTK-ya rəhbərlik edən və mənzillərin satışı ilə məşğul olan X3 məxsus deyil.
37. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya aid müqavilələrin və ödəniş cədvəllərinin üzərlərində olan “Azərbaycan Respublikası Mənzil-Tikinti Kooperativi Cavabdeh1 MTK” məzmunlu möhür əksləri eksperimental və sərbəst nümunə qismində təqdim edilmiş “25 yanvar 2010-cu il tarixli 138 saylı” müqavilədəki eyni məzmunlu möhür əksləri ilə eynilik təşkil etmir.
38. Kollegiya qeyd edir ki, mübahisəli mənzillərə dair cavabdehlərlə bağlanmış müqavilələrin etibarsız hesab olunması barədə iddia qaldırmaq üçün ilk növbədə iddiaçının özünün həmin mənzillərə hüququ müəyyən edilməlidir. Lakin iddiaçı belə hüquqa malik olmasını sübut edə bilməmişdir. Yəni, iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququ müəyyən olunmur.
39. Məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar cavabdehlərin müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas deyildir.
40. İddiaçı apellyasiya şikayətində ona istinad edir ki, təkrar ekspertiza keçirilməsinə dair vəsatətləri təmin olunmamışdır.
41. Kollegiya qeyd edir ki, iddiaçının məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə prosesi təxirə salınsa da, hazırki məhkəmə iclasında da iddiaçı tərəf iştirak etməmişdir.
42. MPM-in 69.1-ci maddəsinin birinci cümləsinə müvafiq olaraq hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Lakin adı çəkilən maddənin ikinci cümləsində müəyyən edilmiş istisnaya görə zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
43. Prosessual qanunvericiliyin sadalanan normalarının mənasından göründüyü kimi qanun tərəflərin izahatlarını da iş üzrə sübut növlərindən biri kimi nəzərdə tutur və məhkəmənin təklif etməsinə baxmayaraq tərəfin sübutları təqdim etməməsi (o cümlədən təklif olunan hal və ya sübutla bağlı şifahi və ya yazılı izahat verməkdən imtina etməsi) məhkəmənin münasibət bildirilməsini zəruri hesab etdiyi mübahisəli halın müəyyən edilmiş hesab olunması, işdə olan mövcud materiallar əsasında qərar qəbul edilməsi üçün əsas ola bilər.
44. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, məhkəmənin qənaəti doğru olmuşdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-117/2024 nömrəli iş üzrə 15 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.