Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4764/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borc müqaviləsi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 07 dekabr 2021-ci il tarixdə bağlanaraq Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-603 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsinə əsasən, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 5000 manat 00 qəpik (beş min manat sıfır qəpik) məbləğində pul borc verir. Hesablaşma notariusun bankda açılan depozit hesabı vasitəsi ilə həyata keçirilir. 2. “Borc alan” krediti 07 iyun 2023-cü il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. Müqavilə üzrə öhdəliyin icrası tamamilə və ya hissə-hissə olmasından asılı olmayaraq notariusun depozit hesabı vasitəsilə həyata keçirilməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında borc verənin borcluya yazılı bildiriş göndərməsindən 20 gün sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur”.
2. İddiaçı ilə Cavabdeh arasında 11 iyun 2022-ci il tarixdə bağlanaraq Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M- 413 nömrə ilə qeyd edilmiş müqaviləyə dəyişiklik barədə müqaviləyə əsasən, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. Birlikdə tərəflər adlanan birinci tərəf İddiaçı bir tərəfdən və ikinci tərəf Cavabdeh digər tərəfdən arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M-603 reyestr nömrəli kredit müqaviləsinə (bundan sonra “Müqavilə”) dəyişiklik edilməsi məqsədi ilə bu sazişi bağladılar. 1.2. xx.xx.2021-ci il tarixli 3M-603 reyestr nömrəli kredit müqaviləsinə aşağıdakı dəyişikliklər edilsin: Müqavilənin 2ci bəndinin mətnində “Borc alan” krediti xx.xx.2023-cü il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür” cümləsində “xx.xx.2023-cü il” tarixi “xx.xx.2022-ci il” tarixi ilə əvəz edilir və həmin bənd aşağıdakı redaksiyada verilir: 2. "Borc alan” krediti xx.xx.2022-ci il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 1.3. Müqavilənin bu müqavilə ilə toxunulmayan digər bəndləri qüvvədə qalır...”.
3. İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 14 dekabr 2021-ci il tarixdə bağlanaraq Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-301 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”nə əsasən, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 25 000 manat 00 qəpik (iyirmi beş min manat sıfır qəpik) məbləğində pul borc verir. 2. “Borc alan” krediti 14 dekabr 2023-cü il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. “Borc alan” müqavilə üzrə öhdəliyini notariusun bankda açılan depozit hesabı vasitəsilə icra etməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında borc verənin borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur”.
4. İddiaçı ilə Cavabdeh arasında 13 iyun 2022-ci il tarixdə bağlanaraq Bakı şəhəri 36 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M- 145 nömrə ilə qeyd edilmiş müqaviləyə düzəlişə dair müqaviləyə əsasən, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. Tərəflə - Borc verən İddiaçı və Borc alan Cavabdeh Bakı şəhəri 36 saylı notariat ofisində xx.xx.2021-ci il tarixdə 3M-301 reyestr nömrəsilə rəsmiləşdirilmiş kredit müqaviləsinin 2-ci bəndində göstərilən kreditin qaytarılma tarixinin dəyişdirilərək xx.xx.2022-ci il tarixədək olması barədə razılığa gəldilər:
2. Müqavilənin 2-ci bəndində göstərilən kreditin qaytarılma tarixi xx.xx.2022-ci il tarixədək sayılsın...”.
5. İddiaçı (borc verən) ilə Cavabdeh (borc alan) arasında 18 dekabr 2021-ci il tarixdə bağlanaraq Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M-472 nömrə ilə qeyd edilmiş "Kredit müqaviləsi”nə əsasən, tərəflər öz aralarında aşağıdakı məzmunda müqavilə bağlamışlar: “1. “Borc verən” “Borc alan”a 10 000 manat 00 qəpik (on min manat sıfır qəpik) məbləğində pul borc verir. 2. “Borc alan” krediti 18 dekabr 2023-cü il tarixədək “Borc verən”ə qaytarmağı öhdəsinə götürür. 3. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. 4. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. 5. “Borc alan” kredit müqaviləsini ləğv edilməsinə dair bildiriş vermədən krediti qaytara bilər. 6. "Borc verən” müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. 7. Ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. 8. “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. 9. Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur ”.
6. İddiaçı ilə Cavabdeh arasında 13 iyun 2022-ci il tarixdə bağlanaraq Bakı şəhəri 40 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş və reyestrdə 3M- 306 nömrə ilə qeyd edilmiş müqaviləyə düzəlişə dair müqaviləyə əsasən, “1. İddiaçı və Cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisində xx.xx.2021 -ci il tarixdə 3M-472 nömrəli reyestrdə qeyd edilməklə aralarında bağlanmış 10.000 manat 00 qəpik (on min manat sıfır qəpik) məbləğə dair kredit müqaviləsinə aşağıdakı kimi dəyişiklik edilməsi barədə razılığa gəlmişlər: a) Müqavilənin 2-ci bəndində göstərilən kreditin qaytarılma tarixi xx.xx.2023-cü il tarixdən xx.xx.2022-ci il tarixə dəyişdirilsin...”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
7. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 40 000 manat məbləğində pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehi xeyli müddətdir tanıyır, onunla yaxşı münasibətləri olmuşdur. 2021-ci ilin qış aylarında cavabdeh ona müraciət edərək iş qurmaq məqsədilə ona 40 000 (qırx min) manata yaxın pul lazım olduğunu bildirmiş, cavabdehin səmimiyyətinə inanaraq, eləcə də yaxşı münasibətləri olduğuna görə istədiyi məbləği verə biləcəyini, lakin hissə-hissə təxminən 10 gün müddətində verə biləcəyini demişdir. Beləliklə, 07 dekabr 2021-ci il tarixdə ilkin olaraq cavabdehə 5000 (beş min) manat pul vermiş, elə həmin gün cavabdehlə aralarında notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi də bağlanaraq pulun verilməsi rəsmiləşdirilməklə razılığa əsasən müqavilənin müddəti 07 iyun 2023-cü il müəyyən olunmuşdur. 14 dekabr 2021-ci il tarixdə cavabdehə 25 000 (iyirmi beş min) manat daha vermiş, bununla bağlı rəsmiləşdirilən müqavilənin son icra müddəti 14 dekabr 2023-cü il tarixi razılaşdırılmışdır. Daha sonra isə cavadehə 18 dekabr 2021-ci il tarixdə 10 000 (on min) manat vermiş, müqavilənin müddəti 2 il olmaqla 18 dekabr 2023-cü il müəyyən olunmuşdur. Cavabdeh qazanc əldə etdikcə aybaay onun pulunu qaytarmalı idi, lakin borc aldığı vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmağa başlamışdır. Dəfələrlə bu barədə onunla görüşüb danışsa da işlərinin yaxşı getmədiyini, tez bir zamanda hər şeyin düzələcəyini demiş, lakin sonradan da heç bir nəticə olmamışdır. Cavabdehə bu halın onu narahat etdiyini bildirdikdə, cavabdeh ona bütün borcunu müqavilədə nəzərdə tutulan müddətdən də tez qaytaracağını, biraz da gözləməsini xahiş etmişdir. Cavabdehə bu barədə narazılığını bildirmiş, bu halın onu narahat etdiyini söyləmişdir. Belə olan halda onlar cavabdehlə aralarında bağlanan müqavilələrin müddətində dəyişiklik edilməsi barədə razılığa gəlmiş, 07 dekabr 2021-ci il tarixli müqavilənin 2-ci bəndinin mətnində “Borcalan krediti 07 iyun 2023-cü il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürür” cümləsində 07 iyun 2023cü il tarixi xx.xx.2022-ci il tarixi ilə əvəz edilmişdir. 14 dekabr 2021-ci il tarixli müqavilənin 2-ci bəndində göstərilən kreditin qaytarılma tarixi 16 sentyabr 2022-ci il tarix sayılması ilə bağlı düzəliş edilmiş və cavabdeh borcu həmin tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. 18 dekabr 2021-ci il tarixli müqavilənin 2-ci bəndində kreditin qaytarılma tarixi 18 dekabr 2023-cü il tarixdən 13 sentyabr 2022-ci il tarixə dəyişdirilmiş, cavabdeh borcu həmin tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. Lakin bütün bunlara baxmayaraq, cavabdeh yenidən müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmağa başlamışdır. Hər dəfə borcunu tələb etdikdə cavabdeh müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışmış, daha sonra ümumiyyətlə onunla görüşməkdən yayınaraq zənglərinə cavab verməmişdir. Cavabdehə pretenziya məktubu göndərsə də 28 noyabr 2022-ci il tarixdə məktub geri qaytarılmışdır. Göründüyü kimi cavabdeh müqavilənin tələblərini pozmuş, ona ödəməli olduğu borc məbləğini bu günə qədər geri qaytarmamışdır. Belə olan halda o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “İddia tələbi qanunsuz və əsassızdır. Belə ki, mən 2021-ci ilin dekabr ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 6 nömrəli məktəblə üzbəüz yerləşən “Family Study”-da gözəllik salonu xidməti ilə məşğul olurdum. İddiaçı ilə razılığa gələrək, onun mənə verdiyi 40 000 manat məbləğində 2 ədəd cihaz (lazer aparatı və zimmer) alaraq, 1500 manata hər ay iddiaçıya icarəyə verməyi qərarlaşdırdıq. Lazer aparatını Kamran adlı şəxsdən 40 000 manata aldım. Bu barədə mənə 40 000 manat məbləğində borc müqaviləsi bağlatdırdı. 2022-ci ilin yanvar ayında icarə haqqını tam ödəmişdim. Lakin 2022-ci ilin fevral ayında işlərin zəif olması ucbatından icarəni tam ödəyə bilmədim. Belə olan halda mən, aylıq icarənin məbləğini vermək məqsədilə aparatlardan birini Axundov bağı adlanan ərazidə yerləşən lombarda qoydum. Lombardda işləyən Ruslan adlı şəxs də buna şahiddir. İddiaçı 2022-ci ilin mart ayının 8-9 tarixlərində mənimlə olan razılığı pozaraq, aparatları məndən almış, mənim lazer xidmətimin fəaliyyətini dayandırmışdır. Belə olduğu halda, məndən hansı halda əmlakı və yaxud 40 000 manat məbləğində pulu tələb edə bilər? İddiaçının mənə qarşı əsassız və qanunsuz əmlak tələbindən belə çıxır ki, iddiaçı öncədən planlaşdırılmış əlavə mənfəət əldə etmək istəyir”.
10. Məhkəmə iclasında verdiyi izahatında cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı onu aldatmış, o, aralarında bağlanan müqavilənin borc müqaviləsi olduğunu bilməmişdir.
11. Birinci instansiya məhkəməsinin 29 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
12. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan 5000 manat, 14 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında 25 000 manat və 18 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında 10 000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülkihüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuş, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamış, bununla iddiaçının tələb hüququ yaranmış, bu zaman iddia müddəti ötürülməmişdir. Müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir.
13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 329.2-ci, 331.1-ci, 334.1-ci, 385.1-ci, 390.1-ci, 448.1-ci, 739.1-ci, 739.2-ci, 740.1-ci, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci maddələrinə istinad etmişdir.
14. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi (vəkili) onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə qarşı birinci instansiya məhkəməsində verilən etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, iddiaçıya hər ay 1500 manat ödədiyini nəzərə almadığını, əsassız qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı yazılı etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası, verilən izahatlar
16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
18. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
21. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
22. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
23. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
24. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
25. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır.
26. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
29. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.
30. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
32. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
33. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
34. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
35. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
42. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
43. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
46. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
47. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
48. Yuxarıda qeyd olunduğu kimi iddiaçı, cavabdehə 07 dekabr 2021-ci il tarixli, 14 dekabr 2021-ci il tarixli və 18 dekabr 2021-ci il tarixli kredit müqavilələri əsasında cəmi 40 000 manat borc verdiyini, cavabdehin müəyyənləşdirilmiş vaxt ərzində borcu qaytarmadığını irəli sürür; cavabdeh isə iddiaçı ilə arasında borc münasibətlərinin yarandığını və ona borcunun olduğunu inkar edir.
49. Beləliklə, iddiaçının iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 739.1ci maddəsi (§ 32) nəzərdən keçirilə bilər; bununla yanaşı, cavabdehin iddiaya etirazının dəlilləri kontekstində ilk növbədə həmin müqavilələrin etibarlılığı məsələsinə qiymət verilməlidir.
50. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.
51. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir (§ 23, 24). Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.
52. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.
54. X2 Məhkəməsi həmçinin vurğulamışdır ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir”.
55. Şərh olunanları, tərəflər arasında bağlanmış kredit müqavilələrinin tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilələrin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla kollegiya hesab edir ki, həmin müqavilələri yalan əqd hesab etmək mümkün deyildir.
56. Göstərilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdehin iddiaçıdan 40 000 manat borc pul alması və həmin borcu qaytarmaq öhdəliyini götürməsi, onların arasında bununla bağlı borc müqavilələrinin bağlandığı, cavabdehin həmin müqavilələrin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
57. Tərəflər arasındakı borc müqaviləsinin bağlanmasına səbəb olan şərait, tərəflərin münasibətinin mahiyyəti və borcun lazer aparatının cavabdehə satışına görə yaranması hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamışdır.
58. Müqavilələr üzrə iddiaçıya hər ay 1500 manat ödəmiş olması ilə bağlı isə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
59. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir.
60. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.
61. Göstərilənlərə əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1348/2023 saylı iş üzrə 29 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə