Məhkəmə qərarları › İş №2(103)-4772/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4772/2022

28.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4772/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3919/2022 saylı, 25 may 2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1962-ci il təvəllüdlü əri X1 xx.xx.2022ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3919/2022 saylı, 25 may 2022-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, Ərizəçi tərəfindən 142213 büdcə səviyyə kodlu dövlət büdcəsinə X3 vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2022-ci il tarixdə ödənilmiş xxxxxxx qeydiyyat kodlu ********* qəbz nömrəli 100 manat dövlət rüsumunun geri qaytarılması, qərardadın dövlət rüsumunun qaytarılması hissəsində icrasının Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3919/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərardadı ilə qeyd olunan qərardadın nəticə hissəsində göstərilən “ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın” sözləri “ərizənin icraata qəbul edilməsindən imtina edilsin” sözləri kimi oxunması qərara alınmışdır. Ərizəçi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3919/2022 saylı, 25 may 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3919/2022 saylı, 01 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, prosessual qanunvericilik hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinin xüsusi prosessual qaydasını - “Xüsusi icraat” qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1). Məcəllənin 307.2-ci maddəsi xüsusi icraat qaydasında müəyyən edilməli olan faktların konkret siyahısını əks etdirir və 307.2.8.-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsi isə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtləri müəyyənləşdirir. Həmin maddəyə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, prosessual qanunvericiliyin müddəalarında xüsusi icraat qaydasında baxılan işlərin dairəsi müəyyən olunmuşdur. Mülki prosessual qanunvericilik xüsusi icraat qaydasında baxılan işlərin bir növü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini nəzərdə tutur. Eyni zamanda ərizəçinin hüquqi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsi, yaxud itirilmiş sənədlərin bərpasının mümkün olması bu işlərə məhkəmədə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Ərizəçi hazırki ərizəsində 1962-ci il təvəllüdlü əri X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin mahiyyəti ondan ibarət olmuşdur ki, X2 23 aprel 2022-ci il tarixdə, saat 1830-da ev şəraitində vəfat etmişdir. O, vəfat etməmişdən əvvəl TTY-dən həkim dəvət edilmi, həkimlər çağırış üzrə gəlmiş, ilkin tibbi müayinə etdidən sonra getmişlər. Onlar getdikdən bir müddət sonra, yəni həmin gün Adi Qasımov saat 18:30-da vəfat etmişdir. Bununla da ölüm haqqında həkim arayışı və ya ölüm haqqında feldşer arayışı ala bilməmişdir. Buna baxmayaraq ölüm haqqında şəhadətnamənin alınması üçün aidiyyəti üzrə müraciət etmiş, lakin ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizəyə imtina cavabı verilmişdir. Göründüyü kimi hazırki iş üzrə X1 ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməsi müəyyən edilməmişdir. Məhz bu səbəbdən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən qərara əsasən ölüm faktının müəyyən edilməsi üçün ölüm haqqında həkim arayışının olması göstərilmişdir, bu barədə həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilə bilər. Hazırki iş üzrə də ölüm haqqında həkim arayışı və ya ölüm haqqında feldşer arayışı mövcud olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizəyə inzibati qaydada baxılması üçün əsaslar olmamışdır, çünki qeyd edildiyi kimi X1 ölüm haqqında həkim arayışı və ya ölüm haqqında feldşer arayışı olmamışdır. Bu halın mövcudluğu isə onu göstərir ki, hazırki ərizəyə məhz hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üzrə xüsusi icraat qaydasında baxılmalıdır. Birinci instansiya məhkəməsi isə ərizənin icraata qəbul edilməsindən imtina etməklə istinad edilən prosessual normaların tələblərini pozmuş və Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına hazırkı işin halları baxımından düzgün istinad etməmişdir. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mülki-prosessual hüquq normalarının tələblərini pozmuş, bununla da ərizəçinin hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3919/2022 saylı, 25 may 2022-ci il tarixli qərardadı ləğv edilməli və ərizəyə mahiyyəti üzrə baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3919/2022 saylı, 25 may 2022-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş materialları Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar